Qırğızıstan Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanıyaraq BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyir
Qırğızıstan
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn prinsipləri və normaları əsasında dinc
yolla və diplomatik metodlarla nizamlanmasının tərəfdarıdır. Qırğızıstan
Dağlıq Qarabağı Azərbaycan Respublikasının
ayrılmaz hissəsi kimi tanıyaraq BMT-nin Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul edilmiş 4
qətnaməsini dəstəkləyir. Qırğız
Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti
işlər vəkili Bakıt Yusupov bu fikirləri
AZƏRTAC-a müsahibəsində söyləyib.
Müsahibəni oxuculara təqdim edirik.
-
2019-cu ildə Azərbaycan və Qırğızıstan
arasında həm ali, həm də yüksək səviyyələrdə
görüşlərin və danışıqların
sayı artıb. Bu, ölkələrimiz arasında ikitərəfli
əməkdaşlığa marağın artmasına dəlalət edirmi?
- Azərbaycan
Respublikası ilə Qırğız Respublikasının ənənəvi
əməkdaşlığı hər iki tərəfin
qarşılıqlı sərfəli əməkdaşlığı inkişaf etdirmək
və genişləndirmək istəyinə əsaslanır. Buraya onu da əlavə
etmək lazımdır ki, son illərdə
Qırğızıstanın xarici siyasəti dünyada, o cümlədən
Cənubi Qafqaz regionunda öz maraqlarını
fəal irəlilətmək xarakteri kəsb edir. Bu istiqamətdə
Qırğızıstan-Azərbaycan əlaqələrinin
möhkəmlədilməsində ciddi irəliləyiş
nəzərə çarpır. Qeyd etmək
lazımdır ki, Qırğızıstanın və Azərbaycanın
dövlət başçılarının şəxsi
görüşləri və telefon söhbətləri
ikitərəfli qarşılıqlı əlaqələrin
inkişafına təkan verib.
Qırğız
Respublikasının Prezidenti Sooronbay Jeenbekovun 2019-cu il oktyabrın
14-16-da Bakıda Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının Vİİ Sammitində
iştirakı çərçivəsində onun Azərbaycana işçi səfəri mühüm hadisə oldu. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə Sooronbay Jeenbekovun görüşündə
hər iki ölkənin dövlət
başçıları sıx və konstruktiv siyasi dialoqu davam etdirməyə, etimada və
qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq
münasibətlərini inkişaf etdirməyə
hazır olduqlarını təsdiq etdilər.
Parlamentlərarası
səviyyədə əməkdaşlığın
inkişafı Qırğızıstan-Azərbaycan
qarşılıqlı əlaqələrində mühüm rol oynayır.
İkitərəfli danışıqlar çərçivəsində,
həmçinin müxtəlif parlamentlərarası məkanlarda
keçirilən görüşlərdə parlamentlərarası
və dövlətlərarası əməkdaşlığın
ən aktual məsələləri müzakirə edilir.
Məsələn,
Qırğız Respublikası Joqorku Keneşinin sədri Dastan Cumabekov 2019-cu il dekabrın
17-də Bakıda TürkPA-nın 9-cu Plenar iclasında
iştirakı çərçivəsində Azərbaycan rəhbərliyi
ilə görüşüb.
Qeyd etmək
lazımdır ki, yüksək səviyyədə əlaqələrdən başqa son dövrdə
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovla
Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekovun əlaqələri
də kifayət qədər intensiv xarakter daşıyır,
onların söhbətlərində ikitərəfli
münasibətlərin inkişafının hədəflərinə nail olmaq yolları
müzakirə edilir.
Sevindirici haldır ki,
2020-ci ilin əvvəlindən tərəflərin
qarşılıqlı əlaqələrində artım
dinamikası müşahidə olunur.
- Azərbaycan
və Qırğızıstan prezidentləri arasında
danışıqların nəticələrini şərh edə
bilərdinizmi? Əldə edilmiş razılaşmalar
necə reallaşır?
- Tərəflər
yüksək səviyyədə siyasi əlaqələri
dəstəkləmək, həmçinin müxtəlif səviyyələrdə
qarşılıqlı səfərlər təşkil etmək
barədə razılığa gəliblər.
