O, xalqımızın ruhunu qaytardı

 

1991 -ci ilin oktyabrında Azərbaycan tarixində ikinci dəfə müstəqillik qazanılsa da, həmin dövrdə ölkəmizin belə bir siyasi iradə nümayiş etdirməsi bir sıra xarici dairələr və onların daxildəki əlaltılarını qane etmirdi. Həmin qüvvələrin xaricin dəstəyi ilə fəallaşması və tədricən ölkənin siyasi həyatına müdaxilə etmələri onsuz da ağır olan Azərbaycanda vəziyyəti bir qədər də gərginləşdirirdi.

Digər bir tərəfdən, Ermənistanın işğalçılıq siyasətinə rəvac verən addımları da getdikcə ölkəni idarəolunmaz vəziyyətə gətirirdi. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin vəziyyətdən çıxış yolu tapa bilməmələri və idarəçilik bacarıqlarının zəifliyi Azərbaycanı parçalamaq istəyən daxilixarici qüvvələrin işinə yarayırdı. 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq, parçalanma meyillərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti yoluna qoymaqdan daha çox, prosesləri gərginləşdirməyə rəvac verirdi. Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcvə Baş nazirMilli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölən və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə Gəncəyə yola düşən ulu öndər Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Müstəqilliyi qazanmaq ilkin şərt idisə, vacib məsələ onu qoruyub inkişaf etdirmək idibu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ulu öndər televiziya vasitəsilə xalqa müraciət etdi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə yerli, xarici jurnalistlər üçün brifinq keçirdi. Xarici ölkələrin bir sıra diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə ulu öndərin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Xalqımız ulu öndərin ətrafında sıx birləşərək Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu.

Qurtuluş Günü gənclərimizin ruhunu özünə qaytardı, inamını artırdı. Ulu öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq. 1997-ci ildə ulu öndərin təşəbbüsü ilə Gənclər Günü təsis edildi. Gənclər və İdman Nazirliyi yaradıldı. Ondan sonrakı dövrlərdə, 1999-cu ildə gənclər siyasəti ilə bağlı Fərman imzalandı. Gənclərə dəstək məqsədilə bu günə qədər üç Dövlət Proqramı qəbul olunub. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi yaradılmış, 44 Olimpiya İdman Mərkəzi gənclərin ixtiyarına verilmişdir. Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Bu gün Azərbaycan vətənpərvər və istedadlı gənclər ölkəsidir. Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik, bacarıqları ilə dünyada tanınırlar, qəbul olunurlar. Artıq gənclərimiz diplomatiya, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman, digər sahələrdə ölkəmizi layiqincə təmsil edirlər.

Qurtuluş Günü Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin ağır vəziyyətinə də işıq saçdı. Xalqın istəyi ilə hakimiyyətə gələn ulu öndərin titanik zəhməti sayəsində bu sahə də əsaslı dəyişdi. Məhz Heydər Əliyevin təşəbbüskarı, memarı və təşkilatçısı olduğu Yeni Neft Strategiyası Azərbaycanı dünyanın böyük güclərinin siyasi, iqtisadi, digər maraqlarının toqquşma məkanından qarşılıqlı maraqları təmin edən dinc əməkdaşlıq məkanına çevirdi. Bu, müstəqilliyimizi təmin etmək istiqamətində atılan müdrik addım idi. Bu addım xalqımıza nicat, rifah gətirdi. Bu gün Azərbaycan qüdrətli dövlətdir, güclü neft, qaz ixracatçısıdır. Azərbaycan regionda lider dövlətdir.

Ümummilli lider Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan 2003-cü ildən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf yolunda mühüm tarixi nailiyyətlərə, parlaq qələbələrə imza atıb və ötən dövr Azərbaycanın yeni, şərəfli bir inkişaf mərhələsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müasir infrastruktura malik ölkəyə çevrilib.

Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi böyük tarixi uğurlar, təbii ki, Milli Qurtuluş Günündən başlayır. Həm də sevinirik ki, Azərbaycan yüksəliş dövrünü yaşayır. Dövlət sükanında Heydər Əliyev kimi qüdrətli zəka sahibinin layiqli davamçısı - İlham Əliyev kimi qətiyyətli siyasətçinin dövlətin rəhbəri olması xalqımızın xoşbəxtliyidir. Ən əsası isə odur ki, Azərbaycan dövləti etibarlı əllərdədir.

 

Ramin QULİYEV,

SOCAR “Azneft” İB “AbşeronneftNQÇİ-nin rəisi, texnika elmləri üzrə

fəlsəfə doktoru.

 

Respublika.- 2020.- 14 iyun.- S.6.