Dahi şəxsiyyətin obrazlı təcəssümü

(əvvəli 12 dekabr tarixli sayımızda)

 

 

 

Heydər Əliyevin 1971-ci ildə Mərkəzi Komitənin Oktyabr Plenumundakı məruzəsində “Qobustantoplusu haqqında tənqidi qeydlərini və “Pravda” qəzetində dərc olunmuş “Həyatın əlifbası” məqaləsini yüksək qiymətləndirən müəllif ümummilli liderinQobustan” jurnalına olan münasibətini xatırladır. Qeyd edir ki, o vaxtlar Anarın və jurnalın əleyhinə nə qədər donoslar gəldiyinə baxmayaraq, jurnalda “lazım olan şeylərin çox olduğunugörmüş və təqdir etmişdir. Ona görə də “Qobustan” jurnalı yaşamış və o vaxt böyük işlər görmüşdür”. Bundan sonra jurnalın redaksiya heyəti genişlənmiş, ştatları artırılmış, şəraiti yaxşılaşdırılmış, Mədəniyyət Nazirliyinin nəşri statusunu qazanmış və milli maraqları gücləndirilmişdir. Heydər Əliyev: “O vaxtlarQobustan” jurnalı həyatımızda çox böyük rol oynayırdı. Bizim bu milli dirçəliş, milli oyanış, milli özünütanıma prosesində “Qobustan”ın rolu çox böyük olubdur... Amma mən bunların hamısını daim izləyirdim və hər bir belə tədbirin həyata keçirilməsi üçün lazımi şərait yaradırdım”.

 

Jurnal redaktoru Heydər Əliyevin dissidentliyə münasibətini də xarakterizə edir. Böyük öndər bunun əleyinə olmuş, Azərbaycanda dissident axtarmamışdır. Lakin hesab etmişdir ki, Bəxtiyar Vahabzadə, Xəlil Rza o zamanın böyük dissidentləri olmuş, “Qobustanda dissident xarakterli hesab edilmişdir. Jurnalda milli ruhlu yazılar çox çap edilmişdir. Heydər Əliyev: “Bu yazılar “bizim milli mədəniyyətimizi, milli keçmişimizi, milli ruhumuzu o vaxtlar təbliğ edirdi... və insanlarda milli ruhu oyadırdı, öz tarixinə, öz keçmişinə, öz mədəniyyətinə hörmət və ehtiram yaradırdı”.

 

Anarın bu xatirə və memuarı dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə ehtiva edən ədəbi hadisə kimi möhtəşəmdir.

 

Müəllif 1982-ci ildə Y.V.Andropovun hakimiyyəti dövründə Heydər Əliyevin Sov.İKP siyasi bürosuna üzv seçildiyini, SSRİ Nazirlər Soveti sədrinin I müavini təyin olunduğunu yada salmış və görüş zamanı onun kövrəldiyi nüans üzərində dayanmışdır: “İlk öncə ağlagələn fikir budur ki, Heydər Əliyev Azərbaycana, doğma vətəninə, xalqına çox bağlı adamdır, bu torpaqdan uzaqlarda ömür sürmək onun üçün çətindir. İnkişafı üçün bu qədər gördüyü, əmək, enerji sərf etdiyi respublikanı tərk edib tamam başqa bir mühitə düşməsi, təbii ki, ciddi məsələ idi”.

 

Heydər Əliyev Sovet hökumətinin ən yüksək vəzifələrində olanda belə nə özü, nə də ailəsi doğma vətənlə əlaqələrini kəsmirlər. Ümummilli lider konsertlərə, rəssamların sərgilərinə gəlir, Anarın “Sizi deyib gəlmişəm” tamaşasına baxır.

 

Yazıçı ermənilərin Heydər Əliyev nüfuzunun qorxusundan, şəxsiyyətinin genişliyindən, Alixanyanın yalançı “ziyalılığından”, Zori Balayanın Qorbaçovla birlikdə Heydər Əliyevi yüksək vəzifəsindən uzaqlaşdırmağın yollarından bəhs etmişdir. O, L.İ.Brejnevlə Heydər Əliyevin yaxınlığından, milli ruhlu rəhbərin xidmətləri sayəsində Şuşanın milli simasından, Molla Pənah Vaqif, Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün büstlərini qoydurduğundan, Üzeyir bəy və Bülbülün ev muzeylərinin yaradıldığından, Gövhərağa məscidindən, Səməd bəy Mehmandarov və Hacıquluların memarlıq incisi olan evlərindən, Mir Mövsüm Nəvvabın mənzilinin bərpasından, Vaqifin məqbərəsindən, Cıdır düzündə qəbirinin götürüldüyündən söz açır. Anar ilk dəfə Şuşa səfərində, Vaqifin məqbərəsinin açılışında və Üzeyir bəyin yubileyində Heydər Əliyevlə bir yerdə olduğunu yada salır. O, “Qobustanda Şuşanın əsasını qoyan Pənah xan Cavanşirə heykəl ucaldılmasını təklif edir, bu səbəbdən MK-ya çağırılır, ona etirazlar olur, yazıçı da Peterburq və Moskvanın qurucuları kimi Pənah xana da haqq verir.

