Azərbaycanda qadın hərəkatının mühüm nailiyyətləri

 

Qədim zamanlardan Azərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs sayılmış, namus və qeyrət rəmzi olmuşdur. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Qadınlarımız tarix boyu öz zəkası, istedadı, ağlı və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində müstəsna xidmətlər göstərmişlər.

 

XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadınlarının taleyinə isə ilk dəfə Şərqdə məhz Azərbaycanda 28 may 1918-ci il tarixində yaranmasından bu günqürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti işıq salmışdır. Cümhuriyyət cəmi 23 ay yaşasa da, yarandığı ilk gündən elan etdiyi Bəyannamə ilə Azərbaycanda yaşayan bütün milli azlıqların, eləcə də demokratik cəmiyyətin atributlarını elan etmişdir. Azərbaycan qadınlarına seçmək və seçilmək hüququ da məhz bu dövrdə verilmişdir. Bu şanlı günün artıq bir əsrdən çox tarixi vardır. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövrü, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib, həm elm, həm də mədəniyyət sahələrində bir sıra nailiyyətlər qazanıb və qısa müddət ərzində böyük inkişaf yolu keçib.

Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Onlar dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Belə şəxsiyyətlərdən biri də XX əsrin dahi simalarından olan dünya şöhrətli siyasətçi, müdrik zəka sahibi, xalqımızın iftixarqürur mənbəyi olan, ümummilli liderimiz Heydər Əliyevdir.

Yetkin dövlət siyasətinin həyata keçirilməsində qadınları əsas aparıcı istiqamətlərdən biri hesab edən ulu öndərimiz daim Azərbaycan qadınlarının inkişafına, cəmiyyətdə və dövlətdə təmsil olunmalarına, hüquqlarının qorunması və onların irəli çəkilməsinə diqqət və qayğı ilə yanaşmışdır. O, həmişə Azərbaycan qadınının mərdliyini, iradəsini, fədakarlığını, saflığını, sədaqətini və ismətini ən ali dəyər kimi qiymətləndirmişdir. Xüsusilə böyük alimimiz Zərifə xanım Əliyeva haqqında onun xatirələrini dinləmək kifayətdir ki, bu dahi şəxsiyyətin qadına verdiyi yüksək qiyməti dərk edəsən.

Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsindən sonra qaçqınlıq və köçkünlük həyatının ağırlığı da daha çox qadınların üzərinə düşdü. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadının cəmiyyətdəki fəallığının artırılması üçün qadın hərəkatına dövlət tərəfindən qayğı və dəstək xeyli gücləndi. Ulu öndərin qadınlara göstərdiyi diqqət hələ sovet dövründə respublikaya rəhbərlik etdiyi zaman aydın nəzərə çarpırdı. O, yerlərdə görüşləri zamanı istehsalat qabaqcıllarına və mədəniyyət xadimlərinə böyük diqqəti ilə özündən əvvəlki bütün rəhbərlərdən fərqlənirdi. Heydər Əliyev Azərbaycan qadınlarının işgüzarlıq keyfiyyətlərini də çox yüksək qiymətləndirir və çətin işləri onlara etibar etməkdən ehtiyat etmirdi. Qadınlara olan etibar və inamının nəticəsi idi ki, hələ Sovet dönəmində rəhbərliyi zamanı neçə-neçə qadın yüksək vəzifələrə təyin edilmişdi. Xarici işlər naziri Tahirə Tahirova, Təhsil naziri Elmira Qafarova, Ticarət naziri Svetlana Qasımova, Təhsil naziri Lidiya Rəsulova, Məişət Xidməti naziri Nailə Bağırova, Qadın Komitəsinin sədri Zəhra Quliyeva, Ali Arbitraj Məhkəməsinin sədri Flora Əhmədova, Səhiyyə nazirinin müavini Zemfira Hüseynova, Ticarət nazirinin müavini Qəndab Səfərova.

