Qarabağ Azərbaycandır!” qələbəmizin rəmzi oldu

 

Azərbaycanın dilbər guşələrindən olan, atlas geyimli dağların qoynunda yerləşən Laçın ölkəmizin qədim yaşayış məskənlərindən biri olub, Cənubi Qafqazın mirvarisi adlanıb. Laçını bir dəfə görənlər “kaş birbu yerlərə gələydim”, başı buludlardan nəm çəkən dağlarda qıy vuran qartallara, yalçın qayalara baxaydım - deyərdi.

 

Laçına Azərbaycanın 2-3 istiqamətindən yol tapmaq olardı. Kəlbəcərdən, Qubadlıdan, bir də Xankəndi-Şuşa tərəfdən. Bu yolların hansını seçsən bir-birinə bənzəməyən ecazkar təbiət mənzərələrinin şahidi olacaq, meşələri, dağları, düzləri seyr edəcəksən. Hər dəfə də yeni bir möcüzə ilə qarşılaşacaqsan. İşıqlı dağ, Qızılboğaz, Fərməctəpə, Qırxqız dağları romantikliyi ilə özünə cəlb edəcək, təbiətin yaratdığı gözəlliklərə əhsən deyəcəksən, özümin əhsən!

 

Məşhur Qırxqız yaylağı! Hər il elat bu yerlərə köç edəndə qonaq-qara əlindən tərpənmək mümkün olmurdu. Dağın zirvəsinə doğru uzanan dolanbac maşın yolunun hər döngəsinə çatanda gözlərin önündə yeni mənzərə canlanır, dərin dərənin dibi ilə gurultulu axan dağ çayları, sal qayalıqlar biri-birini əvəz edir, İlan qayasından sonra yollardan biri adamı Laçın ellərinə Həkəri boyunca aparırdı. Laçının bir tərəfi Qarabağ silsiləsinin yamyaşıl yamaclarına, meşə və ormanlarına, digər tərəfi isə Zəngəzur dağlarına söykənirdi.

 

Laçın rayonunun bünövrəsi 1924-cü ildən qoyulmuş, Şəlvə dərəsi, Qırxqız yaylağı, Narzan bulaqları, meşələr, çaylar cənnət, təbii muzey idi.

 

1961-ci ildə Laçında qoruq salınmışdı. Burada təbii Narzan sularından və bütün dünyada nadir olan qırmızı palıd meşələrindən başqa 400-dən çox dağ keçisi, 500-ə qədər cüyür, bir o qədər qaban, mindən artıq turac, 2500-ə qədər kəklik mühafizə olunurdu. Bir sözlə, təbiətin nazlı gəlini Laçın hər cür nemətlə zəngin idi.

 

Laçın Sovetlər dövründə nəinki respublikamızda, hətta ittifaq miqyasında əmək adamları ilə tanınırdı. O dövrdə “Sosialist Əməyi Qəhrəmanı”, Moskvada Xalq Təsərrüfatı nailiyyətləri sərgisində “Şərəf” nişanı ordeninə layiq görülənlər də az deyildi.

 

Laçının bir şəhər kimi yüksəliş dövr

 

ü ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin respublika rəhbərliyində olduğu dövrə təsadüf edir. 1970-80-ci illərdə Laçının sosial-iqtisadi inkişafı sürətlə davam etmiş, şəhər və yüzdən artıq kəndə avtomobil yolu, su kəməri, işıq çəkilmiş, Şuşa-Laçın yolu əsaslı təmir edilmiş, çoxsaylı sosial obyektlər inşa olunmuşdu.

 

1971-ci ilin 16 noyabrında Azərbaycan KP MK və Nazirlər SovetiDağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında” qərar qəbul etmişdir. Elə həmin tarixdə “Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı qüvvəyə minir. 1974-cü il avqustun 6-da isə Azərbaycan KP MK bürosu “Laçın şəhərinin 50 illiyi haqqında” qərar qəbul etmiş, nəticədə rayonun təsərrüfatlarının maddi-texniki bazası xeyli möhkəmlənmişdir.

 

Vurğulamaq lazımdır ki, dağlar qoynunda yerləşən, yeraltı və yerüstü sərvətləri ilə məşhur olan Laçın ayrı-ayrı illərdə faşist xislətli erməni daşnaklarının xəyanəti ilə üzləşmişdir. Vaxtilə laçınlı Sultan bəy bu dağlarda at oynatmış, türklərə qənim kəsilən erməni quldurlarının dərsini vermiş, daha doğrusu hayları leş-leşə söykəmişdir.

