Azərbaycan qadını cəmiyyətimizin mənəvi dayağıdır

 

Azərbaycan qadını hər zaman öz iradəsi, mərdliyi, saflığı və vətənpərvərliyi ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rola malik olmuşdur, böyük işlər görmüşdür. Azərbaycan qadınının nəcibliyi, müdrikliyi, doğma Vətənimizə qəlbən bağlılığı tariximizin hər bir dövründə özünü bariz şəkildə büruzə vermişdir. Bu gün qadınlarımız üzərlərinə düşən sosial yükün ağırlığına baxmayaraq daim cəmiyyətimizin mənəvi dayağı olmuş, mürəkkəb ictimai-siyasi dəyişikliklərin yaşandığı zamanlarda dəyanət nümayiş etdirmişlər. Milli varlığımızın ifadəsi olaraq əxlaqi-mənəvi sərvətlərimizin və mədəni-tarixi dəyərlərimizin qorunub yaşadılması bilavasitə qadınlarımızın adıyla sıx bağlıdır.

 

Azərbaycanda qadına hər bir zaman böyük hörmət və məhəbbət hissi bəslənilib və yüksək qiymət verilib. Bu gün Azərbaycan qadını cəmiyyətimizin aparıcı qüvvəsi, mənəvi dayağıdır. Bütün sahələrdə, o cümlədən elm, təhsil, mədəniyyət, səhiyyə və digər mühüm sahələrdə rəhbər vəzifələrdə çalışan qadınlarımızın uğurları göz önündədir. Ölkə təhsilində də fəaliyyət göstərənlərin tam əksəriyyətini qadınlar təşkil edir, bu sahənin inkişafı naminə öz bilik və bacarıqlarını əsirgəmirlər. Dahi Heydər Əliyev Azərbaycan qadınına daim yüksək qiymət vermiş, onlara xüsusi diqqətlə yanaşmış, qadınlarımızın yüksək dövləti vəzifələrdə təmsil olunmalarını diqqət mərkəzində saxlamışdır. Böyük öndərimiz ölkənin milli təhsil sisteminə həmişə ən mühüm və əhəmiyyətli bir sahə kimi baxırdı. O, həmişə cəmiyyətin bütün sahələrinin təhsilə əsaslandığını vurğulayır və deyirdi ki, ölkə iqtisadiyyatının bütün sahələrini inkişaf etdirmək üçün güclü kadr, təhsil potensialı olmalıdır. Çünki millətin gələcəyi məhz onun təhsili ilə sıx bağlıdır. Ona görə də Azərbaycana rəhbərliyinin hər iki dönəmində ölkə təhsili onun həmişə diqqət mərkəzində olub. “Mən müəllimdən şərəfli bir peşə tanımıram” kimi müdrik kəlamı da təhsilimizə verilən qiymətin əyani təzahürüdür.

 

Son illər ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya miqyasında böyük nüfuz və hörmət qazanmış, praqmatik siyasətçi, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində təhsil sahəsində böyük islahatlar həyata keçirilmiş, ölkə təhsil sistemi dünya təhsilinə sürətlə inteqrasiya olunmuşdur. Təhsilin idarə edilməsi, kadrların düzgün seçilib yerləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial problemlərinin həlli, yeni-yeni müasir tipli tədris ocaqlarının tikintisi və təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə təmiri və digər mühüm məsələlər öz müsbət həllini tapmışdır.

 

Xalqımızın fəxri olan, onun böyük hörmət və sevgisini qazanmış Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti, xalqımızın sosial rifah halının yaxşılaşdırılması üçün gördüyü möhtəşəm işlər, xeyriyyəçilik fəaliyyəti ona beynəlxalq aləmdə dərin hörmət və nüfuz qazandırmışdır. Özünün yüksək intellektual səviyyəsi ilə Azərbaycan qadınını bütün dünyada layiqincə təmsil edir, qadınlarımıza şan-şöhrət gətirir. İnsanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində işləri xalqımız tərəfindən yüksək qiymətləndirilir və minnətdarlıqla qarşılanır.

 

Bu gün qeyd olunduğu kimi təhsil sahəsində mühüm islahatlar uğurla davam etdirilir. Fəaliyyət göstərdiyim Xətai rayonu 138 saylı orta məktəbin pedaqoji kollektivi zamanın tələblərindən doğan yeniliklərin öz işlərində tətbiq edilməsi, şagirdlərin vətənə bağlılıq ruhunda tərbiyəsi və milli-mənəvi dəyərlərimizə sadiq övladlar kimi tərbiyə olunması üçün əzmlə çalışırlar, müəllim adını şərəflə doğruldurlar. Qeyd edim ki, 1995-ci ildən 138 saylı orta məktəbdə ingilis dili müəllimi kimi öz pedaqoji fəaliyyətimə başlamışam. Ötən illər ərzində məktəbin əldə etdiyi uğurlarda qadın müəllimlərimizin zəhməti danılmazdır. Onlar məktəbin bütün ictimai həyatında da əzmkarlıq göstərir, yeni təhsil uğurlarının əldə olunması istiqamətində səylə çalışır, öz töhfələrini verirlər. Özüm haqda deyim ki, 2019-cu ilin noyabr ayından məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşam. İngilis dili müəllimi kimiBritish Council” xətti ilə bir çox təlimlərdə iştirak etmişəm.

 

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadın həmkarlarımızı həm öz, həm də pedaqoji kollektivimiz adından ürəkdən təbrik edir, Azərbaycan təhsilinin inkişafı naminə onlara yeni uğurlar arzulayır, möhkəm cansağlığı, ailə səadəti diləyirəm.

 

Esmira MÜRSƏLOVA,

Bakı şəhəri 138 saylı tam

orta məktəb, təlim-tərbiyə işləri üzrə direktor müavini.

 

Respublika.- 2020.- 7 mart.- S.6.