Zəfərin mübarək, can Azərbaycan!

 

Artıq ağrılı-acılı, qanlı-qadalı böyük bir dönəm geridə qaldı.

32 il öncə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun və xaricdəki, Qərbdəki himayədarlarının dəstəyi, təhriki ilə Azərbaycana qarşı qanunsuz, əsassız, ədalətsiz ərazi, torpaq iddialarını irəli sürən, Qarabağın Azərbaycandan qoparılmasını, Ermənistana birləşdirilməsi iddiasını ortaya qoyan ermənilərin başladıqları qanlı 32 illik münaqişəyə son qoyuldu.

 

 

26 illik sözdə atəşkəs dövründə açıq və gizli fitnəkarlıqlarından, qanlı əməllərindən əl çəkməyən, işğalçılıq, təcavüzkarlıq niyyətlərini bir an olsun belə gizlətməyən, dayandırmayan işğalçı və təcavüzkar, faşist və terror dövləti olan - əslində ona dövlət də demək mümkün deyil, o, ən yaxşı halda vassal, forpostdur - Ermənistanın, 2018-ci ildən çevriliş, inqilab yolu ilə küçədən hakimiyyətə gələn və gətirilən, “Soros”un layihəsi olan Paşinyan hakimiyyətinin səngiməyən təxribatlarından, xüsusilə, 27 sentyabr 2020-ci il tarixli təxribatdan sonra Ali Baş Komandan tərəfindən Azərbaycan Ordusuna, Azərbaycan Silahlı Qüvvələrinə bütün cəbhəboyu əks-hücum, əks-həmlə əməliyyatına başlamaq əmri verildi, “Dəmir yumruq” adı altında İkinci Vətən müharibəsinə, İkinci Qarabağ savaşına başladıldı.

 

Elə həmin gün - sentyabrın 27-də Ali Baş Komandan Azərbaycan xalqına tarixi müraciət edərək, Ermənistanın işğalçılıq siyasətinə artıq dözülməyəcəyini, ona qarşı sonunacan mübarizə aparılacağını, düşmənin məhv ediləcəyini bəyan etdi. Həmçinin, sentyabrın 27-də, axşam saatlarında ölkədə Hərbi vəziyyətin elan olunması ilə bağlı əvvəlcə üzvü olduğum Milli Məclis qərar verdi, üstündən heç bir neçə saat keçməmiş ölkə Prezidenti hərbi vəziyyətin elan olunması, komendant saatının tətbiqi ilə bağlı Fərman imzaladı. Sentyabrın 28-də ölkədə qismən səfərbərlik elan olunması ilə bağlı Ali Baş Komandanın Fərmanı qüvvəyə mindi.

 

Beləliklə, “Dəmir yumruq” adı altında başlayan İkinci Vətən müharibəsi cəmi 44 gün davam etdi, 44 gün çəkdi. Müharibənin elə ilk saatlarından, ilk günlərindən də düşmən həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük itkilərə məruz qaldı. Düşmənin canlı qüvvəsi, saysız-hesabsız hərbi texnikası məhv edildi, qənimət kimi götürüldü. Bir-birinin ardınca kəndlər, qəsəbələr, şəhər mərkəzləri, rayonlar azad edildi.

 

Füzuli və Cəbrayılın 7 kəndinin, Murov dağı yüksəkliyindəki Murov zirvəsinin, eləcə də, Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsi ilə başlayan İkinci Vətən müharibəsi zamanı Cəbrayıl şəhəri və kəndlərinin, Füzuli şəhəri və kəndlərinin, Hadrut qəsəbəsinin, Xocavəndin bir neçə yaşayış məntəqəsinin, Zəngilan şəhəri və kəndlərinin, Qubadlı şəhəri və kəndlərinin, 20-ci əsrin ən böyük zülmünə məruz qalan, soyqırımı yaşayan yaralı Xocalının 9 kəndinin, Laçın rayonunun 3 bölgəsinin, ən nəhayət, Qarabağın, Azərbaycanın dilbər guşəsi, nəinki Azərbaycanın, dünyanın musiqi, sənət konservatoriyası - qədim Qalanın, Pənahəli xanın yadigarı olan Şuşanın 28 il 6 aylıq işğalına son qoyuldu. 1992-ci il mayın 8-də işğal edilən Şuşa düz 28 il 6 aydan sonra, 2020-ci ilin noyabrın 8-də düşmən, yağı tapdağından azad edildi. “Şuşa əməliyyatı” ilə Azərbaycan Ordusu, Azərbaycan Əsgəri nəinki Azərbaycan, ümumilikdə dünyanın hərb tarixində yeni bir səhifə açdı, elə bir səhifə ki, bunu hələ çox öyrənəcək, bundan hələ çox istifadə edəcəklər.

