Vətən ona oğul dedi...

 

Hər dəfə şəhid haqqında yazı yazanda istər-istəməz Dədəmiz Qorqudun sözlərini xatırlayıram: “Torpağı qorumasan, əkib-becərməyə, əkib-becərməsən, qorumağa dəyməz”. Doğrudan da, torpağa sevgin, məhəbbətin olmasa, nə onu qorumağa, nə də əkib becərməyə dəyər. Bəs torpaq uğrunda ölmək, canından keçmək, şəhid olmaq? Bu, vətən sevgisinin zirvəsidir. Vətəni sevmək isə imandandır... Nə qədər imanlı olasan ki, xalqının xoşbəxt gününə özünü qurban deyəsən: “Mən birinci növbədə, şəhid analarına müraciət edirəm: heç vaxt şəhidlər üçün ağlamayın, analar. Sizə qurban olum, sizin qeyrətinizə qurban olum ki, belə övladlar həyata gətirmisiniz, belə böyütmüsünüz, Vətənin müdafiəsinə göndərmisiniz. Onlar xiyabanda çox məğrur yatırlar. Onlar ölməyiblər. Onların ruhu da torpağın üstündədir. Onların ruhu bu vətənin azadlığına kömək edəcəkdir. Başı əsrlərlə bəlalar çəkmiş Azərbaycan xalqı, inşallah, vətənpərvər oğulların başçılığı altında xoşbəxtliyə çatacaqdır. Mən bu günə inanıram. Qurban olum o günə. Mən həmin günə özümüqurban demişəm. Allah mənə göstərməsə də, vətənimin bütün övladlarına bunu nəsib etsin”.

Birbaşa döyüş bölgəsindən çəkilmiş kadrlarda bir vətən sevdalısının bu odlu-alovlu çıxışını həyəcansız izləmək mümkün deyil. Topun, güllənin səsinə qarışan bu çıxışda o qədər səmimiyyət var ki... Nəsihətmi, vəsiyyətmi?! Söyləmək çətin! Məncə hər ikisi... 27 yaşlı bir gəncin yaşından böyük, əkə-bükə kişilərə xas danışığı səni elə o andaca öz təsiri altına alır. Belə gənckən ölümdən qorxmamaq, ölümün gözünə dik baxa bilmək cəsarəti səni də ürəkləndirir: ağlamaq, sızlamaq yox!.. Bax, bu yazıda şəhid Cəlal Rüstəmovun həyat yoluna qısaca nəzər salacaq, onu tanıyanların söylədiyi fikirlərin fonunda bu cəsur, qorxmaz qəhrəmanımızın portretini yaratmağa çalışacaq, bu portretə vurduğumuz cizgilərlə onun nəsillərə nümunə olan bənzərsiz, təkrarsız igidliyinin zirvəsinə boylanacağıq.

Görəsən, insan üçün bu həyatda ən çətin şey nədir? Mən heç düşünmədən deyərəm: gözləmək. Sonunun nə ilə bitəcəyini bilmədən, yaxud bilərəkdən oturub gözləmək. Bəzən bu, insanın səbrini, hövsələsini, inamını, ümidini, həyata sevgisini alır əlindən. Bəzən də əksinə... Gözləmək çətindir, itirdiyinin dönməyəcəyini bilə-bilə. Çətindir dönüşü olmayan gedişin, səndən alıb apardığının nə vaxtsa bir möcüzə ilə qayıdacağını gözləmək. Ən çətin isə itkin düşmüş bir övlad yolunu gözləməkdir. Bir məzar önündə göz yaşı töküb, ağı deyib ağlayan bir anaya qibtə hissi ilə baxıb, bəxtəvərlik oxumaqdan çətin bir şey varmı? Bir məzar həsrətilə yatıb-oyanmağın nə olduğunu itkin-şəhid oğulların anaları bilər. Hər yada düşəndə için-için sızlayıb göz yaşı tökən bacılar, qardaşlar bilər. Ata üzü görməyən övladlar bilər. Çətindir hələ hər şeyi o qədər də anlamayan: “Məni atamın məzarına götürün!”- deyib israr edən bir uşağa “Sənin atanın məzarı yoxdur!”-söyləmək... Səriyyə anaya da çətin oldu itkin Cəlalının yolunu gözləmək, lakin dözdü, gözlədi onun qayıdacağı günü. Bir gün sular duruldu, göy üzündən qara buludlar çəkildi, həsrətə son qoyuldu. Qayıdan Cəlalın özü deyil, yad yerlərdə dolaşan ruhu oldu... Bir qədər sonra illərin dərd yükünü çiyinlərindən atıb ruhən də oğluna qovuşdu...

