Görkəmli kitabxanaşünas alimin elmi və pedaqoji fəaliyyəti

 

XX əsrin II yarısından müasir dövrədək Azərbaycan ziyalı mühitinin dəyərli etiketlərə malik olan nümunəvi ziyalıları var ki, onlar bu gün də yüksək işgüzarlıqla dövlətçiliyimizə xidmət edirlər. Bu gün elm, təhsil, mədəniyyət və digər sahələrdə fəaliyyət göstərən yaşlı nəslin nümayəndələri, elmi məktəb yaradan, böyük uğurları olan ziyalılarımız ön cərgədədirlər.

Prezident İlham Əliyevin çıxışlarında işgüzar və qabiliyyətli, yüksək dəyərlərə malik olan ziyalılara etimadla yanaşması böyük təcrübəyə malik ziyalılara cəmiyyətdə hər zaman ehtiyacın duyulmasının bariz nümunəsidir. Bu gün Azərbaycan istənilən fəaliyyət sahəsində uğurla dünyaya inteqrasiya edir. 100 illik yubileyini yüksək səviyyədə qeyd edən Bakı Dövlət Universiteti yeni yüksəliş mərhələsini yaşayır. İnteqrasiya və yeni innovasiyaların universitetdə elmi-pedaqoji və sosial həyata tətbiq edilməsində gənclərlə yanaşı, yaşlı ziyalıların təcrübəsindən də istifadə olunur. Hazırda Bakı Dövlət Universitetində aparılan islahatlar universitetin bütün strukturlarının yeni innovativ iş metodlarına yiyələnməsinə və bu istiqamətdə proqressiv təcrübəyə stimul yaradır. 2019-cu il noyabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə görkəmli ziyalı Abuzər Alı oğlu Xələfov Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə Şərəf ordeninə layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, Abuzər Xələfov uzun illər Azərbaycanın ictimai-siyasi, elm, mədəniyyət, təhsil və sosial həyatında işgüzar fəallıq göstərmiş, daim dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunmuş, həmçinin, sağlığında öz layiqli qiymətini almışdır. Əməkdar mədəniyyət işçisi, Əməkdar Elm Xadimi, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezident təqaüdçüsü, Şöhrət və Şərəf ordeni, BDU-nun fəxri professoru A.Xələfov bu gün öz zəngin təcrübəsini yaratdığı kitabxanaşünaslıq elmi məktəbinin yetirmələrinə öyrətməklə yanaşı, universitetdə ali təhsilin müasir innovasiyalarla təmin olunması istiqamətində dəyərli tövsiyələr verir. Ömrünün 90 illiyi ərəfəsində əzmlə və işgüzarlıqla çalışan, dövlət başçısının yaşlı və işgüzarlığı olan insanların yeni yüksəliş illərində fəaliyyətə cəlb olunması çağırışlarına məmnunluqla əməl edən A.Xələfov ali kitabxanaçılıq təhsilinin təşkilatçısı olmaqla yanaşı, kitabxanaşünaslıq elmi məktəbinin bünövrəsini qoymuş və bu elmi istiqamətdə 40-a yaxın alim yetişdirmişdir. Onun kitabxana informasiya fəaliyyətinə dair dərslikləri, sanballı monoqrafiyaları bu gün kitabxana-informasiya ali təhsilinin formalaşmasına əhəmiyyətli təsir edir.

Kitabxanaşünaslığın elmi-nəzəri məsələlərinin işlənməsi, Dövlət kitabxana siyasətinin tədqiqi məsələləri, kitabxanainformasiya proseslərinə texnoloji modelin tətbiqində innovativ yanaşmalar bu gün A.Xələfovun elmi fəaliyyətinin stimulverici parametrləridir.

XX əsrin II yarısından bu günədək A.Xələfovun elmi-tədqiqat və tədris prosesinin təşkilindəki fəaliyyətinin ali peşə təhsilinin təcrübi və elmi-nəzəri məsələlərinin parametrlərinin müxtəlif ideoloji mərhələlərdə dövlət siyasətinin atributları ilə əlaqələndirilməsi alimin elmi fəaliyyətinin prioriteti sayılır. Görkəmli alimin bu istiqamətdə təşəbbüsü də daim maraqla qarşılanmışdır. Azərbaycan qəzetinin 1995-ci il 17 may tarixli nömrəsində dərc etdirdiyi Milli dövlətçiliyimiz naminə adlı məqalədə milli ideologiyamızın, milli dövlətçilik ənənələrimizin əsas məğzini özünün müxtəlif dairələrdəki çıxış, məruzə və nitqlərində əks etdirən Heydər Əliyevin əsərlərinin ayrı-ayrı məcmuələr və ya kitablar şəklində buraxılması təşəbbüsünü irəli sürmüş və onların respublikanın bütün tip kitabxanalarında yerləşdirilməsini təklif etmişdir.

Alimin yarım əsrlik pedaqoji fəaliyyəti dövründə demək olar ki, kitabxanaşünaslığa dair bütün fənlərin elmi-nəzəri məsələləri işlənmiş, onun Kitabxanaşünaslığa giriş, Azərbaycanda kitabxana işinin tarixi, Kitabxanaşünaslığın tarixi və metodologiyası, Kitabxanaların kompüterləşməsinin əsasları adlı dərslikləri dövlət siyasi xəttinin ali peşə təhsilində motivləşməsini təmin etmişdir.

