And yerimiz

 

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin Səfərbərlik elan etməsi nəticəsində minlərlə gənc könüllü olaraq döyüşə getməyə qərar verdi. Belə cəsur və qorxmaz gənclərdən biri də Bağırov Aqil Fazil oğludur. Aqil Bağırov 01 may 1995-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşdur. 2002-ci ildə şəhid Füzuli Kərimov Muğanlı kənd tam orta məktəbinin 1-ci sinfinə getmiş, 2013-cü ildə həmin təhsil ocağını müvəffəqiyyətlə bitirmişdir. O, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 2013-cü ilin iyun - 2015-ci ilin yanvar ayı hərbi xidmətdə olmuşdur. Xidmət dövründə öz nizam-intizamı ilə komandir heyətinin və əsgər yoldaşlarının dərin hörmətlərini qazanmışdı.

 

Şəhidin ailəsi ilə Muğanlı kəndində görüşdük. Onun atası Adil Bağırov oğlu haqqında danışarkən dedi ki, Aqil sakit təbiətli, hər kəsə xüsusi hörmətlə yanaşan bir oğul olmuşdur. O, idmanla məşğul olmağı sevirdi. Dəfələrlə ailə qurmaq təklif etsək də, hələ tezdir deyirdi. Aqil işgüzar idi. Təsərrüfat işlərində mənə işləməyə imkan vermirdi. Çalışırdı ki, bütün işləri təkbaşına görsün. Ailədə 3 övlad olmuşlar, iki bacı, bir qardaş. Şəhid atası bildirdi ki, müharibədə şəhid və qazilərin olması qaçılmazdır. Təki vətən sağ olsun. Rəşadətli Azərbaycan ordusu ardıcıl zərbələr nəticəsində düşməni məğlub etmişdir. Xeyli canlı qüvvə zərərsizləşdirilmişdir. Şəhidlərin qanı yerdə qalmadı. Müzəffər ordumuzun düşmən üzərində şanlı qələbə qazanmasında mənim oğlumun da payı olması məni və ailəmizi qürurlandırır.

 

Şəhid anası Sevil Bağırova dedi: Sentyabr ayının 21-də Aqili yola saldım. O, həmişə telefonla əlaqə saxlayarkən bizə təmkinli olmağı, özümüzə yaxşı baxmağı tapşırırdı. Oktyabr ayının 27-də azğın düşmənin minamyotdan açdığı atəş nəticəsində oğlum qəhrəmancasına şəhid oldu. Əsgər yoldaşlarının dediyinə görə, Aqil qumbaraatandan açdığı sərrast atəş nəticəsində düşmənin bir neçə hədəfini və canlı qüvvəsini məhv etmişdir. Aqilin arzusu ali təhsil almaq idi. Oğlumun göstərdiyi qəhrəmanlıqlar ilə fəxr edirəm.

 

Qəhrəman şəhidimiz Aqil Bağırovun nənəsi Söylü Hüseynova qeyd etdi ki, nəvəsi ilə 27 oktyabr tarixində telefonla danışanda, bir az zarafat etdi, vəziyyətinin yaxşı olduğunu bildirdi. Tezliklə müharibənin Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatacağını bildirdi. Sevinc hissi ilə bildirdi ki, evə qələbə xəbəri ilə qayıdacaq. Bütün ailə üzvləri Aqilin zəfər bayramını görməməsinə hədsiz heyifsiləndi.

 

Aqil Bağırovun sinif yoldaşı Osmanov Orxan İman oğlu ilə həmsöhbət olduq. O bildirdi ki, uşaqlıq illərində daim bir yerdə olmuşlar, orta məktəbdə eyni sinifdə oxumuşlar. Aqil çox səmimi, mehriban, hər kəslə gözəl ünsiyyət qurmağı bacaran bir oğlan olduğunu dilə gətirdi. Hələ orta məktəb illərində Aqilin həmişə işğal altında olan müqəddəs torpaqlarımızın azad olunması gününü səbirsizliklə gözlədiyini deyirdi, əgər, torpaqlar uğrunda müharibə başlasa mən tərəddüd etmədən orduya yazılacam deyirdi. Aqilin gözlədiyi gün yetişdi. Vətən müharibəsi başladı, o, qorxmadan, çəkinmədən cəbhəyə yollandı və ən uca məqama, şəhidlik zirvəsinə ucaldı. Azərbaycan ordusunun qazandığı tarixi zəfər torpaqlarımızın mənfur düşməndən azad olunması, şəhidlərimizin qanı və canı bahasına əldə olunmuşdur. Hər birimiz onların ruhu qarşısında baş əyirik, valideynlərinə səbir diləyərək deyirik ki, başınızı dik tutun, şəhidlər bizim and yerimizdir. Allah şəhidlərimizə rəhmət etsin.

 

Vəli VƏLİYEV

 

Respublika.- 2020.- 17 dekabr.- S.5.