Əbədi müstəqilliyə aparan böyük qayıdış

 

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 İyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” - prinsipinə əsaslanan ulu öndərin fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasəti reallaşdırmaq, ölkə iqtisadiyyatını böhrandan qurtarıb, dirçəliş, ardınca isə inkişaf yoluna çıxarmaq idi. Bu, ulu öndər Heydər Əliyevin yeni Azərbaycanın inkişaf modeli idi. Təsadüfi deyildir ki, Azərbaycanın yeni neft strategiyası bu baxımdan atılmış ilk və həyati əhəmiyyətli addım olmuşdur.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regiondadünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

 

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idibu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı.

 

Hamımız üçün çox doğma və əziz olan Heydər Əliyev dünya şöhrətli siyasətçi, zəmanəsinin ən böyük şəxsiyyəti idi. O, Azərbaycanın güclü, inkişaf etmiş qüdrətli dövlətə çevrilməsində, sənayemizin, kənd təsərrüfatımızın, sosial-iqtisadi sahələrin güclənməsi yolunda əlindən gələni əsirgəməmişdir. Ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsində, pensiyaçıların, əlillərin, çoxuşaqlı ailələrin, əmək qabiliyyəti olmayan insanların sosial problemləri həmişə onun diqqət və qayğısında olmuşdur. Prezidentliyi dövründə dəfələrlə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması barədə güzəştli fərmanlar imzalamışdır. Onun insanların qayğısına qalması, Vətənə, xalqa bağlılığı hamımıza bəllidir.

 

Heydər Əliyev ümumxalq məhəbbətini, istəyini təkcə öz vətənində deyil, bütün dünyada qazanmışdı. Buna görə də dünya siyasətçiləri, dövlət və hökumət rəhbərləri, siyasi xadimlər ulu öndərimizi həmişə yüksək qiymətləndirir, onunla razılaşırdılar. O, əvəzsiz, yeri görünən çox müdrik şəxsiyyət idi. Qazandığımız müstəqilliyə, əldə olunan sabitliyə, həyatımızdakı inkişafa və tərəqqiyə görə biz bu böyük şəxsiyyətə çox borcluyuq.

 

Heydər Əliyev bütün mənalı ömrünü yalnız insanlığa xidmət göstərməyə sərf etmişdi. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlıq haqqını tapması uğrunda mübarizə aparmışdır. “Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır”. Bu ideya və prinsiplər Heydər Əliyevin istər milli təhlükəsizlik orqanlarında, istər Sovet dönəmindəki siyasi fəaliyyətində, istərsə də Azərbaycanın prezidenti olduğu son 10 ildə həyat devizi, amalı olub. Ümummilli liderimiz bu istiqamətdə zəngin milli-mənəvi dəyərlər yaradıb, ümumbəşəri dəyərlər formalaşdırıb.

 

Heydər Əliyev respublikamızın hansı bölgəsinə ayaq basıbsa, xalq onu ən əziz adamı kimi qarşılayıb, onun qədəmləri altında qurbanlar kəsib, onun gəlişinə sevinib. Çünki hər bir böyük siyasətçinin qibtə edəcəyi bir ömür yaşadı Heydər Əliyev. O, zəngin, mübarizələrlə və qalibiyyətlə dolu həyatının hər gününü, hər anını doğma xalqına bağışladı. Bu xalqı qaldırıb dikəltdi, parçalanmaqdan, məhv olmaqdan, əzilməkdən və əyilməkdən xilas etdi, onu dünyada layiq olduğu şöhrətə çatdırdı. Ümummilli liderimiz müstəqil Azərbaycan dövlətini qurdu. Bu gənc və zəif dövləti öz qüdrətli əlləriylə ayağa qaldırdı, möhkəmləndirdi, xarici düşmənlərdən və daxildəki xəyanətkarlardan qorudu. O, Azərbaycan dövlətinə, bu məmləkətə, bu xalqa yönələn bütün zərbələrə qarşı öz polad sinəsini sipər etdi.

 

