Azərbaycan Prezidentinin xalqa müraciətləri və ya ana dilimiz Vətən müharibəsində

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsinin çoxdan gözlənilən böyük bir zəfərlə başa çatdırılmasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciətləri bir neçə baxımdan tarixi rol oynadı ki, onlardan biri də ana dilimizin həmin müraciətlərdə öz zəngin fonetik, leksik və qrammatik imkanları səviyyəsində təzahürü və ya iştirakı idi. Prezidentin müraciətləri, bir tərəfdən, cəbhədə gedən proseslər, əldə edilən qələbələr barədə ətraflı məlumatlar verir, digər tərəfdən, xalqın mübarizə ruhunu, qələbə əzmini yüksəldir və nəhayət üçüncü tərəfdən, gözlərimiz qarşısında cərəyan edən tarixi hadisələri idarə edə-edə siyasi, ictimai və fəlsəfi mahiyyətini anladırdı. Və milli dövlətçilik mədəniyyəti baxımından çox rəmzi (və heyranedici) idi ki, Azərbaycan Respublikasının dövlət dili - Azərbaycan dili respublikamızın ərazi bütövlüyü uğrunda mübarizəyə (müharibəyə!) ilk günlərdən səfərbər olunmuşdu!..

Bu fikirlər Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun “Azərbaycan Prezidentinin xalqa müraciətləri və ya ana dilimiz Vətən müharibəsində” məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

 

 

Ümumiyyətlə, dilin zənginliyi, refleksiya imkanlarının genişliyi ondadır ki, xalqa düşdüyü (və düşə biləcəyi) hər hansı fövqəladə hərəkət (və idrak) situasiyasında inamla xidmət edə, lazımi sözü, ifadəni, sintaktik konstruksiyanı rahatlıqla ortaya qoya, dinləyənlərin - cəmiyyətin şəxsində isə rezonans verərək sosial əhval-ruhiyyə yarada bilsin.

Prezident İlham Əliyevin xalqa müraciətləri içərisində eləsi olmadı ki, öz ifadə texnologiyaları baxımından geniş reaksiya doğurmasın.

Kommunikasiya nəzəriyyəsinə görə, nitq ünsiyyəti o halda uğurludur ki, adresantla adresat arasında söhbətin nədən getdiyi barədə tam miqyaslı anlaşma var. Azərbaycan cəmiyyətinə uzun illərin təcrübəsindən aydın idi ki, ermənilərin orta əsrlərin sonlarından etibarən məlum etnik separatçılıq hərəkətlərinin davamı olaraq gəlib çıxdığı şovinist təcavüzkarlığın nəticəsi kimi Ermənistan artıq həddini aşmış, məsələni həll etməli olan beynəlxalq missiyaların siyasi deqradasiyaya uğraması imkan vermişdi ki, Ermənistanın ölkə başçısı məsuliyyətini itirərək sərsəmləsin...

Azərbaycan Prezidentinin xalqa müraciətləri Prezident - Xalq qarşılıqlı (və dərindən) anlaşma - ünsiyyətin bir də ona görə klassik nümunəsi idi ki, praktik olaraq Vətən müharibəsinin hüdudlarını da aşaraq, başlanğıcdan sona qədər öz kommunikativ effektini nəinki itirmədi, əksinə, bu gün də Xalqda belə bir təsəvvür var ki, həmin müraciətlər heç zaman bitməyəcək...

***

Azərbaycan Prezidentinin oktyabrın 4-də xalqa etdiyi müraciət qələbə xəbərləri ilə başladı:

“Əziz həmvətənlər.

Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Prezident daha sonra bir neçə il əvvəl Cocuq Mərcanlı kəndi ilə bağlı görülmüş fövqəladə işlərin tarixçəsini xatırlatdı:

“Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır”.

Heç də təsadüfi deyil ki, Prezident yalnız yuxarıdakı hər cəhətdən real, qələbə sevinci bəxş edən informativ məzmunlu mükalimələrdən sonra, əslində çoxdan gözlənilən Vətən müharibəsinin uğurla getdiyini elan edir.

Əlbəttə, müharibə elan etmə təcrübələri zəngin olduğu kimi, üsulları da kifayət qədər rəngarəngdir. Hazırkı nümunələrin orijinallığı isə mövcud vəziyyətin siyasi situasiyasının xarakterindən irəli gəlir: Azərbaycan xalqı Ali Baş Komandana inanır, işğal olunmuş ərazilərin ya sülh, ya da hərb yolu ilə qayıdacağına əmindir, bununla belə, mövcud beynəlxalq münasibətlər şəraitində heç də birbaşa hərəkət etmək, problem ətrafındakı vəziyyəti hər dəfə xalq-iqtidar məsləhətləşmələri səviyyəsindən izah etmək mümkün deyil. Və əslində, müxtəlif maraqlara xidmət edən dağıdıcı müxalifətin apardığı böhtan kampaniyalarına rəğmən xalq bilir ki, ölkənin ərazi bütövlüyünün ən qısa müddətdə təmini iqtidar (və Prezident) tərəfindən Onun missiyası kimi dərindən dərk olunur.