Mən onu hansı yaxşı bir övlada bənzədim ki... 1965-ci il aprelin 9-da İsmayıllı rayonunun Mican kəndində Rüstəmovlar ailəsində dünyaya gələn Cəlal Əbdülhəkim müəllimin, Səriyyə ananın ilk göz ağrıları idi. 1982-ci ildə orta məktəbi bitirib Bakı Neft-Kimya Texnikumuna qəbul olanda artıq atasını itirmişdi. Elə o vaxtdan dərd ortağı, məsləhət yeri oldu Səriyyə ana, sözündən heç vaxt çıxmadı, tək bir dəfə... 20 Yanvar və Xocalı faciələrindən sonra. Təhsilini başa vurub təyinatla göndərildiyi Tümen vilayətinin Novıy-Urenqoy şəhərində neft sahəsində perspektivli işini, rahat şəraitini atıb vətənə dönəndə, 1992-ci ilin martında Milli Ordu sıralarına könüllü şəkildə yazılıb cəbhə bölgəsinə yollananda: “Getmə, oğul, başına dönüm, getmə! Güllə heç kimi tanımır, bala. Mən necə dözərəm?”-deyən gözüyaşlı anaya: “...Yadındamı, atam həmişə başımı sığallayanda: “Oğlum, kişi həmişə qadınları qorumağa borcludur”-deyərdi. Xalqımızın, tapdalanmış namusumuzun intiqamını almayınca, mən sakit qala bilmərəm. Qorxma, ana, sağ-salamat qayıdacağam” - demişdi. Ananın isə xeyir-dua verməkdən başqa çarəsi qalmamışdı: “Tanrıya əmanət ol, bala. Allah səni pənahında saxlasın! Al qisasını o mənfurlardan...”

Cəlalın 2 yaşlı oğlu Elçinlə vidalaşması daha təsirli olmuşdu. Hərbi geyimdə qarşısında dayanan atasına elə məlul-məlul baxırdı ki: “... Elçin, mən gedirəm sənin azadlığın üçün. Əgər qayıtmasam, bil ki, sənin azadlığında bizim şəhidlərin, bizim övladların, millətin ən qeyrətli oğullarının payı var. Həmin o payımızla yaşa”. Təbii ki, bu sözlərin mənasını anlamamış, göz yaşı töküb: “Ata, getmə, getmə!..” deyə bağırmış, hayqırmışdı körpə...

Yaxşı döyüşçü-kəşfiyyatçı idi Cəlal. Cəlal Rüstəmov haqqında Rəna Mirzəliyevanın yazdığı, 2018-ci ildə təqdimatı olmuşAtam mənə oğul deyib” adlı kitabından: “1992-ci ilin mart ayında Milli Orduya yazılaraq 15 günlük təlimdən sonra Goranboy cəbhəsinə yola düşdü. Buranın erməni quldurlarından azad edilməsi uğrunda gedən döyüşlərə qatıldı. Sonralar başqa bölgələrdə də döyüş tapşırıqlarının yerinə yetirilməsində bənzərsiz igidliklər göstərdi. Döyüş dostları onu sevir, ona arxalanırdılar. Göstərdiyi igidliklər düşməni vahiməyə salmışdı. Düşmənlər isə bu cəsur oğlanı, igid əsgəri, əlimyandıda axtarırdılar. Hətta onun başına pul təyin etmişdilər... Cəlal həmişə öndə gedərdi. Məlum Ağdərə əməliyyatlarının uğurlu alınmasında Cəlalın böyük rolu vardı...”

Qəhrəmanlıq Cəlalın alın yazısıydı, canına, qanına hopmuşdu. Əmiləri Əliabbas, Abduləli Böyük Vətən Müharibəsinin odundan, alovundan keçmiş, igidlik göstərmişdilər. Sinəsi ordenli, medallı Əliabbas Rüstəmov Fransa Müqavimət hərəkatında misilsiz qəhrəmanlığı ilə dünyaya səs salmış, Azərbaycanın fəxri “Xarqo” ləqəbli Əhmədiyyə Cəbrayılovun döyüş dostu, silahdaşı idi. Faşizm üzərində qələbədə bu qardaşların da payı vardı. Cəlal da bax, bu ənənəni davam etdirmişdi. Maraqlıdı, o, qəhrəman olacağına hələ kiçikkən, bu sözün mənasını o qədər də dərk etmədiyi bir vaxtda söz vermişdi, sözünütutdu.

