Müstəqilliyimizi əbədiyyətə qovuşdurmuş qayıdış

 

Zaman ötdükcə, ömür keçir və həyatda baş verən çox vacib hadisələr belə yavaş-yavaş unudulur. Ancaq xalqımızın yaddaşına əbədi həkk olunmuş bir tarix var ki, ona zaman da təsir edə bilmir. Azərbaycan üçün 1993-cü il iyunun 15-i məhz belə tarixlərdəndir. Bəli, həmin gün ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı, dövlətimizin xilas anının başlanğıcı - Milli Qurtuluş Günüdür.

 

Düz 27 il bundan öncə, yəni 1993-cü ilin iyun ayının əvvəlində ölkəmizdə cərəyan edən hadisələr hər birimizin yadındadır. Həmin vaxt Azərbaycan dövlətçiliyi və müstəqilliyi görünməmiş təhlükə qarşısında idi. Baş vermiş qarışıqlıqdan xaricidaxili qüvvələr hər vasitə ilə istifadə etməyə fürsət gözləyirdilər. Hakimiyyət dairələri çaşqınlıq içərisindəydi, ölkə başlı-başına qalmışdı. Surət Hüseynov silahlı qüvvələri ilə Azərbaycanın paytaxtına yaxınlaşırdı. O, respublikanın bir neçə rayon və şəhərlərində yüksək vəzifələrə öz nümayəndələrini yerləşdirirdi. Günlər ötdükcə, təhlükə artırdı. Belə təhlükəli vaxtda xalqın təkidli tələbi ilə Heydər Əliyev bir daha Vətəninə, millətinə olan məhəbbətini nümayiş etdirib iyunun 9-da Bakıya gəldi. “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə sərf edəcəyəm. Buna heç kimin şübhəsi olmasın. İkincisi, mən heç bir vəchlə bir daha Azərbaycanın başqa bir dövlətin tərkibinə daxil olmasına öz imkanlarım qarşısında yol verməyəcəyəm...” Heydər Əliyevin iyunun 15-də Ali Sovetin sədri seçildikdən sonra Milli Məclisdə söylədiyi bu sözlərin hamısını reallaşdırdı, yerinə yetirdi. O əvvəlcə ölkəni quldur, separatçı qüvvələrdən təmizlədi, sonra isə müstəqil dövlət quruculuğuna başladı.

 

O illərdə Azərbaycan siyasi-iqtisadi böhran içində boğulan, yarıdağılmış bir məmləkət idi. Ulu öndər çıxışlarının birində belə demişdi: “Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar on gündür ki, barmaq-barmağa vurmayıblar. Kabinetlərdə boş-boş şayiələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm”. Bəli, məhz bu fəaliyyətin hesabına Azərbaycan yaşayır, tərəqqi edirbu gün hər birimizə onun nəticələri bəllidir. Hazırda vətənimiz öz iqtisadi inkişafına və göstəricilərinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur və xalqımızın rifahı qabaqcıl dövlətlər ilə müqayisə olunur.

 

Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz Heydər Əliyev kimi böyük şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.

 

Müstəqillikdən sonra xalqımızın əldə etdiyi böyük nailiyyətlərdən biri də 1995-ci ildə referendum yolu ilə qəbul olunan ilk milli Konstitusiyamızdır. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin şəxsi rəhbərliyi altında hazırlanmış ölkəmizin əsas qanunu beynəlxalq standartlara cavab verən mütərəqqi bir Konstitusiyadır. Müasir Azərbaycan cəmiyyətinin ən yüksək demokratiya ideallarına uyğun inkişaf etmək istəyi bu Konstitusiyanın bütün müddəalarında qabarıq şəkildə özünü büruzə verir.

 

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın qəbul edilməsinin ilk təşəbbüskarı və müəllifi məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Qeyd etmək lazımdır ki, 1993-cü ilədək Azərbaycanın yeni Konstitusiyasının hazırlanmasına müəyyən təşəbbüslər göstərilsə də, bir sıra səbəblərdən bu reallaşmamışdır. Belə ki, o dövrdə respublikada ictimai-siyasi sabitlik əldə edilməmiş, rəhbərlikdə olanların isə bu sabitliyi yaratmağa səriştə və bacarıqları çatmamışdır.

