Güclü Rəhbər, Qüdrətli Şanlı Ordumuz qələbəmizi təmin etdi

 

 

Bu gün xalqımız özünün tarixi, şanlı günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan dövləti özünün güclü, qüdrətli, şanlı Ordusu ilə sentyabr ayının 27-də düşmənə qarşı əks-hücum əməliyyatı həyata keçirdi, 30 ilə yaxın bir müddətdə erməni işğalı altında olan əzəli, əbədi torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Əldə etdiyimiz bu şanlı qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində qazanıldı.

 

 

 

Bildiyimiz kimi, hələ sentyabr ayının 27-də erməni silahlı qüvvələri cəbhənin bir neçə istiqamətində hərbi mövqe və yaşayış məntəqələrimizi müxtəlif növ iriçaplı silahlardan müntəzəm olaraq şiddətli atəşə tutdu. Azərbaycan Ordusu bu təxribatın qarşısını aldı, onlara layiqli cavab verdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabr ayının 27-də Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq bütün dünyaya bəyan etmişdir: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Həqiqətən də, Azərbaycan xalqı bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verirdöyüş tapşırıqlarını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edirvahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır. Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğaldan azad edəcəyik”. Ali Baş Komandan onu da vurğulamışdır ki, artıq 30 ilə yaxın davam edən işğala son qoyulacaq. Çünki Azərbaycan vətəndaşı Vətən eşqi ilə yaşayır, xalqımız dövlətə, Ali Baş Komandana dəstək göstərir və inanır, biz bunu daim hiss edirik. Bu inamla hər bir vətəndaşımız silaha sarılıb, işğal altında olan torpaqlarımızı azad etmək üçün səfərbər olub. Yaşanan hər gün, hər an bizi böyük qələbəyə yaxınlaşdırır.

 

Azərbaycan Ordusunun qısa bir zamanda həyata keçirdiyi uğurlu əməliyyatlar, düşmənin çoxlu sayda canlı qüvvə və zirehli texnikasının, strateji əhəmiyyətli hərbi bazalarının məhv edilməsi, ordumuzun ən müasir texnika və hərbi avadanlıqlarla təchiz olunması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin vətənpərvər, yüksək döyüş hazırlığına və ruhuna, peşəkar hərbi kadrlara malik olması, hər gün cəbhədən gələn xoş xəbərlər, kənd, şəhər və qəsəbələrin işğaldan azad olunması qələbə müjdəsini verirdi. Və beləliklə, Ali Baş Komandanın rəhbərliyi, əsgərlərimizin rəşadəti və qəhrəmanlığı ilə cəmi 44 gün davam edən Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XXI əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə, bu günü bizə yaşadanbu tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin son 17 il ərzində bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da həyata keçirdiyi məqsədyönlü tədbirlər, islahatlar, müasir hərbi bilikli kadrların hazırlanması və digər mühüm işlər şanlı qələbəmizi təmin etdi. Möhkəm xalq-iqtidar birliyi, Ali Baş Komandanımız Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyimiz qələbəni öz xalqına yaşatdı və 30 ilə yaxın bir müddətdə erməni işğalı altında olan əzəli torpaqlarımızı əsl sahibinə — Azərbaycan xalqına qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Beləliklə, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqincə yerinə yetirdi. Azərbaycanın qədim şəhəri, incisi, mədəniyyət beşiyi olan Şuşanın alınması, ondan sonra daha 71 kəndin, iki qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsindən sonra noyabrın 10-da Ermənistan rəhbərliyi məcbur oldu ki, məlum üçtərəfli bəyanatı imzalasın. Azərbaycanın maraqlarına tam cavab verən bu bəyanatın imzalanması 30 ilə yaxın davam edən işğala son qoydu. Bu bəyanatın imzalanması ilə Azərbaycan hərb sahəsindəki qələbəsini siyasi müstəvidə də təmin etdi. Bəyanatda nəzərdə tutulan bütün müddəalar vaxtında yerinə yetirildi. Kəlbəcər, Laçın və Ağdam rayonları da qoyulmuş vaxt ərzində işğaldan azad olundu. Erməni vandalları tərəfindən yerlə-yeksan olunmuş, tamamilə dağıdılmış rayonlarımızın hamısında artıq cənab Prezidentin tapşırığına əsasən tikinti-quruculuq işlərinə start verilib və layihələndirmə tədbirləri davam etdirilir. Cənab Prezidentimiz İlham Əliyev əminliklə bildirib ki, bütün erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlər, məscidlərimiz tamamilə təmir olunacaq, yenidən bərpa ediləcək, müasir infrastruktur yaradılacaqdır. Doğma yurd-yuvalarından didərgin düşmüş insanlara ən müasir tələblər səviyyəsində mənzillər tikiləcək və onlar doğma torpaqlarına tez bir zamanda qayıdacaqlar. Bu işlərin həyata keçirilməsi üçün Azərbaycan dövlətinin gücü və iradəsi vardır. Azərbaycan bu gün çox güclü iqtisadiyyata malik bir ölkədir. Ölkə başçısı gələcək görüləcək işlər barədə danışarkən vurğulyıb: “Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum köməklik göstərəcək. Biz işğadan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytardıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişikbu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir. Ölkəmizin gələcəyi çox parlaq olacaq”.

 

Bu gün Azərbaycan xalqı özünün tarixi günlərini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi həm hərbi, həm də siyasi müstəvidə Azərbaycanın şanlı qələbəsi ilə yekunlaşdı. Bütün Azərbaycan xalqı kimi Klinik Xəstəxananın kollektivi də müharibə dövründə gücləndirilmiş rejimində fəaliyyət göstərmiş, xəstəxanamıza daxil olan yaralı əsgərlərimizin müalicə və müayinəsi, onların sağlamlıqlarının bərpa edilməsi işində səfərbərlik göstərmişlər. Bundan başqa, müharibənin ilk günlərindən təcrübəli, peşəkar cərrahlarımız, reanimotoloqlarımız, anestezioloqlarımız cəbhə bölgəsinə ezam olunmuşlar. Onlar müharibədə yaralanan, xəsarət alan əsgər və zabitlərimizə ilk tibbi yardım göstərmiş, lazımi cərrahi əməliyyatlar aparmış, bir sözlə, öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişlər. Cərrahlardan professor Fariz Camalov, Pənah Hüseynov, Toğrul Məhərrəmov, Almaz Əhmədov, Bayram Bayramov, Zahid Zahidov, Elçin Qurbanov, Tərlan Rüstəmov, Samir Aslanbəyli, Qənimət Bəylərov, Elçin Mirzəyev, Rəşid Quliyev; reanimasiya şöbəsindən Vidadi Həsənov, Rasim Nəsibov, Etibar Əlləzov, Ülfət Rzayev; travmatoloqlardan Natiq Əliyev, Cavid Musazadə; anestezioloqlardan Mehman Əliyev, Elşən Ağayev, Azad Əhmədov, İbrahimxəlil Ömərov, Fazil Hüseynbəyov, Pərviz İsmayılov, Azər Əhmədov; tibb bacılarından Xatirə Səfərova və Zoya Zeynalovanı göstərmək olar.

 

 

 

Telman İBADOV,

M.Ə.Mirqasımov adına Respublika

Klinik Xəstəxanasının Baş direktoru.

 

Respublika.- 2020.- 23  dekabr.- S.7.