Melioratorlar dövlət qayğısından razıdırlar

 

Hər il 5 iyun tarixində Azərbaycan su təsərrüfatı və meliorasiya işçiləri öz peşə bayramlarını təmtəraqla qeyd edirlər. Tərtər melioratorları bu bayramı əldə etdikləri uğurlarla qarşılayırlar. Tərtər rayon Suvarma Sistemləri İdarəsinin rəisi nümunəvi işinə görə ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə imzaladığı müvafiq sərəncamla “Tərəqqi” medalı ilə təltif olundu, təcrübəli meliorator Zahid İbrahimovla həmsöhbət olduq. O bildirdi ki, Azərbaycan əsasən havaların isti keçdiyi bölgələrdəndir. Belə olan halda suya olan tələbat bir neçə dəfə artır. Hələ Sovetlər birliyi dönəmində bu problem daha qabarıq şəkildə özünü göstərirdi. Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərində respublikaya rəhbər təyinatından sonra bütün sahələrdə tərəqqi və inkişaf başladı. Meliorasiya sahəsində möhtəşəm layihələr həyata keçirildi. Hektarlarla əkin dövriyyəsindən kənarda qalan torpaqlarda meliorativ tədbirlər aparılaraq münbitləşdirildi. Suvarma suyuna olan tələbatı ödəmək üçün ölkədə irihəcmli su anbarları inşa olundu. Sözsüz ki, Tərtər rayonunda aparılan məqsədyönlü layihələrdən bəhrələndi. 1976-cı ildə Tərtərçay üzərində “Tərtər” SES inşa olunmuşdur. Bu su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarıdır. Anbar ərazilərin işğalınadək bölgədə 6 rayonun (Tərtər, Ağdam, Bərdə, Yevlax, Goranboy və Ağcabədi) 100 min ha torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hazırda bu strateji əhəmiyyətli obyekt mənfur düşmənlərin əlində olduğundan suyundan səmərəli istifadə etmək qeyri-mümkündür. Belə ki, anbardan suyu rejimə uyğun olmayaraq lazım gəlmədikdə Tərtərçaya buraxırlar. Buna baxmayaraq, dövlət başçısının imzaladığı müvafiq sərəncamlara əsasən bu problem aradan qaldırılır.

 

Zahid İbrahimov bildirdi ki, dövlətimiz bütün peşə sahiblərinə həssas yanaşaraq yüksək diqqət və qayğı göstərir. Bu gün ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda lider dövlətlərdən birinə çevrilmişdir. Ölkədə iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılan uğurlu addımlar öz bəhrəsini verir. Respublikada ərzaq təhlükəsizliyinin qorunması ilə bağlı zəruri tədbirlər həyata keçirilir.

 

İqtisadiyyatının əsasını aqrar sahənin təşkil etdiyi cəbhə bölgəsində mətin və mübariz dayanan Tərtər rayonunda son illərdə bütün sahələrdə yüksək nailiyyətlər əldə olunur. Rayon pambıq, taxıl və digər kənd təsərrüfatı məhsullarının becərilməsində ön sıralarda qərar tutmuşdur. Əldə olunan yüksək nəticələrdə dövlət qayğısından ruhlanan Tərtər melioratorlarının da özünəməxsus yeri var. Bu məsuliyyətli peşə sahibləri öz üzərlərinə düşən vəzifəni dərk edərək daha əzimlə çalışır, suvarmanın vaxtlı-vaxtında aparılmasına şərait yaradırlar. Dövlətimizin başçısı İlham Əliyevin Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncamına əsasən 21 subarteziyan quyusu qazılaraq istifadəyə veriləcəkdir.

 

2020-ci ildə Tərtər Suvarma Sistemləri İdarəsi tədbirlər planına uyğun suvarma suyuna olan tələbatı ödəmək üçün bütün zəruri tədbirləri həyata keçirmiş və işlər davam etdirilir. 505 min kubmetrə qarşı 210 min kubmetr lildən təmizləmə işləri aparılmışdır. 27 ədəd hidrotexniki qurğu, 22 ədəd hidropost təmir edilərək nizam vəziyyətə gətirilmişdir. 4 km beton kanallarda cari təmir işləri davam etdirilir. Mollalar kanalında 2 km-ə qarşı 1652 metr hazırda əsaslı təmir edilmişdir. Suvarma sistemləri idarəsi rayon üzrə 29133 ha sahəni suvarma suyu ilə təmin edir. Bu günədək 2550 ha pambıq sahəsi arat olunmuşdur. 10440 ha taxıla birinci su, 5840 ha əkin sahəsinə 2-ci su, 95 ha sahəyə isə 3-cü su verilmişdir. İdarə rəisi bildirdi ki, görülən tədbirlər suvarma suyuna olan tələbat köklü şəkildə müsbətə doğru dəyişdirir. Bir sözlə, Tərtər melioratorları peşə bayramlarını alnıaçıq, üzüağ qeyd edirlər.

 

Vəli VƏLİYEV,

 

Respublika”.

 

Respublika.- 2020.- 6 iyun.- S.5.