Vətən müharibəsi ədaləti bərpa etdi

 

Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Azərbaycan ordusu 10 illərcə düşmən tapdağı altında olan torpaqlarımızı azad edərək Böyük Qələbə qazandı. Bu Vətən müharibəsi xalqın qəhrəmanlığını, vətənpərvərliyini, böyüklüyünü, bütövlüyünü, humanistliyini, döyüşkənliyini, ən başlıcası sivil yolla müharibə etməyin mümkünlüyünü və müharibənin yalnız vəhşilikdən, vandalizmdən ibarət olmadığını təsdiq etdi.

 

Bu Vətən müharibəsi nəyi göstərdi? Yenidən fikirləri çözələyib bu sualın cavabını almaq istərdik.

 

Bu müharibə öncə, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətçi, yenilməz sərkərdə, bacarıqlı, unikal təşkilatçı, hərtərəfli intellektual səviyyəyə malik rəhbər olduğunu sübut etdi. Onun “Mən nəyi, nə vaxt etməyi yaxşı bilirəm” sözlərinin əyaniliyini zaman özü təsdiq etdi. Başı göylərdən nəm çəkən dağlar da hardasa bir kökə, bir yerə söykənir. El arasında bir məsəl var: “Adamın gərək əsli-kökü, nəsil-nəcabəti ola” və yaxudOt öz kökü üstə bitər”. Bugünkü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dahi siyasətçi Heydər Əliyevin oğludur. Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevin istedadlı sərkərdəlik qabiliyyəti, başçılığı altında müzəffər, şanlı, şücaətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı, Qarabağ yarasını gələcək nəsillərə saxlamadı, ağlasığmaz bir hünərlə özü həll etdi.

 

Bəli, sentyabr ayının 27-də Azərbaycan ordusunun əks-hücumu nəticəsində Vətən müharibəsi başlandı və ilk gün bir neçə kənd işğaldan azad edildi. Günbəgün kəndlər, şəhərlər geri alındıqca, bir sıra xarici ölkələrdən Azərbaycana qarşı təzyiqlər də güclənməyə başladı. 30 il susan ölkələr baş qaldırmağa başladılar. Ən çoxnarahat olan” ölkə isə Fransaonun başçısı prezidenti Emmanuel Makron idi. Demək olar ki, Azərbaycan Respublikasının Prezidentinin dediyi kimi, hər gün zəng edib müharibənin dayandırılmasını təklif edirdi. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan bu ölkə öz həmkarları ilə 30 ildə heç nə etmədiyi halda, indi narahat olduğunu bildirirdi. Rusiyanın, ABŞ-ın bir sıra ermənipərəst dairələri haqsızlığın bərpası üçün canfəşanlıq edirdilər. Azərbaycan əraziləri işğal altında qalanda, “narahatlıq” kəlməsi onların ağlına belə gəlmirdi. Sanki bu belə də olmalı idi. Bu vəziyyətlə də barışırdılar.

 

Azərbaycan Prezidentinin dönə-dönə “Azərbaycan öz torpaqlarının bir qarışını da kimsəyə güzəşt etməyəcəkdir” sözlərini adi bir şəkildə qəbul edirdilər. Prezidentimizin Ermənistanın Baş nazirinə “Sən gəl odla oyun oynama!” mesajı da onları “qəflət yuxusundan” oyatmadı.

 

Ermənistan rəhbərliyində, Minsk qrupunun həmsədrlərində belə bir fikir yaranmışdı ki, Azərbaycan heç vaxt cəsarət edib öz işğal olunmuş ərazilərini hərbi yolla geri qaytara bilməz və heç vaxt müharibə etməz. Hətta son zamanlar belə bir fikir də formalaşdırmağa çalışmışdılar ki, guya azərbaycanlılar vuruşa bilmirlər. Ancaq zaman özü hər şeyi yoluna qoydu.

