Ulu öndər Heydər Əliyevin bütün arzuları gerçək oldu

 

Müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin vəsiyyətini Prezident, Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirdi

 

Dünya şöhrətli siyasətçi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev bütün türk dünyasının diqqət mərkəzində olub böyük iftixar hissi ilə xatırlanır. İllər, qərinələr, əsrlər arxada qaldıqca xalqımız Azərbaycanın dahi yetirməsi olan Heydər Əliyevi həmişə böyük hörmətlə yad edir, onu xatirələrdə əziz bir insan kimi yaşadır.

 

Azərbaycanın müasir tarixinin 45 ildən artıq bir dövrü ümummilli lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlı olmuşdur. Həmin dövrdə xalqımızın əldə etdiyi nailiyyətlərdə, respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı uğurlara imzasını atan Heydər Əliyev fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi millətinin önündə həmişə cəsarətlə addımlayaraq müasir dövlətçiliyimizin banisi və qurucusu olaraq ulu öndər kimi yüksək zirvəyə ucalmışdır.

 

Ulu öndər Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olub. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet dövründə göstərib. Azərbaycan əsrin sonunda Heydər Əliyevin sayəsində ən irimiqyaslı iqtisadi layihələrin reallaşması mərkəzinə çevrilib. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi hələ 70-80-ci illərdə təməli qoyulmuş potensiala söykənir. Məhz o illərdə ölkəmizin gələcəyi üçün çox mühüm addımlar atılıb. İnfrastruktur yeniləşib, neft sənayesi yenidən qurulub, nəhəng kimya və neft-kimya, kompleksləri qurulub, elmi-mədəni tərəqqiyə nail olunub, ölkəmizin iqtisadi, sosial, elmi-texniki potensialı möhkəmləndirilib. Bu gün neft potensialının reallaşmasında, “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsində mühüm yeri olan Dərin Özüllər Zavodu kimi dünya miqyaslı müəssisələr inşa edilib. Bununla da böyük öndərimiz hələ siyasi rəhbərliyinin birinci mərhələsində yeni inkişaf strategiyasını müəyyənləşdirib və az vaxtda onu uğurla həyata keçirib.

 

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndər tarximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir. Heydər Əliyev Azərbaycan xalqının bütün çətin, ağır, kədərli, sevincli anlarında onunla oldu, onu düşündü və ona xidmət etdi.

 

Bu böyük şəxsiyyətin, Böyük Azərbaycanlının adı, şübhəsiz, dünya siyasi fikir tarixinə həkk olunmuşdur. Buna əmin olmaq üçün Heydər Əliyevin təkcə müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işləyərkən həyata keçirdiyi nəhəng işləri təhlil etmək kifayət edər. Azərbaycanı ağır vəziyyətdən qurtarıb dünyanın tanınmış və qabaqcıl ölkələri sırasına çıxaran Heydər Əliyev dühası oldu. Belə talelər hər kəsə nəsib olmur, bu ağır və şərəfli vəzifəni yalnız Heydər Əliyev kimi şəxsiyyət yerinə yetirə bilərdi.

 

Azərbaycan dövlətinin qurucusu və memarı, dərin, zəngin biliyə, məqsədyönlü siyasətə malik Heydər Əliyev elə bir yol, elə bir iz qoyub getmişdir ki, uzun illər boyu xalqımız həmin yolla azad və firavan addımlayacaqdır. Heydər Əliyev fenomeni haqqında siyasətçilər, tarixçilər, müxtəlif peşə sahiblərinin bir çox nəsilləri hələ uzun müddət araşdırmalar, təhlillər aparacaq və onu öyrənəcəklər. Heydər Əliyevin zəngin dövlətçilik qabiliyyətini yüksək qiymətləndirən Rusiyanın sabiq Prezidenti Boris Yeltsin onu “güclü və cəsur insan” kimi dəyərləndirmişdir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski isə ümummilli liderimizin siyasi cəhətdən möhkəm, məntiqli və dərin zəkalı şəksiz lider olduğunu vurğulamışdır. Bütün bunlar xalqımızın böyük oğlu Heydər Əliyevin bir şəxsiyyət, siyasi xadim və dövlət başçısı olaraq hansı ucalıqda dayandığı barədə aydın təsəvvür yaradır.

 

Ümummilli lider Heydər Əliyev BMT, ATƏT, Avrpa Şurası, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB və başqa beynəlxalq təşkilatların toplantılarında daim qlobal bəşəri problemlərə öz orijinal baxışı ilə fərqlənirdi. Ulu öndərin, sözün həqiqi mənasında, amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqa xidmət etməkdən ibarət idi. Heydər Əliyev bu gün bütün dünyada Azərbaycanın rəmzinə çevrilib. Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl demişdir: “Hörmətli Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur. 1918-1920-ci illərdə olduğu kimi, Azərbaycan dövlətinin bayrağı yenə yüksəlmişdir və bir daha enməyəcəkdir. Heydər Əliyev Azərbaycan dövlətini sadəcə tanıtmaqla kifayətlənməmiş, Azərbaycan xalqının sərvətlərinin ortaya çıxarılması və bunların xalqın zənginliyinə xidmət etməsi üçün çox işlər görmüşdür”.

