Ağabəy Azərbaycaninin ömür və yaşam mənzərələri

 

 

Dünya yaranandan təbii fəlakətlər - sunamilər, qasırğalar, zəlzələlər, sellər, daşqınlar dağıntılar baş alıb getsə də, insanların yaşamaq eşqi sönməmiş, əksinə, həyat davam etdikcə bəşər övladı təbiətin qanunlarını öyrənmək yolunda daim axtarışda olmuşdur. Birgəyaşayış, insani münasibətlərin yaranması, qayğının, xeyirxahlığın, sevginin, sədaqətin mənəvi ehtiyaca çevrilməsi yüksək əxlaqi dəyərlərin yaranmasına zəmin olub. Minillər boyunca insanların arasında bu kimi ali keyfiyyətləri cilalayaraq yaşadanlar da az olmayıb. Belə olmasaydı həyat özünün vüsətli inkişafı ilə davam etməzdi ki! Məcazi məna kəsb etsə də aqillərdən gələn bir sözü unutmamışam: dünya yaxşı insanların çiyni üstündə qərar tutur...

Bu gün belə şəxsiyyətlərdən birinin həyatı ilə yaxından tanışlığım məndə belə bir əminlik yaratdı ki, dünyanın yaxşılıq, xeyirxahlıq, sədaqət, sevgi adlı sütununa çiyin verən mərdlərdən biri də professor dr. Ağabəy Azərbaycanidir...

Almaniyada 1990-cı ildə həyat yoldaşı Krishta Azərbaycani ilə qurduğu Almaniya-Azərbaycan Dostluq və Tibbi Yardım Cəmiyyətinin rəhbəri və 1998-ci ildə isə Amerikanın Kaliforniya Ştatında yaratdığı “M.İ.R” Beynəlxalq Humanitar Tibb Təşkilatının qurucusu və rəhbəri Ağabəy Azərbaycanini ölkəmizdə çoxları tanıyır. Mənə gəlincə, ilk dəfə onun adını dayısı, böyük Azərbaycan sevdalısı, dilçi, ədəbiyyatşünas alim klassik ədəbiyyatımızın tədqiqatçısı, “peşəsi cərrahlıq, eşqi ədəbiyyat olan” doktor Cavad Heyətin dilindən eşitmişdim. Doktor bacısı oğlu, həmkarı ilə Birinci Qarabağ müharibəsində yaralı əsgərlərimizi müalicə edərkən Ağabəyin ürək yanğısı, həssaslığı ilə yaralıların bir həkim, həm də qayğıkeş insan kimi xidmətində fədakarlıqla dayandığından qürur hissilə danışmışdı. Elə o vaxtdan bu kökün, nəslin zəncirvari halqaları olan nümayəndələrinin insanlara vicdanla, xeyirxahlıq və böyük sevgilə xidmət etməsinə böyük marağım yarandı.

Bu günlərdə xoş bir fürsət nəticəsində haqqında söz açmaq istədiyim bu nəslin ləyaqətli davamçısı, dəyərli insan, professor Ağabəy Azərbaycani ilə qəzetimizin redaksiyasında görüşüb həmsöhbət oldum. Dumduru axar çay kimi coşqun təbli, saf təbiətli, böyük bir nəsil-kökün qeyrətli oğlu professor Ağabəy Azərbaycani vətəndən uzaqlarda yaşasa da sanıram ki, qəlbi, ruhu və ölkəmizə davamlı gəlişləri ilə hər zaman yanımızdadır. Sədaqətli övlad, yaxın dost, qardaş, kədərli və sevincli günlərimizin ortağı kimi. Harada yaşamasından asılı olmayaraq Azərbaycan övladı olması ilə qürur duyan, soyadında kökündən gələn, özü və hətta həyat yoldaşının da Azərbaycanla rövnəqlənən, qəlbi bu odlar yurdunun qığılcımları ilə daim alovlanan Ağabəy Azərbaycanini tanımağımdan şərəf duydum...

Professor Ağabəy Azərbaycani Almaniyada, Amerikada yaşayır. Xaricdə yaşayan soydaşlarımızın çoxunun öhdəsinə ala bilmədiyi ağır yükü illərdir şərəflə, mərd-mərdanə daşıyan doktorun 81 illik ömrünün səhifələri xeyirxah əməlləri, nur təki saçılan fəaliyyətilə o qədər zəngindir ki! Zatən onun həyat yoluna rövnəq verən zəhmət dolu fəaliyyətinə işıq salmağı qələm sahibi olaraq mənəvi borcum hesab edirəm.

Əzəl başdan onu deyim ki, professorun həyatda maraq göstərdiyi və bildiyi sahə tibb, İslamın fəlsəfəsi və tarixdir. O, kiçik yaşlarından başqa dillərə də maraq göstərib. Fars, ərəb, ingilis, alman, fransız, türk, azəri türkcəsini mükəmməl bilir. Bir az da ispan dilini öyrənib.