Cəmiyyətdə əxlaqi problemlərin həllində, ideya mübarizəsində əzmkarlıq və möhkəm əqidə saflığı nümayiş etdirən qadınlarımız haqqında ulu öndərimiz deyirdi: “Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır... Qadın hərəkatı böyük qüvvədir”. Heydər Əliyev şəxsiyyətinin qadına hörmət, diqqət və qayğısının daha bir nəticəsidir ki, keçmiş Sovet İttifaqının təşəbbüsü ilə hələ 1975-ci ildə BMT Beynəlxalq qadınlar gününün bütün dünyada qeyd olunmasını tövsiyə etsə də, SSRİ dağıldıqdan sonra bir sıra yeni dövlətlər bu bayramı ləğv etdikləri halda, məhz onun təşəbbüsü ilə Azərbaycanda 8 Mart günü nəinki bayram kimi saxlanılmış, həmçinin qeyri-iş günü kimi qanunvericilik qaydasında təsbit edilmişdir.

O dəfələrlə öz çıxışlarında qadınlarımıza xitabən qətiyyətlə bildirmişdir ki, “Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağı hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir. Mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olub. Bütün bu mərhələlərdə qadınlar özlərini çox etibarlı göstəriblər və bu sınaqlardan çıxıblar. Azərbaycan Prezidenti kimi mən birinci növbədə qadınların cəmiyyətdə rolunun artmasına çalışıram. Əminəm ki, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunda, iqtisadi islahatlarda və digər proseslərdə siz həmişə fəal olacaqsınız və ön sıralarda gedəcəksiniz”.

Bu sözləri söyləməyə dahi öndərimizin böyük haqqı var idi. Çünki hələ müstəqilliyini yenicə əldə etmiş dövlətimiz 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulmuş və 1998-ci ilin yanvar ayında həmin Konvensiyanın respublikamızda yerinə yetirilməsi ilə bağlı BMT-nin komissiyasında hesabat vermək üçün ABŞ-ın Nyu-York şəhərinə ezam edilən nümayəndə heyətinin tərkibində həmin vaxt Ədliyyə naziri işləyən yazı müəllifi də olmuşdur. Rəsmi hesabatdan əlavə, BMT-nin sədr müavinibir neçə komissiyasında da görüşlərimiz keçirilmişdir.

1995-ci ildə ulu öndərin fərmanı ilə Ümumdünya Qadınlarının Pekin Konfransına hazırlıq mərhələsində respublikamızda qadın hərəkatının müxtəlif təbəqələrində təmsil olunan qadınlardan ibarət Milli Qadın Komitəsi yaradılmışdır. Bu Komitə mütəmadi olaraq qadın və hüquq, qadın və siyasət, qadın və iqtisadiyyat, qadın və din, qadın və milli adət-ənənələrimiz mövzusunda müxtəlif konfranslar keçirmiş, təhlillər, tədqiqatlar aparmış və bunun əsasında Pekində keçirilən mötəbər konfransa Azərbaycanın ümummilli məruzəsi hazırlanmış və respublikamızın səlahiyyətli nümayəndə heyəti IV Ümumdünya Qadınlar Konfransında iştirak etməklə ümummilli məruzəni təqdim etmişlər.

Qeyd etməliyəm ki, yuxarıda göstərilən Konvensiyanın əsas şərtlərindən biri qadınların qərar qəbul edəcək vəzifələrdə təmsil olunması idi. Bu gün, həqiqətən də təhsil, səhiyyə və mədəniyyət sahələrində işləyənlərin, demək olar ki 60-70 faizi qadınlardır. Amma gender siyasəti tələb edir ki, bu qadınlar birinci şəxs qismində, yəni institut, kollec, məktəb direktorları, xəstəxana rəhbərləri, baş həkimlər və mədəniyyət ocaqlarının rəhbərləri işləsinlər.

