Əlillərin rifahının yaxşılaşdırılması daim diqqət mərkəzindədir

 

3 Dekabr Beynəlxalq Əlillər Günüdür

 

 

1992-ci il oktyabrın 14-də Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi hər il dekabrın 3-ü “Əlilliyi olan İnsanların Beynəlxalq Günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Məqsəd cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Hazırda dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda da dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, onların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Qeyd etmək lazımdır ki, Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı Dövlət Proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələr yaradılıb. Ulu öndərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görüb.

Bu günlər ölkəmizdə möhtəşəm Qələbə ovqatı hökm sürür, işğal altında qalmış torpaqlarımızın azadlığa qovuşması hər birimizə sonsuz fərəh və iftixar duyğuları bəxş edir. Vəhşi düşmən işğal etdiyi yurd yerlərimizdə barbarcasına hər şeyi, bütün infrastrukturu məhv etsə də, dövlətimiz yenidən həmin ərazilərdə abad, gözəl, müasir yaşayış məntəqələri, kənd və qəsəbələr, şəhərlər salacaq. O torpaqlarımız azad, firavan həyatını yaşayaraq, öz doğma sahiblərinin gücü, zəhməti ilə yenidən gülüstana, abad diyara çevriləcək. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə geniş miqyasda quruculuq və abadlıq, habelə sosial infrastrukturun qurulması işləri çərçivəsində sosial xidmətlər və reabilitasiya müəssisələrinin yaradılması da təmin olunacaq. Qeyd edək ki, dövlət başçısının sosial inkişaf strategiyasının nailiyyətlərindən biri kimi, Azərbaycanda reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun yenidən qurulması və eyni zamanda reabilitasiya müəssisələri şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi, reabilitasiya imkanlarının artırılması sahəsində mühüm işlər aparılır. Xüsusən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən reallaşdırılan məqsədyönlü, kompleks geniş əhatəli işləri vurğulamaq lazımdır. 2019-cu ildə və cari ilin ötən dövründə Bakı, Yevlax, Naftalan, Lənkəran, Xaçmaz, Şəki, Şirvan şəhərlərində Reabilitasiya müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu ilin sonunadək Sumqayıt və Şağan Reabilitasiya müəssisələri də açılacaq. Uşaqlar üçün reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində bu il Şəmkir və Qəbələ şəhərlərində Uşaq Reabilitasiya müəssisələri fəaliyyətə başlayacaq. İşğaldan azad edilmiş ərazilərimizdə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlçatan bərpa-müalicə imkanlarına malik olmaları üçün həmin ərazilərdə də yeni reabilitasiya müəssisələrinin yaradılması nəzərdə tutulur. Qısa müddətdə inşa olunacaq müəssisələr müasir avadanlıqlarla da təchiz ediləcək. Bərpa-müalicə prosedurlarının formalaşdırılmasında bölgənin yerli təbii müalicəvi resurslarından da səmərəli istifadə olunması diqqətdə saxlanacaq. Həmçinin, sosial xidmət mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri işğaldan azad edilən ərazilərimizi də əhatə edəcək. Bu bölgələrimizdə tənha, ahıl və əlilliyi olan şəxslərin evlərində sosial məişət xidmətləri ilə təminatı həyata keçirilməklə yanaşı, stasionar və yarımstasionar tipli sosial xidmət müəssisələri də yaradılacaq. Eyni zamanda, dövlət sosial sifarişləri əsasında qeyd edilən ərazilərdə günərzi qayğı və icma əsaslı reabilitasiya xidmətləri göstərən mərkəzlərin qurulması da təmin olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Reabilitasiya Pansionatında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün yüksək standartlar səviyyəsində şərait yaradılır. Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparatcihazlarla da təmin olunacaq. 250 çarpayılıq müəssisədə il ərzində 7 mindən çox əlilliyi olan şəxsə stasionarambulator şəraitdə, fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya xidmətləri göstəriləcək.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr sırasında sosialyönümlü, həmçinin əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlara yönəlik tədbirlər xüsusi yer tutur. Fiziki məhdudiyyətləri olan insanların qayğı ilə əhatə olunması, reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində Heydər Əliyev Fondu bu günədək dövlət siyasətinə dəstək olaraq bir sıra layihələr həyata keçirib. Eyni zamanda, həmin insanlar arasında sağlam həyat tərzinin formalaşdırılması, onların idmana marağının artırılması, bu məqsədlə müvafiq şəraitin yaradılması yönündə davamlı işlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə artıq bir neçə ildirBizim həyət” layihəsi icra olunur. Bu zaman da sağlam həyat tərzinin formalaşdırılması, eləcə də əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti, asudə vaxtlarını mənalı keçirmələri üçün müvafiq şəraitin yaradılması diqqətdə saxlanır. İdman-əyləncə park kompleksində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün “DOST Guşəsi” adlı idman və əyləncə sahəsi istifadəyə verilib.