Ağabəy Azərbaycani 1939-cu ildə Tehranda, özünün ziyalı, yenilikçi baxışları, kamilliyi ilə hüsn-rəğbət qazanan bir ailədə doğulub. Atası professor, dr. Məhəmməd Tahir Ağabəy Azərbaycani tibb sahəsində təhsil alıb. O, uzun müddət Tehranda Malerioloji İnstitutun direktoru vəzifəsində işləyib. Və bildiyimə görə, İranda malyariya xəstəliyinin kökünü məhz doktor Tahir bəy kəsib. Anası Siddiqə Heyət isə I Tehran Universitetini ilk bitirən xanımlardan olmuşdur. Siddiqə Heyət (Cavad Heyətin böyük bacısıdır) İranda Təhsil Nazirliyinin Baş müşaviri olmuş, eyni zamanda Qızlar Pedaqoji Universitetinin rektoru vəzifəsində çalışmışdır. O, universitetdə fəlsəfədən və dini elmlərdən dərs demişdir.

Beş yaşından məktəbə gedən Ağabəy Türkiyə türkcəsini və ingilis dilini yaxşı bildiyindən yuxarı siniflərdə dərsdən sonra 4 saat, bütün yay tətilində də Amerika ordusunda tərcüməçi kimi işləyib. Həmin vaxtlar Türkiyədən gələn Sento-Paktuma subay müşavirlərə, amerikan, ingilislərə də tərcüməçilik edib. Ağabəy həkim xatırlayır ki, hələ o vaxtlar xəstələrə baxmaqdan zövq alırdım. Hərbi xəstəxananın rəhbəri ixtisasca cərrah olan xalam oğlunun icazəsilə yaralı subay əsgərlərin xidmətində olurdum. O zamandan həkim olmağa böyük həvəsim yaranmışdı... Elə bu istəklə də Ağabəy ixtisas seçimini edib. 15 yaşından müstəqil həyatına başlayıb, Amerikaya üz tutub. Orada Tibb Universitetində travmatologiya üzrə cərrah kimi təhsil alıb. Sonradan anestizioloq, reanimatoloq ixtisaslarına da yiyələnib. Yeri gəlmişkən, professor Ağabəyin ata və ana tərəfindən 33 həkim olub.

Ağabəy Azərbaycaninin nəsil-kök şəcərəsinin Cənubi Azərbaycan xalqının taleyində böyük rolu olub. Ana babası Əli Heyət hüquq sahəsində təhsil aldığından uzun müddət Tehranda məhkəmə sədri, Ədliyyə naziri işləmişdir. Əli Heyət “Quran”ı əzbərdən bilir, özünün həyat tərzində, davranışında islami dəyərlərdən bəhrələnirdi. Məzhəbləri dinin üstündə tutmurdu. Ailədə övladlar da bu ruhda tərbiyə olunurdu.

Ata tərəfdən Uzun Həsənin kökünün daşıyıcıları olan Ağabəyin babaları 400 il Xoy şəhərinin hakimi olublar. Təəssüf ki, Uzun Həsən yunan qızı olan arvadı Dəspinə xatunun təhrikilə müsəlman qardaşı Sultan Səlimlə boşuna müharibə edib və ona yenildikdən sonra Xoy şəhərinə gəlib oranı Başkənd etmişdir. Ondan sonra övladları 400 il oranın birinci hakimi olaraq ömür sürüblər. Babası Hacı Qasımın siyasətə marağı olmadığından XIX əsrin 50-ci illərində Almaniyada çap mühəndisliyi ixtisasına yiyələnib. İrana dönüşündə özü ilə mətbəə avadanlığı aparmaq istəyib. Lakin Sultan Əbdül Məcid buna icazə verməmiş, o da mətbəəni İstanbulda qurmalı olmuşdur. Sultan, Hacı Qasımı Mədəniyyət naziri təyin etmişdir. Bundan sonra o, İstanbulda ilk Maarif kitabxanasını və mətbəəsini açmışdır. Hər il mətbəədə 3-4 milyon “Quran” kitabı və digər ədəbiyyatlar, ildə bir dəfə də saatlı maarif təqvimi çap edirmiş. Təqvimin arxa tərəfində babasının qardaşı qızı Mənicə xanımın mədəniyyət, tarix, kulinariya ilə bağlı hazırladığı maraqlı məlumatlar da nəşr olunurdu. Bu günə qədər də orada belə təqvimlər çap olunur. Türkiyədə hər kəs bu qədim təqvimi tanıyır.

