Milli Qəhrəmanlarımız: Əbədiyyətə qovuşan ömür

 

Doğma yurdumuzun qeyrətli şəhid oğulları öz cəsurluqları ilə  əbədiyyət nəğməsini yaratdılar. Bu nəğmənin hər sətri, hər bəndi qanla yoğrulub, güllələrlə, mərmilərlə bəstələnib. Faşist xislətli erməni daşnaklarının mənfur əməlləri, Qarabağ uğrunda gedən ölüm-dirim savaşı Vətənin igid oğullarını ayağa qaldırıb, onları haqq yolunda, haqq savaşında ölümün şəhidlik zirvəsinə səsləyib. Belə oğullardan birMehman Qəzənfər oğlu Sayadovdur. Elə isə gəlin Birinci Qarabağ savaşında Qarabağımızın tacı sayılan min naxışlı Şuşamızın müdafiəsi uğrunda gedən ağır döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı kimi Fəxri ada layiq görülən bu igidin həyat və döyüş yoluna qısa da olsa nəzər yetirək.

 

Mehman Sayadov Ulu Göyçədə- Basarkeçər rayonunun (Vardenis) dağlar qoynunda yerləşən ucqar kəndlərindən birində-Canəhməddə dünyaya göz açmışdır. Hələ uşaq ikən ürəyinə xal düşmüş, atası fani dünyadan vaxtsız köçmüş, ailənin ağırlığı Tonya ananın üzərinə düşmüşdü. Çətin də olsa öz halal zəhməti ilə övladlarına bir tikə çörək qazanır, tütün plantasiyasında, yaşıl cərgələr arasında alın təri tökür, birtəhər övladlarını böyüdüb, ərsəyə çatdırmaq istəyirdi. Arzusu, amalı o idi ki, sevimli balaları həyatın enişli-yoxuşlu yollarında büdrəməsin, fəal olsunlar, aşıqlar diyarı ulu Göyçənin adını qeyrətlə qoruyub saxlasınlar.

 

Tonya ananın tərbiyə etdiyi Mehman adlı bir oğul kənddə barmaqla göstərilirdi. Mehman öz davranışı ilə həmyaşıdlarından fərqlənir, bağ-bağata baxmaqda, ev işlərində anasına kömək edir. Atlas geyimli dağları qarış-qarış gəzir, şərbət bulaqların suyunu acgözlüklə başına çəkir, yalçın qayalarda qıy vuran qartallara baxdıqca baxır, dəniz kimi dalğalanan ətirli taxıl zəmilərini seyr etməkdən ilham alırdı. Mehman müxtəlif kitablardan dönə-dönə oxuyub öyrənmişdi ki, türk xalqlarının qanına susayan erməni daşnakları ayrı-ayrı dövrlərdə xalqımıza xəyanət toru hazırlamış, öz bəd və çirkin əməllərini həyata keçirmək məqsədilə dəfələrlə əlləri müsəlman qanına batmış, mərhələ-mərhələ azərbaycanlıları Qərbi Azərbaycandan, öz ata-baba yurdlarından qovmuş, xalqımıza çalın-çarpaz dağ çəkmişlər. Hətta Mehman ermənilərin alçaqlığı, zəhərli ilan tək olmaları barədə kənd ağsaqqallarından qəlbgöynədən epizodlar eşitmişdi. Ona görə də Cənubi Qafqazda vəhşi, qəddar kütlə tək məskən salmış ermənilərə qarşı Mehmanın qəlbində nifrət, kin-küdurət yurd salmışdı. Ürəyi isə nə vaxtsa daşnaklardan qisas, intiqam almaq eşqi ilə çırpınırdı...

 

Uşaq ikən atasını itirən Mehman göyüm-göyüm göynəyir, qəlbinin sarı simi dilə gəlirdi. O, hiss edirdi ki, günlərlə anasının çöhrəsindən qəm-qüssə əskik olmur, ocaqda, evdə ata nəfəsinin duyulmaması çətindir, çox çətin!

 

Aşıqlar yurdunda böyüyüb ərsəyə çatan, anası Tonyanın ümid çırağı olan Mehman orta məktəbdə təhsilini başa vurduqdan sonra 1988-ci ildə taleyinə qaçqınlıq yazılmış ermənilər tərəfindən ata-baba yurdundan zorla qovulmuş, ailələri ilə birlikdə Göygölün Hacıməlik kəndində məskunlaşmışlar. Bir müddət keçdikdən sonra Mehman doğmaları ilə vidalaşıb, əsgəri xidmətə yollanmışdır. Onun ilk əsgər məktubu Sverdlovsk vilayətindən gəlmişdi. O, məktubunda qardaşı Vüsala, bacıları Mətanət və Natəvana sevgi və məhəbbətini bildirmiş, onlara ən xoş arzularını bildirmişdir. Vaxt heç nəyə baxmır, günlərin bir günündə isə Mehman əsgər geyimində evlərinə döndü. Onun gəlişi qohum-əqraba tərəfindən toy-bayram kimi qarşılandı. Adına qurban kəsildi, Göyçə aşıqları bu xudmani məclisdə çal-çağır etdilər. Şübhəsiz ki, ən çox sevinən Tonya ana oldu...

