Elm və təhsildə də yüksəlişimiz bu günün tələbidir

 

Qısa arayış. Vəli Şahmurov uzun illər elm və təhsil sahəsində Azərbaycanda, Rusiyada, Türkiyədə uğurlu fəaliyyəti ilə pedaqoji ictimaiyyətdə kifayət qədər yaxşı tanınır. O, 1979-cu ildə Ph.Dr. 1987-ci ildə 35 yaşında Moskvada V.Steklov adına Riyaziyyat İnstitutunda (SSRİ Elmlər Akademiyası) elmlər doktoru, sonra professor olub. 1990-1991-ci illərdə Bakı Dövlət Universitetində çalışmaqla yanaşı, Azərbaycan Təhsil Nazirliyində “Elmelmi pedaqoji kadrların hazırlanması” idarəsinin müdiri olaraq fəaliyyətini davam etdirib. 1993-1994-cü illərdə Türkiyədə Ak Deniz Universitetinin riyaziyyat şöbəsində çalışıb. 1997-2007-ci illərdə İstanbul Universitetinin mühəndislik fakültəsində, 2007-ci ildən bu günə qədər İstanbul Okan Universitetində riyaziyyat fənnindən dərs deyir. Çalışdığı universitetdə “Bilim ödülü” mükafatını alan yeganə pedaqoqdur.

 

 

Bu gün böyük qürur hissi ilə deyə bilirik - Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bizə bu qüruru yaşadan şanlı Ordumuzla, Ali Baş Komandanımızla fəxr edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralı qazilərimizə şəfa diləyirik. Sentyabrın 27-dən Dağlıq Qarabağ uğrunda gedən haqq savaşımız bizim Qələbəmizlə, tarixi Zəfərimizlə başa çatdı. Tarixin səhifələrinə qızıl hərflərlə yazılan bu Qələbə bütün dünya dövlətlərinə Azərbaycanın və onun şanlı Ordusunun gücünü, qüdrətini göstərdi. Böyük Qələbənin əldə olunmasında möhtərəm Prezidentimiz qəti siyasi iradə, əzmkarlıq, yüksək diplomatik peşəkarlıq nümayiş etdirdi. Bütün təzyiqlərə sinə gərib öz prinsipial mövqeyindən bir an belə dönmədi.

Hər zaman olduğu kimi, Vətən müharibəsində də Azərbaycana mənəvi-siyasi dəstəyi qardaş Türkiyə misilsiz xidmətlərlə göstərdi. Bu dəstək Azərbaycanla Türkiyə arasındakı əlaqələrin “Bir millət, iki dövlət” anlayışı ilə əbədiyyən davam edəcəyini bir daha təsdiq etdi. Azərbaycan və Türkiyə prezidentlərinin liderliyi ilə ölkələrimiz arasındakı qardaşlıq əlaqəsi hər keçən gün daha da qüvvətlənir. Azərbaycan Silahlı Qüvvələrinin öz torpaqlarını azad etməsindən sonra Bakıda və bölgələrdə təşkil edilən möhtəşəm mərasimlərdə, Ankarada, İstanbulda, İzmirdə, bütün Türkiyədə də hər kəs göz yaşı içində Azərbaycanın qələbəsini öz uğurları kimi qeyd etdi. Bu, qardaşlığımızın, bir millət olduğumuzun əyani nümayişi idi.

30 ilə yaxın erməni vandallarının işğalına məruz qalmış torpaqlarımızın azadlığa qovuşması hər birimizə sonsuz sevinciftixar duyğuları yaşadır. Hamımız cəmi 44 gün ərzində işğalçı Ermənistanı diz çökdürən, möhtəşəm tarixi zəfərə imza atan, Müzəffər Ordumuzla, güclü Azərbaycanımızla fəxr edirik. Bu ədalətli savaşda qazanılan şanlı qələbə qəhrəman əsgərlərimizin göstərdiyi şücaəti və mətinliyi nümayiş etdirməklə yanaşı, müasir müharibədə ən yüksək texnologiyaya malik texnikasilahlardan bacarıqla istifadənin nə qədər önəmli olduğunu ortaya çıxardı. Yəni, müasir müharibələrdə elm və yüksək texnologiyanın dominant rol oynadığını bir daha təsdiq etdi. Savaş dayansa da, diplomatiyasiyasi sahədə mübarizəmiz uğurla davam edir. Bu yeni savaşda hər kəs məsuliyyətini dərk etməli, çalışdığı sahədə vəzifəsini layiqincə yerinə yetirməlidir. Zənnimcə, mübarizə üçün ən böyük meydan elm və təhsildir. Bu sahədə inkişaf, dövrün tələblərinə uyğun aparılan təkmilləşdirmə, ardıcıl islahatların həyata keçirilməsi uğurlu nəticələrin əldə olunmasına stimul verir.

