MÖHTƏŞƏM QƏLƏBƏNİN SEVİNCİ

 

Müstəqil Azərbaycan öz tarixinin şanlı, şərəfli tarixi dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan tam azad edildi. Qan tökmədən, heç bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonları mənfur düşməndən təmizləndi. Xalqımız ən böyük arzusuna çatdı. Otuz illik Qarabağ həsrətinə son qoyuldu. İndi yurdumuzun hər guşəsində böyük Qələbə əhval-ruhiyyəsi, bayram sevinci hökm sürür. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi barədə sərəncam imzalayıb.

 

Bu qələbəni, sonsuz sevincləri xalqımıza yaşadan dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdir. 44 günlük müharibə Azərbaycanın təkcə Cənubi Qafqazın lider ölkəsi deyil, həm də regionda qüdrətli, qalib dövlət olduğunu sübuta yetirdi.

 

Şanlı ordumuz cənab Ali Baş Komandanın sərkərdə qətiyyəti sayəsində düşmənə sarsıdıcı zərbələr endirib güclü, sarsılmaz, yenilməz olduğunu dünyaya göstərdi və ölkəmizin, eləcə də dünyanın hərb tarixinə parlaq səhifə yazdı. Eyni zamanda ölkə Prezidentinin yüksək diplomatik səyləri, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi çox dəyərli, sanballı müsahibələri, çıxışları sayəsində informasiya müharibəsində də qalib olduq. Xalqımız əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun yüksək işgüzarlıqla, uğurla davam etdirildiyinin şahidi oldu.

 

Şanlı, möhtəşəm qələbənin qazanılmasında boya-başa çatdığım, dağlar və uzunömürlülər diyarı kimi tanınan Lerikinonun cəsur, mərd, igid övladlarının da xüsusi əməyi, böyük zəhməti vardır. Qismən edilən səfərbərliklə əlaqədar rayonumuzdan 400-ə yaxın gənc silaha sarıldı. Bülüdül kəndinin sakini, 61 yaşlı Meybulla Qəribov yaşının ötməsinə baxmayaraq könüllü cəbhəyə yollandı. Pirasora kəndinin yetirməsi, Permdə yaşayan həmyerlimiz, sahibkar İlham Xalıqov Silahlı Qüvvələrin Yardım Fonduna 200 min manat vəsait köçürtdü.

 

Lerikli gənclər döyüşlərdə əsl igidlik, şücaət, fədakarlıq göstərərək düşmən ordusunun canlı qüvvəsini, texnikasını məhv edir, son damla qanına kimi vuruşurdular. Müharibədə itkilərimiz də oldu. Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış, Milli Qəhrəman Valeh Müslümovun ardıcıllarından olan, Lerik şəhərində böyüyüb boya-başa çatmış yeddi nəfər şəhidlik məqamına yüksəldi. Zabitlərdən Amid Heydərov, Ramin Ağayev, Əliqismət Yaqubovgizir Elnur Əsədullayev Vətən Müharibəsində şərəfli döyüş yolu keçərək əbədiyyətə qovuşdular. ElgünAltay Mövlanov qardaşları babaları, ulu öndərin dostu Xanış Şahıyevin, Birinci Qarabağ müharibəsində şəhid olmuş əmilərinin döyüş yolunu davam etdirərək qəhrəmancasına şəhid oldular. Qubadlı uğrunda gedən döyüşlərdə igidlik, şücaət göstərən Ağamid Ağacəfərlinin ölümündən əvvəl öz xətti ilə yazdığı “Vətən sağ olsun. Ölmək var, dönmək yoxdur” vətənpərvərlik çağırışı cəbhə yoldaşlarını qələbəyə ruhlandırdı. Onların hər birinin ömür yolu, qəhrəmanlıqları gənc nəslə örnəkdir.

 

Kəlvəz kəndinin yetirmələri Bəhram və İman Məmmədov qardaşlarının şücaəti, şəhadətə qovuşmaları bir qəhrəmanlıq dastanının mövzusudur. Soru kəndindən Ramid, OrxanNurlan Hüseynli qardaşları, Tikəband kəndindən də üç qardaş düşmənə qarşı əks-hücum əməliyyatlarında fəal iştirak ediblər. Veri-Əliabad kəndinin yetirməsi mayor Zaur Şirinbəy oğlu Rəhimovun Şuşanın azad edilməsi barədə Müzəffər Ali Baş Komandana məruzə etməsi, Lerik şəhərindən olan Qurbanəli Eldar oğlu Əliyevin Şuşa məscidində ilk dəfə azan oxuması sevindiriciqürurverici hadisələrdir.

