Fədakarlıq nümunəsi

 

Döyüş meydanında tarixi Qələbənin qazanılmasında müzəffər ordumuzun əsgərləri ilə bərabər, tibb işçilərinin də ayrıca zəhmət payı var. Yaralıların bütün əzab-əziyyətləri, ağrıları ilə yaşayan, ona canla-başla xidmət edən, qaşıq-qaşıq yemək yedizdirən tibb personalının xidmətini də xüsusi qeyd etmək lazımdır. Atəş altından çıxarılan xəstələri təcili xəstəxanaya çatdıran tibb işçilərinin əməyi əsl fədakarlıq nümunəsidir. Bu tibb işçiləri neçə-neçə döyüşçünün yarasını sarıyıb, yenidən həyata qaytarıb. Döyüşlər zamanı özü də yaralanıb. Bədənində qəlpələr gəzdirir. Quba rayonunun Alekseyevka kəndində doğulub boya-başa çatan Vətən müharibəsi qazisi Zeynal Fərzəliyev onlardan biridir.

 

Ağrılarını biruzə vermədi. Durub bizimlə bir stolda əyləşdi. Suallarımızı üzbəüz cavablandırdı. Dünyaya gözünü erməni təcavüzkarlarının torpaqlarımızı işğal etdiyi bir vaxtda - 1993-cü ildə açıb. 27 ildən sonra Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə o da bir əsgər oldu. Hərbi həkim briqadasında çalışdı. Dar gündə vətəni üçün əlindən gələni etdi. Əlinə silah götürüb döyüşmədi. Amma onlarla birgə odun-alovun içindən keçdi. Onlarla yaralı döyüşçümüzün harayına çatdı. Yaralı əsgərlərin ağrılarını yaşaya-yaşaya onlara tibbi yardım göstərdi. Atəş xəttindən uzaqlaşdırdı.

 

Hərbidə - tibbi xidmətdə çalışmaq ən böyük arzusu olub. 2011-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin hərbi tibb fakültəsinin hərbi tibb məktəbinə daxil olub. 2 il tibb məktəbinin kursantı olan Zeynal 2013-cü ildə məktəbi bitirərək gizir rütbəsi aldı. Əvvvəlcə Beyləqanda, sonra isə Ağcabədinin Minaxorlu kəndində yerləşən hərbi hissədə çalışdı. Bu ilin may ayından Füzuli rayonunun Şükürbəyli kəndində xidmət edirdi. Deyir ki, döyüş başlananda Şükürbəyli kəndində idim. Briqada tibb məntəqəsinin feldşeri kimi fəaliyyət göstərirdim. Vəzifəmiz ön xəttə yaralılara ilkin tibbi yardım göstərmək, onları təcili tibbi yardım maşınlarına çatdırmaqdan ibarət idi. Elə vaxt olurdu ki, düşmən ərazini aramsız olaraq döyüş altında saxlayırdı. Onda zirehli texnikadan istifadə etməli olurduq. Ağır döyüşlər zamanı, demək olar ki, hər gün 15-20 nəfər yaralıya tibbi yardım göstərirdim. Füzuli uğrunda döyüşlər çox gərgin gedirdi. Şəhidlərimiz də olurdu, yaralılarımız da. Amma heç kəs ruhdan düşmürdü. Hamı irəli getməyə can atırdı. Gözümün önündə hər gün ağır yaralılar olsa da, bütün var gücümlə onlara kömək etməyə çalışırdım. Döyüşlərin birində düşmən mərmisi məndən 5-6 metr aralıda partladı. Mərmi qəlpəsi sol qabırğamdan girib, qarın nahiyəmdən çıxdı. Yaxınlıqda daha bir mərmi partladı. Onun zərbəsi məni götürüb yerə çırpdı. Özümü itirmədim. Durub yenə 3 yaralının yarasını bağlaya bildim. O biri əsgərə tərəf gedəndə artıq bütün bədənimi qan götürmüşdü. Bədənimin hər yerini qəlpələr deşmişdi. Hətta qoltuğumdakı “Hərbi bileti deşmişdi. Həkim yoldaşlarım məni Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırdılar. Bir gün sonra Bakı şəhərinə, Hərbi Hospitala göndərdilər. Bir həftə burada müalicədən sonra məni “Bona Dea” özəl tibb mərkəzinə köçürdülər. 18 gün komada qaldım. İndi məzuniyyətdəyəm. Lakin yaralarım sağalmayıb. Bədənimdə qəlpələr qalıb. Yenidən hospitala qayıtmalıyam.

 

Atası Sədyar Fərzəliyev də söhbətimizə qoşulur. Deyir ki, oğlumla fəxr edirəm. Oğlum bütün əsgərlərimiz vətən uğrunda vuruşublar. Bu döyüşlərdə şəhid olan bütün igid balalarımıza Allahdan rəhmət diləyirəm. Qazilərimizə tezliklə sağalmalarını arzulayıram. Vətən uğrunda vuruşan hər kəs xalqımız üçün əzizdir. Onlar heç vaxt unudulmayacaq. Vətən durduqca, onlar da var olacaqlar. Fürsətdən istifadə edib xalqımıza Qələbə xoşbəxtliyini yaşadan Ali Baş Komandanımız hörmətli Parezidentimiz İlham Əliyevə müzəffər ordumuzun hər bir əsgərinə təşəkkürümü bildirirəm.

 

 

 

Ziyafəddin BAYRAMOV,

 

Respublika.- 2020.- 17 dekabr.- S.5.