Diplomatiyamızın parlaq qələbəsi

 

Nəhayət, dünyanın mizan-tərəzisi, deyəsən düzəlməyə başlayır. Ən azından dünənə qədər ağa qara deməyə adət etmiş dairələr haqqın səsinə qulaq kəsilib hər şeyi öz adı ilə çağırmağa başlayıblar, desək yanılmarıq. Hər halda Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamenti 10 iyun 2020-ci ildə Ermənistanın işğalçı siyasətinə qarşı ədalətli və mühüm sənəd qəbul etməsini də bu qəbildən olan hadisələr sırasına aid etmək olar. Parlamentin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyinin sədri Mariya Kalyurand, Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıblar.

 

 

BMT-nin məlum qətnamələrindən sonra ilk dəfədir ki, Dağlıq Qarabağla bağlı kifayət qədər açıq, birmənalı, eyni zamanda Beynəlxalq normalara uyğun mövqeyə rast gəlirik. Həm də aydın görünür ki, Ermənistanın bölgədə odla oynadığını, Cənubi Qafqazda çox təhlükəli ssenarilərin, xüsusən də isti müharibənin baş verməsində maraqlı olduğunu başa düşürlər. Elə bu səbəbdən, Bəyanatda vəziyyətlə bağlı açıq həyəcan ifadə edilərək qeyd edilir ki, “Yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilib. Bu yeni yol infrastrukturu həmçinin işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək”.

Parlamentarilər haqlı olaraq qeyd edirlər ki, “Lakin bu magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalının simvolu olaraq da qəbul edilə bilər”.

Bəli, işğalçı tərəfindən Beynəlxalq hüquq normalarının pozulması illərdir ki, davam edir və təəssüf ki, bu anormal vəziyyətə qəyyumluq edən Beynəlxalq Təşkilatlar və dövlətlər də az deyil. Ölkəmiz bu qeyri-səmimi xəttə etiraz edib haqq səsini dəfələrlə qaldırsa da real nəticələr əldə etmək o qədər də asan olmurdu. Avropa Şurasının işğal edilmiş ərazilərdəki qondarma prezidentparlament seçkilərində nümayiş etdirdiyi səssizlik nümunəsində olduğu kimi.

Parlamentarilər haqlı olaraq qeyd edirlər ki, bu hərəkətlərdən çox təəssüflənirlər, çünki bu etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir”. Bir Azərbaycan vətəndaşı kimi demək istəyirəm ki, ermənilərin həyasız və təhlükəli hərəkətləri bölgədə onsuz da kövrək olan qarşıdurma vəziyyətini hər an körükləyə və müharibə vəziyyətini yenidən alovlandıra bilər. Kimlərsə sadəlövhcəsinə Azərbaycanın səbrinin tükənməz olduğunu düşünürsə ciddi surətdə yanılır və özlərini bağışlana bilməyəcək kəhanətə qərq edirlər.

Bəyanat müəllifləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən fəaliyyətlərinin Əsas Prinsiplərini dəstəklərini bir daha təsdiq edərək, vasitəçiliyin uğur qazanması üçün Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarla bağlı öz öhdəliklərini gücləndirməyə çağırış ediblər. Biz hələ təcavüzkar Ermənistanın Azərbaycana vurduğu və dəyəri 350 mlrd. dollardan çox ziyanı və buna görə ödənilməli olan təzminatdan danışmırıq. Bundan başqa, İrəvan və digər tarixi ərazilərimizə olan iddialarımızı da hələ ki, gündəmə gətirmirik. Amma bu iddiaların gündəmdən çıxarıldığını da söyləmirik. Bir sözlə, sayları 2,8 milyon olan ermənilər bu ərazilərdə yaşamaq istəyirlərsə, sayları 50 milyonu ötən azərbaycanlılara qarşı əsassız iddialardan əl çəkməli, regionda sülhün, əmin-amanlığın bərqərar olmasına öz töhfələrini verməlidirlər. Bunun alternativi qanlı müharibələr, bölgənin yenidən qarşıdurmalar, sabitsizlik dövrünə qədəm qoyması demək olacaq.

Ədalət naminə deməliyik ki, Avropa Birliyi Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini zaman-zaman ortaya qoyub, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək ifadə edib. Bu dəstək həm təşkilatın, həm də onun parlament qurumu adından ifadə edilib. Eyni sərt mövqeyi NATO Parlament Assambleyası da dəfələrlə bildirib. Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri, həmçinin Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Ermənistana, onun işğalçılıq siyasətinə qarşı ilk dəfədir ki, ortaq bəyanat qəbul etmələri onu göstərir ki, dünyanın aparıcı beynəlxalq təşkilatları bu münaqişənin siyasi anatomiyası və onun həll yolları barədə artıq aydın təsəvvürlərə malikdirlər.