 

Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik bərpa olunmuş, bundan sonra hadisələrin inkişafı yeni Konstitusiyanın hazırlanmasını sürətləndirmişdir. Ümummilli liderimiz yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək deyirdi: Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.

 

Nəticədə beynəlxalq prinsiplərə cavab verən, bazar iqtisadiyyatına hər vasitə ilə rəvac verən, demokratik, dünyəvi dəyərləri özündə əks etdirən Konstitusiya layihəsi hazırlandı. Əsas Qanun 27 noyabr 1995-ci il tarixdə qüvvəyə minmişdir.

 

1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan mühüm tarixi hadisədir. Azərbaycan Respublikası Konstitusiyasının mütərəqqi cəhətlərindən biriinsan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsidir. Belə ki, Konstitusiyanın üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu bütövlükdə xalqımızın müstəqillik tarixində əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası özündə əks olunan mütərəqqi müddəalar, bəşəri dəyərlər baxımından əvəzolunmazdır. Konstitusiyamız dövlət həyatının ən müxtəlif sahələrini əhatə edən başlıca prinsipləri özündə ehtiva etdirir. Əsas Qanunumuz Azərbaycan Respublikasında həyata keçirilən bütün islahatların mənbəyidir. Məhz Konstitusiyamızda bəyan edilən prinsiplərə əsaslanaraq ölkəmizdə demokratik quruluşa nail olmaq mümkün olmuşdur.

 

Hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə Hüquq İslahat Komissiyası, 1998-ci ildə isə dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış və 1997-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin müstəqil, yalnız qanun çərçivəsində fəaliyyət göstərməsinə imkan yaratdı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış vacib qanunlardan biri də Azərbaycan Konstitusiyasının aliliyini təmin edilməsinə yönəlmiş “Konstitusiya Məhkəməsi haqqında” qanunun qəbul edilməsi oldu. Konstitusiya Məhkəməsinin təşkil olunması isə hüquqi-demokratik dövlət qurmaq amalı ilə yaşayan Azərbaycan xalqının müasir tarixində mühüm bir hadisə sayılmalıdır. Komissiya tərəfindən hazırlanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Notariat haqqında” və sairə qanunların qəbulu xüsusi əhəmiyyətə malikdir.

 

Ölkəmiz 1996-1997-ci illərdə insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandumudur. 1998-ci ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev tərəfindən qanunvericilikdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. 1998-ci il 18 iyul tarixində Azərbaycan Prezidentinin fərmanı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq olunmuşdur.

 

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi və “Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” 1 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məhkəmələrin təşkil edilməsi, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri dairəsində həyata keçirən məşvərətçi orqan kimi Məhkəmə-Hüquq Şurası yaradılmış və ölkə tarixində ilk dəfə olaraq hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyən etmək məqsədilə test üsulu ilə imtahan və müsahibə aparılması yolu ilə təyin edilməsi qərara alınmışdır. Təcrübədə sınanmış bu qaydaların nə dərəcədə effektiv olması özünü sübut etdi və 2000-ci ildə keçirilmiş test imtahanları zamanı hakim korpusunun 60 faizə qədəri təzələnmişdir. Təkcə bu fakt seçkinin ədalətli, şəffaf, demokratik prinsiplərə uyğun keçirildiyinə əmin olmaq üçün kifayətdir.

 

Ölkəmizdə ölüm cəzası 1998-ci il fevralın 10-da ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk dövlət olmuşdur. Yüksək humanizm və insanpərvərlik örnəyinin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, 2001-ci il yanvarın 25-də müstəqil respublikamız Avropa Şurası kimi mötəbər bir təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın qanunvericiliyinin Avropa standartlarına uyğun təkmilləşdirilməsinə, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.

 

Ümummilli liderimiz Heydər Əliyev hər zaman dövlət və milli maraqları əsas tutaraq düşünülmüş, çevik xarici siyasət aparmışdır. Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə rellaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.

