NƏRİMAN NƏRİMANOV - 150

 

(əvvəli 16, 18, 19 və 20 fevral tarixli saylarımızda)

 

 

 

N.Nərimanovun qrammatika dərsliyinin tərtibi onu təcrübəli müəllim, bacarıqlı metodist və istedadlı psixoloq kimi səciyyələndirir. Onun Azərbaycan dilinin saflığı və düzgün yazı qaydaları uğrunda mübarizəsi dövrün ictimai-siyasielmi baxımından faydalı idi. N.Nərimanovun ana dilinin tədrisi üçün yazdığı kitablar bir tərəfdən məktəblərdə olan ehtiyacı müəyyən dərəcədə ödəyirdisə, digər tərəfdən “mərifətli əhli-qələm”lərin diqqətini ana dilinə yönəldir, onları ayıq salırdı. Bu kitablarda Azərbaycanrus ədəbiyyatından gətirilən nümunə mətnləri maarifçilik ideyalarına uyğun idi. N.Nərimanov maarifpərvər bir ziyalı kimi, mədəni geriliyin, ictimai həyatda baş verən özbaşınalığın səbəblərini “müsəlman milləti”nin dünyəvi elmlərdən uzaq düşməsində görürdü. O, Gəncədə M.F.Axundovun “Hacı Qara” komediyasının tamaşaya qoyulması münasibətilə söylədiyi nitqində həmvətənlərinə müraciətlə deyirdi: “...Heç millət qılınc və tüfənglə qabağa getməyibdir. Hansı millət ki, qabağa gedib tərəqqi edibdir ancaq elmin gücünə xoşbəxt olubdur. Amma o millət ki, ümidini qılınca bağlayıb həmişə zəlalətdə bulunubdur. Hənuz zəlalətdə qalmış millətlərdən biribizim müsəlman millətidir. Bir dürüst nəzər edək bizim zindəganlığımıza! Oğurluq, quldurluq, adam öldürmək və cürbəcür yaman hərəkətlər bizdən baş verir. Doğrudur, bu tövr bədbəxtlik hər millətin arasında olubdur, amma onlar bizdən tez başa düşüb, elmin dalınca gediblər və zülmətdən xilas olub işıqlığa düşüblər. Amma biz hələ qəflət yuxusuna mübtəla olmuşuq”.

“Bəs lazım gəlmirmi bu dərdin dərmanını tapaq?” N.Nərimanov onu düşündürən sualların çarəsini tərbiyədə, maarif və mədəniyyətin, elmin təbliğ edilməsində görürdü. “Necə verək tərbiyə?” sualına özü belə cavab verirdi: “Tərbiyə dəxi ancaq elmin gücünə olar. Ona görə lazımdır məktəblərimiz ola. ...Məktəb açılsın ki, orada bizim uşaqlar rustürk dilini oxuyub və lazım olan tərbiyəni əxz edib gələcəkdə həm özləri və həm ata və anaları xoşbəxt olalar”.

N.Nərimanov “bu tövr camaat işləri bir adamın gücü ilə başa gəlməz” deyə məktəb açılmasına ümumxalq işi kimi baxırdı. O, Gəncənin mərifətli və mədəniyyətli cavan müsəlmanlarının məktəb açmaq təşəbbüsünü təqdir edir, qətiyyətlə deyirdi: “Məktəb, Məktəb! Bizi ancaq məktəb nadanlıqdan xilas edər!”.

N.Nərimanov milli mədəniyyətin tərəqqisində açıqfikirli, vətənpərvər gəncliyin köməyinə inanırdı. Ona görə də Azərbaycan dili müəllimi hüququnu almaq istəyənlərdən imtahan qəbul edən komissiyanın üzvü olduğu zaman istedadlı gənclərə zəmanət verir, onlara böyük qayğı və hörmətlə yanaşırdı. A.Talıbzadə, Ş.Əfəndizadə, Ə.Cəfərzadə, M.Hacınski, Qafur Rəşid kimi maarifpərvər gənclərin müəllimlik vəsiqəsini N.Nərimanovun zəmanəti ilə alması bu fikri sübut edir.