 

Noyabrın 8-də Şuşanın, noyabrın 9-da isə daha 72 kənd və qəsəbənin, daha 8 strateji yüksəkliyin işğaldan azad edilməsi ilə düşmənin beli, müqaviməti tam qırıldı, o, ağ bayraq qaldırmaq, təslim olmaq məcburiyyətində qaldı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, eləcə də, işğalçı ölkənin baş nazirinin birgə bəyanatı, birgə imzası ilə 32 illik qanlı münaqişəyə son qoyuldu, Ermənistan təslim oldu, kapitulyasiya aktına qol çəkdi, məğlubiyyətini etiraf etdi.

 

Cəmi 44 günlük tarixi və möhtəşəm İkinci Vətən müharibəsi, “Dəmir yumruq” əməliyyatı ilə Ermənistan diz çökdürüldü, məğlub edildi, Azərbaycan xalqının Qarabağ nisgilinə, Qarabağ həsrətinə son qoyuldu. 44 günlük Müharibə ilə həm də status-kvo, təmas, cəbhə xətti darmadağın edildi, Dağlıq Qarabağ məhfumu aradan qaldırıldı. Ali Baş Komandanın qeyd etdiyi kimi, indi nə təmas xətti, nə status, nə də Dağlıq Qarabağ deyilən bir coğrafi məfhum var.

 

Bəli, Müzəffər, Qalib Sərkərdə - ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı və rəşadətli Azərbaycan Ordusu, İgid, Qəhrəman, Cəsur Azərbaycan Əsgəri böyük Tarix, Dastan yazdı. Azərbaycan Əsgəri dünya hərb tarixinə yeni mərhələ gətirdi, yeni cığır açdı. Bunu biz demirik, bunu ABŞ-ın, Avropanın, Qərbin, NATO-nun, Rusiyanın tanınmış hərbi mütəxəssisləri, hərbi ekspertləri deyirlər. Etiraf edirlər ki, Azərbaycan Ordusu, Azərbaycan Əsgəri 44 günlük Müharibə ilə bir çox hərbi qaydaları, reallıqları dəyişdi, dəyişdirdi.

 

Bəli, Azərbaycan Ordusu, Azərbaycan Əsgəri buna da birdən-birə nail olmadı. Bunun üçün illər, on illiklər lazım gəldi. Buna ulu öndər Heydər Əliyevin 1993-cü ilin ağır günlərində ikinci dəfə hakimiyyətə gəlişi, ölkəni, Azərbaycanı parçalanmaqdan, dağılmaqdan, bölünməkdən xilas etməsi, ölkədə bütün sahələrdə, xüsusilə, xaotik vəziyyətdə olan Silahlı Qüvvələrdə dəmir nizam-intizam yaratması, əsl Ordu quruculuğuna start verməsi ilə nail olundu. Qısa zaman kəsiyində biri-birinə tabe olmayan, bir-birinin sözünü eşitməyən hərbi birləşmələr, silahlı dəstələr, könüllülər batalyonları ləğv edildi və hamısı Silahlı Qüvvələrə, Müdafiə Nazirliyinə, vahid komandanlığa tabe etdirildi. Peşəkar, nizam-intizamlı, hərb sənətinin bütün incəliklərinə malik olan yüksək səviyyəli Ordu yaradıldı.

 

Azərbaycan hərbçiləri, hərb sənətinə yiyələnmək istəyən gənc Azərbaycan övladları xarici ölkələrin, xüsusilə, son 32 ildə, Qarabağ münaqişəsi başlayan gündən daim yanımızda olan, öz təmənnasız dəstəyini nümayiş etdirən dost-qardaş Türkiyənin yüksək səviyyəli ali hərb məktəblərinə oxumağa, təcrübə keçməyə göndərildilər.