Ağabəyin əmisi Naci Qasım Osmanlı hökuməti tərəfindən Hindistana göndərilib. Orada fars və ərəbcə danışan müsəlman xalqının Mədəniyyət naziri olub. O, Türkiyədə bir evini Məhəmməd Əmin Rəsulzadəyə və İranın parlament rəhbəri ağayi Təqizadəyə verərək onların 6 il orada yaşamalarına imkan yaratmışdır. Digər əmisi Məmmədəli də çox savadlı, bacarıqlı cərrah olduğundan xalq arasında Dərman Məmmədəli kimi nüfuz qazanmışdı. O da Almaniyada təhsil almışdı. Əvvəl Nidə şəhərində, sonra isə İqdırda xəstəxana açmışdır. Təhsil alıb İstanbula döndükdən sonra ataları oğlanlarına deyibmiş ki, gedin öz məmləkətinizdə xalqınıza xidmət edin. Bu, sizə şərəf gətirər. Böyük qardaşı Məmmədəli bəylə bərabər Ağabəyin atası Tahir Ağabəy İranda qalıb. Cavad Heyətin bacısı Siddiqə xanımla evlənib. Tehranda Azərbaycan məhəlləsində ilk modern xəstəxanasını açıb. Eyni zamanda tibbi nəşriyyat yaradıb. Professor Ağabəy ana babası Əli Heyəti fəxarət hissilə xatırlayaraq deyir ki, İslami dəyərləri böyük babam Əli Heyətdən öyrənmişdim. O, mənə də aşılamışdı ki, İslamda əsas məzhəb deyil, Peyğəmbərin Məkkədə gətirdiyi fəlsəfə və onun mahiyyətidir. Babamdan həm də tarixi, coğrafiyanı öyrəndim. Sonralarsa bu sahələrdə biliyimi zənginləşdirməkdən ötrü mütaliə etdim...

Ağabəy Azərbaycani 1965-ci ildə Amerikada alman qızı ilə evlənib. Krishta ərinin Azərbaycani soyadını qəbul edərək, xalqımıza böyük ehtiram və məhəbbət ruhunda yetişir. 55 illik evliliyində o, həyat yoldaşı ilə birlikdə müsəlman ölkələrinə özlərinin yaratdıqları cəmiyyətlərin xəttilə humanitar yardımlar təşkil ediblər. Əlbəttə, bunlar arzuolunan kimi dərhal həyata keçməmiş, çox çətinliklə başa gəlmişdir. Belə ki, Almaniyanın Beynəlxalq Humanitar Tibbi Yardım Təşkilatının və Alman-Azərbaycan Cəmiyyətinin xəttilə Azərbaycana humanitar yardım göndərilməsinə razılıq almaq o qədər də asan olmamışdır. Bu məsələdə Krishta Azərbaycani həyat yoldaşı ilə Almaniyada, ABŞ-da hakim dairələrin diqqətini humanitar yardıma yönəltmək yolunda zəhmətlərə qatlaşaraq, əsl vətənpərvərlik nümayiş etdirirdilər. Başqa bir tərəfdən, Krishta xanım hər iki qurumun Administratoru olduğundan bu işlərin qurulması və təşkilində öz bacarığından nümunəvi şəkildə istifadə etmişdir...

Burada onu da qeyd etməyi vacib sanıram ki, professorun həyatında insanlara xidmət göstərmək amalı yolunda çarpışma-çalışmaları illər boyunca bir yerdə, məkanda çox qərar tutmadığından, ömrü daim qaçhaqaçda xərcləndiyindən fəaliyyəti genişəhatəli olmuşdur. Bu mənada gördüyü işləri illərin müşayiətilə xatırlamaq zənnimizcə ədalətli olar.

Ağabəy orta məktəbin son siniflərində oxuyanda ilk dəfə Şimali və Cənubi Koreya müharibəsində yaralanmış türk zabitlərini müalicə edən Cavad Heyətə kömək edərək, xəstələrə gibs qoyur, iynə vurur və digər tibbi yardımlar edirdi. Sonralar Ağabəy həkim Vyetnam müharibəsi dövründə Vətəni uğrunda döyüşlərdə yaralanan əsgərləri müalicə etmək üçün bir müddət həmin ölkədə olmuşdur.

Bu xeyirxah insan 1974-cü ildə həyat yoldaşı ilə Türkiyəyə gələrək İzmirdə Tibb Universitetinin xəstəxanasında reanimasiya şöbəsini açmış, yaralılara kömək etmişdir. Türkiyənin o zamankı Baş naziri Bülənd Ecevitin dəvətilə Kıbrıs hərəkatına humanitar yardım etmişdir. Krishta Azərbaycani BMT-nin tərkibində olan FAO təşkilatının rəhbəri olduğundan Türkiyəyə çox böyük yardım göstərmişdir.

Professor Ağabəy Azərbaycani müxtəlif vaxtlarda Amerika, Türkiyə və Almaniyada çalışıb. 1960-cı ildən başlayaraq uzun illər Afrika-Seneqalda, Asiya ölkələrində, Türkiyə, İran və Azərbaycanda mühazirələr oxuyurdu. 1975-1980-ci illərdə Amerika Universitetində Mühəmməd Əlica və oğlu Vəllace Mühəmmədlə (qara müsəlmanların rəhbəri) İslam fəlsəfəsindən dərs deyib. İranda Xatemol Anbia xəstəxanasında da reanimasiya şöbəsini açıb. O, Köln Universitetinin ən böyük xəstəxanasında da təcili yardım şöbəsini yaradıb. Hazırda Almaniya Universitetindən pensiyaya çıxıb. Lakin yarım və 3/1 ştatda işlədiyindən pensiyası da ona uyğun, az hesablanıb. Professor həftədə bir-iki dəfə Universitetin Tibb fakültəsində mühazirə oxuyur və öz ixtisasından başqa, alternativ tibbdən də dərs deyir. Yeri gəlmişkən, Ağabəy Alternativ Tibbi Arizonada (Amerika) oxuyub. 20 ildir ki, bu sahədə biliyini təkmilləşdirən Ağabəy həkim alternativ tibbdən dərs deyir. O bildirdi ki, alternativ tibbin 50 faizi idman və fizikal terapiyadır. 20 faizi qida üslubu, akununatur (iqloterapiya) və hidroterapiya, manual (əllə) və başqa təbii müalicələr və təbii bitkilərdən alınan qida əlavələridir. 30 faizi isə bu gün dünyada ağır xəstəliklərdə aparılan cərrahi əməliyyatlar və kimyəvi dərmanlardır. Alternativ tibbin əsası qədim məmləkətlərdə - Çin, Hindistan, İran, Latın Amerikası kimi dövlətlərdə qoyulub. İndi səhiyyə sahəsində çox irəli getmiş məmləkətlərdə - Amerika, Yaponiya, Avstraliyada da alternativ tibdən geniş istifadə olunur.