 

XX əsrin son 30 ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın iqtisadiyyatı hər zaman möhkəmlənmiş, şöhrəti, nüfuzu yüksəklərə qalxmış, milli mənafeyi, milli mentaliteti, mədəniyyət və mənəviyyatı qorunmuş və inkişaf etmişdir. Ümummilli lider sovet hakimiyyəti dövründə respublikamızı bütün sahələrdə keçmiş SSRİ məkanında öncül yerlərdən birinə yüksəltmiş, sosial-iqtisadi və mədəni sahələr üzrə həyata keçirilən tədbirlər və uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər Azərbaycanın dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır.

 

Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır...

 

Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün nümunədir. Biz Azərbaycanı sevməyi ümummilli liderimizdən öyrənməliyik. Heydər Əliyev dünyaya yalnız xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi Heydər Əliyevin uzaqgörən neft siyasətinin ilk konturları idi. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana burada cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu. Nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi dünya siyasəti meydanında yetərincə tanıdaraq ona qarşı iqtisadi və siyasi maraqları artırmışdır. Məhz ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız davamlı iqtisadi inkişaf yoluna çıxdı.

 

Vətən təəssübü, torpaq qeyrəti, xalq sevgisi ümummilli liderimizin həyat yolu və amalı idi. Mənsub olduğu xalqına sədaqətlə xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. O, elə bir müdrik rəhbər, elə bir dövlət başçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. Heydər Əliyev sözün həqiqi mənasında Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev müdriklik simvoluydu. Ulu öndərin ideyaları ziyası kimi xalqımızın həyat yolunu işıqlandıracaqdır. Bir sözlə Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Ölkəmizin əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanıb. Ömrünün qalan hissəsini, həqiqətən də, xalqına həsr etdi. Zəmanəmizin ən nəhəng siyasətçilərindən sayılan bu dahi şəxsiyyəti qədirbilən xalqımız heç zaman unutmayacaqdır.

 

Heydər Əliyevin siyasi kursu Azərbaycanın bütün sahələrində böyük uğurlar gətirir. Bu müdrik siyasi strategiya nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir, artıq dünya da ölkəmizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın təşəbbüsü və iştirakı ilə, milli maraqlarımız nəzərə alınmaqla həyata keçirilir.

 

Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Geniş və zəngin fəaliyyəti onu yalnız milli maraqlar çərçivəsinə sığmayan, bəşəri dəyərlərin əxz olunmasında fəal iştirak edən böyük bir siyasətçiyə, dahi bir şəxsiyyətə çevirmişdi. Bu yenilməz şəxsiyyət həm də təvazökarlıq simvolu idi. Ona görə də təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana dərin hörmət və ehtiram bəsləyir.

 

Bu dahi insanın fəaliyyətinə, keçdiyi ömür yoluna nəzər salanda aydın görürük ki, Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər bir dövlət başçısı kimi Azərbaycanın ən çətin, üzücü anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.

 

Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükənməz enerjiyə malik idi. Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, məmləkətin inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və insanları bu məqsədlər naminə səfərbər edirdi, qüvvələri səmərəli şəkildə istiqamətləndirirdi.

 

Ölkəmizin rəhbərinin bu gün dünya miqyasında qazandığı böyük nüfuz, nəhəng dövlətlərin başçıları ilə bərabərhüquqlu tərəfdaş kimi danışıqlar aparması, xalqımızın həqiqətlərini uca səslə bəyan etməsi bir daha sübuta yetirir ki, Heydər Əliyevin dövlətçilik ideyalarının, Heydər Əliyev yolunun alternativi yoxdur və bu yol xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Biz hamımız Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarı və yaradıcısı olan Heydər Əliyev irsinə daim sədaqətliyik və bundan sonra da belə olacağıq. Ulu şəxsiyyətin, Azərbaycan xalqının dahi oğlunun pak əməlləri, müqəddəs ideyaları, arzuları və vəsiyyətləri həmişə yaşayacaqdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

 

Heydər Əliyevin ən böyük arzusu Dağlıq Qarabağı azad etmək idi. O, bu məqsədlə dünyanın əksər ölkələrinə səfər edərək əlində Azərbaycan xəritəsi Dağlıq Qarabağın vəziyyəti, yerləşməsi haqqında bütün dövlət başçılarına, BMT-yə, ATƏT-ə, digər beynəlxalq təşkilatlara ətraflı məlumat verir, Ermənistanın bizim torpaqlarımızı işğal etdiyini faktlarla sübut edirdi. Heydər Əliyevin gerçəyə çevrilən arzuları nəhayət ki, həyata keçdi.

 

Azərbaycan Böyük qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

 

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

 

Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan, məğlubedilməz Sərkərdə İlham Əliyev nail oldu.

 

Döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı respublikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.