Respublikaya ilk rəhbərliyi dövründə İsmayıllı rayonuna gələn ulu öndər Heydər Əliyev “Xarqonun - Əhmədiyyə Cəbrayılovun döyüş dostu Əliabbas Rüstəmovla da görüşür, problemi ilə maraqlanır. Bu zaman onun yanında olan balaca Cəlala nəzər yetirərək: “Oğlundu?-deyə soruşur. O: “Yox, qardaşım oğludur” - deyir. Ulu öndər əllərini Cəlalın saçlarında gəzdirərək: “Böyüyəndə nəçi olacaqsan, balaca?” - soruşanda, Cəlal qətiyyətli bir səslə: “Qəhrəman olacağam!” - demişdi.

Cəlalın atası Əbdülhəkim uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuş, rayon təhsilinə töhfələr vermişdi. Ürəyi sözlü, yaradıcı ziyalılardan idi, şeir və məqalələrlə mətbuatda çıxış edirdi. Onun şeirlərində vətən, el-oba məhəbbəti, yaşadığı dövrə, ətrafda, dünyada baş verən proseslərə münasibəti əks olunur. Haqqın, ədalətin səsinə səs verir, haqsızlığa qarşı çıxırdı:

Məni ümidsiz elədi əhli-zaman,

Mən deyil, dil bilən hər dağ əriyər.

Dərdimi bilsə əgər göydə bulud,

Yerdə ot, ağacda yarpaq əriyər.

Ey Həkim, hikməti var, bəlkə, bunun,

Agah ol, əyali sarsaq əriyər.

Bu mənada atasına çox çəkmişdi, Cəlal haqqın, ədalətin, doğruluğun, dürüstlüyün tərəfdarı idi, sözü üzə deməkdən çəkinməzdi qıyma-qıyma doğranacağını bilsə belə. Bax, bu insani keyfiyyətləri idi onu xalqının haqq işi uğrunda ölümə aparan.

Həyat yoldaşını itirdikdən sonra Səriyyə ananın çiyinlərinə düşdü ailənin bütün yükü. O, bunu qeyrətlə çəkdi. Övladlarını böyütdü, oxutdu. Cəlalın ailə qurduğu gün dünyaları vermişdilər ona. Bütün çətinliklərə dözüb, heç bir qapını döymədi. Elə Cəlalın itkisindən sonra da bütün ağrı-acını içində çəkdi, həsrətlə gözlədi. Məzarsız balası üçün bir anım, bir xatirə yerinin qurulacağına inandı. Və bir gün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun qapısını da bu ümid, bu inamla döydü. “Atam mənə oğul deyib...” kitabına daxil edilmiş Mirdamət müəllimin “Ana ucalığı, övlad məhəbbəti” adlı yazısından: “...Dərdli ananı dinlədim. Qəmini yüngülləşdirmək üçün dövlət nümayəndəsi kimi ona hər cür kömək təklif etdim. Ana bütün təkliflərimi qətiyyətlə rədd etdi. Bircə arzusu olduğunu bildirdi: oğlunun adının əbədiləşdirilməsi üçün müəyyən görülsün.

Ucalıq bildiyim bu sadə istəkdən kövrəldim. Qəlbim qürurla doldu. Qarşımdakı ananın böyüklüyünü bir daha heyran-heyran süzdüm... Bu müqəddəs arzuya bütün İsmayıllı sakinləri səs verdi... Qısa müddətdə monumental bir abidə ucaldı, ətrafında bir park salındı. Ağaclar, güllər, çiçəklər əkildi. Kiçik torpaq sahəsi şəhidin adına layiq bir ziyarətgah səviyyəsinə gətirildi”.