 

Sentyabr ayının 27-də növbəti erməni təxribatı zamanı Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər ordumuzun qəhrəmanlığı öz sözünü dedi. İbtidaidən aliyə prinsipi ilə bir-birinin ardınca işğal altında olan kəndlərimiz, sonra isə şəhərlər, qəsəbələr azad edilirdi. 2016-cı ildə, 2020-ci ilin iyulunda gedən döyüşlərdə Azərbaycan ordusu ermənilərin dərsini versə də, onlar bundan nəticə çıxarmamışdılar. Müzəffər Azərbaycan ordusu qətiyyətlə irəliləyərək Cəbrayıl rayonunu, Füzuli şəhərini, Zəngilanı işğaldan azad etməklə İranla olan 132 kilometrlik sərhəddə nəzarəti öz əlinə aldı. Üç dəfə atəşkəs elan olunsa da, ancaq erməni ordusu bunun heç birinə riayət etmədi, atəşkəsdən az sonra Azərbaycanın ikinci şəhəri Gəncəyə, habelə Bərdəyə, Tərtərə, Beyləqana, Daskəsənə digər ərazilərimizə müxtəlif raketlərdən atəşlər yağdırdılar. Nə qədər evlər dağıdıldı, mülki insanlar yaralandı, həlak oldu. Azərbaycan ordusu yeni-yeni azad etdiyi torpaqlarımızın, kənd və şəhərlərimizin xəritəsini genişləndirdi: Hadrut, Qubadlı, Qafqazın konservatoriyası, balaca Paris adlandırılan Azərbaycanın mədəniyyət beşiyi Şuşanı işğaldan azad etdi. Şuşa düz 28 il, altı aydan sonra murdar düşmən tapdağından - işğaldan qurtarıldı.

 

Bu qələbələr asanlıqla əldə edilmədi. 44 gün ərzində bu qədər ərazini azad etmək ağır vuruşların hesabına başa gəlmişdi, sanki xalqın xəyalındakı möcüzə real həyatda gerçəkləşmişdi. Təbii ki, itkilərimiz də olmuşdu. Bu qələbələr əsgər və zabitlərimizin canı, qanı bahasına qazanılmışdı. Ulu Tanrıdan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza şəfqət diləyirik.

 

Ancaq səmimiyyətlə və cəsarətlə demək lazımdır ki, son 200 ildə ermənilər belə ağır zərbə görməmişdilər, bu cür müqavimətə rast gəlməmişdilər. İrəvanda onlar əksər elmi mərkəzlərində “böyük Ermənistan” xəritəsini asıb bu xülya ilə yaşayırdılar. Sərdarabadda Arxeologiya muzeyində “böyük Ermənistan” xəritəsi daş üzərində həkk olunub. Muzeyə baş çəkənləri də bu təqdimatla yola salırdılar. 1988-1991-ci illər arasında keçmiş İrəvan xanlığı ərazisindən 200 mindən artıq azərbaycanlının qovulması və böyük dövlətlərin köməkliyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etmələri onların iştahasını daha da artırmış, yeni əraziləri tutmaq ideyasına gətirib çıxarmışdı.

 

Onlar artıq çəkinmədən bu fikirləri dillərinə gətirməyə cürət edirdilər. Bu harınlamış erməni ordusuna idmanda olduğu kimi, “nokaut” zərbəsi endirməyin vaxtı gəlib çatmışdı. Azərbaycan ordusu bu zərbəni çox sərrast şəkildə endirdi və erməni ordusunu darmadağın etdi.

 

Müzəffər Prezident İlham Əliyevin “Nə oldu, Paşinyan, Cəbrayıla yol çəkdirirdin?” sözləri isə zərb-məsələ çevrilib.

 

Ali Baş Komandanın dönə-dönə vurğuladığı kimi, bütöv xalq bir məslək uğrunda birləşərək onların məkrli planlarını alt-üst etdi. Azərbaycan ordusu döyüş meydanında öz hünər və bacarığını, döyüş mədəniyyətini ən yüksək səviyyədə göstərdi. Onlar düşməndən fərqli olaraq heç zaman mülki əhaliyə qarşı artilleriya silahlarından, reaktiv silahlardan istifadə etmədilər və sivil yolla müharibə apararaq qalib gəldilər. Ancaq ermənilər bir sıra şəhər və rayonlarımızı bombardman edərək nə qədər evləri dağıtdı, 94-ə qədər mülki şəxs öldürüldü və 400-dən artıq insan yaralandı. Bütün dünya ictimaiyyəti bunu yaxşı gördü. Sosial şəbəkələrdə Fransa kütləvi informasiya vasitələri də bu barədə müəyyən məlumat vermişdi. Bəli, bu müharibə kimin, hansı dövlətin necə xarakterə, hansı xislətə malik olduğunu bir daha göstərdi. Erməni ordusunun mülki əhalinin yaşadığı yerləri atəşə tutması, onların bir daha vəhşiliyinə, barbarlığına dəlalət edirdi. Bu müharibənin ən yaddaqalan məqamlarından biri də Azərbaycanın dostları ilə rəqiblərinin üzə çıxması idi.