 

Qısa zamanda da bu addımlar öz müsbət səmərəsini və töhfəsini verdi -  istər 2016-cı ilin tarixi Aprel döyüşlərində, istərsə də 2018-ci ilin uğurlu Günnüt əməliyyatında. Azərbaycan Ordusu 2016-cı ildə elə bir peşəkarlıq, ustalıq, döyüş əzmi göstərdi ki, üstündən heç bir müddət keçməmiş Ermənistanda xaos yaranmağa başladı, qanlı, cinayətkar xunta rejimi, hərbi cani Koçaryanın davamçısı, Xocalı qatillərindən olan Sarkisyan hakimiyyətdən getmək məcburiyyətində qaldı. Bəli, bir an olsun belə yerində dayanmayan, gündən-günə güclənən, mətinləşən Azərbaycan Ordusu nəhayət, öz sözünü deməliydi və dedi. 2020-ci ilin iyul - Tovuz hadisələrindən başlanan yol, 29 sentyabr - 9 noyabr tarixlərində yaşanan Dastan öz məntiqi sonluğuna, tarixi Qələbəyə və Zəfərə gətirib çıxardı. Həm də elə bir Qələbəyə və Zəfərə ki, 3 tarixi bölgəmiz - Kəlbəcərimiz, Ağdamımız, Laçınımız bir güllə atılmadan və bir Şəhid verilmədən ardıcıllıqla 21 günün içərisində 27-28 illik işğaldan azad edildi.

 

Azərbaycan - İlham Əliyev diplomatiyasının gücü, Ali Baş Komandanın uzaqgörən və müdrik siyasəti, “Dəmir yumruq” nəticəsində bunlar mümkünləşdi, namümkünlər bir andaca mümkünə çevrildi. Bəli, 44 günlük Müharibə, tarixi Qələbə, möhtəşəm Zəfər həm də igidlərimizin qanları, canları bahasına başa gəldi, 2800-ə yaxın Şəhid vedik, 1300-ə yaxın yaralımız var, 100-dən çox itkinimiz oldu.

 

Qələbə, Zəfər təəssüflər olsun ki, itkilərsiz mümkün olmur. Bu, yazılmış və yazılmamış bir qanundur. Amma bir məsələ də var ki, onlar yüksək amallar uğrunda, Vətən, torpaq uğrunda canlarından keçdilər, fədakarlıq göstərdilər, Ölümsüzlüyə qovuşdular, Şəhidlik məqamına ucaldılar. Başımızın tacıdırlar, müqəddəs and yerimizdirlər. Azərbaycan yaşadıqca, var olduqca, onlar da mənən, ruhən yaşayacaqlar. Müqəddəs ruhları qarışısında bir daha baş əyirik. Bəli, Qələbəmiz, Zəfərimiz həm də Azərbaycanın güclü iqtisadi inkişafı nəticəsində mümkün oldu. Çünki güclü iqtisadiyyata malik olmadan qüdrətli Orduya, əzəmətli hərbi müdafiə sisteminə də malik olmaq mümkün deyil. Güclü Ordunun təməlində güclü iqtisadi baza dayanır.

 

Ulu öndərin açdığı, böyük neft strategiyası ilə başlanan yolla uğurlardan-uğurlara, nailiyyətlərdən-nailiyyətlərə doğru böyük məsafə qət edildi. Xüsusilə, son 17 ildə, ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı daha da inkişaf etdirildi, dünyaya Azərbaycan adlı iqtisadi inkişaf modeli təqdim edildi.

 

Azərbaycan insanın maddi rifah halı yükəldildi, dövlət hər zaman özünü vətəndaşının yanında hiss etdirdi, onu naümid qoymadı, sahibsiz buraxmadı və nəticədə də Azərbaycan Ordusu gücləndi, qüvvətləndi və 44 gündə öz sözünü dedi. Müharibənin başa çatmasından bir aydan bir qədər çox zaman keçsə də, biz hələ də o gözəl, duyğulu, sevincli hisslər altındayıq. Çünki 32 ildi ki, bunu, bu anları gözləyirdik. Buna haqqımız çatırdı, bunu sonunacan Haqq edirdik. Biz Haqqımıza, Haqq etdiyimizə qovuşduq.