Onun 2003-cü ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə ölkəmizdə ilk dəfə olaraq Dünyanın görkəmli dövlət xadimləri seriyasından Azərbaycan Respublikasının dünyaşöhrətli prezidenti Heydər Əliyevə həsr olunmuş biblioqrafik məlumat kitabının Azərbaycan dilində 5000, rus dilində 3000 və ingilis dilində 2000 nüsxə ilə çap edilməsi həm onun elmi əhəmiyyətinin miqyasını, həm kütləviliyini, həm də oxucu auditoriyasının genişliyini təsdiqləyir, eyni zamanda Heydər Əliyev şəxsiyyətinə və yaradıcı irsinə tükənməz marağın get-gedə daha da gücləndiyini faktiki sübuta yetirir.

Alimin digər tədqiqatlarında kitabxana quruculuğunun dövlət siyasəti məsələləri də geniş əks olunmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki mərhələdə dövlətin kitabxana siyasəti A.Xələfovun 2006-cı ildə 312 səhifəlik Heydər Əliyev və Azərbaycanda kitabxana işi adlı monoqrafiyasında öz əksini tapmışdır.

Qeyd etdiyimiz kimi, A.Xələfov 70 ilə yaxın bir müddətdə Azərbaycanda ali kitabxanaçılıq təhsilinə, kitabxanaşünaslıq elmi məktəbinə rəhbərlik etməklə yanaşı, öz fəaliyyətini daim dövlətçilik ənənələri ilə uyğunlaşdırmışdır. A.Xələfov milli dövlətçiliyimizin tərəqqisində kitabxanaların rolunun əvəzsiz olduğunu öz məqalələrində, çıxışlarında dönə-dönə vurğulayır. Ümummilli lider Heydər Əliyevin söylədiyi Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir fikrini yüksək qiymətləndirən kitabxanaşünas alim öz elmi əsərlərində dəfələrlə vurğulamışdır ki, unudulmaz dövlət başçısının bu əvəzsiz fikri kitabxana-informasiya fəaliyyəti haqqında dövlət siyasətinin başlıca mühüm amilini təşkil edir.

Son dövrlərdə təhsil sistemində yeni standartların tətbiq edilməsi, təhsilin qabaqcıl dünya təcrübəsinə uyğunlaşdırılması və bu sahədə aparılan islahat proqramlarının yerinə yetirilməsi sahəsindəki uğurlar kitabxana-informasiya fəaliyyətində də özünü büruzə verir. Hazırda kitabxana-informasiya fəaliyyətinə kompüter texnika və texnologiyasının tətbiqi nəticəsində kitabxanaların sosial funksiyalarının daha da artdığını bildirən Şərəf ordenli alim qeyd edir ki, məhz bu gün informasiya texnologiyalarının kitabxana-informasiya fəaliyyətinə tətbiqi innovativ metoduna çevrilir. Alimin fikrincə, informasiya kitabxana müstəvisindən üfiqi istiqamətdə keçməli, onun bütün funksiyalarının inkişaf yolunu işıqlandırmalıdır.

A.Xələfovun elmi fəaliyyət parametrlərində dövlətin siyasi xəttində prioritet istiqamət olan multikulturalizm ideyalarının kitabxana-informasiya fəaliyyətində istiqamətlənməsi əsas və vacib yerlərdən birini tutur. Ümummilli lider Heydər Əliyevin multikulturalizm sahəsindəki xidmətləri azsaylı xalqların məkanı olan Azərbaycanda məskunlaşan bütün xalqların firavan yaşamasına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqaməti yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin multikulturalizm siyasətinin parametrlərini əldə rəhbər tutan Abuzər müəllim qeyd edir ki, kitabxana-informasiya sahəsində multikulturalizmin təbliği dövlətin bu sahədə prinsiplərindən bəhrələnir, kitabxana-informasiya müəssisələrinin fondlarına digər xalqların dilində ədəbiyyatın daxil olması və təbliği imkanlarının genişləndirilməsi, həmçinin kitabxana-informasiya əməkdaşlarının multikultural biliklərə yiyələnməsi kitabxanaların multikultural sahədə dövlət siyasətinin həyata keçirilməsinə stimul verir.

Bu gün A.Xələfov dövlətimiz tərəfindən ona göstərilən etimadı uğurla doğruldur, onun layiqli davamçıları elmi-tədqiqat istiqamətində əzmlə çalışır. Onun alimlər ordusunun gənc üzvləri bu qocaman müəllimin məsləhəti ilə qarşılıqlı elmi-tədqiqat işi aparır. Abuzər müəllim kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq elmi sahəsində təhsil alan doktorant və dissertantların elmi-tədqiqat işlərinə böyük həvəslə rəhbərlik edir. Respublikamızın bu sahədə aparılan elmi-tədqiqat işləri məhz onun dəyərli tövsiyələri ilə uğur qazanır.

Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət, təhsil, elm sahəsinə qayğı ilə yanaşması, eyni zamanda ağsaqqal ziyalılara etimad göstərməsi və onların təcrübəsindən bəhrələnməyi təqdirəlayiq hal hesab etməsi Abuzər Xələfovun bu günişgüzar fəaliyyətinə stimul verir.

 

Elçin Əhmədov,

Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq kafedrasının

müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent.

 

Respublika.- 2020.- 8 fevral.- S. 6.