Ötən ilin uğurları idmançılarımızı yeni qələbələrə ruhlandırır

 

Martın 5-nin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunması artıq bir ənənəyə çevrilmişdir. Bu tarixi gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamı ilə təsis edilmişdir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi hadisə deyil. Belə ki, 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünyaAvropa çempionatlarının qalibləri ilə görüşmüş, elə həmin gün həm də İdman Fondunun yaradılması haqqında sərəncam imzalamışdır. Bununla da müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində yeni inkişaf strategiyasına start verilmişdir.

 

Qeyd etmək lazımdır ki, böyük öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev hələ Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti işləyərkən - 1997-ci il iyul ayının 31-də Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra müstəqil respublikamızda kütləvi idmanın və bədən tərbiyəsinin, o cümlədən olimpiya hərəkatının inkişafı yeni bir mərhələyə qədəm qoydu. Dövlətimizin başçısının son 16 ildə bu sahəyə göstərdiyi diqqət və qayğısı, şəxsi dəstəyi sayəsində ölkəmizdə idmanın inkişafı geniş vüsət almışdır.

 

Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Bakının mötəbər yarışlara ev sahibliyi etməsi və yaradılan infrastruktur bunu deməyə əsas verir. Beynəlxalq idman təşkilatlarının rəhbərləri görülən işləri, mötəbər çempionatlaraolimpiya oyunlarına lazımi səviyyədə ev sahibliyi etməyimizi yüksək qiymətləndirir və haqlı olaraq Azərbaycanı idman dövləti adlandırırlar.

 

Müstəqillik qazandıqdan sonra Azərbaycan iştirak etdiyi Yay Olimpiya Oyunlarında yüksələn xətlə yeni-yeni qələbələrə imza atmışdır. Belə ki, idmançılarımız 1996-cı ildə Atlantada (ABŞ) 1, 2000-ci ildə Sidneydə (Avstraliya) 3, 2004-cü ildə Afinada (Yunanıstan) 5, 2008-ci ildə Pekində (Çin) 7, 2012-ci ildə Londonda (Böyük Britaniya) 10, 2016-cı ildə Rio-de Janeyroda (Braziliya) 18 medal qazanmışlar. Həmçinin Bakı 2015-ci ildə İlk Avropa Oyunlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına və didər yarışlara ən yüksək səviyyədə ev sahibliyi etmişdir. Bu yarışların yüksək səviyyədə başa çatmasında Heydər Əliyev Fondunun prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın xidməti əvəzsizdir.

 

Hər ötən ili uğurla başa vurmaq artıq idmançılarımız üçün bir ənənəyə çevrilmişdir. Qeyd edək ki, ötən il dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdəki nitqində bu barədə demişdir: “Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır. Bu baxımdan bu il də əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar”.

 

Sevindirici haldır ki, Azərbaycan idmançıları 2019-cu ili yüksək ovqatla yola salmış, parlaq qələbələr qazanmışlar. Belə ki, yola saldığımız ildə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 233 respublika, 62 beynəlxalq yarış keçirilib, 243 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Azərbaycan milliləri 12 gündən az olmayaraq 118 təlim-məşq toplantısında iştirak ediblər. Ötən il idmançılarımız 271-i qızıl, 238-i gümüş və 266-sı bürünc olmaqla, ümumilikdə 775 medal qazanıblar. Olimpiya idman növləri üzrə 90 qızıl, 96 gümüş, 141 bürünc, qeyri-olimpiya idman növləri üzrə isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal əldə olunub.

 

Paytaxt Bakı ilə yanaşı respublikamızın şəhər və rayonlarında 45 Olimpiya İdman Kompleksi gənclərin ixtiyarındadır. Hazırda Tərtər və Yardımlı Olimpiya İdman Kompleksləri açılış ərəfəsindədir. GoranboyNeftçala Olimpiya İdman Komplekslərinin tikintisi davam etdirilir. Gəncədə isə İdman Sarayı inşa olunur. Yevlax Olimpiya İdman Kompleksinin layihələşdirilməsi başa çatıb. Burada 8 idman zalının tikintisi davam etdirilir.

 

2019-cu ilin nailiyyətləri sırasında idmançılarımızın Minskdə təşkil olunan ikinci Avropa Oyunlarında 28, İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Universiadasında 7, Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalında 23 medal qazanmalarını da sadalamaq olar.