Məsələnin ən mühüm cəhəti isə ondadır ki, dövlət başçısı həmin müraciəti Azərbaycan Ordusunun artıq bir həftədir ki, başlamış, nəinki ölkədə, regionda, bütün dünyada böyük əks-səda vermiş, problemin hərbi həlli yoxdur fərziyyəsini bir andaca alt-üst etmiş hücumundan sonra edir:

“Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır.

Biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpağımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”.

Prezident öz müraciətinə çox təmkinlə başlayır, xüsusi emosionallıq, həyəcan, demək olar ki, hiss olunmur, düşmən üzərinə əks-hücumun uğuruna böyük əminlik var. Bunun bir səbəbi Azərbaycan tərəfin haqlı olduğuna inamdırsa, ikinci səbəbi məhz həmin haqlı tərəfin rəqibdən müqayisə edilməyəcək qədər geniş imkanlara malik olmasıdır.

Ən mühümü isə odur ki, hər nə qədər söhbət bilavasitə hərbi şəraitdə və hərbi şərtlər daxilində getsə də, Prezidentin nitqində sülh konseptləri aparıcıdır. Ümumiyyətlə, müraciət mətnlərinin dili üzərindəki araşdırmalar göstərir ki, Prezident Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücünü, qüdrətini həmişə qeyd edir, ancaq hər dəfə bu gücün, qüdrətin missiyasının məhz vicdanlı sülh yaratmaqdan ibarət olduğunu deyir:

“Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir.

Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”.

Göründüyü kimi, bu müraciətdə siyasi ritm nə qədər güclü olsa da (ən azı ona görə ki, burada öz ərazi bütövlüyünü təmin edən bir ölkənin haqlı iddialarından bəhs edilir), bundan da aparıcı, bundan da miqyaslı elə bir etnotarixi intonasiya var ki, onu “biz haqq yolundayıq” hökmündən daha mükəmməl şəkildə ifadə etmək çətindir.

Prezidentin müraciət nitqləri üçün ən səciyyəvi məqamlardan biri vaxtaşırı ümumiləşdirmələrdən zaman-zaman konkret hadisələrə keçilməsidir ki, bunun nə qədər böyük əhəmiyyəti olduğu üzərində dayanmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur. Hər şeydən əvvəl ona görə ki, şəhərlərimiz, kəndlərimiz, dağlarımız, çöllərimiz, çaylarımız, göllərimiz və s. bir-birinin ardınca azad olur ki, onlar azğın düşmən tərəfindən nə qədər dağıdılıb tar-mar edilsələr belə, sadəcə, adlarının çəkilməsi, Azərbaycan əsgərinin əlində olması barədə ən yüksək səviyyədə məlumat verilməsi xalqın ruhunu yerindən oynadır:

“Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz - Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi.

Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.

Prezident Cəbrayıl rayonunun və onun kəndlərinin işğaldan azad edilməsinin bir nümunə olacağını xatırlatmaqla yanaşı, yenidən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixinin mürəkkəb məqamlarının təfsirinə keçir:

“Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə! Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır”.

Otuz il ərzində aparılan danışıqların, bu qədər uzun müddətdə Azərbaycan xalqının heysiyyatı ilə oynamaq cəhdlərinin yolverilməz olduğunu bir daha nəzərə çatdıran Prezident xatırladır:

“İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq”.

Azərbaycan Prezidenti qarşı tərəfin hər cür diplomatik, çoxgedişli, çox hallarda da riyakar, hiyləgər mövqeyini geniş xalq kütlələrinin bütün təfsilatı ilə anlayacağı bir dildə şərh edərək tam aydınlığı ilə göstərir ki, məsələni həll etmək üçün döyüş meydanından başqa yol qalmayıb:

