NƏRİMAN NƏRİMANOV - 150

(əvvəli 16 və 18 fevral tarixli saylarımızda)

4. Qızılhacılı kəndində. İyirmi yaşlı Nəriman 1890-cı il sentyabr ayının 1-dən Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kənd ibtidai məktəbində müəllimlik fəaliyyətinə başladı.

Nəriman seminariyanın hələ son kursunda ikən Aleksandrovsk Müəllimlər İnstitutunda təhsilini davam etdirmək istəyirdi. Lakin atasının 1889-cu il noyabr ayının 20-də ürək xəstəliyindən qəflətən vəfat etməsi onun gələcək planlarını pozdu. O, sonralar öz tərcümeyi-halında yazırdı: “Hələ seminariyanın buraxılış sinfində oxuyarkən mən təhsilimi Müəllimlər İnstitutunda davam etdirmək arzusunda idim. Lakin təəssüf ki, seminariya sinfini qurtarmağa bir neçə ay qalmış atam vəfat etdi. Bu hal mənə çox ağır təsir etdi. Mən təhsilimi davam etdirmək arzusundan əl çəkdim və atamın vəfatından sonra yaşamaq üçün heç bir vəsaiti olmayan ailəmiz haqqında fikirləşməli oldum”.

Qızılhacılı kənd ibtidai məktəbi bütün Borçalı qəzasında yeganə müsəlman məktəbi idi. Bu, icma yolu ilə, yəni yerli camaatın topladığı vəsaitlə tikilmişdi.

1875-ci ildə çar maarif məmurları Borçalı qəzasında icma yolu ilə bir məktəb tikilməsi məsələsini ortaya atanda qızılhacılılardan savayı heç kəs bu işə yaxın durmadı. Onlar öz hesablarına (hər evdən 1 manat 30 qəpik toplamaqla) daşdan üçotaqlı məktəb binası tikdirdilər. Lakin illər bir-birini əvəz etsə də, məktəbdə müntəzəm dərs keçilmədi. Hələ 1888-ci ildə Tiflis general-qubernatoru Zaqafqaziya Müəllimlər Seminariyasının direktoru S.N.Streleskiyə yazırdı ki, Borçalı qəzasının Qızılhacılı kəndində boş olan müəllimlik vəzifəsinə ildə üç yüz manat maaşla seminariyanı bitirən azərbaycanlılardan bir nəfəri müdir və müəllim təyin etsin.

Lakin Qızılhacılıya müəllim iki il sonra göndərildi. 1890-cı ildə seminariyanı müvəffəqiyyətlə bitirən Nəriman öz razılığı ilə Qızılhacılı ibtidai məktəbinə müəllim təyin olundu. Burada Nərimanı xoş üzlə qarşılamadılar: kəndlilər uşaqlarını məktəbə göndərməkdən qəti boyun qaçırır, gənc müəllimi eşitmək istəmirdilər.

Novoye obozreniye” qəzetinin 1894-cü ildə çap etdiyi bir məqalə Qızılhacılı kəndinin vəziyyəti haqqında müəyyən təsəvvür yaradır: “Borçalı qəzasının tatarları (azərbaycanlıları - T.Ə.) haqqında ürəkağrısı duymadan danışmaq mümkün deyildir. Elə bir cinayət yoxdur ki, yerli əhali tatarları onda təqsirləndirməsin. Onlar həm tənbəl, həm oğru, həm də talançıdırlar. Onlar bütün qəzanı ilahi bir qorxu altında saxlayırlar. Onlar mədəniyyətin qəzaya daxil olmasına maneçilik edirlər”.

Kənddə cəhalətlə üz-üzə gələn gənc müəllimin qəlbi sıxılırdı. Nə etsin? Gerimi qayıtsın? “Yox!” - deyə Nəriman öz-özünə düşünürdü - “Buna insafım yol verməz”. A.O.Çernyayevskinin vidalaşarkən ona dediyi qayğı dolu sözləri qulaqlarında səslənirdi: “Cəsarətli ol, qətiyyətlə işə başla, ruhdan düşmə. Avamlıq və cəhalətə qarşı ən güclü vasitə maarifdir. Sizin əməyiniz və biliyiniz böyük fayda verər. Səbirli, təmkinli ol, ehtiyacı olanlara köməyini əsirgəmə. Əməyiniz hədər getməz. Gec-tez sizi anlayar, xeyirxah işləriniz üçün təşəkkür edərlər”.