 

Doğma kəndim Soru Birinci Qarabağ müharibəsində üç şəhid verib: Təhsin Cəfərov, Akşin Dövlətov və Sərdar Veysəlov. Sentyabrın 27-də başlamış Vətən müharibəsində leytenant Murtuz Abbasov, xüsusi təyinatlı gizir Elvin Səfərov və gizir İsgəndər Dövlətli şanlı qələbəmizə layiqli töhfələr verərək əbədiyyətə qovuşdular.

 

Hər üç şəhidin maraqlı həyat hekayəsi var. Murtuz kənddə orta məktəbi bitirib, Ali Hərbi Məktəbdə təhsil almışdı. Gənc zabit kimi Vətənin çağırışına səs verərək döyüşlərdə düşmənə qan uddururdu. Elvin isə uşaqlıqdan valideynlərinin hər ikisini itirmişdi. Həyatda çoxlu çətinliklərlə üzləşmişdi. Hərbçi, xüsusi təyinatlı gizir idi. İsgəndərin əmisi Akşin Dövlətov Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Hər üç gənci el-oba, Vətən sevgisi birləşdirirdi. Onlar torpaqlarımızın işğal altında qalması ilə heç cür barışmırdılar. Bu günlərdə kəndin girəcəyində altı şəhidin xatirə lövhəsi asılıb.

 

İsgəndərin şəhadətindən 33 gün sonra

 

 atası Vüqar da övlad dağına dözməyib haqq dünyasına qovuşdu. Kəndin daha bir yetirməsi Kamil Dövlətov döyüş zamanı bir ayağını itirib. Dayısı oğlu İsgəndər Dövlətlinin şəhidlik xəbərini Bakı şəhərində hərbi hospitalda müalicə olunanda eşidib.

 

Vətən müharibəsi xalqımızı böyükqürurlu, qalib xalq kimi dünyaya tanıtdı. Şanlı qələbə bizi ürəkdən sevindirir, fərəh, qürur, iftixar hissi ilə yaşayırıq. Qalib və qüdrətli ölkənin vətəndaşı olmağımızla fəxr edirik. Cənab Prezidentin dediyi kimi, artıq müharibə arxada qaldı. Bizim ölkəmiz üçün yeni dövr başlayır: Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü.

 

Hər birimiz möhtərəm Prezidentimizin çağırışına səs verib Qarabağda başlanacaq nəhəng quruculuq işlərinə qoşulmalı, dəstək olmalıyıq. Mən maliyyə və kredit üzrə ali təhsilli iqtisadçıyam. Fəhləlikdən başlayaraq kənd icra nümayəndəliyində baş mühasib, rayon maliyyə idarəsində iqtisadçı, rəis müavini vəzifələrində işləmişəm.

 

Bu gün möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan iqtisadi islahatların, maliyyə siyasətinin nəticələri göz önündədir. Müharibə və pandemiya şəraitində yaşasaq da, ölkəmizdə dayanıqlı maliyyə sabitliyi mövcuddur. Sosial layihələr uğurla icra olunur. Maaşlar, təqaüdlər, müavinətlər, pensiyalar hər ay vaxtında ödənilir. Əhali iqtisadi islahatların nəticələrindən razıdır.

 

Lerik rayonunun ən ucqar kəndlərinin sakinləri dövlətimizin dəstəyini hiss edirlər. Kəndli öz təsərrüfat işləri ilə məşğul olur, əkib-becərir, ərzaq bolluğu yaradır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası sayəsində Lerik şəhərinin və kəndlərin siması xeyli dəyişib. Bir neçə istiqamətdə dağ kəndlərinə rahat, asfalt yollar çəkilib, rayonun kəndlərinə ilk dəfə mavi qaz verilir.

 

Mən bir vətəndaş, ziyalı kimi cənab Prezidentin uğurlu daxilixarici siyasətini ürəkdən bəyənir, dəstəkləyirəm. Ölkə başçısının qarşıya qoyduğu tapşırıqları icra etməyə, Dağlıq Qarabağın işğaldan azad edilmiş rayonların birində işləməyə, ərazilərin əsaslı şəkildə yenidən qurulmasına, tikinti, abadlıq və quruculuq işlərinə töhfə verməyə hər an hazıram.

 

 

 

Güləmirzə AĞAYEV,

Lerik rayonu, Soru kəndi.

 

Respublika.- 2020.- 8 dekabr.- S.7.