Azərbaycan-Türkiyə: birlikdə qazanılan zəfər

 

Rəşadətli Ordumuz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir tarix yazdı. Apardığımız Vətən müharibəsində qələbə qazandıq. Bu ilin payızı Azərbaycan Ordusunun zəfərlərinə görə ruhumuzun fəsli, təbiətin bundan sonrakı min illəri üçün beşinci qələbə fəsli oldu. 2020-ci ilin 27 sentyabr günündən düşmənin hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurlu nəticə ilə başa çatdıran Azərbaycan Ordusu həm də müasir hərb tarixində yeni bir səhifə açdı. Bu 44 günün hər dəqiqəsinə QALİBİYYƏT yazıldı! Qəhrəmanlıq dastanı adlı 44 səhifəlik bir kitab oxuduq! Hər səhifəsində göz yaşı, sevinc, kədər, ağrı, hayqırtı və bayram! Türkün qələbə tarixinə yeni və şərəfli SAVAŞ tarixi yazıldı.

 

Bu savaşdan dünya durduqca danışılacaq! Hərb tarixinin Azərbaycanın torpaqlarının düşməndən azad olması SAVAŞI! Bu səhifədən ölkəmizin və ümumilikdə regionun parlaq gələcəyi, Cənubi Qafqazda davamlı sülh və inkişafı təmin edəcək fərqli bir reallıq başlanır. Bu günlər həm də Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni salnaməsidir. Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz siyasi-mənəvi dəstəyini əsirgəmədi. Dağlıq Qarabağ münaqişəsində tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Dünyadakı gücü, təsir imkanları ilə Azərbaycanı ermənilərin havadarlarından qorudu. Son tarixi proseslər isə ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə münasibətlərini dəyərləndirərək irəli sürdüyüBir millət, iki dövlət” formulunu gerçək həyatda bir daha reallığa çevirdi. Azərbaycan Respublikasının Prezidenti, qüdrətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və ətraf rayonlarda işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməyə başlandığı ilk gündən etibarən qardaş Türkiyə Cümhuriyyəti ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstəyi göstərməkdə davam edir. Bu, həm də xalqlarımız arasındakı tarixi-mədəni bağların, dildin birliyinin əbədi olan təzahürlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə Respublikasının Cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın bu günə qədər ardıcıl olaraq verdiyi bəyanatları, göstərdiyi davamlı siyasi səyləri və təşəbbüsləri, bütövlükdə türk xalqının mənəvi dəstəyini yüksək qiymətləndirdi, bu addımların belə çətin və məsuliyyətli günlərdə əvəzsiz kömək olduğunu dünya ictimaiyyəti qarşısında açıq şəkildə bildirdi . Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verdi, xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi bəxş etdi. Qardaş ölkə rəhbərinin təşviqi ilə Türkiyənin dövlət rəsmilərinin nümayəndə heyətləri ilə birlikdə Azərbaycana səfərləri Prezidentlərimiz, müstəqil dövlətlərimiz və xalqlarımızın ən çətin sınaq məqamlarındakı ürəkdən gələn birlik və həmrəyliyinin canlı təcəssümüdür. Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Azərbaycan səfəri, Bakıda Prezident İlham Əliyevlə görüşüb apardığı danışıqlar, onun Milli Məclisdəki dərin məzmunlu çıxışı və ermənilər tərəfindən Gəncədə dağıdılmış mülki yaşayış yerinə etdiyi səfər müharibə dövrünün tarixi salnaməsinin qiymətli səhifəsidir və gerçək mənəvi dəstək nümunəsidir. Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrımın öz ölkəsində həyata keçirdiyi davamlı tədbirlər və tez-tez respublikamıza gələrək dəstəyini ifadə etməsi də qardaşlıq münasibətlərinin daha bir ifadəsidir.

