BÖYÜK SƏRKƏRDƏMİZ, ŞANLI ORDUMUZ

 

Üfüqlərdə sökülməyib hələ dan,

İlk döyüşü gözləyirəm bayaqdan.

Hər tərəfi bürüyübdür sıx duman,

Bir də baxdım şimşək kimi çaxdın sən,

Yer, göy silkələndi "qisas" səsindən,

Sindi dərələrə qatı kor duman.

 

 

 

Otuz ildir gözləyirdik bu səsi,

Düyülmüş yumruğu, şaqraq nəfəsi.

Yenilməz ordumun Baş Sərkərdəsi

"Yurda diş qıcayan iti vur!" - dedi!

"Külünü göylərə tez sovur!" - dedi,

 Onu qorxutmadı ərzin tənəsi!

 

 

 

Baxışından boylanırdı ləyaqət,

Duruşunda duyulurdu əzəmət,

Hər sözündə yurda sevgi, məhəbbət.

Bu sevgiyə, məhəbbətə, əzizim,

Gözümüz-könlümüz doluydu bizim.

 Ürəkdən silinib getmişdi həsrət.

 

 

 

Sən əbədi güvəncisən millətin,

Sərkərdətək dayan mətin, dur mətin!

Dönsün mərmilərə əzmin, qüdrətin,

Vur, düşmənin səddi-səfi dağılsın!

Qansoran zəlilər qanda boğulsun!

Yazılsın tarixə şanın-şöhrətin!

 

 

 

Soyutma tüfəngi, unutma cəngi,

Fələk köhləninə tutsun üzəngi.

Siyasətdə gecikib, ləngi,

Dağıt önündəki istehkamları,

Silinsin xalqımın qəmi-qubarı,

Ey ana yurdumun şiri, pələngi!

 

 

 

Ötdün Qubadlıdan, keçdin Laçından,

Kəmənd hördün şəlalənin saçından.

O kəməndin bərk yapışıb ucundan

Dırmandın dağlara müzəffər kimi,

Asdın ən qiymətli ləl-gövhər kimi

 

Şuşanı vətənin qızıl tacından!

İndi Qarabağda hər bucaq bizim,

İstisu, Sarıyal, Şahbulaq bizim.

Neçə gur çay bizim, buz bulaq bizim,

Araz sahilində, Murov dağında,

Ana yurdumuzun gen qucağında

Yellənən üçrəngli al bayraq bizim!

Gözəl həyat bizim, şirin çağ bizim!

 

 

 

Sən itən şöhrəti qaytardın mənə,

O gücü-qüdrəti qaytardın mənə,

Dolanım başına doyunca yenə,

Ayna bulaqların suyundan içim,

Sonra lalələrdən bir libas biçim,

Qalxım İmarətdən Cıdır düzünə!

 

 

 

Var olun! Yaşayın, ey Baş Komandan!

Yazdınız tarixə şərəfli dastan.

Möhkəm düyünlənən yumruqlarından

Düşmən xofa düşdü, hürküşdü, qaçdı,

Millət fərəhləndi, torpaq gül açdı.

Edək Qarabağı yenə zərəfşan!

 

 

 

Dövlətim öyünür şərəf-şanıyla,

Ordumuz qaytardı yurdu qanıyla,

Şəhidi, Qazisi, Komandanıyla,

Vətəndə əbədi heykələ döndü!

Ürəklərdə sönməz məşələ döndü,

Hünəri, izzəti, adı-sanıyla!

 

 

 

Məmməd ƏFŞAN.

 

Respublika.- 2020.- 17 dekabr.- S.5.