MƏNALI ÖMÜR YOLU

 

Dünya elminin möhtəşəm simalarından biri olmuş görkəmli fizik Albert Eynşteyn yazırdı: “Bəşəriyyətin gələcəyi elmi-tərəqqinin sabahından bir o qədər asılı deyil, insani əxlaqın və mənəviyyatın sabahkı mənzərəsindən asılıdır”. İnsan övladı ağlın və kamalın gücü ilə əldə etdiyi mənəvi sərvətləri, bəşəri ideyaları qabarıq şəkildə gerçəkləşdirib, ictimai fikrə, mənəvi iqlimə nəvaziş göstərib, onun qayğısına qalarsa, insan fenomeni, cəmiyyət faktoru da yüksək və orijinal tərəqqi yoluna düşmüş olar. Təqdim olunan bu mülahizələr üzərində düşünərkən, cəmiyyətin inkişafı yolunda fədakarlıq nümunəsi göstərən, söz və əməl etiqadında həmişə münəvvər görünən, həyatını milli və ümumbəşəri məqsədlər yolunda şam kimi əridən mətin insanlar yada düşür. Bir daha onların şəxsiyyətinə, mənəviyyatına, fəlsəfi-humanist ideyalarına möcüzə kredosu kimi baxır, sənət və ömür-gün yollarındakı vüsətli inkişafa yüksək dəyər verir, idrak və ağıl mülkündən süzülüb gələn müdrik, aforistik deyimlərinə, əldə etdikləri nailiyyətlərə görə onları örnək adlandıranlara təkrarən haqq qazandırmalı olursan. Doğma vətənimizdə belə nadir keyfiyyətlərə qadir olan şəxsiyyətlərdən, iti təfəkkürü, istedadı, intellekti ilə seçilən, 70 illik mənalı ömrünün əlli ilini qurub-yaratmaq eşqi ilə yaşamış, torpağına, millətinə sidq ürəklə xidmət etmiş, xalqımızın ziyalı övladlarından biri də Vəli Şirindil oğlu Amanovdur. Onun dəyərli oxucular üçün maraqlı görünən həyat xronikasının bəzi səhifələrini xatırlamaq, güman edirəm ki, yerinə düşər. O, Qərbi Azərbaycanın Meğri rayonunun, iki məğrur qayalar arasında yerləşən Nüvədi kəndində 31 iyul 1950-ci ildə anadan olmuşdur. Burada böyüyüb, məktəbə getmiş, ən nümunəvi şagird kimi müəllimlərin sevimlisinə çevrilmişdir. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra, Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinə daxil olaraq institutun fəal, sevimli tələbəsinə çevrilmiş və oranı müvəffəqiyyətlə bitirmişdir. Artıq, uşaqlıqdan xəyalında keçirdiyi, hərdən yuxuda belə gördüyü yüksəkmərtəbəli binaların inşasını həyata keçirmək kimi arzuları çin olmuşdu. Sevincinin həddi-hüdudu yox idi. Təyinatla Yerevan şəhərində yerləşən “ Armqrprotrans” layihə institutunun sənaye tikintisi şöbəsinə mühəndis göndərilən, işgüzarlığı ilə tez bir zamanda fərqlənən gənc Vəlini pillə-pillə, aparıcı mühəndis, sonra isə baş mühəndis vəzifəsinə irəli çəkdilər. İlk əmək fəaliyyətinə başladığı gündən az bir vaxtda işgüzarlığı, düzlüyü, ədalətliliyi ilə işçilər arasında dərin hörmət qazandı. Ancaq harada, hansı məsul vəzifədə işləməsindən asılı olmayaraq, həyata göz açdığı, uşaqlıq xatirələrini qoyub getdiyi doğma Nüvədi kəndi onu həmişə öz cazibəsində saxlayır, onu müasir şəhərə bənzər kənd kimi görmək istəyirdi. Atalar yaxşı deyib, sən saydığını say, gör fələk nə sayır... 1988-ci ildə nankor, azğın, işğalçı erməni daşnakları qondarma Dağlıq Qarabağ məsələsini ortaya ataraq, ovaxtkı, səriştəsiz rəhbərlərin fəaliyyətsizliyi ucbatından çoxdankı arzularını həyata keçirmək üçünölüm maşını”nı işə salaraq, mərd nüvədililərə divan tutaraq vətənlərindən didərgin saldılar. Vəli müəllimi bir tərəfdən vətən həsrəti, bir tərəfdən qurub-yaratmaq eşqi rahat buraxmırdı.

 

Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrMoskvada ali kürsü tutduğu vaxtlarda erməni millətçiləri torpaq iddialarını heç vaxt açıq şəkildə dilə gətirməyə cəsarət etmirdilər və onların iki xalq arasında münasibətləri gərginləşdirmək cəhdlərinə imkan verilmirdi. Hətta, Ermənistanda yaşayan azərbaycanlılara narahatlıq belə yarada bilmirdilər. Bayramlarda, paradlarda tarixi şəxsiyyət ulu öndərin portretini böyük fəxarət və qürur hissi ilə qorxmadan, çəkinmədən əllərində uca tutaraq təşkilatın ön cərgəsində gənc Vəli müəllim iri addımlarla irəliləyirdi. Məhz müdrik şəxsiyyətin sayəsində o, həmişə öz sözünü cəsarətlə demək iqtidarındaydı...