 

Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş bölgələrində qazanılmış tarixi zəfərləri, ümumiyyətlə türkün adının dastana çevrilməsi kimi qiymətləndirməsi dövlət başçımızın gərgin və yorulmaz mübarizəsinə verilmiş obyektiv qiymətin ifadəsidir. Mövlud Çavuşoğlunun xarici ölkələrdə keçirdiyi rəsmi görüşlərdə Azərbaycanın müharibə gerçəklikləri haqqında səsləndirdiyi fikirlər ölkəmizin və xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması ilə bərabər, Türkiyə Cümhuriyyətinin də ədalətli beynəlxalq hüququn bərqərar olmasında dönməz mövqeyini beynəlxalq birlik qarşısında nümayiş etdirdi. Ölkələrimizin xarici işlər nazirləri arasında qurulmuş etibarlı dialoq da xarici siyasətimizin uğurla aparılmasında və fayda gətirməsində mühüm rol oynadı. Türkiyə Cümhuriyyətinin keçmiş Baş naziri, millət vəkili Binəli Yıldırımın rəhbərliyi ilə ölkəmizə səfər etmiş nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ən yüksək səviyyədəki danışıqları “tək millət - iki dövlət”in siyasi-mənəvi dəstəyinin növbəti təzahürü olmaqla bərabər, həm də qarşıda duran vəzifələrin müzakirə edilib nəticələr çıxarılması üçün böyük əhəmiyyət daşıdı.

 

Dağlıq Qarabağdan və ətraf rayonlardan, o cümlədən, ermənilər tərəfindən dinc əhalinin atəşə tutulduğu Gəncə, Tərtər, Bərdə və digər yerlərdən ən çətin şəraitdə Türkiyə televiziyalarının, informasiya agentliklərinin verdikləri xəbərlər Azərbaycanın ədalətli müharibəsi haqqında dünya ictimaiyyətinə məlumatların çatdırılmasında mühüm rol oynadı. Türkiyə mediasının qaynar nöqtələrdə Azərbaycan kütləvi informasiya vasitələri ilə çiyin-çiynə birgə fəaliyyəti informasiya müharibəsi cəbhəsində üstünlüyümüzə, qələbəmizə haqq qazandıran gur səsimizin əks-sədası oldu. Türkiyə mediasının çətin şəraitdə Azərbaycanda göstərdiyi operativ fəaliyyət hər cür minnətdarlığa layiqdir. Göründüyü kimi, çətin sınaq günlərinin möhkəm və etibarlı Azərbaycan - Türkiyə Birliyi inkişaf edərək türk dünyasının həmrəyliyinə doğru genişlənir və daha da möhkəmlənir. Bu cəhətdən Türkiyə Cümhuriyyətinin bütün səviyyələrdə dönmədən göstərdiyi əsl qardaşlıq münasibəti türk dünyası üçün və ümumiyyətlə dünyada əsl dostluq, qardaşlıq və həmrəylik nümunəsi kimi də ibrətamiz və qiymətli örnəkdir. Azərbaycan-Türkiyə Birlik və Həmrəyliyi müasir dövrdə qardaş ölkələr üzrə əsl tarixi və ibrətamiz dərslərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün dünyaya nümayiş etdirdikləri birlik və həmrəylik “tək millət - iki dövlət” haqqındakı qardaşlıq və həmrəylik təliminin gerçək təntənəsidir. Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasındakı bütün sahələri əhatə edən qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq, müharibə dövründəki böyük siyasi və mənəvi dəstək istənilən istiqamətdə, o cümlədən, hərb meydanlarında böyük qələbənin əsas dayağı və hərəkətverici qüvvəsidir. Müharibə dövründə böyük sınaqlardan keçərək daha da möhkəmlənən və hər iki ölkə üçün çox əhəmiyyətli olan bu qardaşlıq və həmrəylik xalqımızı xain və qəsbkar Ermənistan üzərindəki qələbəyə aparan yollarında ən mühüm faktorlarından biridir. Eyni zamanda, əsl qardaşlıq nümunəsi olan sarsılmaz Azərbaycan-Türkiyə Birliyi dost və tərəfdaş ölkələr üçün də çağırışdır.

 

Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatdı və Cənubi Qafqazda mühüm bir başlanğıca qədəm qoydu. O başlanğıcın adı isə Əməkdaşlıq və Sülhdür!

 

Esmira YAZKAN Aslanova,

Respublika” qəzetinin Türkiyə üzrə xüsusi müxbiri.

 

Respublika.- 2020.- 8 dekabr.- S.6.