1998-ci ilin noyabr ayında Dünya Qadın Liderlər Cəmiyyətinin BMT ilə birgə keçirdiyi Dünya Qadın Ədliyyə Nazirlərinin Forumunda belə bir fikir söylənildi ki, qadınlar təmsil olunan hökumətlərdə rüşvətxorluq və korrupsiya olmur, olsa da çox az olur. Bu qənaətə elə-belə havadan gəlinməmişdi. Bir neçə ölkədə yoxlamalar, təhlillər aparılmış və belə nəticəyə gəlinmişdi. Hətta orada bir misal çəkildi ki, bir ölkədə (adını unutmuşam) bütün dövlət yol polisi əməkdaşlarını qadınlarla əvəz ediblər və burada o məqsəd güdülüb ki, kişilər qadınlardan utanaraq yol hərəkəti qaydalarını pozmaz, istəməz ki qadın onu saxlayıb irad tutsun, pozduqda isə qadına rüşvət təklif edə bilməzlər. Yeri gəlmişkən qeyd edim ki, son illərdə Azərbaycanın güc strukturlarına da qadınlar işə qəbul edilirlər ki, bu da öz müsbət nəticəsini verməlidir.

1998-ci ilin yanvarında Heydər Əliyevin yeni bir fərmanı ilə dövlətimizin qadınlara qayğısının təzahürü kimi Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından və ölkəmizin sosialsiyasi həyatında onların iştirakının artırılmasından ibarət idi. Elə həmin ilin 14-15 sentyabrında 26 illik fasilədən sonra müstəqil ölkəmizin birinci qadın qurultayı çox böyük təmtəraqla keçirildi. Bu qurultay qadın hərəkatı tarixində çox əlamətdar bir hadisə olmaqla ölkəmizin ən ucqar rayonlarının nümayəndələrini, 2000-dən artıq fəal və işgüzar qadını bir araya gətirdi. Məhz bu qurultay müstəqil ölkə qadınlarımızın ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu. Sonralar da belə qurultayların keçirilməsi davam etdirildi.

İki il sonra Heydər Əliyev “Azərbaycan Respublikasında qadın siyasətinin həyata keçirilməsi haqqında” adlı yeni bir fərman imzaladı. Qadınlara münasibətdə atılmış hər bir yeni addım təsadüfi olmayaraq, dövlətimizin siyasətinin başlıca istiqamətlərindən birinin qadın hüquqlarının qorunması olduğunun bariz nümunəsi və dövlətin həyata keçirdiyi qadın siyasətinin ən yüksək səviyyədə reallaşdırılmasına gerçək sübut idi. Bu sənəd həm də bərabər hüquqlar, bərabər imkanlar siyasətinə açılan yeni bir körpü idi. Həmin fərmanda qadınlarla kişilərin hüquq bərabərliyi, xüsusilə onların dövlət idarəçiliyi sistemində layiqli səviyyədə təmsil olunmaları, habelə qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik məlumatların hazırlanması, iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlər, gender siyasəti tələblərinin rəhbər tutulması, qadınlarla kişilər arasında bərabər imkanların yaradılması, işləməyən qadınların məşğulluğu problemlərinin həlli yolları öz təsbitini tapdı. Qadınların cəmiyyət həyatında rolunun artırılmasına yönələn ardıcıl atılmış addımlar onların ictimai-siyasi fəallığına sanki ikinci bir təkan verdi. Həmin ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi öz əksini tapdı. Bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında çoxsaylı qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir ki, bu da Heydər Əliyev müdrikliyinin, uzaqgörənliklə yaratdığı şəraitin məntiqi nəticəsidir.