2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 626, ötən il bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. 2020-ci ildə isə rekord həcmdə - azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi işləri aparılır. Onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Şəhid ailələri və müharibə əlillərinin məşğulluq imkanlarının artırılması üçün tədbirlər planı hazırlanıb və bu plan işğaldan azad edilmiş ərazilərin, döyüş zonasına yaxın olmuş bölgələrin sakinlərini, erməni terrorundan zərər çəkmiş şəxsləri də əhatə edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrini, müharibə əlilləri və digər iştirakçılarını geniş sosial dəstək tədbirləri ilə əhatə edəcək.

Bu il imtiyazlı şəxslərə 400 avtomobil verilməsi nəzərdə tutulub ki, onlardan böyük hissəsi artıq verilib, qalanları da ilin sonuna qədər veriləcək. İndiyədək 6964 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib.

Hazırda respublikamızda 40 mindən çox görmə qabiliyyəti məhdud insan var. Ölkəmizin davamlı tərəqqisi sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqənin, o cümlədən gözdən əlillərin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən belə şəxslər brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub, Bakı 1 nömrəli Baza Tibb Kollecini bitirmiş görmə imkanları məhdud məzunların hər biri səhiyyə müəssisələrində masajçı işi ilə təmin edilib. “Sərhədsiz incəsənət” layihəsi çərçivəsində görmə və eşitmə qüsurlu uşaqlar üçün hazırlanan tiflosurdo cizgi və bədii filmlərinin təqdimatı keçirilib.

Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynamalı, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməməlidirlər və onlar üçün yaxşı şərait yaradılmalıdır. Cəmiyyətdə də onlara daim hörmət, diqqət göstərilməlidir. Dövlət öz üzərinə düşən vəzifəni uğurla icra edir. Ancaq əlbəttə ki, bütün cəmiyyət də bu təşəbbüsə qoşulmalıdır. “Azərbaycanda nümayiş etdirilən bu yanaşma heç bir başqa ölkədə yoxdur. Bu, bir daha bizim sosial siyasətimizi əks etdirir, eyni zamanda, onu göstərir ki, xalq üçün, dövlət üçün böyük xidmətlər göstərmiş insanlara, fiziki qüsurlu insanlara dövlət tərəfindən daim diqqət göstərilir və göstəriləcəkdir”.

Bu gün qalib dövlətin vətəndaşları olaraq fiziki qüsurlu insanlarımız da fərəh və qürur içində azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasından iftixar hissi keçirirlər, doğma Vətən torpaqlarının mənfur erməni faşizmindən xilas olmasına görə müzəffər ordumuzla qürur duyur, Ali Baş Komandanımızla fəxr edirlər. Xalqımıza möhtəşəm Qələbə sevinci bəxş etdiyinə və hər zaman həssas qruplara xüsusi qayğı göstərdiyinə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.

 

Səmiyar ABDULLAYEV,

Azərbaycan Gözdən Əlillər

Cəmiyyətinin sədri.

 

Respublika.- 2020.- 3 dekabr.- S.6.