 

O, dövrdə Gəncə şəhərində Tikinti Nazirliyinin qabaqcıl Gəncə şəhər 3 saylı Tikinti-Quraşdırma tresti, hər il yüksək fəaliyyətinə görə SSRİ-nin keçici bayrağına və mükafatına layiq görülürdü. Onun rəisi Nazim Əsgərov xeyirxahlığı, yüksək savadı, vətənpərvərliyi, peşəkarlığı və tələbkarlığı ilə respublikadan kənarda belə tanınırdı. O, Vəli Amanovun çox məsuliyyətli, mükəmməl savadlı bir işçi olduğunu görərək, trestin keyfiyyət və nəzarət şöbəsinin müdiri təyin etdi. Vəli müəllim sübh tezdən evdən çıxar, gecə saat 12-dən tez evə gəlməzdi, çünki, ona etibar edilən vəzifənin məsuliyyətini çox yaxşı dərk edirdi. Məhz həmin dövrlərdə Yeni Gəncə və Gülüstan massivinin genişləndirilməsi mərhələsi gündəmdə idi. Yüksək sürətlə bir-birindən gözəl, zövqlə, yüksək keyfiyyətlə və müasir stildə inşa olunan binalar şəhərin simasını dəyişdirir, yeni körpülər salınırdı. Hətta, ovaxtkı şəhər rəhbəri Vəli müəllimi gecə-gündüz başında, fəhlələrin yanında görmüş, həmişə qiymətləndirmiş və minnətdarlığını ifadə etmişdir. Az bir zamanda fədakar işinə görə onu trestin texniki-istehsalat şöbəsinə rəis təyin etdilər. O, gecə-gündüz çalışaraq, planı ikiqat yerinə yetirmək üçün var qüvvəsini sərf edirdi. Sözün əsl mənasında, Vəli müəllim bu işinin öhdəsindən layiqincə gəlirdi. Məhz bu gün bunun bariz nümunəsidir ki, otağını “Fəxri fərmanlar”, qiymətli hədiyyələr bəzəyir. Hər dəfə övladları və nəvəsi bunlara baxdıqca qürur duyurlar. Bəli, yaşayanda da elə yaşayasan ki, geriyə, keçmişinə baxanda heyifsilənməyəsən.

 

Bu gün, Yeni Gəncə və Gülüstan massivinə yolu düşəndə böyük qürur duyur. Doğrudan da planlı, yüksək zövqlə salınmış massivlərdir. Bu binaların hər birində onun əl izləri var. Sakinlərin əksəriyyəti onu yaxşı tanıyır və əməyini yüksək qiymətləndirirlər. Onunla səmimi görüşür və deyirlər: “Biz bilirik ki, bizim binalar möhkəmdir, ən yüksək zəlzələyə belə tab gətirər, çünki onu sizin kimi təmiz vicdanlı insan tikib-təhvil verib”. Bu sözlər Vəli müəllimə sanki həyat verir.     Vəli müəllim, eyni zamanda şəhərin ictimai-siyasi həyatında yüksək fəallıq göstərmiş, hələ 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunanlardan biri olmuş, dövlətçilik üçün canından belə keçməyə hazır olmuşdur.

 

Vəli müəllim, bu gün müdriklik çağında özünü çox rahat hiss edirsevinir ki, ulu öndərin arzuları çin olmuşdur. Onun layiqli davamçısı, siyasi varisi, praqmatik dövlət başçısı, ölkə Prezidenti cənab İlham Əliyevin titanik səyi nəticəsində Azərbaycan ən inkişaf etmiş ölkələrin arasında layiqli yerini tutmuş, Qafqazın liderinə çevrilmişdir.  

 

Dərin bilik, qəlbində vətən sevgisi, əməllərində xeyirxahlıq mücəssəməsi olan gərgin zəhməti, əməksevərliyi, yüksək peşəkarlıq və tələbkarlığı ilə seçilən Vəli müəllim çoxsaylı kollektivin və şəhər ictimaiyyətinin böyük hörmətini qazanmışdır. Söhbət zamanı dedi: “Çox sevinirəm ki, Türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyevin qurub-yaratdığı “Şah əsər” müstəqil, qüdrətli Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin tərəfindən hər an innovativ inkişafdadır. Dövlətçiliyimizi və sabitliyi qoruyan, Prezidentimizin ətrafında birləşən hər kəsə öz minnətdarlığımı bildirirəm. Əminəm ki, heç bir qüvvə Azərbaycanın müstəqilliyini sarsıda bilməz, heç kəs heç bir vəchlə iqtidar-xalq səmimiyyətini laxlada bilməz. Biz bütün ziyalılar, bütün xalqımız ölkə Prezidentinin arxasındayıq. Zəngin dünyagörüşə malik, vətənini dərin məhəbbətlə sevən, ailəsinə, dostlarına, həmkarlarına ciddi, nəcib duyğu ilə yanaşan və həyatda düzgün mövqe tutan ziyalı Vəli müəllim həm də gözəl ailə başçısıdır. O, valideynlik və ailə nüfuzu ilə çoxlarına örnək olmuş, nəvə-nəticə, övlad tərbiyəsində onun alicənab keyfiyyətləri həmişə nümunə göstərilmişdir. Öz övladlarını və nəvələrini saf məhəbbətlə sevən nümunəvi atanın övladları, onun layiqli davamçılarıdırlar. Bizbu vətənpərvər, yurd sevgisi və həsrəti ilə yaşayan fədakar ziyalıya yolunuz nurlu, ömrünüz uzun, başınız uca olsun deyirik!

 

Zabit XƏLİLOV

 

Respublika.- 2020.- 30 iyul.- S.6.