A.Azərbaycani söhbətlərində 1988-ci ildə Ermənistanda olan zəlzələni yada salaraq qeyd etdi ki, həmin vaxt oraya humanitar yardımla bərabər Amerikadan təyyarələrlə xeyli silah göndərildi. O vaxt SSRİ-nin rəhbəri M.Qorbaçov buna göz yumdu... Bu illərdə Almaniyada azərbaycanlıların diaspor təşkilatı yox idi. Ağabəy Azərbaycani az bir vaxtda diaspor yaradaraq Azərbaycanın mədəniyyət xadimlərinin konsertini təşkil edir. Hər dəfə bir incəsənət xadimini konsert proqramı ilə Almaniyaya dəvət edir. İlk konsert üçün Leyla Şərifovanı ansamblı ilə Almaniyaya çağırır. Sonra pianoçu Zöhrab Adıgözəlzadə ilə Lütfiyar İmanovun, Fidan və Xuraman Qasımovaların, Zeynəb Xanlarovanın, kamança ustası Habil Əliyevin, tarzən Ramiz Quliyevin, Adil Bağırov, Xanlar Qabreliyan (yəhudidir), Cavanşir Məmmədov, Alim Qasımov, ümumilikdə 40 nəfərin konsertini təşkil edir. Bununla Azərbaycan mədəniyyətini Almaniyada təbliğ edir. Almaniyanın ən ciddi və nüfuzlu qəzeti olan “Frankforter Allgemen” o zaman yazırdı ki, Fidanla Xuraman italyan, ingilis operalarını bizdən yaxşı oxudular. Əgər, bir məmləkətin müğənnisi, iki bacı operanı alman, italyan, hətta ingiliscə bizdən yaxşı oxuya bilirsə, demək bu məmləkətin böyük mədəniyyəti var. Və o xalq vəhşi, başkəsən ola bilməz!

1990-cı il 20 Yanvar hadisəsindən sonra Ağabəy Azərbaycani ertəsi gün 200 nəfər azərbaycanlı ilə (əsasən Cənubi azərbaycanlılarla) Almaniyanın Bonn şəhərində yerləşən rus səfirliyinə gəlib bu Qanlı Yanvar hadisələrinə etirazını bildirərək səfirə demişdir ki, 150 il Azərbaycan neftindən istifadə etdiniz, amma bu gün tankla, odlu silahla günahsız insanları öldürdünüz, yaraladınız. Qorbaçov öz xalqına perestroyka gətirdi, Azərbaycan xalqına isə pistoletika gətirdi. 3 min insanımızı qırdı. İndi bizə viza verin, gedək yaralılarımızı müalicə edək... Səfir cavabında olanları danaraq deyib ki, orda heç bir şey olmayıb...

1990-cı ildən bu günə qədər professor Ağabəy həkimin köməyi ilə Azərbaycanda 1500 xəstə əməliyyat olunub. Bir çox xəstəxanalarda və özünün qurduğu mərkəzdə, qaçqın, köçkün, yaralı olan şəhərlərdə 50 minə yaxın xəstəyə xaricdən dəvət olunmuş və yerli həkimlər baxıb müalicə ediblər. Birinci Qarabağ savaşında 300 yaralıya baxıb, onları müalicə edən doktor deyir ki, o vaxtlar ermənilər xaricdə elə yalan təbliğatlar aparırdılar ki, Azərbaycan həqiqətləri tam kölgədə qalmışdı. Onlar medianı pulla ələ alırdılar. Mənim yazdığım həqiqətlərə mediada yer verilmədi. İndi buna görə üzülmürəm. Azərbaycanda əlimdən gələni və etmək istədiklərimi qismən də olsa etdim...

1992-ci ildə Xocalı soyqırımı faciəsinin kadrlarını bir çox ölkələrdə nümayiş etdirən ermənilər Xocalını erməni torpağı kimi qələmə verərək, soyqırımına məruz qoyulanların da ermənilər olduğunu bar-bar bağırırdılar. Ağabəy Azərbaycani həmin vaxtda Almaniyada Xocalı faciəsi haqqında həqiqəti almanlara başa salır, bununla bağlı geniş təbliğat aparırdı...