Azərbaycan SSR Mərkəzi Dövlət arxivində saxlanan bir sənəd Mirzə Abdulla (Şaiq) Talıbzadənin müəllimlik vəzifəsinə təyin olunmasında N.Nərimanovun bilavasitə köməyini aydın təsəvvür etməyə imkan verir. (Abdulla Şaiq on yaşında ikən seminarist Nərimanla öz evlərində görüşmüşdü. Onlar ailəlikcə yaxın idilər. Sonralar ailəsi ilə Tiflisdən Bakıya köçməsi Abdulla Şaiqin N.Nərimanovla tez-tez görüşməsinə imkan yaratmışdı). Abdulla Şaiqin etirafına görə N.Nərimanov ona həmişə qayğı ilə yanaşmışdır. O yazır: “...Bakıya köçdükdən sonra anam ilə Nərimanı və anasını görməyə getdik. O zaman Pazinovski küçəsində (indiki Engels küçəsində) Cəfərovların evində yaşayırdı. Anası ilə görüşdükdən sonra məni öz otağına apardı. Bura kiçik, qaranlıq bir otaqdan ibarət idi. Çoxlu kitab, qəzet və məcmuələrlə yüklənmiş köhnə yazı masasının yanında oturduq. Atamı soruşdu. “Bakı xoşuna gəlirmi?” - deyə xəbər aldı. Mən müəllimliyə imtahan vermək üçün hazırlaşmaq istədiyimi açıb söylədim. Bu fikrimi o çox bəyəndi və özü yazmış olduğu kiçik sərf kitabını mənə verib dedi: “Al, bunu yaxşı öyrən!” “...Nəriman mənə metodika, didaktika və Azərbaycan ədəbiyyatını öyrənməyi tapşırdı”.

Abdulla Şaiq orta məktəblərdə Azərbaycan dili müəllimi hüququ almaq üçün I Aleksandrovski gimnaziyasında imtahan verdiyi vaxt komissiyanın tərkibində olan N.Nərimanov ondan Azərbaycan dili və ədəbiyyatından imtahan qəbul etmişdir.

1901-ci ildə Abdulla Şaiq Bakı Duması nəzdində olan maarif şöbəsi müdiriyyətinə müraciət edir, böyük həmkarının köməyi ilə müvəqqəti ehtiyat müəllimi vəzifəsinə təyin olunur. Bu onun ilk uğurlu addımı idi. N.Nərimanov 1901-ci ildə Bakı Dövlət Duması nəzdindəki maarif şöbəsində işləyən Mixail Aqanyeviçə göndərdiyi məktubunda yazırdı: “Mixail Aqanyeviç, sizinlə görüşməyimə mane olur, ancaq sizin alicənablığınıza və xeyirxahlığınıza ümid bəsləyib, sizə yazılı müraciət etməyə cürət edirəm. Tatar (Azərbaycan - T.Ə.) dili müəllimi Mirzə Abdulla Talıbzadənin “Rus-tatar” məktəblərində müəllim təyin olunmasını xahiş edirəm. O, həmin fənni hətta orta məktəblərdə demək hüququna malikdirrus dilini kifayət qədər yaxşı bilir. Siz əgər onun sənədlərini özgələrin sənədləri ilə müqayisə etsəniz, onda başqalarından ləyaqətli olduğu aydınlaşar.

Narahatlıq üçün bağışlayın.

Sizə hörmət edən və qulluğunuzda həmişə hazır olan N.Nərimanov.

Bakı, 17 sentyabr 1901-ci il”.

N.Nərimanov əməli fəaliyyəti ilə gənclərə nümunə idi. O, müəllimliklə yanaşı, Bakının ictimai həyatında çoxcəhətli fəaliyyət göstərirdi: milli mətbuatın yaranmasına can atır, dərsliklər və dəyərli bədii əsərlər yazır, teatr tamaşaları verir, xalqın mədəni tərəqqisi uğrunda yorulmadan çalışırdı.

2. İlk milli qiraətxana. “Nəriman qiraətxanası”. N.Nərimanov doğma xalqla daha yaxın ünsiyyət yaratmaq, beləliklə, zəhmətkeş kütlələrin məfkurəvi inkişafına, maariflənməsinə təsir etmək məqsədilə kitabxana açmaq istəyir. Lakin maddi vəsait olmadan belə bir mədəniyyət ocağının təşkili və fəaliyyəti çətin idi. Buna baxmayaraq, xalqın mədəni tərəqqisinə çalışan, qabaqcıl fikirli ziyalıların maddi və mənəvi köməyinə ümid bəsləyən N.Nərimanov ucuz qiraətxanası olan kitabxana layihəsi tərtib edir.

