Şəhidlərin ruhu əbədiyaşardır

 

Rəşadətli Azərbaycan ordusu uzun illərdən bəri Ermənistanın işğalı altındakı kənd və qəsəbələri, şəhərləri azad edib, torpaqlarımız mundar tapdağından qurtulub. İnsanı əzən, incidən və qəzəbləndirən bir mənzərə ilə qarşılaşırıq. Demək olar ki, bütün evlər, ictimai binalar, məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları tamamilə uçurulub, talan, qarət edilib. Erməniliyin mahiyyəti budur, torpaqları, tarixi abidələri, dini məbədlər, meşələri, yolları, bir sözlə, gözə görükən nə varsa, dağıdaraq məhv ediblər.

 

Vətənə sipər oğulların igidliyimilli ordunun hərbi qüdrəti sayəsində düşmən ağır məğlubiyyətə uğradıldı. Vətən müharibəsi başlayan gündən xüsusi təyinatlılar, könüllülər də daxil olmaqla ordu hissələri döyüşə atılaraq mifləşdirilmiş erməni ordusuna sarsıdıcı zərbə vuraraq düşməni məhv etdilər. Müharibənin bir aydan artıq qurtarmasına baxmayaraq, ermənilər öz meyitlərini bizim torpaqlardan hələ də toplayırlar.

 

Düşməni ağır məğlubiyyətə uğradan oğullarımızın bir çoxu yaralanıb, bir çoxu isə şəhid olub. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün Əlizamin Ramazanlıdır. Yaxşı deyiblər ki, torpağa şəhid qanı töküləndə Vətən olur.

 

Əlizamin ata-baba yurdu Kosalar kəndini görməyib, məcburi köçkünlükdə anadan olub. Buna baxmayaraq, hər zaman doğma torpaqların həsrəti ilə yaşayıb. Bu, qana bağlıdır, şəcərədən gəlmədir, işğalın vurduğu mənəvi zərbədən irəli gələn hisslərdir. Orta məktəbi bitirəndən sonra hərbi xidmət keçib. Əsgərlikdə olarkən hərbçi olmağı qarşısına məqsəd qoyub.

 

Şəhidin atası Umud Ramazanov deyir ki, Əlizamin hərbi xidməti başa vurduqdan sonra gizir kimi milli orduda xidmət etməyə başladı. Ən böyük istəyi işğal altında olan torpaqlarımızı azad etmək idi. Bu istək də onu Vətən müharibəsinə apardı.

 

Ağdərə, Kəlbəcər, Füzuli, Hadrut istiqamətində döyüşlərdə iştirak etdi.

 

Sevimli övladının itkisinə dözə bilməyən, gözüyaşlı anası Adilə Ramazanova deyir ki, hər gün Əlizaminin şəklini oxşayıram, onunla söhbət edirəm. Sonra bildirir ki, oğlu həmişə görmədiyi torpağımıza, Kosalıya qayıtmaq arzusunda idi. Döyüşlərdə olanda aradabir telefonla danışırdıq. Bizə toxdaqlıq verərək deyirdi ki, narahat olmayın, hər şey yaxşı olacaq. Sonuncu dəfə danışanda dedi ki, ana, əgər şəhid olsam, “Vətən sağ olsun” deyərsən. Dedim, bütün şəhidlər mənim balamdır, uca Allahdan onlara rəhmət diləyirəm.

 

Adını andığımız şəhid qardaşımız Əlizamin orta məktəbdə nizam-intizamlı, fəal şagird kimi tanınıb. Müəllimi Qabil Dadaşov bildirir ki, Əlizamin məktəbdə keçirilən bütün yarışlarda fərqlənirdi. Dəfələrlə fəxri fərmanlara layiq görülüb. Qoçaq və mərd oğlan idi. Belə övlad böyütdükləri üçün valideynlərinə üzümü tutub deyirəm ki, Əlizamin adını tarixə yazıb, həmişə başlarını uca tutsunlar.

 

Şəhidlərin qanı yerdə qalmadı. Qəhrəman Azərbaycan ordusu “Dəmir Yumruq” adı altında davam edən 44 günlük müharibədə düşməni diz çökdürərək onu ağır məğlubiyyətə düçar etdi. Qalib Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə müharibə qəhrəmanları ordenmedallarla təltif olunur, Vətənin ən ali mükafatına layiq görülürlər.

 

Şəhid gizir Əlizamin Ramazanlı da ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhidlər ölmür, onların ruhu əbədiyaşardır!

Salman Alıoğlu

 

Respublika.- 2020.- 20 dekabr.- S.6.