Xatırladaq ki, A.Azərbaycani 1992-95-ci illərdə Tərtər, Gəncə, Bərdə, Bala Bəhməmli, Böyük Bəhmənli, Füzuli şəhər xəstəxanasına humanitar yardım gətirib. 1994-cü ildə isə Lənkərana yardımla bərabər rentgen aparatı da verib.

Qeyd: Məqaləyə belə bir forma verməyi də vacib sanmışam ki, Söz bəzi məqamlarda məndə, bəzən də qəhrəmanımdadır. Bu da bir qədər əhatəli olan söhbətimizin asan qavranılmağı fikrindən yaranmışdır.

1991-ci ildə Həsən Həsənov Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın nümayəndəsi idi. Amerika hökumətinin yardım üçün əlində qalmış 15 min ton buğdası vardı. Onun 6 tonunu Azərbaycana, 6 tonunu Ermənistana, 3 tonunu isə Gürcüstana göndərmək istəyirdi. Təəssüf ki, 3 ay xanımım və dayım Firuz bəy hər həftə bu məsələ ilə maraqlandıqda Həsən Həsənov heç bir narahatlıq hissi keçirmədən bundan imtina etdi. Səbəbi aydın idi: Bu, Azərbaycan nümayəndəsinin şəxsi marağına uyğun deyildi. Xalqın çətin günlərində özümüzünkülər belə bir xeyirxahlığa şərait yaratmadı. O zaman Almaniyada Azərbaycan hələ yaxşı tanınmırdı. Həmin vaxtlar Almaniyada Azərbaycan səfirliyinin açılmasından ötrü Azərbaycanın dövlət katibi Tofiq İsmayılovdan məktub aldım. 1992-ci ildə Almaniyada Azərbaycan səfirliyi açıldı. Hüseynağa Sadıqov Almaniyaya səfir göndərildi. H.Sadıqova İran səfirliyindən dostum, İran səfiri ağayi Musəviyandan təzə Mersedes avtomobili aldım. Mən də ofisinin avadanlığını, xalısını verdim.

1990-cı ildə xanımımla birgə Almaniyada Alman-Azərbaycan cəmiyyətini yaratdıq. 47 nəfər müxtəlif ixtisaslı həkim və mühəndis 1992-ci ildə Azərbaycana köməyə gəldi. 1990-cı ildən 2007-ci ilə qədər 17 tır-maşın dolu dərmanlar, rentgen cihazı və başqa tibbi aparatlar, qaçqınlar üçün paltar, ərzaq, əsgərlər üçün bel çantası, yemək-ərzaq göndərilməsini təşkil etdik. 1992-94-cü ildə Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsində yeznəm prof. dr. Von Lessenlə birlikdə xeyli əməliyyat etdik. 1994-cü ildə yenə də bacımın əri ilə müxtəlif əməliyyatlar apardıq. 1994-2003-cü ilə qədər Sumqayıt, Respublika, Mərkəzi Klinika (Leçkomissiya), Polis xəstəxanasında cərrahi əməliyyatlar aparmış, eyni zamanda yerli həkimləri yetişdirmişik.

2003-cü ildə Prezident İlham Əliyev Beynəlxalq Humanitar Cəmiyyətlərin yığıncağında qeyd etdi ki, bizim artıq humanitar deyil, Kno Ho (yeniliklərə) ehtiyacımız var. Bundan sonra mən 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetin xəstəxanasını açdım. Xanımım xəstəxananın Administratoru idi. Xəstəxanaya 4 milyon yarım məbləğində hər cür tibbi avadanlıq gətirdik. Beş fakültənin dekanı idim. Biz orada son kursun tələbələrini və mütəxəssisini yetişdirirdik. Cənab Prezidentin tövsiyəsindən sonra 2003-cü ildən 2005-ci ilə qədər Azərbaycan Tibb Universitetindən tibbin son kursundan 200 tələbə, doktorant Almaniyanın Köln Universitetinin Tibb fakültəsində yaz semestrini təcrübə keçməyə apardıq. Özüm də onlara dərs keçirdim. Təəssüf ki, Beynəlxalq Universitetin dürüst olmayan işlərindən xəbər tutan kimi ordakı fəaliyyətimi dayandırdım...

Ağabəy Azərbaycani xatırlayır ki, Birinci Qarabağ müharibəsində əlil olanlara protez qoymaq üçün onları Almaniyaya aparırdıq. Sonra düşündüm ki, Azərbaycanda Bərpa Mərkəzi açsaq daha yaxşı olar. 1995-96-cı illərdə Əlillərin Protez Bərpa Mərkəzini açmaqdan ötrü 10 min dollar vəsait verdim. 1996-cı ildə ulu öndər Heydər Əliyev Bərpa Mərkəzinin açılışında iştirak etdi. İki saat oradakı texnikaya baxış keçirdi. Bu böyük şəxsiyyət açılışda nitq söylədi. Onun ürəkağrısı ilə dediyi bu sözləri indi də xatırlayıram. Heydər Əliyev dedi ki, mən gecələr rahat yata bilmirəm ki, torpaqlarımızın 20 faizi işğal altındadı. Bizim düşmənlərimiz böyük dövlətlərlə əlbirdilər. Amma vaxt gələcək biz o torpaqları azad edəcəyik...