 

Bütün bunlar barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində də geniş bəhs edilib. Dövlətimizin başçısı Ermənistanın məğlubiyyətinin etiraf etdiyi günün ölkəmiz üçün tarixi bir gün olduğunu, bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu vurğulayıb: “Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar”.

 

Azərbaycan Prezidenti daha sonra xalqımızı sözügedən bəyanatın mətni ilə tanış edərək, sənəddə bu il noyabrın 10-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasının elan olunduğunu, Azərbaycan və Ermənistan respublikalarının hazırda tutduqları mövqelərdə qalacaqlarının vurğulandığını bildirib.

 

Xatırladaq ki, haqqında bəhs olunan birgə bəyanatda Ermənistan öz üzərinə dekabrın 1-nə kimi Azərbaycanın işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarından qoşunlarını çıxaracağı öhdəliyini götürdü. Artıq bu rayonlar işğaldan azaddır. Beləliklə, baza prinsiplərinin hər iki mərhələsi yerinə yetirildi. Bu isə haqqın qələbəsi, ədalətin təntənəsidir.

 

Yeri gəlmişkən, bu proses çərçivəsində önəmli məqamlardan biri də Naxçıvanın blokadadan çıxarılması ilə bağlıdır. Belə ki, Rusiya tərəfi Ermənistan ərazisindən Naxçıvana dəhlizin açılmasını öz üzərinə götürür. Bütün bunlar, əlbəttə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıqla, əzmlə, qətiyyətlə apardığı müharibənin - işğaldan azadetmə əməliyyatının məntiqi nəticəsidir.

 

Xüsusilə qeyd edilməlidir ki, qələbəmizin qazanılmasında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin çox böyük əhəmiyyəti oldu. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə həmişə bir-birinin yanında olublar. Bu fakt bir daha ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının əyani göstəricisidir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

 

Xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Qərb torpaqlarına qovuşması, dünya Azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı. 28 il yarım işğal altında qalan Şuşanın işgaldan azad olunması, ulu öndər Heydər Əliyevin “Azərbaycan üzükdür, Şuşa onun qaşı” sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır.

 

“Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi söz həyatda həllini tapdı. Prezident İlham Əliyevin noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı. “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi” söyləyən dövlət başçımız İlham Əliyev diplomatik uğurları ilə sübut etdi ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.

 

Bu gün, bu böyük şəxsiyyətin qoyub getdiyi irsə müraciət edəndə görürük ki, o vaxt bizim üçün çıxılmaz sayılan məsələləri necə də müdriklik və uzaqgörənliklə həll etmişdir. Odur ki, nə qədər ki Azərbaycan var, Azərbaycan xalqı var - demək Heydər Əliyev də tarixdə qalacaqdır.

 

Azərbaycan dövlətinin sükanı arxasında dayanan möhtərəm Prezidentimiz cənab İlham Əliyev dahi Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi, layiqli davamçısıdır. Hörmətli cənab İlham Əliyevin gördüyü işlərə nəzər yetirəndə buna tam əmin olursan. O, dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu dəyişməzdir, dönməzdir. Çünki bu yol ölkəni inkişafa aparan yeganə düzgün yoldur, xalqımız hörmətli Prezidentimiz İlham Əliyevə inanır və onun siyasi kursunu və şəxsiyyətini dəstəkləyir.

 

Bu gün biz məmnunluq və qürur hissi ilə ulu öndərin özündən sonrakı varisə bəslədiyi böyük ümidlərin necə uğurla doğrulduğunun xoşbəxt şahidləriyik. Etibarlı əllərdə olan Azərbaycan dinamik sosial-iqtisadi inkişafı, əmin-amanlıq diyarı, ictimai-siyasi sabitlik adası olmağı, mədəniyyət mərkəzinə çevrilməsi, mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməsi ilə dünyaya günəş kimi doğur. Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu böyük bacarıqla, müdrik uzaqgörənliklə davam etdirir.                                             

 

Ötən 17 ildə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.

 

Mübaliğəsiz demək olar ki, hər bir azərbaycanlının qəlbində Heydər Əliyev sevgisi dünənkindən daha güclüdür, daha parlaqdır. Nə qədər ki bu vətən var, Heydər Əliyev yaşayacaqdır, nə qədər ki Odlar yurdu Azərbaycan var olacaqdır, ürəklərdə Heydər Əliyev məhəbbəti daha da alovlanacaqdır!

 

Hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayacaqdır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Onun işıqlı ideyaları həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır. Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur. Heydər Əliyevin həyatı hər bir azərbaycanlı üçün böyük örnəkdir. Tarixi belə nadir şəxsiyyətlər yaradır və onlar heç vaxt unudulmur.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fenomenal adı və əzəmətli əməlləri tarix bizdən uzaqlaşdıqca daha da möhtəşəm təsir bağışlayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fikrincə desək: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”.

 

 

 

Aydın QASIMOV,

Hüquq elmləri doktoru,

professor.

 

Respublika.- 2020.- 8 dekabr.- S.3.