Şərəfin, şanın ucalığında dayanan qadın

 

Ulu öndər Heydər ƏLİYEV demişdir: “Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”.

 

Qəhrəmanlıqla dolu keçmişimizə nəzər salsaq, görərik ki, istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında xidmətləri olan qadınlarımıza xüsusi hörmət və ehtiram göstərilmişdir.

 

Bu gün Qadın, ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, adamı, müəllim, həkim, aqronom, diplomat, hakim, alim, dövlət məmurudur. Onların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Azərbaycanın demək olar ki, əksər rayonlarında icra hakimiyyəti başçılarının müavinləri qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 30 faizə, sahibkarlıq fəaliyyətində isə onların iştirakı 20 faizə çatmışdır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artıb. Eləcə də hüquq-mühafizə və məhkəmə orqanlarında, diplomatik sahədə çalışan qadınlarımızın sayı ildən-ilə artmaqdadır.

 

Hər il Beynəlxalq Qadınlar Günü ərəfəsində Prezident İlham Əliyev ənənəvi olaraq respublikamızın ictimai həyatında və özfəaliyyət sahələrində fərqlənən bir qrup qadına vətənin yüksək mükafatının və fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayır. Bu, Azərbaycan cəmiyyətində xüsusi yer tutan qadınlarımızın fəaliyyətinə ölkə başçısı tərəfindən verilən yüksək dəyərin və dövlətimizin qadına göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. Hər birimiz etimadı doğrultmağa çalışırıq. Bu, həm də işimizin keyfiyyətini və peşəkarlığını daha da inkişaf etdirmək üçün əlavə stimul olur. Cənab Prezidentin ölkənin birinci xanımı Mehriban Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi bizim bu fikrimizi bir daha təsdiq edir. Hər bir vətəndaş onun bu vəzifəyə layiq olduğunu etiraf edir. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi göstərdiyi fəaliyyət təqdirəlayiqdir. Onun təşəbbüsü ilə keçirilən uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, səhiyyə, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrlə bağlı irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına öz müsbət təsirini göstərir. Mehriban xanım Əliyevanın Qarabağ həqiqətlərinin, qaçqın və məcburi köçkünlərin vəziyyətinin dünya birliyinə çatdırılmasında çox böyük xidmətləri var. Biz Mehriban xanım Əliyevaya bu münasibətlə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

 

Tarix boyu Azərbaycan qadını kişilərlə çiyin-çiyinə vətənin keşiyində dayanmış, torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparmışdır. Müasir dövrdə də Ermənistanın işğalçı siyasəti ilə barışmayan qadınlarımız kişilərlə bərabər, müharibənin ən qaynar nöqtələrində böyük şücaət göstərir. Bu gün biz döyüşlərdə qəhrəmancasına iştirak etmiş, igidliklər göstərmiş, şəhid olmuş qadınlarımızı, eləcə də mərd, qorxmaz əsgərlər yetirən ana-bacılarımızı göz önünə gətirdikdə Azərbaycan qadınının nə qədər güclü və uca zirvədə olduğunu bir daha dərk edirik.

 

Ölkə başçısı 2016-cı ildə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni təsdiq edib. Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı inkişaf əsasında iqtisadiyyatın rəqabət-qabiliyyətliliyini və sosial rifahın daha da yaxşılaşdırılmasını təmin edəcəkdir. Bu strategiyaya uyğun olaraq, bizim vəzifəmiz qadın sahibkarlığının inkişafına daha da çox dəstək göstərməkdir. Əlbəttə, aktual məsələlərdən biri də kənd və rayonlarda yaşayan qadınların iqtisadisosial həyatda iştirakçılığının artırılmasıdır. Bu məqsədlə “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyi  tərəfindən bir sıra layihələr həyata keçirilir. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə təsir edir. Ailə büdcəsinə, onun sosial rifahının yaxşılaşmasına öz töhfəsini verir. Digər tərəfdən, qadının özünə inam hissi artır. Son illərdə paytaxtdaregionlarda qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, onların iqtisadisosial nüfuzunun artmasına və bir çox hallarda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların qurulması sahəsində qadınlarımıza təlimlər keçirilir. Ailənin gəlirləri, onun düzgün xərclənməsi və digər məsələlər izah olunur. Bir məsələni unutmaq olmaz ki, qadınların hüquqlarının müdafiəsinə nail olmaq üçün, məişət zorakılığının aradan qaldırılması vacibdir. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcək”. Azərbaycan Prezidenti cənab İlham Əliyev ortakiçik biznesin inkişafında biz sahibkarlara göstərdiyi diqqətin və qayğının  nəticələrini öz fəaliyyətimizdə hiss edirik.

 

Son illər ölkəmizdə qadın sahibkarlığı inkişaf etdikcə sahibkarların sayının xeyli artması və bu sahədə görülən işlər, həyata keçirilən layihələr beynəlxalq əməkdaşlıq məsələləri də mühüm amilə çevrilir. Bu baxımdan sahibkar xanımlar işlərini inkişaf etdirməklə yanaşı, beynəlxalq əməkdaşlığa da önəm verirlər. Azərbaycanda qadın sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, o cümlədən təşkil olunan müxtəlif maarifləndirici tədbirlər, qadın sahibkarlara verilən güzəştli kreditlər, Azərbaycanın qadın sahibkarlar təşkilatları ilə əlaqələrin genişləndirilməsində əməkdaşlığın uğurlu nəticələri əhəmiyyətli dərəcədə hiss olunur.

 

Bu gün Azərbaycan qadını - həm xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu, həm də bütün peşə  sahələrində mühüm rol oynamaqla intellektisosial aktivliyi özündə cəmləşdirir. Azərbaycan qadınları ölkəmizin inkişafı, qlobal dünyada mədəni-mənəvi zənginliklərimizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da fəallıq nümayiş etdirəcəklər...

 

 

 

Səkinə BABAYEVA,

“Azərbaycanda Qadın

Sahibkarlığının İnkişafı

Assosiasiyası”nın sədri.

 

Respublika.- 2020.- 7 mart.- S.6.