1998-ci ildə cənab prezident Heydər Əliyevlə görüşəndə mənə dedi ki, Almaniyadan, Avropadan Azərbaycana çox yardım gətirmisən. Bunlara görə çox sağ ol. Amerika parlamenti haqsız olaraq Azərbaycana 907-ci maddəni tətbiq edib. Bizə Amerikadan yardım gətirməyə çalış. Bu, bizim üçün siyasi məsələdi. Bunu edə bilsən yaxşı olar. Bundan sonra mən Sumqayıt hadisələrini əsas götürərək Azərbaycan Respublikasının Baş nazirinin I müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İzzət Rüstəmovdan məktub aldım və onu Amerikanın yuxarı dairələrinə çatdırmağı planlaşdırdım. Erməni və ermənipərəst qüvvələrin həmin məktubun yuxarı dairələrə çatdırılmasına mane olmaması üçün şəxsi əlaqələrimdən istifadə etməli oldum. Bu işdə mənə oğlum Əli kömək etdi. O, böyük kompüter mərkəzinin şefi və uzmanı olduğundan senatorlarla dostluq əlaqələri vardı. Onlarla Qolf oynayırdı. Amerika senatındakı senator dostlarının köməyi ilə həmin məktub lazımi ünvana çatdırılır. ABŞ-ın o vaxtkı dövlət katibi Madlen Olbraytın müdaxiləsindən sonra senator Villsonun köməyi ilə 13 milyon dollarlıq yardım B-52 yük təyyarəsi ilə Belçikaya gətirildi. ABŞ-da hər təyyarəyə on minlərlə dollar yük pulu verilərək bu humanitar yardımlar “Ruslan” təyyarəsi ilə Azərbaycana göndərildi. Onu da deyim ki, çox vaxt Bakıya yardım gətirərkən mənə maneələr olurdu. Hər dəfə də Sərhəd Qoşunlarında müavin işləyən polkovnik Cəlil Xəlilov mənə kömək edirdi (indi o, Respublika Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polkovnikdir).

2000-ci ildə Heydər Əliyev Vaşinqtonda olanda onunla görüşdüm. Mənə Azərbaycan üçün gördüyüm işlərə görə təşəkkür etdi və Sertifikat verdi.

Azərbaycan Prezidenti İlham Əliyevlə də Almaniyaya səfərlərinin birində Berlində görüşdüm. Almanların və qəzet müxbirlərinin də iştirak etdiyi böyük bir auditoriya qarşısında siyasi cəhətdən yetkin, hazırlıqlı, geniş dünyagörüşə, intellektə malik Prezidentin həm də xalis centlmen kimi ingilis dilində çox səviyyəli, səmimi çıxışı böyük rəğbətlə qarşılandı. Sonda Prezident qəzet müxbirlərinin suallarını da aydın, məntiqi və dolğun fikirlərlə cavablandırdı. Mən o görüşdə İlham Əliyevin atasının siyasətindən necə ustalıqla bəhrələndiyinin şahidi oldum. Bu gün də o görüşün məndə yaratdığı xoş duyğuları unutmamışam.

Azərbaycana bu dəfə gəlişimdə işğal altında olan torpaqlarımızın azad olunması uğrunda döyüşən yaralı hərbçilərimizə xidmət etməyi, humanitar yardım gətirməyi özümə borc bildim. Yarım milyon civarında gətirdiyim yardımda ən çox cərrahiyyə alətləri, sarğılar, dərmanlar, yara mazları, bintlər, cərrahi tikiş sapları, əməliyyat üçün lazım olan ləvazimatlar, aspiratorlar və digər cihazlar da vardı. Bu günə qədər Azərbaycana hər gəlişimdə hər hansı xəstəliklə mənə müraciət edən xəstələrə humanitar yardım edir, onlara baxır, gətirdiyim dərmanlarla öz xərcimə müalicə edirəm. Onu da qeyd edim ki, bu dəfə gətirdiyim humanitar yardımın bölgələrə aparılmasında özüm də iştirak etdim. Ordu və Sərhəd Qoşunlarının xəstəxanasına, Füzuli, Beyləqan və digər ərazilərdə, sərhəddəki əsgərlərə dava-dərman, yemək dəstləri - bıçaq, qaşıq öz istifadələri üçün, əl fənərləri, papaq, corab dəstləri apardım. Bu yardıma əlavə olaraq özünün, həyat yoldaşının və xaricdə yaşayan, fəqət adının çəkilməsinin istəməyən bir dostunun da yardımından ibarət 60 min manat da əlavə yardım gətirmişdir.

