Möhtəşəm uğurların təminatçısı

 

 

Müstəqil Azərbaycan dövləti bu gün dünyada sabit və davamlı inkişaf edən bir dövlət kimi tanınır. Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün alternativi olmayan siyasi kursunu, mükəmməl siyasi, sosiai-iqtisadi və mədəni inkişaf konsepsiyalarını gətirib. Dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, demokratik-hüquqi islahatların dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailliyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Dövlət müstəqilliyinin qorunması və təhlükəsizliyin təminatı milli iqtisadiyyatın şaxələndirilmiş, davamlı inkişafından asılıdır. Ulu öndər Heydər Əliyevin göstərdiyi kimi, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin idarə edilməsində tutduğu istiqaməti də onun öz ifadəsi ilə yada salaq. “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”. Məhz elə həmin yolun nəticəsidir ki, ölkəmiz beynəlxalq aləmdə iqtisadiyyatı yüksək inkişaf edən, rəqabətqabiliyyətli bir dövlət kimi tanınır.

Azərbaycan Prezidenti həyata keçirdiyi çoxşaxəli, ardıcıl islahatlarla sübuta yetirir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Məhz bu islahatların nəticəsi olaraq beynəlxalq aləmdə Azərbaycanın nüfuzu güclənib. Ölkəmiz dünya miqyasında daha yüksək mövqelər əldə edib. Təşəbbüskarı və əsas icraçısı olduğu qlobal layihələrlə, beynəlxalq arenada qazandığı böyük nüfuzla Azərbaycan regionda əsas söz sahibinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırıb. Dövlət başçısının uzaqgörən siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, o cümlədən müstəsna təşkilatçılığı sayəsində bütün bu istiqamətlərdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirib.

Ölkəmizin uğurlarını şərtləndirən həm də o amildir ki, Azərbaycanın dövlət başçısı son 17 ildə xalqımızın ümummilli lideri Heydər Əliyev siyasətinə sonsuz sədaqət nümayiş etdirib, Onun ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib. Prezident İlham Əliyev bir daha qətiyyətlə vurğulayıb ki, ulu öndərin qoyduğu yol yeganə düzgün yoldur: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son illər ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

Son 17 ildə ulu öndər Heydər Əliyevin parlaq ideyaları Azərbaycanın mayakı olub və xalqımızın, dövlətimizin yolunu işıqlandırıb. Bəhs olunan dövrdə ümummilli lider Heydər Əliyevin yolu ilə gedən respublikamız böyük uğurlara imza atıb, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”, - deyə dövlət başçısı bildirib.

Dövlət idarəçiliyinə müasirlik ruhu gətirmiş cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca qayəsi də elə insanlara layiqli xidmətdir. Onların rifahını yaxşılaşdırmaqdır. O, lider kimi əsl siyasəti konkret işdə görür. Hər bir məsələdə vətəndaş maraqlarını önə çəkir. İnsanların rifahını, cəmiyyətin sabitliyi və inkişafını əsas məqsəd kimi müəyyənləşdirir. Ona görə də bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi ölkə prezidenti kürsüsündə görməkdən çox məmnundur. Çünki ölkənin heç bir vətəndaşı məmləkətin gələcəyindən, övladının sabahından nigaran deyil. Dövlət rəhbərimizin həyata keçirdiyi siyasət Azərbaycan insanı qarşısında aydın, firavan bir gələcək yaradır. Vətəndaşların güzəranı yaxşılaşır. Bir çox sosial problemlər həllini tapır.

Ötən illərin mənzərəsinin bəzi aspektlərinə qısaca nəzər salmaqla xalqın İlham Əliyevə verdiyi növbəti etimad mandatının əsasında hansı səbəblərin dayandığını görmək olar. Bu dövrdə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, Azərbaycanın inkişafı və güclənməsi məqsədlərinə yönəlib. Cənab İlham Əliyev bu illər ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirib.

“Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev öz fəaliyyətində bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirmişdir. Xalqın firavanlığına, yüksək sosial rifahına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərdə də vətəndaşların yanında olmuş, onlara diqqət və qayğısını, köməyini, mənəvi dəstəyini əsirgəməmişdir. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşmüş, onlarla səmimi söhbətləşərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etmişdir. Cənab İlham Əliyevin xaraktercə sadə və səmimi, praktik siyasətçi olması onun sıravi vətəndaşlarla təmaslarında bir daha üzə çıxmışdır. Dövlət başçısı bütün müdrik rəhbərlərə xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət məmurları ilə sadə vətəndaşlar arasındakı psixoloji səddi aradan götürməyə nail olmuşdur. Bütün bunlar dövlət rəhbərinə xalqın böyük rəğbətini, inamını qazandırmış, böyük layihələri qısa zamanda gerçəkləşdirmək imkanı yaratmışdır. Ulu öndər Heydər Əliyevin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə, xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlmişdir.

Göründüyü kimi, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf yolunu davam etdirir, regionda söz sahibi olan ölkəmizin dünyada da nüfuzu getdikcə güclənir. Ötən 17 ildə əldə edilən uğurlar, başqa sözlə, dövlət başçısınınBizim hamımızın məqsədi ondan ibarət olmalıdır ki, ölkəmizin maraqlarını müdafiə edək, ölkəmizi bütün bəlalardan qoruyaq, sabitliyi, inkişafı davam etdirək” strateji xəttinin müsbət nəticələri respublikamızın qarşıdakı illərdə də dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır, yeni iqtisadi şəraitdə sistemli islahatların reallaşdırılmasını sürətləndirir.

27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Bunun adı Vətən müharibəsidir. Azərbaycanın Qələbə salnaməsi tarixə yazıldı.