 

1990-cı illərin əvvəllərində ermənilər daha da azğınlaşmış, “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyası ilə uydurma Qarabağ məsələsini ortaya atmış, bir çox bölgələrdə olduğu kimi, Laçında da dinc, günahsız insanlara qarşı terror və təxribatlar törətmiş, analoqu olmayan cinayətlərə imza atmışlar. Laçında döyüş əməliyyatlarını əsasən özünümüdafiə dəstələri həyata keçirirdi. Tale elə gətirdi ki, “dağların tacı” Laçının ərazisi düşmən əlinə keçdi. Daşnak quldurlar Gorus-Laçın-Xankəndi dəhlizinin açılmasını bayram etdilər. Birinci Qarabağ savaşında laçınlılar xeyli şəhid oldu, yaralandı, sağlamlığını itirdi. Laçın sakinləri doğma torpaqlarından min bir işgəncə ilə qovulduqdan sonra onlar Azərbaycanın 58 şəhər və rayonunda sığınacaq tapdılar. El-elə, ev-evə sığındı.

 

Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində bütün məcburi köçkünlər kimi, laçınlıların da həyat şəraiti yaxşılaşmış, onlar üçün hər cür şərait yaradılmışdır. Laçın sakinləri 30 ilə yaxın idi ki, doğma torpaqlarının həsrəti ilə yaşayır, işğal altında olan ərazilərini unutmur, ümid edirdilər ki, çox tezliklə Prezident, Ali Baş Komandan İlham Əliyevin titanik səyi nəticəsində qəribsəmiş yurd yerlərinə qayıdacaqlar.

 

İşğalçı Ermənistan hər zaman demokratik dəyərlərə, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi ilə diqqəti çəkir, dünya isə susmağında davam edir. Torpaqlarımızın faşist xislətli erməni quldurlarından azad olunması üçün sentyabrın 27-də müzəffər Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı, 44 günlük davam edən ikinci Qarabağ savaşında Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən faktiki döyüşləri ilə hərb tarixinə adını qızıl hərflərlə yazdı. Məhz bu uğurlu döyüşlərin nəticəsidir ki, işğalçı ölkə məğlubiyyətini elan etdi. Belə ki, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya imza atdı. Beləliklə, Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük qələbənin sevincini yaşayır. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə qüdrətli Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi dövlətçilik tariximizi qürurlandırdı, hər bizimizə intizarında olduğumuz qələbənin sevincini yaşatdı. Qəddar, türk xalqının qatı düşməni olan Nikol Paşinyanın arzuları ürəyində qaldı, indi onun səs-səmiri bunkerlərdən gəlir. Ömrünün ən acı günlərini yaşayır.

 

Azərbaycanın işğal olunmuş ərazilərini güc yolu ilə azad etməsi Dağlıq Qarabağ problemi ətrafında yeni reallıqlar formalaşdırırdı. Yeni reallıq ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdi. Dağlıq Qarabağın statusu ilə bağlı bütün planların üstündən xətt çəkildi. Bütün dünya görür ki, separatçı rejimlərə və işğal siyasətinə necə son qoydu Azərbaycan.

 

Qarabağ Azərbaycandır!” bu qələbəmizin rəmzi oldu. Qəddar, vəhşi ermənilərin 30 il ərzində qurulmuş istehkamlarını 44 günlük mübarizədə darmadağın etdik, əsgərlərimiz aslan kimi döyüşdü, döyüş meydanında ermənilərin başına od ələndi və ən nəhayət 30 ilə yaxın düşmənin işğalı altında olan torpaqlarımız işğaldan azad olundu, hər yanda üçrəngli Azərbaycan bayrağı dalğalandı...

 

Qədim yurd yerlərimiz, o cümlədən Laçın rayonu da işğaldan azad edildi. Laçınlıların qələbə sevinci aşıb-daşır. İşğalçı erməni vandalları 30 ilə yaxın bir vaxtda Laçını da dağıtmış, insanlığa yaraşmayan cinayətlər törətmişlər. Çox tezliklə Laçında geniş abadlıq və quruculuq işlərinə başlanacaq, hər yan gülüstana dönəcək, insanlar qəribsəmiş yurd yerlərinə qayıdacaq, Qarabağ silsiləsinin atlas geyimli yamaclarında, meşə və ormanlarında çal-çağırlı günlər başlanacaq, zəhmət və hünər meydanı olan əkin sahələrində, heyvandarlıqda məhsulumuz aşıb-daşacaq, uzun ayrılıqdan sonra laçınlıların xoş növraqlı, çal-çağırlı günləri başlanacaqdır.

 

Laçın artıq işğaldan azad olunmuş, bu yerlər bayram libasına bürünmüşdür. Laçın bizimdir, Laçın Azərbaycanındır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

 

Qədir ASLAN

 

Respublika.- 2020.- 1 dekabr.- S.5.