 

Əks-həmlənin ilk günündən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz sonadək qardaş Azərbaycanın yanındayıq” sözləri görünən, görünməyən, bəlli olan, olmayan məsələlərə aydınlıq gətirdi. Prezident İlham Əliyevin Türkiyənin “Haber Türkteleviziya kanalına müsahibə verərkən dediyi kimi: “Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də, başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq”.

 

Ərazilərimiz işğaldan azad olunarkən döyüşlərin ən qızğın vaxtlarında Türkiyə hər gün Azərbaycanın yanında oldu. Mütəmadi olaraq Türkiyənin müxtəlif dövlət adamlarının Bakıya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, demək olar ki, hər gün Prezident İlham Əliyevlə telefon əlaqələri buna əyani sübutdur. Lazım gəldikdə onlar Azərbaycanla bağlı digər ölkələrin prezidentləri və xarici işlər nazirləri ilə də əlaqə saxlayıb məsələ ilə bağlı vəziyyəti müzakirə edirdilər.

 

Bəli, bu “Ərdoğan Türkiyəsi idi”. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, bütün dünyada Azərbaycanla Türkiyə qədər ikinci yaxın olan ölkə yoxdur. Yenə də onun “əgər 1991-94-cü illərdə Ərdoğan Türkiyəsi olsaydı, Azərbaycan bu qədər işğala məruz qalmazdı” sözləri tarixi bir həqiqəti əks etdirir. Bu müharibədən yadda qalanlardan biri də məhz “Ərdoğan Türkiyəsi” ifadəsdir.

 

Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan isə müharibənin ilk günündən Qələbə gününə kimi Azərbaycan ordusunun uğurlarına sevinib, onun yanında olduğunu dönə-dönə bəyan etdi. Bəzən də fikrini poetik misralarla söylədi:

 

Bir ananın iki oğlu,

 

Bir amalın iki qolu

 

O da Ulu, bu da Ulu

 

Azərbaycan, Türkiyə!

 

Dünyanın bir sıra dövlətləri bu dostluq qardaşlığı həzm edə bilmir. Onların jurnalistlərinin təmsil etdiyi ölkələrin qərəzli mövqeyindən çıxış edərək Azərbaycan Respublikasının Prezidentindən müsahibə alarkən verdikləri məkrli suallar da bunu aydın şəkildə göstərirdi.

 

Pakistanın da Azərbaycana olan dost münasibətini, müharibənin ilk günlərindən ölkəmizə hər cür dəstəyə hazır olduğunu bildirməsi, səfirinin cəsarətli çıxışı ən yaddaqalan məqamlardandır.

 

İsrailin müharibənin gedişində Azərbaycanı dəstəkləyən bəzi dövlətləri unutmaq olmaz. Təbii ki, burada Azərbaycanda multikulturalizmin yaşayış tərzi olması da öz sözünü deyir.

 

Azərbaycanın apardığı azadlıq müharibəsində qərb ölkələrinin işğalçı dövləti açıq-aşkar dəstəkləməsi isə dünyanın haqsızlıqlarının bir nümunəsi idi.

 

Lakin Azərbaycan Prezidentinin xalqının bu qeyri-qanuni işğala ədalətsiz münasibət bəsləyən, ikili standartlarla yanaşanlara hərb yolu ilə bir cavabı oldu: “Qarabağ Azərbaycandır nida”.

 

Əsgər ZEYNALOV,

professor.

 

Respublika.- 2020.- 4 dekabr.- S.6.