Prezident cənab İlham Əliyev zəngin idarəçilik təcrübəsinə malik, dövlət və xalq üçün aydın hədəflər müəyyən edən, o hədəflərə nail olmaq üçün ciddi siyasi iradə nümayiş etdirən, çevik qərarlar qəbul edə bilən, xalqı səfərbər edərək dinamik və ardıcıl fəaliyyət göstərən, bacarıqlı təşkilatçı, aydın təfəkkürlü rəhbər, məqsədyönlü və novator siyasətçi, uzaqgörən siyasi liderdir. Onun yüksək intellektual potensialı, geniş təfəkkürü optimal qərarlar qəbul etməyə imkan verir.

Yola salmağa sayılı günlər qalan 2020-ci il xalqımızın yaddaşından heç vaxt silinməyəcək. 44 günlük müharibədə müzəffər ordumuz 5 min kvadratkilometrə yaxın ərazini işğaldan azad etdi. Qısa müddət ərzində bu qədər ərazinin azad olunması tarixi bir qələbədir. Bu Qələbəni Azərbaycan əsgəri öz rəşadəti, gücü və əzəməti ilə tariximizə əbədi həkk etdi. Vətən uğrunda şəhid olanlara Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Qazilərimizə cansağlığı, yaralılara şəfa diləyirəm. Cəbhədə olan əsgərlərimizə isə uğurlar arzulayıram.

Müzəffər Ordumuzun peşəkarlığı güclü silahlı qüvvələri malik olan bir sıra iri dövlətlərin hərbi ekspertlərinin əsas müzakirə mövzusuna çevrildi. Qeyd olundu ki, Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparır. Noyabrın 8-də isə Şuşanın azad olunması Vətən müharibəsinin pik nöqtəsi oldu. Bu, Azərbaycan Ordusunun xüsusi peşəkarlığı və bacarığı nəticəsində mümkün olmuşdur. 44 gün sürən Vətən müharibəsi noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanatla başa çatdı. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr diplomatik-siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Ali Baş Komandan xalqa sonuncu müraciətində bu məqamı xüsusi vurğuladı: “Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi mərhələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı Biz tarixi Qələbəmizi hüquqisiyasi müstəvidə daha da möhkəmləndirəcəyik”. Bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı. Ermənistanın kapitulyasiyası ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu. Prezident cənab İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində demişdir: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. ...Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə həyat qayıdacaqdır”.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiişğala son qoydu. Azərbaycan xalqının lideri kimi İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusən Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə, dünyanın müxtəlif ölkələrinin otuza yaxın aparıcı xəbər agentliklərinə Azərbaycan, türk, rusingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq, sərrast cavablar, xalqımıza, ordumuza sarsılmaz inam, istənilən vəziyyətdə manevr etmə qabiliyyəti müharibənin taleyində xüsusi rol oynamışdır. Ali Baş Komandan kimi İlham Əliyev həm siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində, həm də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirmişdir. Qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə Vətən müharibəsində döyüşən orduda da Qələbəyə xidmət etmişdir.

Dekabrın 10-da Bakı şəhərində müzəffər Azərbaycan Ordusunun Zəfər paradı keçirildi. Bu, qalib ordunun qalib sərkərdə qarşısından şanlı keçidi oldu. Bu parad Azərbaycanın hərb tarixinə Qələbə paradı kimi yazıldı. Bu günü səbirsizliklə gözləyirdik. Bu parad qalib sərkərdə, qalib orduqalib xalqın birlik rəmzinə çevrildi.

Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədi həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu möhtəşəm qələbə sevincini Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusu, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımız yaşatdılar. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş 8 noyabr-Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qalib ölkə kimi birlikdə keçirdiyi Zəfər paradı qəhrəmanlıq salnaməmizin nadir tarixi hadisəsidir. Bu, “Bir millət - iki dövlət” strategiyasının real təntənəsidir.

Prezident, Ali Baş Komandan İlham Əliyev Zəfər paradındakı çıxışında rəşadətli ordumuzun qəhrəmanlığından geniş danışdı. Dedi ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

Dövlət başçımız çıxışını məşhur kəlamla yekunlaşdıraraq dedi: “ ... Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Biz hamımız Möhtəşəm Qələbədən bir daha ilhamlandıq, qürurlandıq, gücləndik, daha da birləşdik və öz qədrimizi, dəyərimizi, dostumuzu, düşmənimizi tanıdıq, gördük. Çox şükürlər olsun ki, biz bu günləri yaşayırıq və istədiyimiz nəticələri əldə edirik. Çox şükürlər olsun ki, bu gün bizim rəşadətli Ordumuz, onun əzmkar əsgəri, qəhrəman, dünya hərb tarixinin fatehləri olan sərkərdələrimiz, generallarımız və Azərbaycanı dünyada ucaldan, öz iradəsi, bacarığı ilə hər şeyi diktə edən və istədiyi hədəfə doğru inamla, uğurla irəliləyən və Azərbaycan xalqına hər gün sevinc bəxş edən Ali Baş Komandanımız vardır. Qoy bu birliyimiz, qürurumuz, vüqarımız əbədi olsun. Həmişə Ali Baş Komandanımızın rəhbərliyi ətrafında Allah-Təala yeni-yeni uğurları bizə nəsib etsin, Azərbaycanı, bütün Türk dünyasını uca pillədə bərqərar etsin. Yaşasın, var olsun Azərbaycan!

 

Aqil MƏMMƏDOV,

Milli Məclisin deputatı.

 

Respublika.- 2020.- 24  dekabr.- S.7.