Xocalı faciəsinin 28-ci ildönümü anıldı

 

Səbail rayonu 239 saylı tam orta məktəbdə Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirildi. Anım mərasimində Dövlət Himni səsləndirildi, Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbiri məktəbin direktoru Sədaqət Əzimova açdı. Xocalı qətliamı barədə geniş danışan məktəb direktoru vurğuladı ki, 26 fevral 1992-ci il tarixində erməni cəlladları SSRİ-yə məxsus olano dövrdə Xankəndidə yerləşən, tərkibi əsasən erməni zabitlərindən ibarət 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərinə 5 istiqamətdən gözlənilməz hücum etdilər. Dinc əhaliyə qarşı görünməmiş cinayət aktı törətdilər, yüzlərlə köməksiz insan vəhşicəsinə qətlə yetirildi, körpə uşaqların, qocaların, hamilə qadınların həyatına son qoyuldu, Xocalı şəhəri yerlə-yeksan edildi. Beləliklə, erməni şovinistləri dünyada misli görünməmiş soyqırımı həyata keçirdilər. Həmin o qanlı gün, Xocalı faciəsi Azərbaycan xalqının qan yaddaşına həkk olunan acı bir kədər, dərin bir üzüntüdür. O müdhiş gecədə cəmi bir neçə saat ərzində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 nəfər ahıl qocanın həyatına son qoyulmuş, 8 ailə tamamilə məhv edilmiş, 487 nəfər şikəst olmuş və 1275 nəfər vətəndaşımız erməni qəsbkarları tərəfindən girov götürülmüşdür.

 

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdışından sonra Xocalıda baş vermiş soyqırımı hadisəsinə hüquqi qiymət verildi, bu barədə əsl həqiqətlər dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətə çatdırıldı. Heydər Əliyevin fərmanı ilə 26 fevral - Xocalı soyqırımı günü elan olundu. Ulu öndər Xocalı soyqırımı barədə demişdir. Bu təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara ləkə kimi qalacaqdır.

 

Sədaqət Əzimova onu da vurğuladı ki, bu gün Azərbaycan rəhbərliyi bu soyqırımın bütün dünyada tanınması üçün ideoloji işlər aparır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan həqiqətləri, Xocalı faciəsi haqqında kitablar, filmlər və sərgilər dünyanın bir çox ölkələrində nümayiş etdirilir. Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası həyata keçirilir.

 

Sonra çıxış edənlər, Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar şöbəsinin əməkdaşı Kəmalə Həşimova, Qarabağ müharibəsi veteranı, II qrup əlil, 20 Yanvar hadisələrinin canlı şahidi İradə Sadıxova, Səbail rayon veteranlar təşkilatının sədr müavini Altay Babaşov, veteran Aslan Əmrahov, Səbail Rayon Pİ-nin Yetkinlik yaşına çatmamışlarla şöbəsinin rəisi Əsəd Umbayev və digərləri də faciə ilə bağlı ətraflı danışdılar. Qeyd etdilər ki, erməni separatçılarının xalqımıza qarşı həyata keçirdikləri soyqırımı, axıdılan günahsız qanlar yerdə qalmayacaq, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasi kurs nəticəsində Ordumuz daha da güclənərək torpaqlarımız işğaldan azad olacaq. Buna hər bir Azərbaycan vətəndaşı əmindir və tam inanır. Çıxış edənlər məktəbin direktoru Sədaqət müəllimə və əməyi keçənlərə belə bir tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildirdilər.

 

Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş tədbirdə məktəbin şagirdləri o müdhiş gecədə baş vermiş qanlı hadisələri səhnələşdirilmiş kompozisiyalarda olduqca dolğun və təsiredici şəkildə nümayiş etdirdilər, faciə ilə bağlı şeirlər söylədilər, şagirdlərin çıxışları tədbirdə iştirak edən qonaqlar tərəfindən rəğbətlə qarşılandı.

 

Əli SADIQOV

 

Respublika.- 2020.- 27 fevral.- S.5.