 

Bu günlərdə, daha doğrusu, dekabrın 10-da isə ikinci bir Zəfər, Qələbə yaşandı. Sözlərlə, kəlmələrlə ifadəsi belə mümkün deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dekabrın 10-da “Zəfər paradı”nın keçirilməsinə qərar verildi və həmin gün Bakıda, Azadlıq meydanında möhtəşəm paradın şahidi olduq. Son 29 ildə, ümumiyyətlə, İkinci Dünya müharibəsindən, 1945-ci ilin 9 mayından sonra çox paradların şahidləri və iştirakçıları olmuşuq. Yeri gəlmişkən, 2018-ci ilin 26 iyununda - Azərbaycan Ordusunun yaranmasının 100 illiyində və 2018-ci ilin 15 sentyabrında - Bakının erməni işğalından azad edilməsinin 100-cü ildönümündə paytaxtımız Bakıda paradlar keçirildi. Dünya həmin günlərdə Azərbaycanın bütün mənalarda gücünə şahidlik etdi, xüsusilə də, qardaş və dost Türkiyənin hərbçilərinin həmin paradlarda iştirakı, Türkiyənin cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın nitqi, birlik və bərabərlik mesajlarının verilməsi çox böyük tarixi-siyasi hadisə idi.

 

Amma dekabrın 10-da keçirilən parad başqa bir parad, böyük Qələbə, Zəfər paradı idi. Bundan sonra, xüsusilə, hər ilin 8 noyabrında - Zəfər günündə və 26 iyun tarixlərində - Milli Ordu günündə növbəti paradlara şahidlik edəcəyik, amma 2020-ci ilin 10 dekabr “Zəfər paradı”nın bir daha təkrarı, oxşarı, bənzəri olmayacaq. O, bir daha olmayacaq və təkrarlanmayacaq. O, bir Tarix idi və Tarixə də öz damğasını, möhürünü, Azərbaycan xalqının sevincini, Azərbaycan dövləti və ordusunun gücünü, əzəmətini həkk etdirdi.

 

Üstündən bir neçə gün keçsə də, hələ də çoxları kimi, həyəcanlıyam və qürurluyam. Çünki həyəcanlanmamaq, qürurlanmamaq mümkün deyil. 10 dekabr tarixində bizi sevənlər də, sevməyənlər də, xüsusilə, düşmən və onun havadarları da bir daha Azərbaycanın gücünə, qüdrətinə şahidlik etdi, bütün gözlər bizdə idi, bizə - Azərbaycana zillənmişdi. Həmçinin, daim yanımızda olan, bir an bizi tək buraxmayan qardaş və dost Türkiyənin hərbçilərinin, Türk əsgərlərinin, Türkiyə siyasi elitasının, xüsusilə, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Zəfər paradı”nda iştirakı bu ali tədbiri daha da əzəmətli etdi, daha da rövnəqləndirirdi.

 

“Zəfər paradı” zamanı həm Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev, həm də onun dəvətini qəbul edib, parada təşrif buyuran Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çox möhtəşəm və tarixi çıxış etdilər, nitq söylədilər, bir daha Azərbaycan-Tükiyə dostluq və qardaşlığının əbədiliyinin, sarsılmazlığının mesajını verdilər.

 

Bu günə bir, həmrəy olduqlarını, bundan sonra da birgəliklərini, bir olacaqlarını bütün dünyaya duyurdular. Dost da eşitdi, düşmən də. Hər kəs bildi ki, biz ulu öndərimizin dediyi kimi, “Bir millət, iki dövlətik”, dahi Mustafa Kamal Paşa Atatürkün dediyi kimi, “Azərbaycanın kədəri Tükiyənin kədəri, Azərbaycanın sevinci Türkiyənin sevincidir”. Bunun əksi olmayıb, mümkün deyil, bundan sonra da mümkün olmayacaq.

 

“Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər” - deyən Ali Baş Komandan çıxışında bəyan etdi ki, bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Çünki Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. O, “Bu müharibədə Azərbaycan haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” - deyərək, həm özünün, həm də ölkəsinin qəti mövqeyini nümayiş etdirdi.

 

Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Ali Baş Komandanın dediyi kimi, Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

 

“Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk” - deyərək, ölkə Prezidenti bir daha vurğuladı ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

 

Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Ölkə Prezidentinin də dediyi kimi, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.

 

Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Ali Baş Komandan paradların birində də demişdi ki, Qələbə paradına 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdi ki, gün gələcək və işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və həmin gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

 

“Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə Uca Allahdan rəhmət, qazilərimizə tezliklə sağalmalarını arzulayıram” - deyə, tarixi və parlaq çıxışına başlayan Türkiyə Prezidenti cənab Ərdoğan dahi şairimiz, İstiqlal mücahidimiz Bəxtiyar Vahabzadənin məşhur və dillər əzbəri olan şeirindən bir parçanı söylədi:

 

Hardan sənin oldu bizim Qarabağ?

 

Adı sahibini demirmi aşkar?

 

Xoşluqla verməzlər torpağı, ancaq

 

Qanla möhürləyib, zorla alarlar.