Bu təşəbbüs yerli mətbuatın nəzərindən yayınmır. “Kaspi” qəzeti 1893-cü il 20 noyabr tarixli nömrəsində yazırdı: “Bizə məlum olduğuna görə, bu yolda indiyədək heç bir təşəbbüs göstərilməmişdir, lakin inamla demək olar ki, həm qəzetə, həm də kitabxana və qiraətxanaya çox ehtiyac duyulursöz yox ki, bunlar maarifləndirici vasitələr kimi, “zülmət səltənətinə”, xurafatmövhumat, cahillik və nadanlıq, ailə istibdadı, durğunluq və ətalət səltənətinə işıq saçmaqda böyük fayda verə bilər...”

Nəhayət, N.Nərimanova ancaq ucuz qiraətxana açmağa razılıq verilir, “Tərcüman” qəzeti bu barədə yazır: “Bakıda realnı məktəb müəllimlərindən Nəriman bəy Nərimanov rəsmi qiraətxana açmağa icazə aldı. Bu, müsəlmanların birinci qiraətxanası olacaqdır”.

Baxçasarayda çap edilən “Tərcüman” qəzeti 1894-cü il 3 aprel tarixli nömrəsində oxucularına xəbər verirdi ki, yaxın günlərdə Bakıda müsəlman qiraətxanası açılacaqdır. Qəzet bu xeyirxah təşəbbüsü bakılıların müdafiə edəcəklərinə inamını bildirərək yazırdı: “Kaş ki, bu hal digər müsəlman cəmiyyətləri üçün nümunə olsun”.

N.Nərimanov Bakının sakit bir guşəsində - Spasski küçəsində Abdulla bəy Əmirovun evində otaq kirayə edir. Lakin uzun süründürməçilikdən sonra, nəhayət, ona Qorçakov küçəsində kiçik bir mənzildə qiraətxana açmağa icazə verirlər. N.Nərimanov məslək dostlarının - S.Qənizadənin, H.Mahmudbəyovun, Ə.Cəfərzadənin yaxından köməyi ilə ayrı-ayrı adamlardan qiraətxanaya kitab, qəzet və jurnal yığmağa başlayır. (N.Nərimanov qiraətxanaya maddi və mənəvi yardımını əsirgəməyən İ.Nağıyevə, doktor S.Axundova, H.Z.Tağıyevə, İ.Dmitriyevə və b. öz razılığını yeri gəldikcə, mətbuat vasitəsilə bildirmişdir).

Maarifpərvər ziyalı gənclər xeyli zəhmət bahasına qiraətxanaya Azərbaycan, rus və Şərq ədəbiyyatının qiymətli incilərini topladılar: Nizami Gəncəvinin “Xəmsə”si, Məhəmməd FüzulininLeyli və Məcnun”u, Molla Pənah Vaqifin qoşmaları, Mirzə Fətəli Axundovun “Təmsilat”ı, Qasım bəy ZakirinSeyid Əzim Şirvaninin şeirləri qiraətxananın bəzəyi idi. Bura “Əkinçi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” qəzetləri ilə yanaşı, Rusiyada dərc olunan qəzetlər də gətirilirdi. Beləliklə, ilk milli qiraətxana 1894-cü il aprel ayının 8-də fəaliyyətə başladı.

N.Nərimanov müasir tələblərə uyğun kütləvi milli kitabxana yaratmaq arzusu ilə xarici ölkələrin qəzet və jurnal redaksiyalarına, ayrı-ayrı şəhərlərin mərkəzi kitabxanalarına da müraciət edir. Çox çəkmir ki, Kəlküttə, İstanbul, Qahirə, Sofiya, Təbriz, Tehran və digər şəhərlərdən xeyriyyə yolu ilə qiraətxanaya pulsuz kitab, qəzet və jurnal göndərilir. Qısa müddət ərzində qiraətxana rus, tatar, ərəb, fars, gürcü, yəhudi dillərində 27 adda qəzet alır.

Görkəmli erməni yazıçısı Vrtanes PapazyanMürc” jurnalında çap etdirdiyiQafqaz türklərinin ədəbiyyatı haqda bir neçə söz” adlı məqaləsində yazırdı ki, qiraətxana İstanbuldan gündəlik “Tərcümani-həqiqət”, ikihəftəlik, şəkilli “Məlamət”, həftəlik “Xəzineyi-fünun”, həftəlikMaarif” və “Əxtər” qəzetlərini alırdı. Buraya Qahirədən ərəbcə həftəlik “Əl-Nil”, Sofiyadan türkcə gündəlik yeganə mütərəqqi “İttifaq” və Təbrizdən həftəlik “Nəsihə” qəzetləri də göndərilirdi.