 

Mehman ailələrinin qaçqın kimi məskunlaşdığı yeni yurdun-Göygölün ab-havasına, atlas geyimli dağlarına, şərbət bulaqlarına ürəkdən vurğun idi. Axı, Göygöl romantik mənzərələri ilə Göyçədən, nəğməli Göyçə gölündən heç də fərqlənmirdi.

 

Uydurma Qarabağ məsələsi, ermənipərəst Qorbaçovun xalqımıza xəyanəti, daşnakların onları ulu Göyçədən vəhşicəsinə qovub didərgin salmaları, erməni quldurlarının qanlı cinayətlərə əl atmaları Vətənin bütün qeyrətli oğulları kimi, Mehmanın da qəlbini didib parçalayırdı. Rahatlıq tapa bilmirdi. Anası Tonya yaxşı bilirdi ki, Mehmanı xalqımızın bu dar günündə heç cür saxlamq olmaz. O, fürsət axtarır ki, Qarabağ uğrunda gedən döyüş meydanında daşnaklarla mərd kişi savaşına girsin, onlara sübut etsin ki, biz Koroğlu, Cavanşir, Babək nəslindənik. Bizi heç vaxt sındırmaq, tələyə salmaq olmaz.

 

Mehman qəlbinin hökmü ilə əsgəri xidməti başa vurduqdan az sonra könüllü olaraq qeyrət tacımız Qarabağ uğrunda gedən ölüm-dirim savaşına qoşuldu, odlu səngərlərə yollandı.

 

Mehman Göygöl bölgəsini son dərəcə acgözlüklə seyr edə-edə dağlar aşıb, dərələr keçib könüllülərlə birlikdə Şuşa şəhərinə, loğman təbiətli bir məkana çatdı. İlk gündən and içdi ki, musiqi beşiyi olan qədim Şuşa şəhərini, İsa bulağını qeyrətlə qoruyacaqdır. And içdi ki, Turşsuda yadların at oynatmasına imkan verməyəcəkdir. And içdi ki, Andranikin qohum-əqrabaları ilə son damla qanınadək qeyrətlə, mərdliklə vuruşacaqdır...

 

Doğma Şuşamızın başını qara buludlar alanda, yağılar onun əlçatmaz qala divarlarına, min bir yaraşıqlı dağlarına-yamaclarına göz dikəndə Azərbaycanımızın neçə-neçə qeyrətli oğulları kimi, Mehman şir kimi yağı düşmən üstünə şığıdı. Heç vaxt ölümündən qorxmadı. Ölüm-dirim savaşına qoşuldu. Qayadan-qayaya sıçradı, yeri düşdükcə, miatsum xəstəliyinə yoluxmuş erməni quldurlarını leş-leşə söykədi. İş elə gətirdi ki, Şuşanın Nəbilər kəndi ətrafında Mehmangil düşmən mühasirəsinə düşdülər. Lakin, onlar bu çətin anda heç də özlərini itirmədilər. Qeyrət və cəsarət göstərib, çətinliklə olsa da, mühasirə həlqəsini yardılar. Göyçənin qartal oğlu Mehmanonun qeyrətli döyüş yoldaşları düşmənin 72 nəfərini külə döndərdilər. Tale elə gətirdi ki, Şuşa uğrunda gedən ağır döyüşlərdə Mehmanın sinəsi düşmən gülləsinə tuş gəldi. O, Qarabağ, Göyçə, Şuşa, ana deyə-deyə gözlərini yumdu. Öz ölümü ilə ölümsüzlüyə qovuşdu. Dünyadan azadlıq aşiqi kimi köçdü, özüömrünün 20-ci baharında. Anası Tonya saçlarının yarısını , yarısını qara hörə-hörə böyütdüyü Mehmanın nişan üzüyünü sandıqdan çıxara bilmədi...

 

Respublika Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Mehman Qəzənfər oğlu Sayadov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı kimi fəxri ada layiq görülmüşdür.

 

Birinci Qarabağ müharibəsində Mehman Şuşa uğrunda gedən ölüm-dirim savaşında qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı. Bu gün artıq Mehmanın ruhu şaddır. Adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə düşən Şuşa əməliyyatı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin titanik səyi və əsgərlərimizin rəşadəti sayəsində 2-ci Qarabağ savaşında Şuşa şəhəri erməni işğalından azad edilmişdir.

 

Şuşa bizimdir, Qarabağ Azərbaycandır!

 

 

 

Q.TƏYYAROĞLU

 

Respublika.- 2020.- 15 dekabr.- S.4.