Vətən hər şeydən əzizmiş

 

Bu sevgi, bu istək Tahir Bağırovun yolunu ən uca zirvəyə - şəhidlik zirvəsinə qədər ucaltdı

 

 

 

Azərbaycanın bütövlüyü uğrunda canını qurban vermiş və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Tahir Əminağa oğlu Bağırov 1957-ci ildə Türkmənistan SSR-in Krasnovodsk şəhərində anadan olub. 1957-ci ildə ailəliklə (indiki Şirvan) şəhərinə köçüblər. Əlibayramlı şəhərində səkkizillik orta təhsil alıb. 1977-78-ci illərdə keçmiş Sovet ordusu sıralarında xidmət edib. Ordudan sonra sürücülük sənətinə yiyələnib. 1987-ci ildən Bakı şəhərində müxtəlif sahələrdə sürücü işləyib.

 

1988-ci ildə Azərbaycanda başlayan azadlıq hərəkatında fəal iştirak edib.

 

1992-ci ildən Tahir könüllü olaraq cəbhəyə gedir. İlk əvvəllər bir neçə ay Zabrat aeroportunda çalışır. Sonra isə Qala aeroportunda “Mi-24” vertolyotunda bort atıcısı kimi Vətən qarşısında öz borcunu yerinə yetirirdi. Xocalı hadisəsi baş verəndə yaralıların və meyitlərin daşınmasında əlindən gələn köməkliyi edir. Elə bil Xocalı hadisəsi Tahirdə olan Vətən sevgisini, torpaq istəyini və düşmənə qarşı intiqam hissini daha da gücləndirdi və ömrünün sonuna kimi hava hücum vasitəsilə düşmənə qarşı vuruşdu. Tahir Qalada 843 N-li hərbi hissədə çalışırdı. Onun 100-dən artıq uçuşları olub. Demək olar ki, Azərbaycanın döyüş gedən bütün rayonlarında olub. Tahir göydən raket yağdırmaqla kifayətlənmirdi. Elə hallar olurdu ki, avtomatla, əl pulemyotu ilə də döyüşürdü. Tahir Füzuli, Şuşa, Əsgəran, Ağdərə, Tərtər, Xocavənd, Qubadlı, Laçın, Zəngilan, Qazax, Tovuz, Ağcabədi, Bərdə və sairə rayonlara dəfələrlə uçuşlar edib.

 

Qəhrəmanın həyat yoldaşı Hacı xanım Leyla Bağırova ilə həmsöhbət olarkən dedi:

 

-Yaxşı yadımdadır, bir dəfə növbəti əməliyyatdan gəlirdi. Elə bir vəziyyətdə idi ki, baxışlarından yorğunluq yağırdı. Canı da bərk ağrıyırdı. Sonra bildim ki, əməliyyat zamanı düşmənə əsir düşməmək üçün 2-3 gün bataqlıqda qalmışlar. Bununla belə, döyüşə ürəklə, fəxrlə, qələbə eşqi ilə gedirdi. Yoldaşlarının qisasını almaq və Vətənin bütövlüyü naminə canından belə keçməyə hazır idi.

 

Bir dəfə Tahir evə sevinclə qayıtdı. Söylədi ki, çox uğurlu əməliyyat həyata keçirdik. Ermənilərin silah-sursat anbarını və onlarca əsgərini məhv etdik. 6 avqust 1992-ci il axşam saat 7-də Tahir yenə uçuşdan sonra evə gələndə onu qəmli gördüm. Sən demə, bir vertolyotumuzu ermənilər vurublar, onun 4 nəfər hərbçi yoldaşları həlak olmuşdu. Onlardan birisonradan Milli Qəhrəman adına layiq görülən qonşumuz Cavanşir İzzət oğlu Rəhimov idi. Mən Tahiri heç vaxt bu yoldan çəkindirə bilmədim. O həmişə deyirdi: “Qorxma, mənə erməni gülləsi dəyməz”. Onun ailə sevgisindən, ana istəyindən çox, Vətən sevgisi, torpaq istəyi var idi. Bu sevgi, bu istək onun yolunu ən uca zirvəyə - şəhidlik zirvəsinə qədər ucaltdı.

 

Tahir son dəfə 1992-ci il 5 oktyabrda evdən çıxdı. Elə o gediş getdi. Oktyabrın 11-də Qubadlı rayonunun Səfyan kəndi yaxınlığında uğurlu əməliyyatdan qayıdan “Mi-24” vertolyotu quyruq hissədən vurulur və 3 cəsur döyüşçü ilə birlikdə Tahir də həlak olur. Tahir vəfat edəndə oğlumuz Arif on aylıq idi. Dörd ay sonra ikinci oğlumuz da dünyaya gəldi. Ona atasının adını verdik. Tahir atasının yolu ilə gedir, Aviasiya ixtisasına yiyələnib. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 5 fevral 1993-cü il tarixdə Tahir Bağırova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

 

Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur. Qəhrəmanımızın arzuları bu gün həllini tapdı. Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağımızı düşməndən azad etdi.

 

Biz Qəhrəman oğullarımızın canı, qanı bahasına torpaqlarımızı düşməndən azad edib qələbə qazandıq.

 

Məhəmməd VƏLİYEV

 

Respublika.- 2020.- 4 dekabr.- S.7.