Şəhidlər Vətəni bir boy ucaltdı

 

Qarabağın erməni işğalından azad edilməsi uğrunda başlanan Vətən müharibəsi cəmi 44 gün ərzində, necə deyərlər, ildırım sürəti və qələbəylə başa çatdı. Qalib Sərkərdəmizin fədakarlığı və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələri və onların arxalandıqları muzdlular, düşmənin çoxsaylı hərbi texnikası, 30 ildə möhkəmləndirdikləri istehkamlar darmadağın edildi.

 

Ən qatı düşmənimiz Ermənistan və dünya erməniliyi Azərbaycan ordusunun “Dəmir Yumruq” kod adlı hərbi əməliyyatları nəticəsində diz çökdürüldü, vaxtilə bizi hədələyən ermənilər şanlı ordumuzun vurduğu dağıdıcı zərbələrin təsirindən başını itirərək imdad diləməyə başladılar. Düşməni diz çökdürən oğullar öz qanı bahasına xalqımıza Zəfər bayramı yaşatdılar. Sərkərdə, xalq və ordu birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.

 

Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Şəhidlərin valideynləri övladlarının itkisinə gözyaşı töksələr də, məğrur dayanaraq bildirdilər ki, Qarabağı azad edən oğullarla fəxr edirik, təki torpaqlarımız murdar düşmən tapdağından azad edilsin. Arzuları çin oldu, Qarabağ azaddır, doğma yurd yerləri indi yolumuzu gözləyir.

 

Bunu təkcə biz demirik, əcnəbilər də etiraf edirlər ki, Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində qazanılıb.

 

Ağdam rayon sakini Toğrul Murtuzayev müharibənin ilk günü döyüşə atılıb. Sentyabrın 27-də Suqovuşan uğrunda gedən döyüşlərdə həlak olub.

 

Şəhid anası Mahirə Murtuzayeva deyir ki, Toğrul uşaq yaşlarından torpağı, yurdu, Vətəni sevib. Vətənə aid çoxlu şeirlər deyirdi, arzularını dilə gətirirdi. Çox ağıllı, tərbiyəli sevimli bir övlad idi. Görən gözüm idi, arxam, dayağım idi. Həmişə deyirdi ki, Vətəni, onu işğaldan azad etmək bizim borcumuzdur. Vətən müharibəsində Ağdamın ilk şəhidi oldu. Oğlum həm mənim, həm də Vətənin başını uca elədi.

 

Həmyerlisi Eyvaz Qarayev deyir ki, Toğrulun ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması idi. Erməni işğalı ilə heç cür barışa bilmirdi, elə Vətən yolunda da canını fəda verdi. Hərbi xidmətdə tankçı olub. Döyüşlərin ilk günü də tankı ilə düşmənə zərbə vurub. Müzəffər Ali Baş Komandanımız sağ olsun. Onun rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı azad etdi. Xalqımız var olsun, şəhidləri uca tutur. Bütün şəhid anaları qarşısında baş əyirəm.

 

Şəhidlər and yerimizdir, onların ruhu əbədi yaşayacaq. Həyatda hər kəsin hörmətini, rəğbətini qazanan Toğrul könüllü olaraq döyüşə atılıb. İş yoldaşı Namiq Davudov onun qabiliyyətli, özünə hörmət edən, ailəcanlı, qayğıkeş ən əsası vətənpərvər bir gənc olduğunu deyir. Kirpiklərini qırpmadan Vətən uğrunda canını, qanını əsirgəmədi. Şəhidlər ölmür, onlar hər zaman xalqımızın qəlbindədir yaddaşlarda yaşayacaqlar.

 

Şəhid Toğrul Murtuzayev Ağdam rayonunun Quzanlı qəsəbəsində dəfn edilib. Bu müqəddəs guşə yeniyetmələrin gənclərin ziyarət yerinə çevrilib. Rayon icra hakimiyyəti şəhid ailəsinə diqqət qayğısını əsirgəmir. Şəhidlər Vətənimizi ucaltdılar və özləri də ucalığa, zirvəyə qalxdılar.

 

Salman ALIOĞLU

 

Respublika.- 2020.- 17 dekabr.- S.5.