Maarif və mədəniyyətdən uzaq düşmüş Qızılhacılı kəndində feodal dövrünün adət-ənənəsi, vərdişləri hökm sürürdü. Nəriman burada zülmət gecənin bağrını yaran şimşəyi xatırladırdı. Onun ziyası qatı qaranlığı parçalayır, qəflətdə yatanları oyadırdı. O, kəndli balalarını məktəbə cəlb etmək üçün elmmaarifi təbliğ edir, kütlələrin gözünü açmağa çalışırdı. Nəriman xalqın xeyir-şərinə qarışır, mübahisəli məsələləri həll edir, hətta kəndlilərə şikayət ərizələri də yazırdı. Beləliklə, ürəklərə yol tapmağa, xalqın etimadını qazanmağa çalışırdı. Nəriman avam, cahil kəndliləri düçar olduqları ictimai bəlalardan ancaq məktəb və maarif yolu ilə xilas edəcəyinə inanırdı. O, gecə-gündüz kəndli balalarının taleyini düşünürdü. Lakin Qızılhacılıda vəziyyət ağır idi. Quraqlıq üzündən çöldə ot-ələf yanıb külə dönmüş, taxıl bitməmişdi. Aclıq ölüm kabusu kimi yoxsul kütlələrin başı üstünü almışdı. Kəndlilər öz uşaqlarını, acından ölməsinlər deyə, bir qarın çörəyə qonşu kəndlərdə, hətta qəzalarda çobanlığa və ya nökərçiliyə vermişdilər.

Məktəbə üç-dörd uşaq gəlirdi ki, bunlar da yerli bəylərin balaları idilər. Lakin yerli bəylər məktəbə soyuq münasibət bəsləyirdilər. Onlar Nərimanın yoxsul kəndlilərlə rəftarından narazılıq edirdilər. Çünki Nəriman Qızılhacılıya gəldiyi ilk gündən yoxsul kəndlilərin xeyir-şərinə qarışır, yeri düşəndə onların təəssübünü çəkirdi. Bir hadisə isə yerli bəylərin Nərimana münasibətini daha da kəskinləşdirmişdi.

Məlum olduğu kimi, keçən əsrin ikinci yarısında Zaqafqaziyanın kənd yerlərində açılan xüsusi icma məktəblərinə dövlət xəzinəsindən maddi yardım göstərilmirdi. Bu məktəblərdə müəllimin maaşı, təsərrüfat xərcləri kəndlilərin öhdəsinə düşürdü. Qızılhacılının yerli bəyləri öz uşaqlarını məktəbə göndərdikləri halda, məktəb vergisi verməkdən imtina edir, onu yoxsul kəndlilərin öhdəsinə qoyurdular. Bu münaqişə zamanı Nəriman yoxsulları müdafiə etmişdi. Nərimanın şəxsində öz havadarını görən kəndlilər yoxlamaya gəlmiş maarif məmurlarına qətiyyətlə demişdilər: “Bizim uşaqlarımız məktəbə getmirlər, ağaların dərsə gedən iki-üç uşağına görə biz bir neçə yüz manat vermək istəmirik, ona iqtidarımız da çatmır”. Borçalı qəzasının məmurları belə hallarda məktəb vergisini ödəməyi kəndin varlılarından tələb edirdi.

Nərimanın avam kəndli kütlələrinin gözünü açması, onun təəssübünü çəkməsi yerli bəylərin narazılığı ilə qarşılanırdı. Onlar öz uşaqlarını məktəbə buraxmır, məktəb vergisindən boyun qaçırır, gənc müəllimi təqib edirdilər. Nəticədə Nəriman Qızılhacılı kəndini tərk etməyə məcbur olur.

Tiflis quberniyasının xalq məktəbləri müfəttişi Boqdanov ibtidai məktəblərin vəziyyəti haqqında Qafqaz təhsil idarəsinin müdiri K.P.Yanovskiyə təqdim etdiyi hesabatının bir yerində yazır ki, Qızılhacılı kənd məktəbi “ən vəhşi və cahil müsəlman camaatı arasında açılmışdır. Məktəb 1890-cı ildə vəsait yoxluğu üzündən bağlanmış və yalnız mənim quberniya və qəza idarələri qarşısında təkidimlə yenidən 1 sentyabr 1894-cü ildə açılmışdır. Məktəb xüsusi daş binada yerləşir. Məktəbin birinci şöbəsinə 20 müsəlman uşağı daxil olmuşdur. Uşaqları məktəbə, əhalini isə məktəb vergisinə öyrəşdirmək üçün mən müəllimə leksik təlimi, ana dilini və hesabı tatar (Azərbaycan - T.Ə.) dilində aparmağa icazə vermişəm”.