Ümummilli liderimiz Heydər Əliyevin milli və ümumbəşəri dəyərlərə söykənən ideyaları yüz illərlə yaşayacaqqalib gələcəkdir. Ötən əsrin 60-cı illərin sonuna qədər Azərbaycan keçmiş SSRİ-nin müttəfiq respublikaları arasında sosial-iqtisadi göstəricilərinə görə geridə qalan aqrar ölkə kimi tanınırdı. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə respublikada sosial-iqtisadi sahədə çox böyük işlər görülmüş və yüksək nailiyyətlər əldə edilmişdir. Həmin dövrdə respublikanın sosial-iqtisadi sahələrinin inkişafına əvvəlki 50 ildə olduğundan 1,4 dəfə çox vəsait qoyulmuşdur. 250-dən çox zavod, fabrik, istehsal sexiemal müəssisələri tikilib istifadəyə verilmiş, çox gəlirli sahə olan üzümçülük sürətlə inkişaf etdirilmiş və istehsalata yeni texnologiyalar tətbiq olunmuşdur. Respublikada milli gəlir 2,5 dəfə artaraq adambaşına ictimai məhsul istehsalının artım tempi 2 dəfədən çox olmuşdur. Sənaye məhsullarının istehsalı 2,7 dəfə artmışdır ki, bu da əvvəlki 30 ildə istehsal olunan məhsulun həcmindən təqribən 2 dəfə çox idi. Kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,7 dəfədən çox olmuşdur. Həmin dövrdə respublikada 18,5 milyon kvadratmetrlik mənzil tikilib istifadəyə verilmiş və 2 milyon 200 min adam yeni mənzilə köçmüşya mənzil şəraitini yaxşılaşdırmışdır.

 

XX əsrin sonlarında xalqımız özünün müstəqillik mübarizəsinin nəticəsi kimi dövlət suverenliyinin yenidən bərpasına nail oldu. Şübhəsiz ki, özünün tarixi keçmişi baxımından zəngin dövlətçilik ənənələrinə malik olan xalqımız bu müstəqilliyə layiq təkamül yolu keçmiş, böyük qurbanlar bahasına azad ölkədə yaşamaq haqqı qazanmışdır. Lakin o da bir gerçəklikdir ki, respublikamızın dövlət müstəqilliyini bərpa etdiyi tarixi şərait SSRİ-ni süquta aparan, bütövlükdə dünyada gedən və dünyanın siyasi xəritəsinin yenidən çəkilməsi kimi xarakterizə edilən qlobal proseslərlə müşayiət edilirdi. Azərbaycan özünün müstəqilliyinin ilk illərindən yeni geosiyasi vəziyyətin diktə etdiyi ciddi siyasi, iqtisadi, sosial və idarəçilik problemləri ilə qarşılaşmalı oldu. Ermənistanın hərbi təcavüzünün nəticəsi kimi ortaya çıxan Dağlıq Qarabağ problemiiqtisadi tənəzzül, hüquqi qeyri-müəyyənlik, siyasi təlatümlər, zorakılıqlarla müşayiət olunan hakimiyyət ambisiyaları dövlət həyatını və cəmiyyəti idarəolunmaz vəziyyətə gətirmişdi. Bütövlükdə isə bu problemlər milli təhlükəsizliyi və müstəqilliyin özünün mövcudluğunu ciddi təhdid edəcək səviyyəyə qədər qalxmışdı. Təsadüfi deyildir ki, Azərbaycanın müasir müstəqillik tarixinin araşdırıcıları da həmin dövrü - 1991-1993-cü illəri - xaosun, anarxiyanın, böhranın dərinləşdiyi, dövlətin parçalanma, millətin isə məhv olma təhlükəsi ilə qarşı-qarşıya qaldığı dövr kimi qiymətləndirərək “formal müstəqillik” mərhələsi kimi xarakterizə edirlər.

 

1993-cü ilə qədər ölkəmiz elə vəziyyətə düşmüşdü ki, Azərbaycanın bir dövlət kimi mövcudluğu şübhə altında idi. Elə bir xaos, özbaşınalıq şəraiti yaranmışdı ki, bundan baş çıxarmaq hər kəsin işi deyildi, yaxın gələcəkdə respublikada sabitliyin bərpa olunacağına bütün dünya şübhə ilə yanaşırdı. Problemlər baş alıb gedirdi, həmin problemləri aradan qaldıra biləcək yeganə qüvvə isə yalnız Heydər Əliyev şəxsiyyəti ola bilərdi. Ölkəni görünməmiş bəlalardan xilas etmək üçün lazım olan enerji, müdriklik və uzaqgörənlik yalnız bu nadir insanda var idi, ümidlər yalnız ona idi. Çünki xalq yaxşı bilirdi ki, Azərbaycan xalqının tarixində ulu öndərimiz şan-şöhrətli dövlət xadimləri ilə bir cərgədə durur.

 

Dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi adlandırırlar. O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlardan yeganə düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdur.

 

Heydər Əliyevin 15 iyun 1993-cü ildə respublika rəhbərliyinə böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Elə o zaman Heydər Əliyev çıxışlarının birində belə demişdi: “Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar on gündür ki, barmaq-barmağa vurmayıblar. Kabinetlərdə boş-boş şayiələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm”. Bəli, indi bu fəaliyyətin nəticələri artıq hər birimizə bəllidir. Məhz bu fəaliyyətin hesabına Azərbaycan yaşayır, tərəqqi edir.

 

O dövrdə müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bununla da respublika ərazisində stabil, normal həyat bərqərar olundu.