Onu da öyrəndim ki, bu humanitar yardım Alman Yardım Firmasına göndərilib, onlar da güzəştlə Ağabəy Azərbaycaniyə satıb. Azərbaycana gətirməkdən ötrü yol xərcini də Ağabəy Azərbaycani xanımı ilə birgə ödəyiblər. Ümumiyyətlə, humanitar yardımların təşkili, razılığı, mənzilbaşına çatdırılması asan başa gəlməsə də professor çəkdiyi zəhmətin ağırlığını heç vaxt dilinə gətirməmiş, yalnız işi başa çatdırandan sonra qəlbi heç nəylə əvəz olunmayan mənəvi rahatlıq tapmışdır. Ağabəy Azərbaycani söhbətlərində onu da vurğuladı ki, həyat yoldaşım Krishta Azərbaycani bir zamanlar FAO-nun rəhbəri olduğundan onlardan Qarabağ adı ilə müharibənin başladığı ilk vaxtlarda Azərbaycana yardım gətirməyə başladıq. Qeyd etməliyəm ki, bütün yardımları həyat yoldaşımın və yeznəm prof. Von Lessenin köməkliyi ilə gətirmişəm. İndiyə qədər müsəlman ölkələrinə 100 milyon dollarlıq tibbi yardım (Azərbaycan, İran, Türkiyə, Bosniya və Hersoqovina, Əfqanıstan) etmişik. Çox təəssüf ki, dünya xristianlar klubuna çevrilib. Bu klubda ancaq müsəlmanları əzməklə məşğuldurlar.

1999-cu ildə Sərhəd Qoşunlarında qarın yatalağı mikrobu vardı. Peyvənd və dərman gətirdim, mikrob aradan qaldırıldı. Bir neçə Uşaq evinə həm humanitar yardım - yemək, paltar, oyuncaqlar gətirmişəm. Eyni zamanda öz xərcimlə də kömək etmişəm. Birinci Qarabağ müharibəsində buraya gələn 47 həkim arasında fars həkimləri, xeyriyyəçilər vardı. Onlar yaralı əsgərlərləri müalicə edir, yastıqlarının altına konvertdə 100 manat pul qoyurdular. Unutmamışam, həmin müharibə dövründə fars qardaşımız Ağayi Zəncani İtaliya istehsalı olan 10 min dollarlıq 33 min cins şalvar gətirmişdi. Qardaşlarına bu köməyi etməkdən çox məmnun idi.

Ağabəy Azərbaycaninin xalqımız üçün gördüyü işlərin sayı-hesabı olmadığından, onları sıralayıb yadda saxlamaya, yaxud da yazıb başa çatdıra bilmirəm. Baxdığım sənədlər çoxdur. Bilmirəm, onları ümumiləşdirə biləcəmmi... Uşaq evlərinə, bağçalara, məktəblərə yardım edilib, 70 min hepatit peyvənd vurdurub. Azərbaycanda indiyə qədər 720 min müxtəlif təşkilata, kökumət təşkilatların da ehtiyacı olan insanlara (işçilərə) müxtəlif dərman və tibbi geyim paylanıb. 5293 kiloqram (1 kq-lıq) marqarin və 1 tona yaxın şəkər, un, quru dənli bitkilər, əsgərlər üçün 1361 bel çantası, 1000 cüt çəkmə, 620 cüt ayaqqabı, 1000 cüt corab, 1042 ədəd poluver, 315 ədəd yun ədyal, 4 ton üst geyimi, 3 ton müxtəlif dərman preparatları, 2000 kiloqramlıq rentgen, film və dəmiri, xəstəxanalar üçün 2600 müxtəlif tibbi ləvazimat, 12 ədəd generator aqreqatı (hər biri 40 min vat gücündə olan generatorların 8-i Naxçıvana verilib). 120 kiloqram çay və 3 milyon 204 min manat maddi yardım verilib. Bu sadalananlar Azərbaycanın 90 min şəhər və rayonlarında paylanıb.

Bu rəqəmləri və onların məcmusunda görünən hər növ yardımları oxumaq, şüura, düşüncəyə sığışdırmaq çoxlarına çətin, qəribə görünər və bəzilərində təəccüb doğurar. İri qovluğa güclə sığan sənədlərdə humanitar yardımları təhvil verdiyi müəssisələrin arayışlarında adının, sayının göstərilməsi məni çox duyğulandırdı. Nurlu, çöhrəsində aydın görünən qayğının saldığı dərin iz onun neçə onilliklər boyu çəkdiyi əziyyətinin nişanəsi idi... Lap yaxın günlərdə bu xeyirxah insanla söhbətimizdən mənə aydın oldu ki, Ağabəy Azərbaycani İranda və Azərbaycanda ona məxsus olan evlərini, mal-mülkünü sataraq ölkəmizdə, eləcə də başqa müsəlman məmləkətlərində ehtiyacı olanlara - vətəni uğrunda yaralanan əsgərlərə, müxtəlif növ xəstəlikdən əziyyət çəkənlərə, uşaq evlərinə, məktəblərə, bağçalara, xəstəxanalara... yardım etmişdir. Azərbaycana böyük köməyi ilə təşrif buyurduğu bu gəlişində onu da öyrənə bildim ki, xalqına sədaqətli, etibarlı olan bu cəfakeş insan yaşadığı ölkədə ölüm üçün verilən sığorta pulunu da alıb, budəfəki gəlişində xeyriyyə məqsədilə xərcləyib... Çox təsirləndim!..