Göründüyü kimi, yerli bəylər Qızılhacılıda məktəbin uzun müddət açılmasına yol verməmişlər. Maarif məmurları kəndli uşaqlarını məktəbə cəlb etmək xatirinə onlara doğma ana dilində dərs keçilməsinə güzəştə getməyə məcbur olmuşdular.

Nəriman ilk müəllimlik fəaliyyəti dövründə qəti inanmışdı ki, kütlələrin varlığına hakim kəsilmiş ətalət və fanatizmi ancaq maarifin qüdrəti ilə aradan qaldırmaq olar. Buna görə də maarifpərvər xadim feodal kəndin ictimai bəlasını, cəhalət və nadanlığın mahiyyətini açıb göstərmək, beləliklə, xalqı qəflətdən oyatmaq, onlarda ağır həyat tərzinə qarşı tənqidi münasibət yaratmaq üçün səhnə əsəri yazmaq qərarına gəlir. Bu məqsədlə Qızılhacılıda baş vermiş hadisələri qələmə alır. “Nadanlıq” əsəri belə yaranır. N.Nərimanovun “Nadanlıq” komediyasını yaratması onun doğma vətənə və xalqa sidq-ürəklə xidmət edəcəyini, gələcəyə inamını və böyük ideallar uğrunda bir fədai kimi mübarizə aparacağını göstərirdi.

N.Nərimanov 1925-ci ilin fevralında ictimai-inqilabi və ədəbi fəaliyyətinin 30 illik yubileyi münasibətilə Qızılhacılı kənd ictimaiyyətindən aldığı teleqrama cavabında yazırdı:

Tiflis qəzası, Qızılhacılı.

İsmayıl Mursaqulov yoldaşa.

Ədəbi fəaliyyətimin 30 illiyi münasibətilə qızılhacılıların ümumi yığıncağının məni təbrik etməsi haqqında teleqramınızı aldım.

Xahiş edirəm, səmimi salamımı cəmiyyətə yetirəsiniz. Teleqramı oxuduqda xəyal məni bəşəriyyətin geridə qalan hissəsinə var qüvvəmlə kömək etmək arzusunun qəlbimdə ilk dəfə baş qaldırdığı guşəyə apardı.

SSR İttifaqı MİK sədri

N.Nərimanov”.

İLK AXTARIŞLAR

(1891-1902-ci İLLƏR)

1. “Məktəb, Məktəb! Bizi ancaq məktəb nadanlıqdan xilas edər!”

Rus-tatar məktəbi sorağında... Nəriman Nərimanovun Bakı həyatı ağır, məşəqqətli keçsə də, şərəfli və mənalı olmuşdur. Ömrünü doğma xalqının maariflənməsi və mədəni yüksəlişinə həsr etmiş gənc müəllim üçün Bakı şəhəri əsl mübarizə meydanı idi. Çünki neftmilyonlar səltənəti feodal münasibətləri çərçivəsinə sığmır, bətnində sürətlə böyüməkdə olan burjua ictimai münasibətlərinin mənəvi əzabını çəkirdi. Siyasi-ictimai və mədəni aləmdə bir təşviş və narahatlıq vardı. Zəmanə tərəqqi və yüksəliş sorağında idi. Belə bir vaxtda Bakıya gələn Nərimanın iyirmi bir yaşı vardı. O, gənclik eşqi və ehtirası ilə müəllimlik fəaliyyətinə başlayır. Lakin çox çəkmir ki, xalq arasında maarifpərvər xadim kimi tanınır. Nəriman Bakıda yaşadığı on il ərzində bacarıqlı müəllim, görkəmli yazıçı, tərcüməçi, alovlu jurnalist və istedadlı aktyor kimi ümumxalq şöhrəti qazanır.

