Böyük öndərin xilaskarlıq missiyası

 

Deyirlər, tarix o zaman obyektiv olur ki, ona və dövrdəki proseslərə həm də böyük tarixi şəxsiyyətlər faktoru prizmasından baxasan. Biz Azərbaycan tarixinə 40 ildən çoxdur ki, Heydər Əliyev şəxsiyyəti prizmasından baxırıq. Bu həm də onunla bağlıdır ki, 1969-cu ildən başlayaraq bu böyük şəxsiyyət Azərbaycana rəhbərlik edib, Azərbaycanın müstəqillik illərinə qədər keçdiyi tarixi bir mərhələ də məhz onun adı ilə bağlıdır və müstəqillik illərində Azərbaycan dövlətçiliyinin qurucusu və xilaskarı kimi tanınıb. Müxtəlif xalqların tarixində tərəqqi və tənəzzül dövrləri olub. Yüksəliş dövrləri də millətin, xalqın liderləri ilə bağlıdır. Amma tənəzzül dövrü ölüm-dirim savaşı, olumya ölüm məsələsi həll olduğu vaxtlarda xalqlar öz liderlərini axtarır, böyük şəxsiyyətlərinin dühasına arxalanırlar.

Qardaş Türkiyə ötən yüzilliyin 20-ci illərində belə seçim qarşısında qalmışdı. Onda xalq böyük Mustafa Kamal Atatürkün dühasına üz tutdu. Millət atası xalqın etimadına, inamına arxalanaraq Türkiyəni dağılmaqdan, məhv olmaqdan xilas etdi...

Böyük şəxsiyyət Heydər Əliyev də Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətçiliyi xilas, millətin gələcəyini təmin etmişdir.

Tarixzaman Heydər Əliyev kimi dühanın çiyninə yeni missiya qoymuşdu. Bu missiyanın adı xalqın xilası və tərəqqisinə nail olmaq idi. Yenidən hakimiyyətə qayıdışın mahiyyəti xalqı xaosdan, parçalanmaq təhlükəsindən xilas etmək idi. O, bu böyük qayıdışla Azərbaycanda bir tarixi xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.

Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir, imzalar içində millətimizin də imzası görünür. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. “Əsrin müqaviləsi”nin və digər neft kontraktlarının, iqtisadistrateji baxımdan misilsiz əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşması Heydər Əliyevin xidmətidir. 1994-cü ildə çoxlarına əfsanə kimi görünən bu transmilli layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi, siyasi iradəsi sayəsində reallaşdırmaq mümkün olub.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan Respublikasını demokratik, hüquqi, dünyəvi dövlət kimi elan etdiinsan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi.

Heydər Əliyev bütün varlığı ilə sevdiyi Azərbaycanın suverenliyini möhkəmləndirmək, inkişaf etmiş, sivil dünya dövlətləri cərgəsinə çıxarmaq arzusunda olduğu yeni əsl müstəqil Azərbaycanın reallaşması naminə var gücü ilə çalışırdı. Yorulmadan dünyanın böyük dövlətlərinin başçıları ilə saysız-hesabsız görüşlər keçirir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırdı. Bu səfərlər zamanı dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onların azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərir, bütün ölkələrdə onların mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verirdi.

Ulu öndərin milli və ümumbəşəri dəyərlərə söykənən ideyaları yüz illərlə yaşayacaqqalib gələcəkdir. O, bütün mənalı ömrünü yalnız Azərbaycanın istiqlalı, müstəqilliyinin əbədiliyi, xalqının firavan həyatının bərqərar olmasına sərf etmişdi. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlığını qazanması uğrunda gərgin mübarizə aparmışdır. “Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır”. Bu ideya və prinsiplər Heydər Əliyevin həyat devizi, amalı olmuşdur.

Müasir tariximizin çox vacib bir dövrü, habelə bugünkü həyatımız, ölkəmizin hərtərəfli inkişafı məhz bu böyük şəxsiyyətin adı ilə bağlıdır.

Ümummilli liderimiz müstəqil Azərbaycan dövlətini qurdu, ayağa qaldırdı, möhkəmləndirdi, xarici düşmənlərdən və daxildəki xəyanətkarlardan qorudu. O, Azərbaycan dövlətinə, bu məmləkətə, bu xalqa yönələn bütün zərbələrə qarşı öz polad sinəsini sipər etdi. Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı siyasi-iqtisadi böhran içində boğulan, tənəzzüldə olan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. O zaman Heydər Əliyev çıxışlarında demişdi: “Azərbaycan bərbad vəziyyətdədir, bəzi adamlar on gündür ki, barmaq-barmağa vurmayıblar. Kabinetlərdə boş-boş şayiələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm”. Məhz bu fəaliyyətin hesabına bu gün Azərbaycan yaşayır, tərəqqi edir.

O dövrdə müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Dövlət quruculuğu üçün siyasi sabitlik çox mühüm şərtdir. Bununla da respublika ərazisində stabil, normal həyat bərqərar olundu.

Sabitlik əldə olunandan sonra dövlət quruculuğu istiqamətində təxirəsalınmaz addımlar atıldı, bir çox mühüm qanunlar qəbul edildi. Ölkə iqtisadiyyatının dirçəlişi yönümündə də çoxsaylı vacib müqavilə və proqramlar imzalandı, xalq təsərrüfatının ayrı-ayrı sahələrində perspektiv islahatlar, layihələr həyata keçirildi.

Məhz ümummilli liderimizin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. İndi dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində yerləşdiyi bölgədə söz sahibi olan ölkəmizin dəstəyinə arxalanır, onunla etibarlı tərəfdaş kimi hesablaşırlar. Azərbaycan bu gün həm regional, həm də beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edir.

Respublikamız BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların üzvüdür. NATO və Avropa Birliyi ilə səmərəli və işgüzar əlaqələr qurulub. ABŞ başda olmaqla terrorçuluğa qarşı yaradılmış koalisiyanın fəal üzvüdür. Ulu öndərimiz Heydər Əliyev təməlini yaratdığı möhkəm iqtisadi-siyasi bazaya əsaslanaraq tam arxayınlıqla deyirdi: “İnanıram ki, Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

Təbiətin bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər-mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı.

Siyasi iradə və qətiyyət xəyali görünən ideyaları reallaşdırmağa imkan verirdi. Ulu öndər geniş auditoriya qarşısında çıxış edərkən, çox vaxt bədahətən söylədiyi ifadələrdə də xalqının, Vətəninin xoşbəxt gələcəyinə inamı parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərində qurulan, qeyri-adi dərəcədə böyük təsir gücünə malik olan məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsi idi.

Sevindirici haldır ki, onun müəyyən etdiyi strateji inkişaf kursu bu gün inamla davam edir. Bütün ömrünü, həyatını xalqına həsr etmiş bu müdrik insanın ideyaları indi möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər və arzuları onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallaşır.

Nə qədər ki dünyada müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev yaşayacaqdır.

 

Əliyar ƏSGƏROV,

“Bank olmayan kredit təşkilatı İDK” MMC-nin baş direktoru.

 

Respublika.- 2020.- 14 iyun.- S.5.