“Biz demişdik ki, axı bu, danışıqlar predmetinə zidd olan məsələdir. Axı danışıqlarda bizim əsas ümidverici məqamımız o idi və orada göstərilirdi ki, işğal edilmiş torpaqlar mərhələli yollarla Azərbaycana qaytarılacaq. Biz də buna razılıq vermişdik ki, mərhələli yollarla qaytarılsın, sülh yolu ilə qaytarılsın. Bir mərhələdə 5 rayon qaytarılsın, ikinci mərhələdə 2 rayon qaytarılsın, sonra azərbaycanlılar Dağlıq Qarabağa qayıtsınlar, Şuşaya qayıtsınlar, ondan sonra Azərbaycan və erməni xalqları birlikdə yaşasınlar, necə ki, vaxtilə biz yaşamışıq. Bu, ədalətli mövqedir. Bu, beynəlxalq hüququn bütün normalarına uyğun olan bir mövqedir. Biz nə istəmişik ki? Bunu istəmişik və buna haqqımız çatırdı və çatır. Amma nə gördük?! Gördük ki, Azərbaycan xalqının iradəsini sındırmaq istəyirlər. Gördük ki, bizə qarşı yeni müharibə açılır, bizi yeni müharibə ilə hədələyirlər. Gördük ki, iyul ayında heç bir səbəb olmadan bizim Tovuz şəhərimiz və digər yaşayış məntəqələrimiz atəşə tutuldu, hərbçilərimiz həlak oldu, mülki vətəndaş həlak oldu. Gördük ki, avqust ayında diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı zərərsizləşdirildi, saxlanıldı. İndi ifadələr verir, deyir göndərilib ki, terror aktları törətsin. Budurmu danışıqlar prosesinə sadiqlik?!”

Əlbəttə, Azərbaycan xalqı son illərdə hakimiyyətə gətirilmiş Ermənistan baş nazirinin sayıqlamalarına bələd olduğu kimi, Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq məclislərdə həmin sayıqlamaları vaxtaşırı olaraq ifşa etdiyini, baş nazirin yalan bəyanatların arxasınca başını ora-bura soxmağa cəhdlər göstərdiyini də yaxşı bilirdi.

Beynəlxalq hüquq normalarının qorunması hələ bir yana, öz ölkəsinin taleyi üçün məsuliyyət daşımalı olan baş nazir hansısa qüvvələrin təsiri altında özünü itirib o qədər azğınlaşdı ki, nə özünün, nə də ümumən ölkəsinin arxasında dayana bilməyəcəyi antitarixi sözlər dedi.

Yeri gəlmişkən, xalqa müraciətlərin mətnlərində həm birbaşa, həm də dolayısı ilə çox tez-tez ifadə olunur ki, nə Azərbaycan xalqı, nə də Azərbaycan Prezidenti “Qarabağ Ermənistandır və nöqtə” sözlərini heç kimə güzəştə gedə bilməzdi:

“Mən Minsk qrupunun həmsədr ölkələrinə, həmsədr olan səfirlərə, digər beynəlxalq təşkilatlara, Avropa İttifaqının nümayəndələrinə dəfələrlə demişdim ki, Ermənistana təsir edin, sanksiyalar tətbiq edin, təzyiq edin. Belə olmaz. Əgər güclü təsir olmasa, Ermənistan daha da azğınlaşacaq, daha da quduracaq, yeni iddialar ortaya atacaq. Eşitmədilər məni. Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən - Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?! Hesab edirdilər ki, bizim müqəddəs şəhərimiz olan Şuşa erməni tapdağında qalacaq, mən bununla barışacağam?! Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə biz danışıqlarmı aparmalıyıq? Azərbaycan xalqı təhqir edildi, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirmişdir. Baxım görüm, indi andiçmə mərasimi harada keçiriləcək, yas mərasimini keçirəcək! İndi qaçıb siçan kimi gizlənib. Çıxsın ortalığa! Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq. Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir?! Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir?! O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var?! Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara - məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu?! Minsk qrupu bir açıqlama verdimi?! Vermədi! Avropa İttifaqı verdimi?! Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüsünüz? İndi nə hoqqalardan çıxırsınız? Azərbaycana qarşı iftiralar irəli sürülür, bəzi ölkələr, Avropa ölkələri bizi ittiham edirlər. Getsinlər güzgüyə baxsınlar. Bu ittihamların heç bir əsası yoxdur ki, kimsə imkan verməz Azərbaycan Dağlıq Qarabağı fəth etsin. Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!”

Azərbaycan xalqının ruhunu əks etdirməklə Azərbaycan dilinin qüdrətini də nümayiş etdirən bu son dərəcə dərin məzmunlu ifadə texnologiyalarında ümummilli lider Heydər Əliyev nitqinin ölməz təcrübəsinin davamını, inkişafını görməmək, duymamaq, təsəvvürlərdə yenidən canlandırmamaq mümkün deyil. Və heç bir tərəddüd etmədən deyə bilərik ki, zaman etibarilə o qədər də uzun çəkməyən Vətən müharibəsi Azərbaycan dili siyasi üslubunun elə bir zəngin çalarını yaratdı ki, biz onu dilimizin məhz “Vətən müharibəsi üslubu”, yaxud “Zəfər üslubu” adlandırırıq.

“Mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”

Nədir bu üslubun özəlliyi? Odur ki, söhbət “danışıq stolu” arxasında, yalan danışmaq, hiyləgərlik etmək, üzdə bir söz deyib arxada ayrı şey düşünməyə imkan verən bir mühitdə getmir, söhbət hər bir sözün bilavasitə dəyəri olduğu təkbətək döyüş meydanında gedir:

“Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam”.

Azərbaycan Prezidenti - Azərbaycan Respublikasının ərazisini Ermənistan işğalçılarından təmizləməyə uğurla başlamış Ordunun Ali Baş Komandanı xalqa bu müraciətini aşağıdakı sözlərlə yekunlaşdırır:

“Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

***

Prezident İlham Əliyev oktyabrın 9-da xalqa növbəti müraciətində Hadrut qəsəbəsinin, eləcə də bəzi kəndlərin işğaldan azad olunması barədə məlumat verdikdən sonra Azərbaycan Ordusunun döyüş meydanında tam üstünlüyünü göstərən faktlar üzərində dayandı, düşmənin guya hücuma keçdiyini, itirdikləri bəzi mövqeləri geri aldıqları barədə həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti aldatmağa məcbur olduğunu nəzərə çatdırdı. Onu da qeyd etməyi unutmadı ki, düşmən uzun illər ərzində təmas xətti boyunca kifayət qədər möhkəm müdafiə sistemi qurmuşdur ki, “onları yarmaq, onları keçmək çox çətindir. Bəzi hallarda bəzi istehkamları keçmək üçün bizə bir neçə gün lazım olur... Eyni zamanda, biz bütün işləri elə aparırıq ki, az itkilər verək”.

Düşmənin əhval-ruhiyyəsini səciyyələndirərkən Azərbaycan Prezidenti dedi:

“Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrə, müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin, yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbaycan bu vəziyyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub, bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan - qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara yerlərini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar”.

Azərbaycan dilinin bu bədii təkrarları, mənagücləndirici sinonimləri, hər cəhətdən məsələnin mahiyyətinə nüfuz edən suallar, cavablar, Prezidentin nitqində (və müharibə üslubunda) yenidən doğulan təsirli (və təzə-tər) frazeologiya, əlbəttə, xalqımızın iradəsini mükəmməl bir şəkildə əks etdirir.

Ən çox nəzərə çarpan da odur ki, bu nitqdə son dərəcə böyük qətiyyət var. İstər keçmiş, istər indiki, istərsə də gələcək zamanda işlənsin, feil bütün hallarda həmin qətiyyətin ifadəsinə xidmət göstərir:

“Bu gün bütün cəbhəboyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz! Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!”

Prezidentin nitqindəki həmin bu qətiyyət ona görə qiymətlidir ki, təkcə Azərbaycan xalqının yox, əsrlərboyu, ilk növbədə, məhz öz liderləri tərəfindən məhrumiyyətlərə məruz qoyulmuş ermənilərin də mənafelərinə uyğun münasibətlərin qurulmasını tələb edir. Halbuki Ermənistan baş nazirinin, qondarma “Dağlıq Qarabağ respublikası”nın quldur başçısının imitasiya etməyə çalışdıqları “qətiyyət” isə, əslində, siyasi təcavüz, yekəbaşlıq və hərcmərclikdir:

“Dünən və srağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək, o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın. Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.

Prezident vaxtilə özünü dünyaya göstərmək üçün “xoruzlanan” Ermənistan baş nazirinin cəmi bir atım barıtı olduğunu xatırladır:

“Bu gün Moskvada keçiriləcək görüş, hesab edirəm ki, bir çox şeylərə aydınlıq gətirəcək. Onlar baza prinsiplərini qəbul etməlidirlər. Halbuki Paşinyan demişdi ki, o, onları qəbul etmir. Demişdi ki, Azərbaycana bir qarış torpaq verməyəcəyəm. Nə oldu bəs?! Gəl tut o işğal edilmiş torpaqları. Bəs, verməyəcəkdin? Nə oldu verdin? Nə oldu qaçdın? İndi gedirsən onun-bunun dabanını yalaya-yalaya, özünü alçalda-alçalda öz xalqını alçaldırsan. Öz ölkəni sıfıra bərabər etmisən. Demişdi ki, verməyəcəkdi bu torpaqları. Kimdir səndən soruşan, verəcəksən ya verməyəcəksən?! Gəldik götürdük, vəssalam. Götürəcəyik, nə qədər lazımdır, istəsək artıqlaması ilə. Necə ki, iyul ayında götürə bilərdik. Mən bunu demişdim. İyul ayında biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Bu döyüşlər onu göstərir. Eləmədik bunu, qoymadım mən. Halbuki bizim hərbçilərimiz artıq hazır idi buna. Qoymadım. Çünki siyasi iradə var. Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verməyəcəyik”.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 30  dekabr.- S.14.