Heydər Əliyev ideyalarının Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafındakı misilsiz rolu

 

Azərbaycanın çağdaş tarixi dünya şöhrətli siyasətçi, dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərimiz müstəqil Azərbaycan dövlətinin qurucusu və bəşəriyyətin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir. “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış ulu öndərimiz Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.

 

 

Keçmiş Sovetlər İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Həmin illərdə respublikanın bütün bölgələrinin inkişafı, istehsalla bilavasitə bağlı olan elmi- tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görülmüş, elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın keçmiş İttifaq miqyasında öncül mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə təkan vermişdir.

Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il) qərarları xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu qərarlar əsasında Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu.

Müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə onun şəxsi təşəbbüsü və bilavasitə köməkliyi ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır.

1971-1975-ci illərdə meliorasiya işlərinə 580 milyon manatdan artıq vəsait xərclənmişdir ki, bu da 1966-1970-ci illərdəkinə nisbətən iki dəfə çox idi. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110,3 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 133,2 min hektar sahədə hamarlama işləri aparılmış, 248,6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri inşa edilmişdir.

Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz çayı üzərində həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı elektrik stansiyası ilə birlikdə, İran İslam Respublikası və Azərbaycan Respublikası ərazilərində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3,5 milyon kubmetr olan Zaqolovoçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri və s. obyektlər tikilib istismara verilmişdir.

Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və yeni suvarılan sahələrin istifadəyə verilməsi kənd təsərrüfatı istehsalının xeyli artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan verdi.

1976-1982-ci illərdə respublikanın rəhbəri Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirildi. Bu illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artdı və 1 milyard 382 milyon manata çatdı, 1,2 milyard manata yaxın əsas fondlar işə salındı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 605 min hektar sahədə suvarma sistemləri yenidən quruldu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırıldı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparıldı.

Bu dövrdə Tərtərçay üzərində 143 min 500 hektar sahəni suvara biləcək həcmi 565 milyon kubmetr olan Sərsəng su anbarı su elektrik stansiyası ilə birlikdə, həcmi 5,86 milyon kubmetr olan Suqovuşan su anbarı, Tərtərçay magistral kanalları, Naxçıvan MR-də Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay su anbarı və magistral kanallar, Naxçıvançay çayından qidalanan həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarı, Füzuli rayonunda Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 milyon kubmetr olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli nasos stansiyası və digər obyektlər tikilib istifadəyə verildi. Kür çayı üzərində Şəmkir su anbarının, Şəki rayonunda Əyriçay su anbarının, Qazax rayonunda Coğazçay su anbarının, Füzuli rayonunda Qozluçay, Naxçıvan MR-də Qıvraq və Həmzəli nasos stansiyalarının və s.obyektlərin inşasına başlanıldı.

Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq olmuşdur.

Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edilir, 19 hidroqovşaq, 51800 km suvarma kanalı, 32633 km kollektor-drenaj şəbəkəsi, 1048 nasos stansiyası, 138 min müxtəlif hidrotexniki qurğu, 7633 subartezian quyusu, 2000 km-dən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min ha qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur. Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay və s. su anbarları, Mil-Muğan, Bəhrəmtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya və meliorasiya sistemləri və qurğuları vardır.

Heydər Əliyevin müntəzəm nəzarəti və bilavasitə köməkliyi ilə bu illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Füzuli və Beyləqan rayonlarının 19 min 600 hektar suvarılan əkin sahələrinə xidmət edən Yuxarı Mil kanalı, Masallı rayonunun 11 min hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 46 milyon kubmetr olan Viləşçay su anbarı sağ sahil kanalı ilə birlikdə, Qax və Şəki rayonlarında 17 min 300 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən ümumi həcmi 80,6 milyon kubmetr olan Əyriçay su anbarı sol və sağ sahil magistral kanalları ilə birlikdə, Biləsuvar və Cəlilabad rayonlarında 32 min hektar sahəni suvara biləcək Cənubi Muğan kanalının maşın qolu, Şəmkir, Xanlar, Samux və Goranboy rayonlarında 100,9 min hektar sahəni su ilə təmin edən Şəmkir maşın kanalı, İmişli və Saatlı rayonlarının 17 min 500 hektar əkin sahələrini suvarma suyu ilə təmin edən Rəsul-arx kanalı, Beyləqan, Ağcabədi və Ağdam rayonlarında 57 min 300 hektar sahəni suvarma suyu ilə təmin edən Xan qızı kanalı, digər obyektlər tikilib istismara verilmişdir.

Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən müvəffəq olmağın mümkünsüzlüyünü göstərən ulu öndərimiz Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi və həyata keçirilən böyük tədbirlər nəticəsində kənd təsərrüfatı sahəsində görkəmli nailiyyətlər əldə olundu. Belə ki, 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara və quş 1,4, süd istehsalı 1,8 dəfə artmışdır.

Xalqın dəvəti, taleyin hökmü ilə müdrik rəhbərimiz, dünyamiqyaslı siyasətçimiz ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən ali hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Azərbaycanda mövcud meliorasiya potensialı qorunub saxlanıldı. Sahənin normal fəaliyyətini təmin etmək məqsədilə kompleks tədbirlərin işlənib həyata keçirilməsi və islahatların sürətləndirilməsi olduqca vacib idi. Buna görə də ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsində islahatların əsas məqsədi və vəzifələri müəyyənləşdirildi.

Məlumdur ki, 1993-1995-ci illərdən ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur.

Aqrar islahatının bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı.

Bu sənədlərdən ən mühümü ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanıdır.

Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılma qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin - Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam və inkişaf etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

Möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycan böyük və şərəfli bir inkişaf yolu keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Ölkəmizin beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.

Bu illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirmişdir.

Cari ildə aqroparkların, iri taxılçılıq, pambıqçılıq və digər təsərrüfatların yaradılması məqsədi ilə Şəmkir maşın kanalının nasos stansiyasının suvermə qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası üzrə kanalın 33 km uzunluğunda olan vacib hissələrində yenidənqurma, I və II pillə nasos stansiyası üçün 3 ədəd nasos aqreqatlarının alınması və tikinti sahəsinə gətirilməsi, avadanlıqların və 4066 metr ŞMP tipli basqılı boru kəmərinin quraşdırılması işləri yerinə yetirilmişdir. Şəmkir rayonunun 2500 ha torpaq sahəsinə suyun verilməsi üçün Şəmkirçay təsərrüfatlararası paylayıcı kanalların tikintisi üzrə 14536 metr paylayıcı suvarma boru kəmərləri qurğularla birlikdə çəkilmişdir. Goranboy rayonunun 4950 ha torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Şəmkir maşın kanalının İİ növbəsinin zonasında 17404 metr uzunluğunda təsərrüfatlararası paylayıcı kanalların tikintisi işləri aparılmışdır. Yuxarı Mil kanalının sonunda artıq suların Yeni Xanqızı kanalına verilməsi üçün ümumi uzunluğu 7000 metr sutullayıcı kanalın qalan 4750 metrlik hissəsinin qurğularla birlikdə tikintisi tamamlanmışdır. Arazın yeni qol kanalının sağ sahilində yerləşən 12863 ha torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün Əzizbəyov adına kollektorun 65,7 km hissəsinin yenidən qurulması və 27438 metr suyığıcı drenlərin tikintisi üzrə işlər yerinə yetirilmişdir. Eləcə də, yeni qol kanalının sol sahilində 14200 ha yeni torpaq sahəsinin suvarılması üçün 15925 pm dəmir-beton kanalların qurğularla birlikdə tikintisi başa çatmışdır. Arazın yeni qol kanalının 12000 metr qəza sutullayıcısının tikintisi işləri başa çatdırılmışdır. Sabirabad rayonunun 5000 ha qış otlaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 18960 metrqapalı suyığıcıların və 169720 metr qapalı drenlərin qurğularla birlikdə tikintisi işləri yerinə yetirilmişdir.

