Rəşadətli döyüş yolu

 

Əsrə bərabər 44 gün! 30 illik həsrətin sevincini, şirinliyinin vüsalını bəxş etdi bizə müzəffər Azərbaycan Ordusu. Bu döyüş Kərbəla döyüşü idi. Haqla haqsızın amansız mübarizəsi idi. Nəhayət ki, haqq qələbə qazandı. Azərbaycan Ordusuböyük Ermənistan”, “Dənizdən-dənizə” xülyası ilə yaşayan faşist xislətli Ermənistan ordusunu döyüş meydanında ağır məğlubiyyətə uğratdı, Nikol Paşinyanın və onun komandasının başına dəmir yumruq endirildi, türk öz türklüyünü onlarla savaşda sübuta yetirdi. Qarabağ həsrətinə son qoyuldu, işğal altında olan torpaqlarımız düşməndən azad edildi.

 

Ermənistan Silahlı Qüvvələrinin təxribatına qarşı Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatlarında Vətənin cəsur oğullarından olan Nicat Əlizadə də sidq ürəklə iştirak etdi. Yurdsevərliyi, qəhrəmanlığı, şücaəti ilə tarix yazan ər, nər oğullarından biri oldu. 2-ci Qarabağ savaşında adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazıldı. Döyüş meydanından qazi kimi qayıtdı. Xalq bu igid oğlunu hərarətlə, sevgi ilə qarşıladı.

 

Haqqında söhbət açdığımız Nicat Əlizadə Abşeron rayonunun Mehdiabad kəndində dünyaya göz açmış, uşaqlıqdan atasını itirmiş, məktəbdə fitri istedadı ilə həmişə diqqəti cəlb etmiş, Vətən eşqi, yurd sevgisi Nicatı çoxlarından fərqləndirmişdi.

 

O, yaxşı bilirdi ki, uydurma Qarabağ məsələsini ortaya atan erməni daşnakları XX əsrin 90-cı illərində Azərbaycana qarşı xəyanət toru hazırlamış, yurdumuzun 20 faiz ərazisi erməni daşnakları tərəfindən işğal olunmuş, neçə-neçə oğullarımız Vətənin müdafiəsində qəhrəmanlıqla şəhid olmuş və sağlamlıqlarını itirmişlər. Nicatın sanki ürəyinə danmışdır ki, nə vaxtsa Koroğlu, Nəbi, Cavanşir qeyrətli Azərbaycan oğulları mərd kimi savaşına qoşulub torpaqlarımızı yağı düşməndən azad edəcəklər...

 

Bu ilin 27 sentyabrında mənfur, vəhşi erməni quldurları hücuma keçib, Vətənimizə qarşı təxribata başladılar, terrorçuluq hadisələri törətdilər. İkinci Qarabağ müharibəsi başlayanda hamı ayağa qalxdı, gənclərimiz həmrəylik göstərdi, igidlərimiz silaha sarılıb şir tək savaş meydanına girdilər.

 

Vətənin çətin məqamında Nicat Əlizadə əsgəri xidmətdə idi. Cəmi 8 ay idi ki, əyninə əsgər paltarı geyinmişdi. Döyüşlər başlayanda Nicat Azərbaycan əsgərlərinin sırasına qoşuldu. Söz verdi ki, son damla qanınadək ermənilərə qarşı mərdi-mərdanə vuruşacaq, onlara qarşı keçirilən əməliyyatlarda cəsurluq və igidlik göstərəcəkdir.

 

Nicat sanki güllə hərisi, güllə dəlisiydi. Ermənilərin hücumları heçonu qorxutmurdu. Ən çətin döyüşlərdə sinəsini irəli verirdi. Sərrast atəşilə döyüş meydanında Nicat neçə-neçə erməni əsgərini leş-leşə söykədi.

 

... Axşamçağı idi. Qəhrəman Azərbaycan əsgərləri “Suqovuşanuğrunda döyüşlər aparır, düşmənə qarşı ordumuz sarsıdıcı zərbələr endirir, ermənilər itki verərək geri çəkilir, düşmən ordusu özlərinə məxsus olan texnikanı döyüş meydanında qoyub qaçırdılar. Ağır döyüşlər getdiyi bir vaxtda düşmən gülləsi Nicat Əlizadənin sinəsinə tuş gəldi, o, ağır yaralanaraq yerə yıxıldı və huşunu itirdi. Bir müddət özünə gələ bilmədi. Yaşamaq ümidini itirmişdi. İlk dəfə gözlərini açanda bir qurtum su istədi. Bu çətin anda gözləri önündə sevimli anası Mərziyə, yaxın dostu və əsgəri xidmətdə olan Qismət canlandı. Qürur hissi ilə bildirdi ki, ermənilərin son nəfəsidir, çox tezliklə Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müzəffər Ordumuz zəfər çalacaqdır...

 

Nicat Əlizadə 2-ci Qarabağ savaşında başından, qolundanonurğa sümüyündən zədə almışdır. O, ilk öncə Naftalan Şəhər Xəstəxanasına, sonra isə Gəncə şəhərindəki Abbas Səhhət Xəstəxanasına aparılmış, bədənində ağır əməliyyat aparılmışdır.

 

Mehdiabad qəsəbəsinin sakinləri bu gün döyüş meydanından qazi kimi qayıdan, ermənilərə qalın-çarpaz dağ çəkən, hər qarış Vətən torpağı uğrunda qeyrətlə vuruşan və rəşadətli döyüş yolu keçən Nicat Əlizadə ilə fəxr edir və bildirirlər ki, bu gün də bədənində qəlpə gəzdirir, yəqin ki, onun sağlamlığının qorunub saxlanması həmişə diqqət mərkəzində olacaq, atası olmasa da, imkanlı insanlar Nicata ata, yaxın sirdaş olacaqlar...

 

 

 

Qədir ASLAN

 

Respublika.- 2020.- 15 dekabr.- S.4.