Onu da qeyd etmək lazımdır ki, Bəyanatın mətni Ermənistana münasibətdə indiyə qədər adət etmədiyimiz olduqca sərt ifadələrlə müşayiət olunurbu mənada işğalçı Ermənistanın törətdiyi həyasız və hüquqazidd addımlarını adekvat əks etdirir, desək yanılmarıq. Xüsusilə qeyd edilməlidir ki, Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini açıq şəkildə bəyan edir, bəyanatda ikibaşlı məna daşıyan və hiyləgər ifadələrə demək olar ki, təsadüf edilmir. Üstəlik, Azərbaycanın ərazi bütövlüyü məsələsi problemin həlli yolunda yeganə həll variantı kimi vurğulanır. Kifayət qədər təcrübəli üç siyasətçi tərəfindən belə bir bəyanatın verilməsi Avropa Parlamentinin bütün spektrlərində münaqişəyə dair vahid yanaşmanın mövcud olduğunu göstərir.

Bəyanatda mühüm məqamlardan biri də açıq kontekstdə Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunun vurğulanmasıdır. Onu da qeyd edək ki, genosid, etnik təmizləmə, yağmalama, sürünən ilhaq siyasəti ilə Azərbaycan xalqına faşizmdən də betər müsibətlər yaşatmış erməni şovinistləri alman nasistləri kimi damğalanmağa layiq olsalar da hələ ki nisbətən yüngül qınaqlarla aradan çıxa bilirlər. Amma Bəyanatdan hasil olan mühüm qənaət budur ki, Beynəlxalq rəy problemlə bağlı həqiqətlərin dərk edilməsi istiqamətində inamlı addımlar atır, Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan diplomatiyası uğurlu strategiyasını davam etdirir.

Avropa parlamentarlarının Bəyanatındakı müsbət məqamlardan biri də, ətraf rayonlarla bərabər Dağlıq Qarabağın da qanunsuz olaraq işğal olunması faktını tanımalarıdır. İndiyə qədər bu məsələdə nala-mıxa vuranlardan fərqli olaraq onların birmənalı qaydada Azərbaycanın ərazi bütölüyünün tanınmasına yönəlmiş fikirləri hər cür hörmətə layiqdir. Bu həm də Azərbaycanın Beynəlxalq Qanunlarla təsbit edilmiş ərazi bütövlüyünün tanınması deməkdir.

Yeni magistral yolun avantürası ilə bağlı Avropa Parlamentinin öz narahatlığını ifadə etməsi o deməkdir ki, Avropa Parlamenti anlayır ki, Ermənistanın bu destruktiv siyasəti etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir, əksinə vəziyyətin gərginləşməsi məqsədlərinə xidmət edir. Elə o səbəbdən də Bəyanatda yolun çəkilməsi haqda bəyan edilən niyyətlər qətiyyətlə pislənilir, təcavüzkar ölkə konstruktivliyə dəvət edilir. Bu kontekstdə işğal altında olan Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma, qanunsuz iqtisadi fəaliyyətin hər cür formalarının Avropa Parlamentinin bu bəyanatında öz əksini tapması və buna qəti etiraz edilməsi də diqqətçəkici amillərdəndir.

Ermənistanın münaqişənin Azərbaycanla qondarma rejim arasında olduğunu iddia edərək işğalçılıq siyasətini gizlətməyə cəhd etməsi Avropa Parlamentinin bu bəyanatında açıqca ifşa olunur. Belə ki, Avropa Parlamenti münaqişənin məhz Azərbaycan və Ermənistan arasında olduğunu bildirir və hər iki tərəfi münaqişəni sülh yolu ilə həll etməyə çağırır. Axı, ağlı başında olan insanlar yaxşı başa düşürlər ki, sayları güclə 65 minə çatan Dağlıq Qarabağ erməniləri uzağı 2500-3000 nəfərə çatacaq ordu birləşməsi yarada bilər ki, onları da 10 milyonluq Azərbaycan əhalisi papaqla qovub bu ərazilərdən çıxara bilərdi. Ermənistan demirəm, üçüncü bir dövlətin himayəsi olmasaydı ermənilər çətin ki bu işğalı reallaşdıra bilərdilər.