Yevlax rayonunda 2200 ha, Goranboy rayonunda 760 ha torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Qarabağ kanalı üzərində məhsuldarlığı saniyədə 2 kubmetr olan nasos stansiyasının, 17052 metr uzunluğunda basqılı boru kəmərinin, 6400 metr selötürücü kanalların və 2 ədəd 100 min kbm həcmində su hovuzunun tikintisi işləri görülmüşdür. Ağcabədi rayonu ərazisində 2500 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Mil kanalından qidalanan 100 min kubmetr həcmində su hovuzunun, kanal üzərində səviyyəqaldıran qurğunun tikintisi üzrə işlər aparılmışdır. Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Mil kanalında nasos stansiyasının, 3 km uzunluğunda basqılı boru kəmərinin, 50 min kubmetr həcmində su hovuzunun tikintisi və 2765 metr istismar yolunun çəkilməsi üzrə işlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala və Biləsuvar rayonlarından keçən hissəsində yerləşən 20 min hektar qış otlaq sahələrini suvarma suyu ilə təmin etmək üçün Kür çayı üzərindəki nasos stansiyasının və magistral kanalın suvermə qabiliyyətinin artırılması məqsədilə layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır. Saatlı rayonunun 20 min hektardan çox əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayından əlavə suyun verilməsi və Bərdə rayonunda 3150 ha torpaq sahəsinin suvarma suyu ilə təminatı tədbirləri üzrə layihə-smeta sənədləri hazırlanmışdır.

Meliorasiya-irriqasiya obyektləri üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması üzrə Qazax rayonunun Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin, Zərdab rayonunun Şahhüseynli kəndinin, Astara rayonunun Kijəbə qəsəbəsinin, Ucar rayonunun Qəzyan, Boyat, Bağban, Bərguşad, Yuxarı Şilyan və Qulabənd kəndlərinin, Ağcabədi rayonunun Yeni Qaradolaq, Avşar və digər kəndlərinin və İmişli rayonunun Cəfərli kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirlərinin, Xaçmaz rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün 6 kiçik sututarlarda zəruri təmir-bərpa işlərinin, Şəki rayonunun kəndlərinin torpaq sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirliarx kanalının, Qazax rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Şıxlı arxının və Kürdəmir rayonunda nov kanalların yenidən qurulmasının, Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə layihə sənədləri hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə respublikanın 39 şəhər və rayonunun 338 yaşayış məntəqəsində 9547 ha əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 443 ədəd subartezian quyusunun qazılması üçün layihə-smeta sənədləri hazırlanmış və 346 ədəd quyuda qazma işləri başa çatdırılmış, qalanlarında isə davam etdirilir.

Sel və daşqın təhlükəli çaylarda sahilbərkitmə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə respublikanın Qəbələ, Oğuz, Ağsu, Zaqatala, Balakən, Astara, Lənkəran, Qax, Şəki, Xaçmaz və Ağcabədi rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarında 3795 pm uzunluğunda istinad divarının tikintisi tamamlanmış və Astara sərhəd çayında 7292 pm məcratəmizləmə üzrə tikinti işləri yerinə yetirilmişdir. Eyni zamanda Ağstafa rayonunun Köçəsgər kəndində “Acı” dərənin sel sularından mühafizə tədbirlərinin, Qax rayonu ərazisində Zərnəçay çayında sahilbərkitmə işlərinin, Quba rayonunun Qonaqkənd kəndinin Vəlvələçay və Quba şəhərinin Qudyalçay çaylarının sel sularından mühafizəsi tədbirlərinin layihə sənədlərinin hazırlanması üzrə işlər yerinə yetirilmişdir.

2020-ci ilin mürəkkəb təbii-iqlim, eləcə də bütün dünyada, o cümlədən ölkəmizdə davam etməkdə olan pandemiya şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək Cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, suvarılan torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparmış, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmiş, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirmiş, onların yaxşılaşdırılması üzrə tədbirlər hazırlamış və ayrılan vəsait daxilində balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmişdir.

Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərində möhkəmləndirmə işləri görülmüş və 39794,0 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilmişdir.

Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 72,4 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılmış, 18090 km suvarma, 3470 km kollektor-drenaj sistemləri təmizlənmiş, 5958 hidrotexniki qurğu, 6116 subartezian quyusu, 343 nasos stansiyası təmir edilmişdir.

Çay məcralarında 20,2 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 6,8 min kubmetr şax-daş və faşın, 3,5 min kubmetr qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 24,4 min kbm həcmində təmir işləri yerinə yetirilmişdir.

Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət tərəfindən respublika üzrə sudan istifadə planı, magistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmişdir. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədilə Cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Vegetasiya suvarması dövrünün əvvəlinə əsas su anbarlarında 12,8 milyard kubmetr həcmində su toplanmışdır.

Cari ildə 1402 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur. 01 oktyabr 2020-ci il tarixə bütün kənd təsərrüfatı bitkiləri 1335872 hektar sahədə 3,2 dəfə suvarılmış, o cümlədən taxıl 537 min hektarda 1,9 dəfə, pambıq 100 min hektarda 3,3 dəfə, tütün 2636 hektarda 4,9 dəfə, yem bitkiləri 416 min hektarda 3,9 dəfə, bostan-tərəvəz 67 min hektarda 5,0 dəfə, çoxillik əkmələr 135000 hektarda 3,7 dəfə və həyətyanı sahələr 144 min hektarda 4,6 dəfə suvarılmışdır.

Bütün suvarma mənbələrindən 8,1 milyard kubmetr su götürülmüş və ayrıclardan su istifadəçilərinə 5,6 milyard kubmetr su verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamına əsasən təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022- ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq Səhmdar Cəmiyyəti tərəfindən səlahiyyətlərinə uyğun olaraq ölkənin əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatlarından səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması üçün müasir texnologiyalara əsaslanan ölçmə cihazlarının quraşdırılması, alternativ mənbələrdən, o cümlədən təmizlənmiş tullantı, kollektor- drenaj sularından, ölkə ərazisində antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədilə ilkin olaraq mövcud 22 ədəd hidroqovşaq və suvarma kanallarının yenidən qurulmasının texniki- iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.

2021-ci ildə Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması işlərinin davam etdirilməsi üzrə təkliflərini aidiyyəti qurumlara təqdim etmişdir.

Şəmkirçay su anbarı zonasında magistral və paylayıcı kanalların tikintisi, Şabran rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi tədbirlərinin, iri təsərrüfatların və aqroparkların yaradılması nəzərdə tutulmuş obyektlər üzrə Araz çayının yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisinin, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsi, Ələt- Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində yerləşən qış otlaq sahələrində və bataqlaşmış ərazilərdə meliorativ tədbirlərin aparılması, Samux və Goranboy rayonlarında yaradılmış aqroparka məxsus torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, Biləsuvar rayonunda 1090 hektar yeni əkin sahəsinin suvarma suyu ilə təmin olunması və kollektor-drenaj sisteminin tikintisinə başlanılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq Fərman və sərəncamına əsasən respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət Proqramları və Tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur.

Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaqdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və yüksək nailiyyətlər qazanmağa sövq edir. Bu böyük diqqət və qayğıya cavab olaraq, Cəmiyyətin kollektivi mövcud meliorasiya və irriqasiya sistemlərinin qorunub saxlanılması, lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir- bərpa işlərinin təşkili sahəsində qarşıya qoyulmuş tapşırıqları tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcək, daha səylə çalışacaq, ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında üzərilərinə düşən vəzifələri şərəflə yerinə yetirəcəklər.

 

Əhməd ƏHMƏDZADƏ,

Azərbaycan Meliorasiya və

Su Təsərrüfatı ASC-nin sədri.

 

Respublika.- 2020.- 11 dekabr.- S.10.