Şəhidlik zirvəsinə ucaldı

 

Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifələri şərəflə yerinə yetirdi. Diplomatikinformasiya cəbhəsində Azərbaycanın mövqeyi kifayət qədər gücləndi. Bir vaxtlar ermənilər tərəfindən “məğlubedilməz” adlandırılan faşist xislətli, azğınlaşmış erməni ordusu 44 gün içərisində Azərbaycan əsgəri tərəfindən darmadağın edildi.

 

Əlbəttə, şanlı qələbə cəsur, vətənpərvər, qorxmaz Azərbaycan əsgərlərinin rəşadətli döyüşü sayəsində qazanıldı.

 

Odlu-alovlu müharibədə Gəncə şəhərindən cəbhə bölgələrinə yollanan qəhrəman əsgərlərin sayı yetərincə oldu. Bu yazıda biz Gəncə şəhərində dünyaya göz açan, kiçik yaşlarından sidq ürəklə Vətənə, torpağa bağlanan, yaxşı əməlləri ilə el gözündə pillə-pillə ucalan, İkinci Qarabağ döyüşlərində düşmənin başına od ələyən və şəhidlik zirvəsinə ucalan kəşfiyyatçı İlkin Əsgərovun ömürdöyüş yolundan söhbət açacağıq.

 

İlkin Əsgərovun uşaqlıq illəri təbiətin romantik mənzələrində, Göygölün səfalı guşələrində keçib. Qıy vuran qartallara, qıjıltı ilə axan dağ çaylarına həmişə həsəd aparıb.

 

Sentyabrın 27-də mənfur düşmənlərimiz olan ermənilər ölkəmizin ərazilərində təxribat törədəndə, kənd və şəhərlərimiz güllə yağışına tutulanda Gəncədəki 11 saylı məktəbin məzunu İlkin Əsgərov Azərbaycan Ordusunun sıralarında könüllü olaraq müharibəyə evdən ayrılarkən anası Suranı duz kimi yaladı. Dodaqlarından çıxan kəlmə ancaq bu oldu: “Döyüş meydanında qeyrətlə vuruşacaq, ərazilərimizi düşmən tapdağından xilas etmək üçün sinəmi düşmən gülləsinə sipər edəcəyəm!

 

Daha sonra Bakı şəhərində yaşayan sevimli bacısı Əsmətelə zəng etdi. Bildirdi ki, Paşinyanın ordusuna qarşı inamla vuruşacağam. O ki qaldı görüşməyimiz, alnıma nə yazılıbsa, o da olacaq...

 

Çox keçmədən gəncəlilərin xeyir-duası ilə cəbhəyə yola düşən İlkin ağır döyüşlərə atıldı, hər qarış Vətən torpağı uğrunda mərdliklə vuruşdu, bir kəşfiyyatçı tək komandanlıq tərəfindən verilən hər bir tapşırığı ləyaqətlə yerinə yetirdi. O, Füzuli uğrunda gedən ağır döyüşlərdə şəxsi igidlik göstərdi, döyüşlərdə neçə-neçə erməni quldurunu leş-leşə söykədi, heç vaxt ölümündən qorxmadı.

 

Xalqımız qürur hissi keçirir ki, İkinci Qarabağ savaşında Qarabağın tacı Şuşada da tarixi qələbə qazandıq, Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.

 

Şuşa uğrunda gedən ölüm-dirim savaşında kəşfiyyatçı İlkin Əsgərov şəxsi igidlik göstərdi, döyüşlərdə ağır yaralandı, huşunu itirib yerə yıxıldı, son məqamda ana, bacı əvəzinə Vətən torpağını qucaqladı, öz ölümü ilə ölümsüzlüyə qovuşdu.

 

Kəşfiyyatçı İlkin Əsgərovun son mənzili Gəncə şəhərindəki Şəhidlər Xiyabanı oldu.

 

Hər gün azadlıq aşiqi kimi dünyasını dəyişən İlkinin məzarı üstünə qucaq-qucaq tər qərənfillər düzülür.

 

Vurğulamaq lazımdır ki, Sura ana Qarabağ döyüşlərinə 2 oğul yola salmışdır. İlkin qəhrəmanlıqla şəhid oldu, digər oğlu Elkin isə bu gün işğaldan azad olunmuş qədim Şuşa şəhərindədir. Döyüşlər zamanı o, düşmən tərəfindən qəlpə yarası almışdır.

 

Sura ana, şəhid bacısı Əsmətel üçün İlkinin taleyinə şəhidlik yazılması çətin, çox çətin oldu. Onlar təsəllini onda tapdılar ki, torpaqlarımız yağı düşməndən azad olunmuş, şəhid oğullarımızın qisası birə-beş alınmışdır.

 

Qədir ASLAN

 

Respublika.- 2020.- 4 dekabr.- S.7.