Bəyanatda 2009-cu ildə qəbul edilmiş Baza prinsiplərinə istinad edilməsi ilə münaqişənin həllində Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə eyham vurulması da danşıqların dalana dirəndiyi indiki məqamda xüsusilə böyük əhəmiyyətə malikdir. Məlumdur ki, Ermənistanın yeni hakimiyyəti sözügedən prinsipləri qəbul etmək istəmir, mümkün qədər özünü prosesdən kənarda saxlamağa çalışır. Paşinyanın qondarma respublikanın danışıqlar prosesinə qatılmasının zəruriliyi və hər şeyin sıfırdan başlaması ilə bağlı sərsəmləmələri, bu fonda danışıqlarda vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun faktiki fəaliyyətsizliyi ciddi əndişələr yaratmaqda davam edir. Ona görə də Avropa Parlamentinin qətiyyətli mövqeyi ATƏT-in Minsk Qrupu həmsədrləri üçün nümunə olmalı və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair aydın mövqe ortaya qoymalıdırlar.

Ümumiyyətlə son vaxtlar Avropa İttifaqı və bir sıra Beynəlxalq Təşkilatların Beynəlxalq hüququnHelsinki Yekun Aktının mühüm prinsiplərindən olan dövlətlərin ərazi bütövlüyü prinsipinə artan dəstəyi diqqəti cəlb edir. Təqdirəlayiq haldır ki, may ayında Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi Şərq Tərəfdaşlığının gələcəyi üzrə Yekunlar sənədində Avropa İttifaqının ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizama və beynəlxalq hüquqa sadiqliyi yer almışdır. Artıq dünya yaxşı anlayır ki, ermənilərin tez-tez müraciət etdiyi öz müqəddəratını təyinetmə hüququ ötən əsrdə kommunistlərin uydurduğu, əslində dünya nizamını pozan davakar separatçılıq hərəkətlərindən başqa bir şey deyil. Ona qalsa, dünyada 5500-dən çox millət və xalq yaşayır və onlardan hər biri öz müqəddəratını təyinetmə haqqı istəsə, bunlar bütün dünyada qanlı müharibələrə və idarə oluna bilməyəcək xaosa gətirib çıxarar. Üstəlik, bir millətin öz müqəddəratını bir dəfə təyin etmək hüququ var və ermənilər bu hüquqdan istifadə edərək qədim Azərbaycan torpaqlarında artıq öz müqəddəratlarını təyin ediblər. Sayları güclə 65 min nəfərə çatan gəlmə ermənilərin Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq cəhdləri isə nə hüquqa, nə də tarixi praktikaya sığmayan nonsensdir. Artıq dünya yaxşı başa düşür ki, dünya nizamının, sülh və əmin-amanlığın qorunmasını nəzərdə tutaraq Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bu günlərdə BMT Təhlükəsizlik Şurasının virtual iclasında bildirmişdir ki, suverenliyə və ərazi bütövlüyünə hörmət Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərində əsas elementlərdən biri olacaq.

Avropa Parlamentinin son bəyanatı Avropa Şurası üçün örnək olmalıdır. Adi məişət məsələsinə dərhal reaksiya verən Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Ermənistan tərəfindən işğal altında saxlanan ərazilərimizdə keçirilmiş və təlxək oyunlarına bənzəyən qondarmaseçkişousunu görməzdən gəlməsi ancaq təəssüf doğurur.

Bəyanat, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin parlamentarizm əməkdaşlığı çərçivəsində həyata keçirilməsinin ən bariz nümunəsidir. Avropa Parlamenti ilə uğurlu əməkdaşlıq çərçivəsində Azərbaycanın haqq səsinin yüksək tribunalardan səsləndirilməsi əlbəttə ki, bundan sonra da davam edəcək. Bu bəyanat onu göstərir ki, Azərbaycanın uğurlu xarici siyasəti gözlənilən nəticələri verir. Bəyanatda dilə gətirilən fikirlər Azərbaycanın ərazi bütövlüyünü təsdiq etdiyi kimi, Ermənistanın işğalçılıq siyasətini də xüsusi olaraq pisləyir.

Ermənistan Avropa Parlamentinin yaydığı bu bəyanatın əhəmiyyətsiz bir sənəd olduğunu iddia etsə də, Avropa dövlətlərinin parlamentlərinin birləşdiyi bu mötəbər qurumda münaqişənin həllinin əsas şərti kimi Azərbaycanın ərazi bütövlüyünün önə çəkilməsi və Ermənistanın işğalçı siyasətindən narahatlığın ifadə edilməsi, danışıqlar prosesindəki mövcud reallıqların Avropada necə qəbul edilməsini göstərir. Çünki, bu Bəyanatla Avropa İttifaqı bütün Şərq tərəfdaşlığı ölkələrinin beynəlxalq norma və prinsiplər əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyüsiyasi müstəqilliklərinin dəstəklənməsi üzrə öhdəliklərini bir daha təsdiq etmiş olur.

 

Qabil HÜSEYNLİ,

professor.

 

Respublika.- 2020.- 18 iyun.- S.5.