Bu gün beynəlxalq aləmdə qüdrəti ilə fərqlənən dövlətlər islahat hədəfini müəyyən edərkən ilk növbədə təhsil sahəsini seçmişlər. Çünki bütün sahələrdə inkişafın mənbəyi təhsildən başlanır. Bu mənada, Azərbaycan da istisna deyildir. Təhsilin məzmununun tələb edilən səviyyədə müəyyənləşdirilməsi heç də təhsilin keyfiyyətinin tam təmin olunmasına dəlalət etmir. Bu gün təhsil sahəsi əsl vətəndaşlıq mövqeyi nümayiş etdirilən strateji fəaliyyət meydanıdır. Qəlbində Vətən və millət məhəbbəti olan hər bir təhsil işçisi bu meydanda əzmkarlıqla çalışmalı, təhsilimizin inkişafı naminə hər cür fədakarlığa hazır olmalıdır.

Vurğulamaq lazımdır ki, ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektualkadr potensialına malikdir. Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla daha da inkişaf etdirilməlidir. Yeni təhsil strategiyasının məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Xatırladım ki, dünyanın aparıcı universitetləri arasında keyfiyyət və nüfuza görə rəqabət, “Reyting” yarışı davam etməkdədir. Dünya universitetlərinin elm və təhsildə əldə etdiyi nailiyyətləri təhlil edib nəticələri qəbul olunmuş standartlarla qimətləndirərək onları sıralayan müxtəlif nüfuzluReyting” qurumları fəaliyyət göstərir. Bu nüfuzlu agentliklər dünya universitetlərinin reytinqini tərtib edərkən bir neçə meyarı - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payını nəzərə alır. Ümumiyyətlə, universitetlərin reytinq cədvəli müəyyənləşdirildiyi zaman universitetin tədqiqat imkanları, nüfuzlu nəşrlərdə çap edilmiş tədqiqat işlərinin sayına da fikir verilir. Həmçinin, tələbə-müəllim nisbəti, universitetin infrastrukturu, laboratoriyaları, məzunlarının tapmaq bacarıqları və həyatına necə hazırlanması və s. məqamlar da nəzərə alınır.

Bu günlərdə o qurumlardan birinin tərtib etdiyi sıralamanı gördüm. Bizim Bakı Dövlət Universiteti reytinq sıralamasında 3283-cü yerdə qərar tuturdu. Bildiyimiz kimi, universitetlərin reytinqi əsasən, həmin təhsil müəssisəsində dərs deyən müəllimlərin “Web of Science” standartlardakı jurnallarda nəşr etdirdikləri elmi məqalələrin sayı və keyfiyyəti ilə də müəyyənləşir. Bu məqam Təhsil Nazirliyinin, MEA-nın Rəyasət Heyətinin, rektorlarımızın və müəllimlərimizin nəzərindən qaçmamalıdır. Belə ki, Azərbaycanda kifayət qədər alimlər olduğu halda belə geriləmənin səbəblərini araşdırmaqda fayda var. Elmi müəssisələrdə çalışan elmi tədqiqatçıların nüfuzlu jurnallarda çap etdirdikləri məqalələrə görə müəyyən mükafatlar verilməlidir. Nəhayət, böyük savaşı milli birlik göstərərək qəhrəmanlıqla qələbə qazanan Azərbaycan xalqı bu uğuru elm və təhsildə də qazana bilməzmi?

Ölkəmiz son illərdə bu tarixi zəfəri reallaşdıran çox böyük uğurlara imza atıbdır. Həm siyasi, həm iqtisadi sahələrdə uğurlar bu gün beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. İnanırıq ki, ölkəmizin dayanıqlı inkişaf tempi, regiondünyada strateji, iqtisadi əhəmiyyəti, beynəlxalq nüfuzu sayəsində işğaldan azad edilmiş torpaqlarımızda ən qısa zamanda bütün sahələrdə yeni proqramlar uğurla icra olunacaq, yüksək nailiyyətlər əldə ediləcək. Əminəm ki, qəhrəman Azərbaycan xalqının övladları elm və təhsildə də layiq olduqları yüksəkliyi əldə edə biləcəklər.

 

Vəli ŞAHMUROV,

fizika-riyaziyyat elmləri doktoru,

professor.

 

Respublika.- 2020.- 10 dekabr.- S.7.