Şabranda “Gənclər Günü” təntənə ilə qeyd olundu

 

Şabran rayonunda 2 Fevral - “Gənclər Günü” münasibətilə “Gələcək gəncliyindir” adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ucalan Heydər Əliyevin heykəlinin qarşısına gələrək önünə gül-çiçək dəstələri qoymuş, ümummilli liderə öz dərin ehtiramlarını bildirmişlər. Sonra Heydər Əliyev Mərkəzində rayon gənclərinin iştirakı ilə təntənəli yığıncaq keçirilmişdir. Yığıncaqda hesabat xarakterli məruzə ilə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov 2019-cu ildə idarənin gördüyü işlər barədə iştirakçılara ətraflı məlumat verərək demişdir: “Hər il 2 fevral tarixinin “Gənclər Günükimi qeyd olunması ulu öndər Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Məhz ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il 2 fevral tarixində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin 1-ci forumu keçirildi. Forumda iştirak edən ulu öndər bundan sonra hər il fevral ayının 2-ni ölkəmizdə “Gənclər Günükimi qeyd olunması bəradə qərar qəbul etdi. Bugünkü Azərbaycan gəncliyi dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlayır.

Bu gün ölkəmizdə gənclərin bütün sahələrdə fəallığı, irimiqyaslı layihələrin həyata keçirilməsində və dövlət quruculuğunda rolu artmış, vətənpərvərlik əzmi və vətəndaşlıq mövqeyi daha da möhkəmlənmişdir. Onlar bu gün ölkəmizdə geniş miqyas alan könüllülük hərəkatının önündə gedirlər. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2020-ci illərdə Dövlət Proqramı”nı dövlət gənclər siyasətinin həyata keçirilməsinə böyük imkanlar yaradır. Proqramın məqsədi respublikamızda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq və sairə vəzifələrdən ibarətdir. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin gənclərə göstərdiyi qayğı və diqqətin parlaq təzahürüdür.

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi idarəmizin daim diqqət mərkəzindədir. Yeniyetmə və gənclərimizin hərbi çağırışa hazırlanması və onların vətənpərvərlik ruhunda böyüdülməsi istiqamətində 2019-cu ildə “Şahin” hərbi-idman oyununun məktəbdaxili və rayon birinciliyi keçirilmişdir. Yarışlara 500 nəfərdən çox məktəbli cəlb olunmuş, birinciliyin qalibi adını qazanan şəhər 3 saylı tam orta məktəbin komandası Sumqayıt şəhərində keçirilən zona birinciliyində rayonumuzu uğurla təmsil etmiş və I yeri qazanaraq Respublika final mərhələsində iştirak etmişdir.

Ötən il “Nəsimi ili” çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş rayon tədbirlərində gənclərimiz fəal iştirak etmişdir. Böyük şairin zəngin irsinin yeniyetmə və gənclər arasında təbliğ edilməsi məqsədilə “İmadəddin Nəsimi və Azərbaycan ədəbiyyatı” mövzusunda Nəsimi qəzəllərindən ibarət şeir müsabiqəsi keçirilmişdir.

Quba şəhərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Xəmsə” Milli İntellektual oyunu üzrə gənclər arasında keçirilmiş XI Azərbaycan Çempionatının zona mərhələsində rayonumuzun gəncləri 11 nəfərlik heyətlə təmsil olunmuşdur. Zona mərhələsində komandamız II yeri qazanaraq Respublika final mərhələsinə vəsiqə qazanmışdır. Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə iyul-avqust aylarında 20 nəfər yeniyetməmiz Lənkəran, İsmayıllı və Quba rayonlarında təşkil olunmuş “Azərbaycan doğma diyarımdır” adlı yay-istirahət düşərgələrinə göndərilmişdir.

Rayonumuzda gənclərin idman sahəsində də uğurları böyükdür. Hazırda rayonumuzda 2 Uşaq Gənclər İdman Məktəbi fəaliyyət göstərir. 30 nəfər məşqçi-müəllim 762 nəfər yeniyetmə idmançıya idmanın boks, cüdo, stolüstü tennis, sərbəst güləş, futbol, şahmat, samboKyukşin Karate növlərinin sirlərini öyrədir. Məşqçi-müəllimlərimizdən 3 nəfəri Respublikanın “Əməkdar Məşqçi”sidir. Ötən il Bakı şəhərində Ciyutaido idman növü üzrə oğlanlar və qızlar arasında keçirilmiş Dünya Kubokunda Şabran rayon komandası 8 nəfərlik heyətlə təmsil olunmuşdur. Yarışın nəticəsinə əsasən Osmanov Musa 65 kiloqram çəki dərəcəsində və Əliyev Nurməmməd Bəxtiyar 29 kiloqram çəki dərəcəsində I yer, Kamilov Kənan 34 kiloqram çəki dərəcəsində II yeri qazanmışlar. Rayonumuzun yeniyetmələrdən ibarət stolüstü tennis komandası ölkədə lider komandalardan olduğunu sübut etmiş, bir çox zonarespublika birinciliklərinin qalibi adını qazanmışlar. 2 gənc tennisçisimiz Aliyə Həşimova, Zöhrə Abdullayeva İdman Ustalığına Namizəd normasını dolduraraq respublika milli komandasında çıxışlarını davam etdirirlər.

2020-ci il rayon idmançılarımız üçün yaxşı başlamışdır. Bu ilin yanvar ayında İran İslam Respublikasının Bojnord şəhərində Zorxana və Pəhləvan güləşi idman növü üzrə III Dünya Çempionatı keçirilmişdir. 32 ölkənin iştirakı ilə keçirilmiş dünya çempionatında Azərbaycan milli yığma komandasının üzvü, Şabran Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in məşqçi-müəllimi Salamov Məmmədi 70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlmiş, ölkəmizi layiqincə təmsil edərək dünya çempionu adına layiq görülmüşdür. İdmançımızın şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və bayrağımız ən yüksəkdə dalğalanmışdır .

Yığıncaqda həmçinin Şabran Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fikrət Nuşiyev çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik etmiş, onlara rayonun ictimai, siyasi, iqtisadi və mədəni həyatında iştirakı, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə yeni-yeni uğurlar qazanmalarını arzu etmişdir. YAP Şabran rayon təşkilatının Gənclər birliyinin sədri Fərid Bağırzadə, Uzunboyad kənd tam orta məktəbinin ədəbiyyat müəllimi Jalə Həmidova, 2018-2019-cu tədris ilində ali məktəbə ən yüksək balla daxil olmuş tələbə Nigar Səlimova, stolüstü tennis idmanı üzrə respublika birinciliyinin idmançısı Əzifə Mahmudova çıxış edərək “Gənclər Günü” münasibətilə öz təbriklərini söyləmişlər. Tədbirin sonunda rayonun bir qrup fəal gənci “Fəxri fərman” və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.- 2020.- 2 fevral.- S.4.