 

Sabitlik əldə olunandan sonra dövlət quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atıldı, bir çox mühüm qanunlar qəbul edildi. Bu da öz növbəsində dövlət institutunu möhkəmləndirdi. Ölkə iqtisadiyyatının dirçəlişi yönümündə də çoxsaylı vacib müqavilə və proqramlar imzalandı, xalq təsərrüfatının ayrı-ayrı sahələrində perspektiv layihələr, islahatlar həyata keçirildi. Odur ki, 1995-ci ildən iqtisadiyyatın hər sahəsində inkişaf açıq-aydın gözə çarpmağa başladı.

 

Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyası olduqca xüsusi əhəmiyyət kəsb edir. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”, 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə Toplantısında Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynadı.

 

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir, imzalar içində millətimizin də imzası görünür. Təkcə biz yox, bütün dünya bilir ki, “Əsrin müqaviləsi”nin və digər neft kontraktlarının, iqtisadistrateji baxımdan misilsiz əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşması Heydər Əliyevin xidmətidir. 1994-cü ildə çoxlarına əfsanə kimi görünən layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olub.

 

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk Milli Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi.

 

Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq, arzusunda olduğu yeni Azərbaycanın reallaşması naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” - deyən ulu öndərimiz 2001-ci ilin noyabrında Bakıda bütün Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinə də nail oldu.

 

Böyük öndərimizin titanik fəaliyyətinin digər mühüm nəticəsi Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması, dünyanın inkişaf etmiş dövlətləri ilə səmərəli əlaqələr çərçivəsində bərabərhüquqlu əməkdaşlığa nail olmasıdır. Ardıcıl, düşünülmüş xarici siyasət kursu Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırmışdır. Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizlik sisteminin qurulmasında fəal iştirak edir.

 

Fenomenal şəxsiyyət, müdrik dövlət adamı, gözəl natiq, qeyri-adi yaddaşa, analitik düşüncə qabiliyyətinə və tükənməz siyasi iradəyə malik olmaq - yalnız kamil siyasi liderə xas olan bütün bu keyfiyyətlərin Heydər Əliyevdə cəmləşdiyini ictimai statusundansosial mövqeyindən asılı olmayaraq, hər kəs, hətta dünya miqyasında tanınmış siyasətçi və politoloqlar da qəbul edirlər. Heydər Əliyev istənilən mürəkkəb siyasi prosesdən uğurla çıxmağı, ən çətin anlarda həlledici qərarlar qəbul etməyi, hadisələrə çevik reaksiya verməyi yüksək peşəkarlıqla, əsl siyasi liderə xas formada bacarırdı.

 

Yüksək humanizmə, uzaqgörənliyə, insanları düzgün tanımaq, mürəkkəb şəraitdən məharətlə xalqı çıxarmaq keyfiyyətlərinə malik olan Heydər Əliyev təsadüfi deyildir ki, XX əsrin görkəmli liderlərindən biri olmuşdur. Onun bənzərsiz dövlət xadimi kimi şöhrət qazanmasına səbəb hər şeydən əvvəl digərlərindən fərqli olaraq yüksək mənəvi, yaradıcı keyfiyyətlərə malik olması, təşəbbüskar və cəsarətliliyi, həm də xalq qarşısında duran mütərəqqi tələbatı düzgün müəyyən edərək bütün fəaliyyətini dövlətin varlığına və onun durmadan inkişafına sərf etməsi idi.

 

Sevindirici haldır ki, ümummilli liderin siyasi kursu bu gün davam olunmaqdadır. Bütün ömrünü, həyatını xalqına bağışlayan bu müdrik sərkərdə və böyük vətəndaş, hətta övladını belə xalqdan əsirgəmədi. Onun kamillik zirvəsinə çatan ideyaları indi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

 

Beləliklə, ümummilli liderimizin ideyaları bu gün nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ölkəmizin rəhbərinin bu gün dünya miqyasında qazandığı böyük nüfuz, nəhəng dövlətlərin başçıları ilə bərabərhüquqlu tərəfdaş kimi danışıqlar aparması, xalqımızın həqiqətlərini uca səslə bəyan etməsi bir daha sübuta yetirir ki, Heydər Əliyevin dövlətçilik ideyalarının, Heydər Əliyev yolunun alternativi yoxdurbu yol xalqımızı yeni-yeni zəfərlərə aparacaq. Ümummilli liderimizin həyata keçirdiyi xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, ölkəmizi gələcəyə inamla baxan güclü bir dövlətə çevirmişdir.

 

Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Heydər Əliyev yoludur. Bəli, tam əminliklə demək olar ki, Azərbaycanın gözəl gələcəyi var. Bu gələcəyin təməli isə məhz 27 il əvvəl, 1993-cü ilin 15 iyununda qoyulmuşdur.

 

Ağalar VƏLİYEV,

 

Milli Məclisin deputatı.

 

Respublika.- 2020.- 13 iyun.- S.4.