Abşeron: ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr

 

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən rayon icra hakimiyyətinin geniş şura iclasında 2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib. Abşeron RİH başçısı İradə Gülməmmədova geniş məruzə ilə çıxış edərək bildirib ki, 13 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə dövlət başçısı 2019-cu ilin ölkəmiz üçün uğurlu il olduğunu, qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini və dayanıqlı inkişafın təmin olunduğunu qeyd edib.

 

 

2019-cu ilin Abşeron rayonu üçünuğurlu il olduğunu vurğulayan başçının sözlərinə görə, ötən il rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, rayon ərazisində su-kanalizasiya sistemlərinin yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri, elektrik enerjisi, təbii qaz ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələr icra olunub. “Xüsusilə Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə rayonun Xırdalan, Mehdiabad, Qobu, Saray, Masazır və Ceyranbatan yaşayış məntəqələrində 28 küçə üzrə 39.7 km uzunluğunda yolun əsaslı təmir olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 26.6 milyon manat vəsait ayrılması hər bir abşeronlunun böyük sevincinə səbəb olmuşdur. Bu diqqət və qayğıya görə rayon ictimaiyyəti adından cənab Prezidentə dərin təşəkkürümüzü bildiririk” - deyən İ.Gülməmmədova əlavə edib ki, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Mehdi Hüseynzadə, Qəşəm Aslanov, Nəsimi küçələri yenidən qurulub, şəhər ərazisində 22-ci və 26-cı məhəllələrin ərazisində nümunəvi məhəllə yaradılması işləri davam etdirilib.

Hesabat dövründə Xırdalan şəhərində və Ceyranbatan qəsəbəsində 7 çoxmənzilli yaşayış binasının dam örtüyü yenilənib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən ayrılan vəsait hesabına Xırdalan şəhərində 6 çoxmənzilli yaşayış binasında 27 istismara yararsız lift əsaslı təmir olunub.

Ölkə Prezidentinin 2019-cu ilin “Nəsimi ilielan etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilmiş agacəkmə kampaniyasına ürəkdən qoşulan abşeronlular tərəfindən 6 dekabr 2019-cu il tarixdə rayonun yaşayış məntəqələrində 22 min ədəd ağac əkilib. Ümumilikdə 2019-cu ildə Abşeron rayon ərazisində 32 min ədəd ağac əkilib.

Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı ötən il çox böyük layihələr həyata keçirilib. Bakı və Abşeron yarımadasının elektrik təchizatında müstəsna rol oynayan 1953-cü ildə tikilən və istismar müddətini başa vuran 220 kilovoltluq “Xırdalan” yarımstansiyasının “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yenidən qurulmasında son tamamlama işləri görülür. 2019-cu il ərzində Xırdalan şəhərində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni 110 kV-luq “Xırdalan” yarımstansiyasının inşası başa çatdırılaraq şəbəkəyə qoşulub.

2019-cu il ərzində Abşeron SukanalBağlar Sukanal idarələri tərəfindən rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 9645 metr uzunluqda yeni içməli su, Xırdalan, Masazır və digər ərazilərdə ümumilikdə 1889 metr uzunluqda kanalizasiya xətləri çəkilib, 48 ədəd müxtəlif markalı su nasosu təmir edilib, 27 çoxmənzilli yaşayış binasının zirzəmisində 967 paqonmetr kanalizasiya xətti yenisi ilə əvəz olunub.

Azərbaycan Hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə 2017-ci ilin iyul ayından başlanılan işlər davam etdirilib.

Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Müşfiqabad Qaz Paylayıcı Stansiyadan Xırdalan şəhərinə gələn istismar üçün təhlükəli 530 mm diametrli orta təzyiqli qaz xəttinin 2000 metr uzunluğunda hissəsi 400 mm polietilen boru ilə əvəz olunub. Hökməli qəsəbəsi ərazisində layihə-smeta sənədləri əsasında 7000 metr xətt çəkilərək istismara verilib və vətəndaşlar tərəfindən pərakəndə çəkilmiş müxtəlif diametrli qaz xətləri ləğv edilib.

Ölkə Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı rayon icra hakimiyyətləri qarşısında qoyduğu vəzifələrlə bağlı Abşeron rayonu çox böyük nəticələr əldə edib. Respublika iqtisadiyyatına qoyulan özəl investisiyaların həcminə görə Abşeron rayonu 2018-ci ildə respublikada birinci yerdə olub və 2019-cu ildə də bu uğurlar davam etdirilib. Ötən il özəl sahəyə 242 milyon manat investisiya cəlb edilib.

Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılmış 2 milyon manat vəsait hesabına tikinti işləri yüksək səviyyədə başa çatdırılmışdır. Qeyd edək ki, bu müəssisə 2019-cu ilin yanvar ayından fəaliyyətə başlayıb. Artıq müəssisədə rayonun Qobu, Hökməli və Güzdək qəsəbələrindən 85 nəfər sakin işlə təmin olunub. Müəssisədə ümumilikdə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Çox sevindirici haldır ki, ötən il rayonda sənaye məhsulunun həcmi 43,7 faiz artaraq 323 milyon manata çatıb. Sənaye müəssisələrində işləyənlərin sayı 9661 nəfər olub, çalışan işçilərin orta aylıq əməkhaqqı 458 manat təşkil edib.

Rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına da nail olunub. Rayonunun kənd təsərrüfatı torpaqlarında zeytunbadam bağları sahələrinin genişləndirilməsi və aqropark yaradılması istiqamətində də çox böyük layihə həyata keçirilir. 2018-ci ildə 161 hektar sahədə badam, 2019-cu ilin yazında isə 287 hektar sahədə zeytun və 96 hektar sahədə badam bağı salınıb.

Sahibkarlığın inkişafı rayonda yerli vergi daxilolmalarının artımına da səbəb olub. 2020-ci ildaxil olmaqla artıq 9 ildir ki, Abşeron rayonu dotasiya almadan yerli gəlirlər hesabına öz xərclərini maliyyələşdirir və bu il öz xərclərindən əlavə 34 milyon 781 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulub.

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə ödənişli ictimai işlərlə bağlı Abşeron rayonu üzrə 770 yeni yeri yaradılıb. Bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində rayon ərazisində ödənişli ictimai işlərin düzgün təşkilinə nəzarətin gücləndirilməsi, cəlb edilmiş işçilərin adlarına açılmış əməkhaqlarının ödənişi kartlarından kənar adamların istifadəsi hallarına yol verilməməsi məqsədilə müvafiq sərəncam imzalanmışdır.

2019-cu il ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilib. Dövlət Proqramına uyğun olaraq, Xırdalan şəhərində 3 saylı tam orta məktəb üçün yeni tədris korpusunun inşasına başlanılıb. Rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində şagird sıxlığı ilə əlaqədar yeni məktəb binalarının tikintisinə zəruri ehtiyac yarandığından cənab Prezident tərəfindən məsələnin ciddiliyi nəzərə alınaraq, aidiyyəti orqanlara göstəriş verilib və 2020-ci ildə Abşeron rayonu ərazisində 9 yeni məktəb binasının inşası plana daxil edilib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən, gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun ümumtəhsil məktəblərinin 80 nəfər şagirdi 2019-cu ilin mart ayında Lənkəran-Masallı-Astara rayonlarına, noyabr ayında isə Qəbələ-Şəki-Zaqatala rayonlarına səfər ediblər.

Əhalinin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Səhiyyə Nazirliyinə ayrılan vəsait hesabına Xırdalan şəhəri ərazisində Rayon Mərkəzi Xəstəxanası üçün bina tikintisində işlər davam etdirilir.

2019-cu ildə ölkəmizin həyatında mühüm kampaniyalar olan oktyabr ayının 1-dən 10-dək əhalinin siyahıyaalınması, 2019-cu ilin 23 dekabrında bələdiyyə, 2020-ci ilin fevralın 9-da isə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilib. Bu mühüm kampaniyaların da həmişə olduğu kimi rayonda yüksək səviyyədə keçirilməsi təmin edilib. Siyahıyaalma ilə əlaqədar rayonun 16 yaşayış məntəqəsində 509866 nəfər əhalinin yaşadığı müəyyən edilib.

Qeyd edilib ki, “Bəzi çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” ölkə Prezidenti tərəfindən ötən ilin fevral ayında imzalanan fərmana uyğun olaraq Abşeron rayonu ərazisində 42-dək MTK tərəfindən inşa edilən 100-dən çox yaşayış binasının sənədləşdirilməsi nəzərdə tutulub. Bunlardan artıq 19 MTK tərəfindən inşa olunan 70-ə yaxın binanın istismarına icazə verilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ilielan edilib. Könüllülərlə rayon icra hakimiyyətinin daim diqqət mərkəzində saxlanılır. 2019-cu ildə könüllülərlə bağlı Abşeron rayonunda çox böyük işlər görülüb.

Bildirilib ki, Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olunub. Proqramda Abşeron rayonu ərazisində elektrik enerjisi, içməli su, təbii qaz, yol, rabitə və digər infrastruktur layihələrinin icrası, sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi, aqroparkın fəaliyyətinin genişləndirilməsi, yeni məktəb və tədris korpuslarının inşası, Mərkəzi Rayon Xəstəxanası üçün bina tikintisinin başa çatdırılması, eyni zamanda ölkə Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun 6 yaşayış məntəqəsində 39,7 km uzunluğunda 28 küçənin asfaltlanaraq sakinlərin istifadəsinə verilməsi və digər sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Ötən il qazanılan nailiyyətlər əsas verir və şübhə doğurmur ki, abşeronlular dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində sosial-iqtisadi inkişaf sahəsində 2020-ci ildə də yüksək uğurlar əldə edəcəklər.

 

Söhrab SƏFİYEV

 

Respublika.- 2020.- 14 mart.- S.3.