Bakının mədəni həyatında nurlu çıraq olan Nəriman zülmət səltənətini işıqlandırır, həmvətənlərini qəflətdən ayıldır, onlarda ictimai mühitə qarşı tənqidi münasibət oyatmağa çalışırdı. Onun qayəsi doğma xalqı maarifləndirmək yolu ilə xoşbəxt həyata və azadlığa qovuşdurmaq idi.

Gənc Nəriman Qızılhacılı kənd məktəbini tərk etdikdən sonra bir müddət işsiz qaldı. Çünki Tiflis mahalının Borçalı qəzasında müsəlman məktəbi yox idi. Buna görə də əmisi Əlimirzə ona Bakıya köçməyi məsləhət görmüşdü. Çünki Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyovun Bakıda açdıqları yeni tipliRus-tatar məktəbi”nin şöhrəti bütün Qafqaza, Orta Asiyaya yayılmışdı. Gənc Nəriman özü də Bakıda belə bir xüsusi məktəb açmaq istəyirdi. Onun arzusu A.O.Çernyayevski və S.Vəlibəyovu da sevindirdi. Onlar istedadlı və işgüzar tələbə kimi tanıdıqları Nərimanın Bakıda rus-tatar məktəbi açmaq istədiyini bəyəndilər. N.Nərimanov Bakıya gəlməsi haqqında sonralar yazırdı: “Rus-tatar məktəbi” açmaq məqsədilə Bakıya köçdüm. Belə ki, həmin ildə Bakı şəhər idarəsi rus-tatar məktəbləri açmağa başlamışdı. Mən yeni açılmış rus-tatar məktəblərinin birinə daxil olmağı məqsədəuyğun hesab etdim, mənim xahişim qəbul olundu. Lakin elə bu vaxt Bakıda Pobedonostsevin şəxsi progimnaziyası açıldı. Ora əlifba şöbəsində dərs deməyə seminariyada təhsil almış müəllim lazım oldu. Bəzi adamların zəmanəti ilə mən hazırlıq sinfinin aşağı şöbəsinə müəllim təyin olundum. Orada progimnaziyanın şəhər gimnaziyasına çevrilməsinə qədər işlədim. Belə ki, Maarif Nazirliyinin sərəncamına əsasən müsəlman müəllimi dövlət qulluğunda işləyə bilməzdi. Ona görə də mən ştatdan kənarda qaldım. O zaman yerli realnı məktəbin direktorunun binagüzarlığına əsasən mən cənab maarif naziri tərəfindən realnı məktəbə sinif mürəbbilərinin ştatlı köməkçisi təyin olundum. Həmin ilin yazında Bakı kişi gimnaziyasında eyni vəzifəyə keçirildim”.

Nəriman Bakıda Marks bağının (indiki “Fəvvarələr” parkı) yerində, “Araz” kinoteatrı ilə üzbəüz yerləşən binada yaşayırdı. O, Bakıya gəldiyi ilk gündən Sultanməcid Qənizadənin və Həbib bəy Mahmudbəyovun qayğısı ilə əhatə olunmuşdu. Onlar gənc dostlarını öz xüsusi məktəblərinə köməkçi vəzifəsinə işə götürdülər. Nəriman 1891-ci ilin yaz aylarını bu məktəbdə işlədi. Şəhər idarəsi xüsusi məktəbləri bağladıqdan sonra isə belə bir xüsusi məktəb açmaq fikrindən əl çəkib yeni açılan rus-tatar məktəblərinin birinə işə girməyə hazırlaşdı. Bu məqsədlə də Bakı şəhər idarəsinin məktəb komissiyasına ərizə verdi:

“Cənab məktəb komissiyasının sədri

həzrətlərinə, Zaqafqaziya Müəllimlər

Seminariyası kursunu bitirmiş

Nəriman Nərimanovdan

Ərizə

Məni Bakı şəhər Dumasının yeni açdığı rus-tatar məktəblərindən birinə nəzarətçi köməkçisi təyin etməyi cənablarınızdan xahiş etməyi özümə şərəf bilirəm. Sənədlərimə gəldikdə isə onlar hazırkı zamanda Tiflis quberniyası xalq məktəbləri müdiriyyətindədir təyinatdan sonra dərhal təqdim ediləcəkdir.

Müəllim N.Nərimanov

21 iyun 1891-ci il

Bakı şəhəri”.

 

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 19 fevral.- S.3.