 

Anar müəllim AMEA-nın müxbir üzvü professor Musa Qasımlının “Heydər Əliyev - İstiqlala gedən yol” kitabından Rəsul Rzaya Sosialist Əməyi Qəhrəmanı adının verilməsində Azərbaycan KP MK-nın I katibi kimi nüfuzunu, təşəbbüsünü minnətdarlıqla yada salır. Böyük rəhbərin Moskvada təklənməsi, M.S.Qorbaçovun ona qərəzli münasibəti, rəhbərin infarkt keçirməsi, müalicəsi, bu şəraitdə işdən çıxarılması barədə Ərizə yazdırılması və Qarabağ problemi faktlar əsasında yazıçı tərəfindən mühakiməli məntiqlə təqdim olunur.

 

Yazıçı Anar bütün hallarda səmimi, təbii təsir bağışlayır. O, nəyi isə azaltmamış, artırmamış, necə varsa, elə də yazır, - bu, ziyalı vicdanıdır, ziyalı vicdanın müdrik səsidir.

 

Yazıçı 20 Yanvar faciəsi baş verəndə “Şəhidlər dağı” adlı yazı yazır, Prezident sarayı qarşısında, habelə, fövqəladə vəziyyət şəraitində Azərbaycan Ali Sovetində Bəxtiyar Vahabzadə ilə birlikdə çıxışlar edir, Elmlər Akademiyasında ziyalıların etiraz toplantısını keçirir, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciət olunur. “Müsibət” adlı yazısını sovet respublikalarının Yazıçılar təşkilatlarına, SSRİ deputatlarına göndərir. Sonralar həmin yazılar “Qara yanvar” kitabında, yazıçının Azərbaycan və rus dillərində çıxan kitablarında, habelə, Fransaİranda çap edilmiş nəşrlərdə özünə yer alır. Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, xarici müxbirlər, mətbuat nümayəndələri qarşısında bəyanat vermiş, xalqına başsağlığı diləmiş, M.S.Qorçabovu ittiham etmişdir.

 

Müəllif ümummilli liderin Bakıya gəlib az sonra Naxçıvana getdiyini, orada çətin şəraitdə yaşadığını, Naxçıvanın, Azərbaycanın deputatı seçildiyini, Sədərək görüşlərini yada salır. Yazıçı oraya Xəlil Rza Ulutürk və Fərhad Xəlilovla yola düşdüyünü, Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyətini, o vaxtın siyasi şəraitini, işğalları, faciə və fəlakətləri, ölkənin parçalanması və vətəndaş qarşıdurmasını, bir sözlə, siyasi liderin xilaskarlıq missiyasını oxucu diqqətinə çatdırır.

 

Yazıçının kitabında faktlar yığcam, əlvan təsvir-təhkiyə mətnində, sadalama intonasiyasında ifadə olunub. Müəllif sentyabrın 20-də Heydər Əliyevin prezidentliyə qayıdışını, ziyalılarla görüşünüöz məruzəsini də xatırladır. Məruzəsindən: “Azərbaycan bu gün tarixinin, doğrudan da, ən ağır günlərini yaşayır və çoxları kimi mənim də bu ağır günlərdən qurtulmaq ümidlərimiz Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə bağlıdır. Tək kiçik qonşumuzun - ermənilərin yox, böyük qonşularımızın da siyasi oyunlarını yaxşı bilən, dünya siyasəti miqyasında düşünən, zəngin təcrübəyə malik olan, siyasi addımlarını yüz ölçüb bir biçməyi bacaran Heydər Əliyev bəlkə də bu ağır günlərdə Azərbaycanımızın son şansıdır. Tarixi şəxsiyyətləri müqayisə etmək düzgün deyil, amma ölkələrin düşdüyü tarixi situasiyaların müəyyən oxşarlığı olur. Türkiyənin ən ağır günlərində tarixin meydana çıxardığı böyük bir şəxsiyyət - Atatürk Türkiyəni həm xilas etdi, qurtardı, həm də qurdu, gələcəyini sağlam demokratik əsaslarda qurdu. Əlbəttə, tək əldən səs çıxmaz. Amma müxtəlif əqidələrə sahib olan siyasi xadimlərin birgə səyinə, ziyalıların real yardımına əsaslanan yeni rəhbərliyin Azərbaycanı həm qurtaracağına, həm də quracağına inanmaq istəyirəm, yəni bu gün biz XXI əsr Azərbaycanını xoşbəxt bir ölkə kimi görmək istəyiriksə, onun bu xoşbəxtliyi yalnız müstəqillik, demokratiya yolunda ola bilər, demokratik mexanizmlərin və institutların saat kimi dəqiq işlədiyi bir şəraitdə ola bilər”.