Qiraətxananın müdiri müəllim Əlisgəndər Cəfərzadə, kitabxanaçı Seleznyak idi. Onlar qiraətxanada səliqə ilə kataloq tutmuş, ciddi nizam-intizam yaratmışdılar. Hər gün səhərdən axşamadək açıq olan kitabxana əsl xalq məktəbinə çevrilmişdi. N.Nərimanov xaricdən və Rusiyadan göndərilən dövri mətbuatın və yeni kitabların köməyi ilə oxucuların nəzərində “möcüzə” yaratmışdı. Dünya hadisələri, ayrı-ayrı xalqların həyat tərzi və mədəniyyəti oxucularda ciddi maraq doğurmaqla yanaşı, həm də onları istər-istəməz öz həyatına və mühitinə, ictimai həyatda baş verən hadisələrə nəzər salmağa təhrik edir, düşündürürdü; hər kəs qəzet oxumağa mənəvi ehtiyac duyurdu.

1894-cü il aprelin 8-dən mayın 4-dək qiraətxanaya 710 nəfər oxucu gəlmişdi. Bunlardan 200 rus, 35 gürcü, 130 erməni, 141 bakılı olmayan müsəlman, 151 bakılı müsəlman, 8 alman, 5 fransız, 40 yəhudi oxucusu idi. Kitabxana müxtəlif dillərdə 25 adda dövri mətbuat alırdı. Bu faktın özü şəhərdə qiraətxanaya son dərəcə böyük mənəvi ehtiyacın və marağın olmasını sübut edirdi. Qiraətxananın açılması xəbərini föhş və təkfirlərlə qarşılayan molla və seyidlər belə özlərini saxlaya bilmirdilər. Onlar utandıqlarından qiraətxanaya girmir və qəzetləri evə aparırdılar. Onlar qəzetləri bir-birinin əlindən zorla alırdılar, həmin qəzetlər oxunduqdan sonra demək olar, cırılıb köhnəlirdi.

V.Papazyan qiraətxananın fəaliyyəti haqqında öz həmkarlarına yazırdı: Bu statistik rəqəmlər N.Nərimanovun nəcib işinin nə qədər böyük sürətlə irəli getməsini göstərir: 1894-cü ildə açılan qiraətxanaya 1896-cı ilin yanvarınadək türk (Azərbaycan - T.Ə.) oxucularından 642 nəfər, fevral ayında 572, mart ayında 633, aprel ayında isə 647 nəfər getmişdir. Bu qədər oxucu bəlkə də bizim erməni qiraətxanalarının çoxunda yoxdur.

Qiraətxananın fəaliyyəti bütün “müsəlman aləmini maraqlandırırdı. “Tərcüman” öz oxucularının arzusunu nəzərə alaraq hər ay kitabxana haqqında xəbərlər dərc edirdi. Qəzet 1894-cü il 30 iyun tarixli nömrəsində yazırdı: “Nərimanovun ucuz qiraətxanasına mayın 1-dən iyunadək 1035 adam, o cümlədən 1026 kişi, 9 qadın gəlmişdir. Gələnlərin milli tərkibi belədir: ruslar 329, müsəlmanlar 307, yəhudilər 86. Pulsuz gələnlər 35 nəfər olmuşdur”. 1894-cü il iyul ayının 15-də isə “Tərcüman” belə bir məlumat vermişdi: “Ötən iyun ayı ərzində Bakı şəhərində cənab Nərimanovun qiraətxanasına 724 adam, o cümlədən 720 kişi və 4 qadın gəlmişdir. Gələnlərin milli tərkibi belədir: ruslar 223, ermənilər 147, gürcülər 134, müsəlmanlar 123, yəhudilər 97”. Novoye obozreniye” qəzeti ucuz qiraətxananı ziyalılardan ötrü “kifayət dərəcədə sevindirici hadisə” hesab edir və maarifpərvər N.Nərimanovun Bakıda “bu qədər təəccüblü görünən (burada hamı qəpiyini güdür) əməlini nümunə gətirir, onun öhdəsinə götürdüyü şərəfli işin xatirinə ictimaiyyət olmasa da, heç olmazsa, şəhər özünüidarə orqanının bu təşəbbüsə qoşulub kiçik həcmdə olsa da, qiraətxana təşkil etməsini məsləhət görürdü, “çünki şəhərin xüsusi ucuz kitabxanası yoxdur”.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 22 fevral.- S.6.