 

Konstitusiyada ölkəmizdə hüquqi dövlət

 

quruculuğu sahəsində gələcək inkişaf yolları müəyyən edilmiş, hakimiyyət bölgüsü dəqiq ifadəsini tapmış, Azərbaycan dövləti insan hüquqları və azadlıqlarının müdafiəsini özünün ali məqsədi olduğunu bütün dünyaya bəyan etmişdir. Ölkənin əsas qanunu qəbul edildikdən sonra hüquqi islahatların həyata keçirilməsi zəruri məsələyə çevrilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev də bütün bu məsələləri uğurla reallaşdırdı.

 

Ulu öndərimizin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, sənaye müəssisələrinin bərpasına, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan vermişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratmışdır.

 

1993-cü ildən başlayaraq Azərbaycan özünün sağlam bazar iqtisadiyyatı prinsiplərinə uyğun milli iqtisadiyyatını qurmağa başladı. Azərbaycan özünün təbii ehtiyatlarına, insan potensialına və digər şərtlərə əsaslanan milli iqtisadiyyatını formalaşdırdı. Məhz Heydər Əliyev uzaqgörənliyinin nəticəsidir ki, bazar münasibətlərinin prinsipləri üzərində qurulmuş Azərbaycan milli iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiyası təmin edilmişdir.

 

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun uğurları müstəqil Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin əsasını qoymuşdur. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük əzm və qətiyyətlə davam etdirdiyi bu sosial-iqtisadi siyasət strategiyası gündəlik həyatımızda yeni-yeni nailiyyətlərə yol açır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə reallığa söykənən adekvat addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, yeni dövrün tələbi kimi qarşıda duran prioritet vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Bunun nəticəsi kimi müstəqil Azərbaycan iqtisadi cəhətdən günbəgün möhkəmlənir, qüdrətlənir, sosial-iqtisadi yüksəliş ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq büruzə verir.

 

Ədliyyə-məhkəmə sahəsində də nailiyyətl

 

ər yüksəkdir. Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Son illərdə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı yüzlərlə normativ-hüquqi akt qəbul olunub. Ədliyyə sahəsində baş verən keyfiyyətcə yeni dəyişikliklər Ədliyyə Nazirliyinin işininstrukturunun daha da təkmilləşdirilərək bu dəyişikliklərə uyğun qurulması, fəaliyyətinin daha şəffaf və aşkar təmin olunması, əhalinin hüquqi yardıma tələbatının daha optimal şəkildə təmin olunması üçün tədbirlər görülməsi zərurəti yaratmışdır. Tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bunu öz gündəlik həyatlarında açıq-aşkar hiss edir, qiymətləndirirlər.

 

Ötən müddətdə məhkəmə sistemində yeni dövrün tələblərinə cavab verən islahatların aparılması da Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur. “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilmiş, yeni dövrün reallıqları ilə şərtlənən bir sıra qanunvericilik aktları qəbul olunmuşdur.

 

Bəli, bu gün Azərbaycan sürətlə inkişaf edir, qüdrətli dövlətə çevrilir. Bunlarsa ulu öndər Heydər Əliyevin dövlət quruculuğunda seçdiyi düzgün strategiyanın və bu strategiyanın hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi hesabına mümkün olub.

 

Mən fürsətdən istifadə edib 1993-cü ilin iyununda, o müdhiş günlərdə Azərbaycanı məhv olmaqdan, bölünməkdən qurtardığı və bizlərə bugünkü sabit, gözəl həyat bəxş etdiyi üçün ulu öndərimizin ruhu qarşısında baş əyirəm. Xalqımızı isə Milli Qurtuluş Günü münasibətilə təbrik edirPrezidentimiz cənab İlham Əliyev ətrafında daha da sıx birləşməyə çağırıram.

 

Rəşad MUSTAFAYEV,

 

Sumqayıt şəhər məhkəməsinin sədri.

 

 

Respublika.- 2020.-10 iyun.- S.4.