Sevindirici haldır ki, dövlət başçısı möhtərəm İlham Əliyev bütün sahələrdə olduğu kimi ulu öndərin gender siyasətini də uğurla həyata keçirir. Son dövrlər Milli Məclisdə, dövlət idarəçiliyi orqanlarında, elm, təhsil, səhiyyə, məhkəmə, hüquq, mədəniyyət, siyasət və idman sahələrində təmsil olunan qadınlarımız üzərlərinə düşən vəzifələrin öhdəsindən nəinki layiqincə gəlir, hətta dövlətimizi bir çox beynəlxalq qurumlarda ləyaqətlə təmsil edirlər. Dinamik iqtisadi inkişafa nail olmuş və müstəqillik yolu ilə inamla addımlayan Azərbaycanda son illər qadınların ölkə daxilində fəaliyyəti ilə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələri də forma və məzmunca təkmilləşdirilmişdir.

Cənab İlham Əliyevin ölkəmizin iqtisadi inkişafı, əhalinin güzəranının yaxşılaşdırılması, yeni yerlərinin açılması naminə sahibkarlıq fəaliyyəti sahəsində yaşıl işıq yandırmasının nəticəsidir ki, bir çox qadınlar bu gün sahibkarlıqla məşğul olur, firma, şirkət və fermer təsərrüfatları yaradır və buna dövlət tərəfindən dəstək verilir.

Sonradan 2006-cı ildə dövlət başçısının sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması dövlət siyasətinin varislik prinsipinə əsaslanmışdır. Öz sələfi olan Qadın Komitəsinin fəaliyyətindən daha geniş spektri əhatə etməsi də Azərbaycan qadınları üçün bir daha yeni üfüqlər açmışdır.

Qadınların hüquq və maraqları hələ Sovet dönəmində daim diqqət mərkəzində saxlanılaraq analığın mühafizəsi, qadınların əmək hüququ və əməyin mühafizəsi, onların sosial təminatla bağlı əldə etdikləri bəzi güzəşt və imtiyazlar bir daha qanunvericilik qaydasında möhkəmləndirilmişdir. Qadınlara qarşı məişət zorakılığı ilə bağlı “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu il 22 iyun tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilməklə hazırda bu sahədə görülən işlər xeyli təkmilləşdirilmişdir.

Gender siyasətinin tələblərinə uyğun olaraq son illərdə respublikamızda tək-tük dövlət qurumuNazirlik tapılar ki, onun rəhbərliyində qadın təmsil olunmasın. Belə ki, Milli Məclis və Konstitusiya Məhkəməsinin sədr müavini, İqtisadiyyat, Mədəniyyət, Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Neft Şirkətinin rəhbərlərinin müavinlərindən biri qadındır. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri, Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədri və hər iki müavini, ombudsman təsisatının və AMEA-nın bir neçə elmi-tədqiqat institutlarının rəhbərləri qadınlardır. Son dövrlər qadınların rəhbərlik etdiyi ali təhsil müəssisələrinin sayı da artmışdır. Həmçinin son günlərdə Milli Məclisə keçirilmiş seçkilərdə də 22 qadın deputat qanunverici orqanda təmsil olunur. Milli Məclisə builki seçkilərdə 276 qadının öz namizədliyini irəli sürməsi son dövrlərdə onların ictimai-siyasi fəallığının bariz nümunəsidir.

Ölkəmizdə bu gün də qadınların şəxsiyyətinə, onların ictimai-siyasi fəaliyyətinə yüksək qiymət verilir, tutduğu vəzifələrin, işlədikləri peşənin öhdəsindən layiqincə gələnlər vaxtaşırı cənab Prezident tərəfindən fəxri adlar, ordenmedallarla təltif edilirlər. Qadın əməyinə verilən dəyərin nəticəsidir ki, dövlət başçısı tərəfindən Cümhuriyyət ili elan olunan 2018-ci ilin mayın 30-da Bakı Konqres Mərkəzində dövlət səviyyəsində Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu bir neçə xarici dövlətin və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Forumda geniş konstruktiv müzakirələr aparılmış və qadınların seçki hüquqlarının ilk dəfə Şərqdə məhz Cümhuriyyət tərəfindən verilməsi bir daha təqdir edilmişdir. Sonra müzakirələr panel iclaslarında davam etdirilmişdir.

