Şəhidlik zirvəsi

 

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. Keçən müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq kəndlərimiz, hərbi mövqelərimiz artilleriya və raket atəşinə məruz qalır, mülki şəxslər və hərbçilər arasında itkilər olurdu. 2020-ci ildə isə Azərbaycana qarşı 3 dəfə hərbi təxribat törədildi. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədində təxribata əl atan düşmən yeni torpaqlar işğal etmək məqsədi güdürdü. Ordumuz tərəfindən layiqli cavab alan düşmən geri çəkildi. Ardınca avqust ayında Azərbaycana diversiya qrupu göndərildi. Bu təxribatın da qarşısı qətiyyətlə alındı. Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kənd və şəhərləri artilleriya qurğularından raket atəşinə tutması dövlətimizi və xalqımızı Vətən uğrunda mübarizəyə qaldırdı. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu.

Bu yazıda Vətən müharibəsində böyük şücaət göstərib, torpaqlarımızı yağılardan azad edərkən qəhrəmancasına şəhid olmuş kapitan Vüqar Aydın oğlu Nəcəfov haqqında danışacağıq.

Vüqar Nəcəfov 1988-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Dırnıs kəndində dünyaya göz açmışdı. Onun dayısı hərbçi idi. Atası və əmisi Qarabağ müharibəsində iştirak etmiş, Naxçıvanı yağılardan qorumuşlar. 1992-ci ildə Dırnıs kəndi 5 şəhid vermişdi. Vüqar hələ kiçik yaşlarında olarkən atası ilə “Şəhidlər Xiyabanı”na gedir və Vətən uğrunda şəhid olmuş qəhrəmanların məzarını ziyarət edirdi. Atası ona döyüş yoldaşlarının erməni quldurları ilə qəhrəmancasına döyüşərək şəhid olmasından danışır və oğlunu vətənpərvər ruhda tərbiyə edirdi. Vüqar hələ kiçik yaşlarından hərbçi olacağını, torpaqlarımızı yağıların işğalından azad edəcəyini və şəhidlərimizin qisasını düşməndən alacağını deyirdi. O, evin tək oğlu olsa da, atası Aydın və anası Şəmsiyyə xanım onun hərbçi olacağını eşidəndə çox sevinmişqürur hissi keçirmişdi.

Vüqar Nəcəfov 2006-cı ildə Dırnıs kənd orta məktəbini əla qiymətlərlə bitirir və yüksək bal toplayaraq, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Tədris prosesində kursantların vətənpərvərlik tərbiyəsinə üstünlük verilməsi, onlara milli ruhun təlqin olunması, tariximizə, dilimizə, mədəni irsimizə, dövlət atributlarına hörmət və ehtiram hisslərinin daim yüksək səviyyədə aşılanması Vüqar Nəcəfovun bacarıqlı komandir kimi yetişməsində mühüm rol oynamışdı.

O, 2010-cu ildə təhsilini müvəffəqiyyətlə başa vurub, Beyləqan-Füzuli istiqamətlərində yerləşən “N” saylı Quru qoşunlarında taqım komandiri vəzifəsində xidmət edir.

Vüqar Nəcəfov 2014-cü ilin avqust ayı, 2016-cı ilin aprel ayında düşmən təxribatının qarşısının alımasında və Lələtəpə yüksəkliyinin ələ keçirilməsində, 2020-ci ilin iyul ayında isə qarşı tərəfin təxribatının qarşısının alınmasında böyük şücaət göstərir.

27 sentyabrda Ermənistan silahlı qüvvələri tərəfindən kəndlərimiz və hərbi mövqelərimiz artilleriya atəşinə tutuldu. Müzəffər Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alaraq, əks-hücum əməliyyatlarına başladı. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu: bu işğala son qoyulsun, torpaqlarımız yağıların tapdağından azad olsun.

Bölmə komandiri, kapitan Vüqar Nəcəfov əməliyyatın ilk günündən əsgərləri ilə birlikdə döyüşə atılır, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə fədakarlıq nümunəsi göstərir. O, Cəbrayıl rayonunun Rüzgar kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır və qəhrəmancasına şəhid olur. Şəhid kapitanın nəşi 3 oktyabr 2020-ci ildə Bakı şəhərinə gətirilmiş və 2-ci Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə bir sırada dəfn olunmuşdur.

Şəhid Vüqar Nəcəfovun anası Şəmsiyyə xanım dedi: “Vüqar çox vətənpərvər idi. Kiçik yaşlarından deyirdi ki, böyüyəndə hərbçi olacaq. O, sözünə əməl etdi. Oxuyub təhsil aldı, bölmə komandirikapitan rütbəsinədək yüksəldi. Torpaqlarımızı yağılardan azad edərkən, Vətən uğrunda qəhrəmancasına şəhid oldu.

O, şəhid olmamışdan bir gün əvvəl, sentyabrın 30-da doğmalarının telefonuna mesaj göndərərək yazmışdı: “Hamınızı çox sevirəm. Özünüzdən muğayat olun. Qəhrəman olmağa gedirik. Allah sizə cansağlığı versin. Zəng etməyin. Qəlbimdəsiniz. Üç ürək şəkli qoymuş və ardınca da Şuşanı almağa gedirik!-yazmışdı.

Oktyabrın 1-i mən onun qızı İncini məktəbə hazırlığa aparmışdım. Vüqar mənə zəng edib, halımı soruşdu. Mən ona dedim ki, qismət olsa, gələn il özün qızını birinci sinfə apararsan. Dedi: - Ana, Allah köməyin olsun.

Vüqar uşaqlıqdan ataya, anaya, bacılarına qarşı çox mehriban idi. Ona görə də mən ona çox böyük ürəklə 2012-ci ildə Sara xanım üçün Şərur rayonunun Püsyan kəndinə elçi getdimtoy edib evimə gəlin gətirdim. Onların bu evlilikdən bir qızı və bir oğlu dünyaya gəldi. Qızının adını İnci, oğlunun adını Aydın qoyduq. Ailəmiz çox mehriban yaşayırdı. O, hamımızı çox sevirdi. Uşaqlarını əzizləyirdi. Deyirdi ki, qızı oxuyub həkim olsun. Çox arzuları var idi, ancaq fələk imkan vermədi. 1 oktyabrda onun evlənməsinin 8 ili tamam olurdu. Həmin gün ona zəng edib, təbrik etdim. Dedi: -Ana, qismət olsa, gələn il birlikdə qeyd edərik. O, elə həmin gün də Şəhidlik zirvəsinə ucaldı”.

Kapitan Vüqar Aydın oğlu Nəcəfov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Vətən bölünməz, şəhidlər ölməz! Vüqar Nəcəfovun əziz xatirəsi onu tanıyanların və xalqımızın qəlbində daim yaşayacaqehtiramla yad ediləcəkdir.

 

Kamil İSMAYILOV

 

Respublika.- 2020.- 17 dekabr.- S.5.