Bu 2013-cü ildə oldu, Cəlalın 1993-cü ilin sentyabrında itkin düşmə xəbərindən düz 20 il sonra. Nəhayət, ananın gözləri yollardan yığıldı. Bax, həmin gün qayıtdı Cəlal öz doğma elinə-obasına, daşa, mərmərə, bulağa dönüb döndü. İndi bu yerdən insan əskik olmur, tez-tez tədbirlər keçirilir, şəhidin xatirəsi anılır. Cəlal filmlərdə də öz halal haqqına qovuşub: əbədi yaşamaq haqqına. Kinorejissor Nizami Abbasın “İgid əsgər” və “Batalyon” sənədli filmlərində də Cəlal öz qəhrəmanlığı ilə gələcək nəsillərə vətəni sevmək, qəhrəmanlıq dərsi verir. Nə yaxşı ki, yaxşılar varmış...

Hər il aprel ayının 9-u Cəlalın ad günündə İsmayıllı rayon 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivi abidəni ziyarət edib, ədəbi-bədii kompozisiya ilə çıxış edərək gül-çiçəklərlə abidəni bəzəyirlər. Eləcə də şəhər 3, 7 saylı və digər məktəblərin kollektivi vaxtaşırı bulaq abidə-kompleksini ziyarət edir, önünə əklillər qoyurlar. Həmçinin, 2 saylı uşaq bağçası-körpələr evinin müdiri Rəfiqə Əzimova tez-tez uşaqları bulağın önünə ziyarətə gətirir və Cəlalın qəhrəmanlığından onlara söhbət açır.

Bir neçə gün bundan öncə İsmayıllı şəhər 2 saylı tam orta məktəbin direktoru Ramil Dadaşov və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Məmmədovanın təşkilatçılığı ilə məktəbdə Cəlalın xatirəsinə həsr olunmuşAtam mənə oğul deyib” adlı tədbir keçirildi. Tədbirin məqsədi şəhidin qəhrəmanlığı haqda şagirdlərə məlumat vermək və onun xatirəsini ehtiramla yad etmək idi.

Həmin bulaq abidə-kompleksinin açılışında şəhidin bacısı Xoşqədəm Rüstəmova demişdi: “Hər birimiz bir ailədə, bir atanın, ananın övladı kimi dünyaya gəlirik. Elə çoxumuz da bu dünyadan bir ailənin övladı kimi köçürük. Amma elə insanlar var ki, təkcə bir ailənin əzizi kimi deyil, bir elin, obanın, millətin övladı, doğması kimi dünyadan köçür. Cəlal da bu qism insanlardandı. O, elin, obanın əzizi, sevimlisi olmağı, düşünülmüş şəkildə vətənini sevərək cəbhəyə, torpaqların müdafiəsinə yollanaraq, gənc ömrünü qorxmadan, çəkinmədən qurban verməyi bacardı. Himnimizdə belə bir fikir var:

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu”.

O hansı hüquqdur? İnsanın həyatda ən ali hüququ olan yaşamaq hüququ. Hər kəs bu hüququndan vaz keçməz. Və qəhrəman o kəslərdir ki, xain düşmən baş qaldıranda göz qırpmadan döyüşə atılır, qorxmadan, çəkinmədən vətənin müdafiəsi naminə ölümün üstünə getməyi bacarır. Çoxlarının bir ömür payında qazana bilmədiyi ucalığı o, qısa ömür payında qazandı, şərəfli bir ömür yaşadı. Və bu şərəfli ömrü ilə nümunə olmağı bacardı”.

Həmin tədbirdə Cəlalın döyüş yoldaşları da ürək sözlərini söyləmişdilər. Heydər Nəsibov: “...Sanki bu insan doğulanda elə fədakar doğulmuşdu. Vətən, torpaq eşqi ilə tutuşub yanırdı. Bizim hamımızı ruhlandıran elə bu fədakarlıq idi. Və kəşfiyyatlarda olduğumuz bütün zamanlarda həmişə uğurla geri dönmüşük...”

Elxan Beydullayev: “Cəlal həmişə bizə deyirdi ki, kəşfiyyatçı heç kəsə bənzəməyən döyüşçüdür. Əgər kəşfiyyatçı bilirsə ki, sonuncu tapşırıqdan sağ çıxmayacaq və bununla da qələbə qazanacaq o, bu ölümü gözünü qırpmadan şərəflə qəbul etməli, şəhidlik zirvəsini fəth etməlidir. Cəlal ölümü şərəflə qəbul edən məhz belə kəşfiyyatçı idi”.

Özü bilirdi, söyləmişdi də: Şəhidlər ölmür. Bir atanın deyil, böyük bir xalqın oğlu oldu Cəlal, axı Vətən ona oğul demişdi...

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2020.- 29 fevral.- S.6.