 

Sonra “Qarabağı otuz illik həsrətdən sonra Ana Vətən ilə qovuşduran Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, onları dualarla cəbhəyə göndərən anaların əllərindən öpürəm. 20 Yanvarda şəhidlərin məzarları üzərinə qoyulan qərənfillər müstəqilliyi necə xatırladırsa, indi də Dağlıq Qarabağ bölgəsinə xas olan Xarı Bülbül Azərbaycan torpaqlarının azadlığının rəmzinə çevrilmişdir” - deyən qardaş ölkənin Lideri bildirdi ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, Azərbaycan Prezident İlham Əliyevə aiddir. Çünki İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir.

 

“Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək” - deyərərək, çıxışına davam edən cənab Ərdoğan bir daha Türkiyənin Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu söylədi. Bildirdi ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi heç də mübarizənin başa çatması demək deyil. Bu günə qədər siyasi və hərbi sahələrdə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək.

 

“Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə-yeksan olunmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii sərvətləri də qarət etdilər” - deyərək, cənab Ərdoğan qətiyyətli şəkildə bildirdi ki, bütün bu ziyanın hesabı sorulmalıdır və sorulacaq. Onu da deyim ki, Ərdoğanın çıxışını dinləyərkən çox həyəcanlanırdım. Çünki dediyim kimi, həyəcanlanmamaq mümkün deyildi. Xüsusilə də, onun Laçınla bağlı məşhur mahnının sözlərini deməsi məni çox duyğulandırdı, bir anlıq ötən illərə, 25-30 il öncəyə qaytardı. Çünki bu mahnını illər öncə bir neçə dəfə mən də zümzümə etmişdim. Bunun canlı şahidləri də var. Çünki bu mahnı, onun misraları minlərlə insan kimi, mənim də ruhumun ifadəsi idi.

 

“Ay Laçın, can Laçın,

 

Mən sənə qurban, Laçın”

 

Və cənab Ərdoğanın dilindən bu mahnının sözlərinin səsləndirilməsi məndə başqa bir duyğu, hiss, əhval-ruhiyyə, ovqat yaratdı. Buna görə ayrıca olaraq cənab Ərdoğana minnətdarlığımı ifadə edirəm.

 

Bəli, 10 dekabr “Zəfər paradı” bu cür yüksək hisslərlə yaddaşlarda qaldı, hafizələrə əbədilik həkk edildi. Həm gücümüzün, həm Zəfərimizin təntənəsi, həm də birlik və bərabərliyimizin, Azərbaycan-Türkiyə dostluq-qardaşlığının birmənalı nümayişi oldu.

 

“Zəfər paradı”ndan sonra iki Liderin bir araya gəlməsi, tarixi sənədlərə imza atılması, viza sisteminin aradan qaldırılması bir daha deyilənlərin sözlər, bəyanatlar olmadığını göstərdi, əməllərlə, konkret addımlarla ifadəsi oldu. Sözlərlə əməllərin bir daha bir-birini tamamladığının əyani nümayişinə çevrildi. Bəli, biz tarixi günlər yaşayırıq. Biz güclüyük, biz qüdrətliyik.

 

Artıq bunu hər kəs anlamalıdır və çox güman ki, anlayır, anlamayanlar da anlayacaqlar. Çünki başqa yol yoxdur. Bu gün Azərbaycan söz, nüfuz sahidir, o, dövləti və xalqı naminə diktə edir və edəcək. Dövlətimiz, xalqına qarşı çıxanı, ona əngəl olmağa çalışanı da öz dəmir yumruğu ilə əzib, sıradan çıxaracaq.

 

Ölkə Prezidentinin ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilə görüşündə də dediyi kimi: “Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil...”.

 

Bəli, bəli, bəli. Bu, təkcə Ermənistana deyil, çoxlarına verilən birmənalı, açıq mesajdır. Ona görə hər kəs diqqətli olmalı, bundan dərs götürməli, nəticə çıxarmalıdır.

 

“Qarabağ Azərbaycandır və nida”. Bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Eşq olsun, Azərbaycan Ordusuna! Eşq olsun, Azərbaycan xalqına! Eşq olsun, Azərbaycan Əsgərinə! Eşq olsun, Ali Baş Komandana!

 

Yaşasın, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!

 

 

 

Ziyad SƏMƏDZADƏ,

akademik, millət vəkili.

 

Respublika.- 2020.- 18 dekabr.- S.5.