Doktor Ağabəy 17 il Amerika və Almaniyada, Türkiyədə, yenə Amerikada yaşayıb. Əli və Şəhin adlı iki övladı var. Dünya çempionu Əli kompüter mütəxəssisidir, böyük bir şirkətə rəhbərlik edir. Eyni zamanda elektrik mühəndisidir. Qızı Şəhin isə psixoloq həkimdir. Düsseldorfda klinikası var. Özü də orada həkim kimi çalışır.

Ağabəy Azərbaycani həyat yoldaşıyla birgə qurduqları cəmiyyətlərinin vasitəsilə ölkəmizə 50 mln., digər müsəlman ölkələrinə də 50 mln., ümumilikdə 100 milyon dollarlıq yardım gətiriblər. Əmək pensiyalarını, var-yoxlarını da məqsədləri yolunda xərcləyiblər. Professor deyir ki, dünyanın heç bir yerində evimiz yoxdur, həmişə kirayədə yaşamışıq. Evlərimizi satıb, şərəfli hədəfimiz üçün xərcləmişik. İllər boyunca dərk etmişəm ki, nə qədər dünya varına, maddiyyatına sahib olsaq da, onun bir zərrəsi də qalmayacaq. Dünyada insanın özündən sonra qalan əməlləri olur. Mənim sarayım yoxdur ki, onunla fəxr edəm, mənim sərvətim yoxdur ki, onunla dillərə düşəm... Amma mənim çox sevdiyim qonaqpərvər Azərbaycan kimi məmləkətim və gözəl dostlarım var, mən onları dünya sərvətinə əsla dəyişmərəm!

Mətbuatda əvvəlki çıxışlarımda da demişəm: İnsanın sağlığı, millətinin sağlamlığı mənim ən böyük istəyim, arzumdur. Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın idman və fizikal gəlişmələrə (bədənin sağlamlığı) diqqət göstərməsi, cənab Prezidentin yaratdığı İdman və Sağlamlıq mərkəzləri çox böyük əhəmiyyətə malikdir. İlham Əliyev fövqəladə demokratik və millətini çox sevən sadə bir İnsandır. Qarabağ müharibəsində də müşahidə etdim ki, xanımı ilə bərabər çəkinmədən, ehtiyat etmədən təhlükəli yerlərə gedir, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Vətən müharibəsində qəhrəmanlıqla iştirak edir.

***

Doktor Ağabəy Azərbaycani dünyanı cənginə almış koronavirus pandemiyası ilə bağlı fikirlərini də açıqladı. Dedi ki, noyabr ayının 7-sindən Azərbaycandayam. Bu gəlişimdə həmvətənlərimə koronavirusla bağlı mübarizədə imkanım daxilində köməyimi əsirgəmədim. İyirmi gündə 32 nəfər xəstəni özümlə gətirdiyim dərmanlarla müalicə etdim, şükürlər olsun ki, hamısı da sağaldı...

Mən qeyd etdiyim kimi, Almaniyada müxtəlif xəstəliklərin alternativ müalicəsi ilə məşğul oluram. Pandemiya ilə bağlı qısaca da olsa bəzi fikirlərimi bölüşməyi vacib sanıram. Proseslərin gedişində anladım ki, bu bakteriyanın 76 faizi SARS virusudur, 24 faizi isə mikrobdur. Bunlar bədənə girib, immuniteti az olan və bəzən məlum olmayan səbəblə immuniteti korlayaraq, xəstənin ağırlaşmasına səbəb olurlar. Onun üçün əgər xəstə ağırlaşmaya doğru gedərsə, onun immunitetini qaldırmaqla bərbər Antikuaqulant, yəni qanın laxtalanmasının qarşısını alan dərman da vermək lazımdır. Amma, xəstənin qanını 2-3 gündən bir yoxlamaq lazımdır ki, onda qanaxma olmasın. Heç bir əlaməti olmayan xəstəyə laxtalaşma dərmanı və hormonik dərman, məsələn, Dexstrametazon verilməz...

***

Haqdan gələn aydınlığın içində, qəlbinin və əməllərinin aynasında yetərincə parlaq, işıqlı görünən, Azərbaycanın sədaqətli oğlu Ağabəy Azərbaycaninin ömürlüyündə yer almış bu yaşam mənzərəsi təqdim etmək istədiyim portretinin cizgiləridir. Bu portreti aydınladan ən mühüm və xalis rənglər professorun təbiətində doğal şəkildə zühur etmiş keyfiyyətlərdir: Sadəlik, xeyirxahlıq, qayğıkeşlik, mərhəmət, səmimiyyət... O da Tanrının lütf etdiyi bu ümdə, ülvi keyfiyyətləri ilə canlıların alisi insanlara xidmət etməyi həyatının mənası hesab etmişdir. İllər boyunca ömrünə əlvan naxışlar salan əməlləri mənim, elə onu tanıyan bütün insanların gördüyü ən təbii və parlaq rənglərdir...

 

Şəfəq NASİR,

 

Respublika.- 2020.- 3 dekabr.- S.5.