 

Bildiyimiz kimi, bu ilTokio 2020” Yay Olimpiya Oyunları keçiriləcəkdir. “Tokio 2020”yə velosipedgimnastika idman növlərində ilk dəfə Azərbaycan idman məktəbinin yetirmələri ötən il vəsiqəyə sahib olublar. Azərbaycan Gimnastika Federasiyası qarşıya qoyulmuş məqsədə tam nail olaraq maksimum sayda lisenziya qazanıbdır. Üzgüçülük üzrə yığma komandamızın üzvü ilk dəfə yarışlarda normativləri yerinə yetirməklə lisenziyanı təmin edib: Badminton, qılınc oynatma, taekvondo, cüdo, ağır atletika, triatlon, kamandan oxatma, boks, karate idman növlərində də idmançılarımızın lisenziya qazanmaq şansları böyükdür. İdmançılarımız 2020-ci ilin əvvəlindən lisenziya uğrunda mübarizələrini davam etdirirlər.

 

Ötən ilin idman nailiyyətləri arasında şahmatçıların uğurlarını xüsusi qeyd etmək lazımdır. Belə ki, yaddaqalan sevindirici hadisə qrossmeyster Teymur Rəcəbovun Dünya Kubokunun qalibi olmasıdır. Dövlət başçısı idman ilinin yekunundakı nitqində bu qələbəni tarixi hadisə adlandırmışdır. On altı yaşadək şahmatçılardan ibarət komandamız Olimpiadanın qızıl, şahmat üzrə qadınlardan ibarət yığmamız isə Avropa komanda çempionatında ermənilər üzərində inamla qələbə qazanaraq bürünc medala sahib çıxmışlar. Bütün bunlar onu deməyə əsas verir ki, gənclərimiz fiziki cəhətdən güclü olmaqla yanaşı, həm də onların intellektual səviyyəsi çox yüksəkdir. Şahmata göstərilən diqqət, son illərdə rayonlarda şahmat məktəblərinin açılması öz bəhrəsini verməkdədir. Yeri gəlmişkən, onu da qeyd edək ki, ölkə rəhbərimiz bölgələrə çoxsaylı səfərləri çərçivəsində şahmat məktəblərinin açılışında şəxsən iştirak edir.

 

Qadın güləşçimiz Mariya Stadnik, taekvondoçu Bergi Hərçeqani, triatlonçu Rostislav Pevtsov dünya, atlet Nazim Babayev isə Avropa çempionu adına layiq görülüblər.

 

Nəzərə çatdıraq ki, bu il də ölkəmiz bir sıra mötəbər yarışlara ev sahibliyi edəcəkdir. Bunların sırasında futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç oyununu və dörddə bir final matçını, Formula 1 Azərbaycan Qran-Prisini, karate üzrə 55-ci Avropa çempionatını, 4-16 Dünya Şahmat Olimpiadasını, bədii gimnastika, batut gimnastika üzrə dünya kuboku yarışlarını, aerobika üzrə dünya çempionatını və digər yarışları göstərmək olar.

 

Ölkəmizin rəhbəri Milli Olimpiya Komitəsinin 2019-cu idman yekunlarına həsr olunan mərasimindəki nitqində hər bir vətəndaşa idmanla məşğul olmağı tövsiyə edərək demişdir: “Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdir”.

 

Qeyd edək ki, artıq ənənəyə çevrilmiş idman ilinin yekunlarında parlaq qələbələr qazanan idmançılar və onların məşqçiləri Azərbaycan Prezidenti tərəfindən fəxri fərmanlarla və adlarla, qiymətli hədiyyələrlə, mənzil orderləri və sairlərlə mükafatlandırılıb. Bütün bunlar isə idmançılarımızı daha yaxşı nəticələr göstərməyə ruhlandırır.

 

Respublikamızda böyük maddi-texniki bazaya malik idman infrastrukturunun yaradılması, bu sahəyə göstərilən diqqət və qayğı, verilən dövlət dəstəyi və ötənilki nailiyyətlər onu deməyə əsas verir ki, idmançılarımız 2020-ci ildə də yeni zəfərlərə imza atacaqlar.

 

 

 

Ramiz YUSİFLİ

 

Respublika.- 2020.- 7 mart.- S.3.