 

Anar müəllim zəngin xatirələr içərisindən böyük rəhbərin Çin səfərinə, onun ziyalılarla görüşünə böyük önəm verir, (Qabil, Yusif Səmədoğlu, Eldar Quliyev, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Elmira Axundova, Anar). Yazıçı siyasi şəxsiyyətin Pekində, Şanxayda Çin hökumətinin rəsmilərilə, adamları, jurnalist və ictimaiyyət nümayəndələri ilə görüşünün əhəmiyyətini göstərir, avqust 1998-ci ildəki Almatı görüşlərini xatırladır, ümummilli liderin Abay Kunanbayevin 150 illik yubileyindəki çıxışını, Moskvanın sütunlu salonundakı (1995, 14 noyabr) Füzuli yubileyini, Heydər Əliyevin geniş nitqini, 1995-ci ilin avqustunda “Manas”ın 1000 illik yubileyi ilə bağlı Bişkek çıxışını, “Manas”ın ədəbi-tarixi əhəmiyyəti və türk xalqlarının ortaq bədii dəyərlərinin önəmini vurğulayır.

 

Ümummilli lider Heydər Əliyev hörmətli Anar Rzayevi müstəqil Azərbaycanın ilk Parlamentini açmaq şərəfinə layiq görür. Yazıçı Bakı, MoskvaAnkarada keçirilmiş Dədə Qorqud, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Rəşid BehbudovTofiq Quliyev yubileylərini xatırladır. O, 1997-ci ildə mayın 5-dən 8-dək Heydər Əliyevin Türkiyə səfərində iştirak edir. Sentyabrın 25-28-də isə İtaliya, RomaNeapol şəhərlərində olur. Heydər Əliyev Anarı Vatikanda Roma papası və İtaliya prezidenti ilə görüşə də aparır. O, İtaliyadan qayıdanda Heydər Əliyevlə təyyarədə 3 saat söhbət edir.

 

AYB-nin sədri, xalq yazıçısı Anarın dövlət xadimi Heydər Əliyevlə görüşlərinin bir ideya-məzmunu da Qarabağ məsələsi ilə bağlı olub, ulu öndərlə danışıqlar aparılıb, yazıçılar adından müraciətlər, bəyanatlar verilib. Anarın “Heydər Əliyev Fondunun yaradılması haqqında Heydər Əliyevə verdiyi təklif müsbət qəbul olunur. Yazıçı: Fond Heydər Əliyevin vəfatından sonra yarandı. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu özəlliklə humanitar və xeyriyyəçilik sahəsində, mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin inkişafı yolunda muğamımızın, xalçamızın dünyada geniş tanınması üçün çox böyük işlər görür”.

 

Ümummilli lider Heydər Əliyev dünyasını dəyişəndə görkəmli yazıçı ANS-ə gəlir, studiyada “Azərbaycan xalqı böyük oğlunu, Sevil xanım və İlham Əliyev atalarını, mən isə çox yaxın, çox əziz adamımı itirdim, - deyə böyük kədərini ifadə edir: “O, mənim həyanım idi. Atamı və anamı itirdikdən sonra mən bunu daha çox hiss edirdim. Hər zaman ona arxayın ola bilərdim”.

 

Xalq yazıçısı və ictimai xadim Anar unudulmaz görüşlərini bu sözlərlə bitirir: “1970-ci illərdən üzü bəri qeydlərimin, müşahidələrimin, xatirələrimin, düşüncələrimin bənzəri olan bu yazını 2008-ci ilin dekabr günlərində qələmə aldım və 2009-cu ilin martında tamamladım...”.

 

Xatirələr toplusu Heydər Əliyevin xeyirxah, işıqlı obrazının canlandırılması və dahi rəhbərə yazıçı sədaqətinin bariz nümunəsi kimi əhəmiyyətlidir. Ümummilli lider Heydər Əliyev haqqında zəmanəsinin böyük sənətkarları, türk-müsəlman ədəbiyyatının görkəmli nümayəndələri, habelə dünyanın mədəniyyət xadimləri ədəbi-estetik fikirlər söyləmiş, qiymətli məqalələr yazmış, ulu öndərə hörmət və ehtiramını ifadə etmişlər. Nə qədər ki, cahanşümul şəxsiyyət Heydər Əliyevin siyasi-mədəni irsi yaşayır, o qədər ümummilli liderin nadir mənəvi irsinə müraciət olunacaq, haqqında cild-cild kitablar yazılacaq və əziz ruhu minnətdarlıqla yad ediləcəkdir.

 

Heydər Əliyev millətimiz və bəşəriyyət üçün həmişə gələcək zaman deməkdir. Onun siyasi məktəbi daim öyrənmək və öyrətmək mənbəyi olaraq qalacaqdır. Tarixi şəxsiyyətlər və dühalar dünyadan getmirlər, onların böyük əməlləri tarix və millətlər qarşısında nümunə məktəbi olaraq qalır və qalib gəlir. Dünya sivilizasiyasında elit şəxsiyyət olan Heydər Əlirza oğlu Əliyev məhz belə olmuş, gələcəkdə də belə olacaqdır. Heydər Əliyev irsinin varisləri onun böyük sözünə ehtiyaclı olmuş, həmişə də ehtiyaclı olacaqdır. Ruhu şad olsun ulu öndərin, siyasi mütəfəkkirin!

 

 

 

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutunun elmi işlər

üzrə direktor müavini,

filologiya elmləri doktoru, professor.

 

Respublika.- 2020.- 13 dekabr.- S.5.