Vurğulamaq yerinə düşər ki, Azərbaycan qadınlarının siyasi hüquqları, o cümlədən seçib-seçilmək hüququ çox-çox əvvəl tanındığı halda, bir sıra qərb ölkələrinin özündə belə qadınlara seçilmək hüququ son bir neçə onilliklərdə verilmişdir.

Qürurverici haldır ki, Heydər Əliyev ocağının istisini almış ölkənin birinci ledisi, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınını şəxsi nümunə göstərərək ailə, qadın və uşaqların problemlərini öz nəzarətində saxlayır. Onun təşəbbüsü ilə uşaqların sağlamlığı, təhsili, tərbiyəsi sahəsində böyük layihələr uğurla həyata keçirilir. Mehriban xanım Əliyeva Azərbaycan qadınının dərin ağlını, incə qəlbini, yüksək xeyirxahlığını və alovlu vətənpərvərliyini bütün dünyaya nümayiş etdirir. Onun beynəlxalq aləmdə gördüyü misilsiz işlər, siyasi və mədəni fəaliyyəti ölkə qadınlarının adını daha yüksək zirvələrə qaldırmışdır.

Danılmaz həqiqətdir ki, qadın hərəkatı güclü qüvvədir. Bu gün geniş miqyasda fəaliyyət göstərən qadınlarımızın əsas amalı da ölkəmizdə demokratik proseslərin daha da möhkəmləndirilməsi yolunda çalışmaq, milli quruculuq konsepsiyasına sadiq qalaraq gənclərimizi vətənsevərlik, Azərbaycançılıq ruhunda tərbiyə etməkdir. Ulu öndərimiz hər zaman Azərbaycan qadınının ağlına, düşüncəsinə, mərdliyinə, cəsarətinə və qeyrətinə arxalandığını deyirdi. Fəxrlə deyə bilərik ki, çoxəsrlik mədəni-mənəvi dəyərlərin, doğma ana dilinin və adət-ənənələrimizin bu günədək layiqincə yaşadılmasında misilsiz xidməti olan Azərbaycan qadınları bu gün cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadiictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, həm də çalışdıqları sahədə müxtəlif nailiyyətlər əldə edirlər.

Ölkəmizdə təhsil və səhiyyədə çalışanların əksəriyyətinin qadınlardan ibarət olması onların təhsil səviyyəsinin kifayət qədər yüksək olmasından xəbər verməklə yanaşı, həm də iqtisadi sferada fəallıqlarını da sübut edir.

Dahi rəhbərin layiqli varisi, xalqımızın böyük məhəbbət və ehtiramını qazanmış, uzaqgörən siyasəti ilə dünya siyasətçiləri arasında xüsusi nüfuz sahibinə çevrilmiş Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə də Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanmışdır. Bu da xalqımızın daha yaxşı yaşamasına və xüsusilə öz imkan və bacarıqlarını daha yaxşı nümayiş etdirməsinə, Heydər Əliyev yolunun, ənənələrinin uğurla davam etdirilməsinə şərait yaratmışdır.

Sonda bütün xanımlarımızı beynəlxalq qadınlar günü olan 8 Mart münasibəti ilə təbrik edərək, onlara möhkəm cansağlığı, uzun ömür və qadın xoşbəxtliyi arzu edir, dünyaya gələn körpələrin böyüdülməsi, inkişafı və gənc nəsil kimi tərbiyələndirilməsi yolunda müqəddəs fəaliyyətlərində əzmkarlıq arzu edirəm.

 

Südabə HƏSƏNOVA,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Şöhrət” ordenli

hakimi, Əməkdar hüquqşünas.

 

Respublika.- 2020.- 8 mart.- S.2.