Keçən il oktyabr ayında
Bakıda Qırğız Respublikasının və Azərbaycan
Respublikasının dövlət
başçılarının görüşündə
Qırğızıstan və Azərbaycan arasında birbaşa nəqliyyat
əlaqələrinin inkişafı məsələsi də
müzakirə edilmişdi. Bu, dövlətlər
arasında iqtisadi əməkdaşlığın
inkişafının əsas amillərindən biridir. Bununla əlaqədar,
Azərbaycan tərəfi Qırğızıstandan Avropa İttifaqı
ölkələrinə yüklərin
çatdırılması üçün “Bakı-Tbilisi-Qars” marşrutunun potensialından
və üstünlüklərindən istifadə etməyi təklif etdi. Bundan başqa,
dövlət başçıları investisiya siyasəti
sahəsində ticari-iqtisadi əməkdaşlığın
inkişafının əhəmiyyətini vurğuladılar.
Qırğızıstan-Azərbaycan biznes-forumunun keçirilməsi
və mümkün investisiya layihələrinin
reallaşdırması üçün Azərbaycan
investorlarının Qırğızıstan Respublikasına səfərinin
təşkili haqqında razılaşmanı ayrıca qeyd etmək
lazımdır. Bu barədə bu il fevralın
6-da Qırğızıstan Respublikasının Xarici İşlər naziri Ç.Aydarbekovun Bakıda Türk Şurası
ölkələrinin Xarici İşlər Nazirləri
Şurasının növbədənkənar
yığıncağı çərçivəsində Prezident İlham Əliyev
və Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovla
ikitərəfli görüşlərində razılaşma əldə edilib. Bununla əlaqədar,
birgə biznes-forumun təşkilatı məsələsi
ikitərəfli münasibətlərin gündəliyindədir.
Ən
əhəmiyyətli istiqamətlərdən biri də
mədəni-humanitar əməkdaşlıq məsələsidir.
Ölkələrimizin təhsil, yaradıcılıq və idman sahələrinin
nümayəndələri daim sıx əlaqə
saxlayırlar. Qırğızıstanda elan edilmiş Regionların
inkişafı, ölkənin rəqəmsallaşması və uşaqlara dəstək ili çərçivəsində bu istiqamətdə
fəal iş aparılır. İki ölkənin
bəzi şəhərləri arasında qardaşlaşma münasibətləri
yaradılması planlaşdırılır.
Onu da qeyd etmək
lazımdır ki, 2019-cu il dekabrın 24-də
Bişkekdə Heydər Əliyev adına ümumtəhsil məktəbinin
təməli qoyulub, 2020-ci il yanvarın 10-da isə
Qırğızıstan Prezidentinin iştirakı ilə
Qırğızıstan-Azərbaycan Dostluq Parkının tikintisinin təməlqoyma
mərasimi keçirilib. Bu obyektlərin tikintisi iki ölkənin dostluğu və
qardaşlığının rəmzləri olacaq. Prezident İlham Əliyevin
Qırğızıstan Respublikasına
planlaşdırılan səfəri zamanı həmin obyektlərə baş çəkməsi üçün Qırğızıstan
tərəfi bu səfərə qədər
onların tikintisini başa çatdırmağa
çalışır.
- Xahiş edirəm,
beynəlxalq təşkilatlar çərçivəsində
ölkələrimiz arasında əməkdaşlıq
haqqında bir qədər məlumat verin.
-
İkitərəfli münasibətlərin
inkişafının ümumi dinamikası beynəlxalq
məkanlarda, o cümlədən BMT, MDB, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq
Təşkilatı, İqtisadi Əməkdaşlıq
Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar
çərçivəsində iki ölkənin
qarşılıqlı dəstəyi hesabına daha da möhkəmlənir. Bu halda beynəlxalq
gündəliyin aktual məsələləri barədə
Qırğızıstanın və Azərbaycanın
mövqeləri uyğun gəlir.
Bütövlükdə,
beynəlxalq təşkilatların fəaliyyəti çərçivəsində
Qırğızıstanın və Azərbaycanın əməkdaşlığı durmadan inkişaf edir, iqtisadi,
mədəni-humanitar və hüquq-mühafizə sahələrində
qarşılıqlı əlaqələr dərinləşir. Yeni təhdidlərə
və təhlükələrə qarşı mübarizə
də əməkdaşlığın mühüm istiqamətidir.
- Bu kontekstdə, Siz yaxın vaxtlarda Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri”
keçirilməsini şərh edə bilərdinizmi?
- Azərbaycanın
Dağlıq Qarabağ regionunda qondarma “seçkilər”
keçirilməsi barədə bir sıra beynəlxalq
təşkilatlar, o cümlədən
Qırğızıstanın da üzv olduğu İslam Əməkdaşlıq
Təşkilatı, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası, TürkPA bəyanatlarla çıxış
ediblər.
Məlum olduğu kimi,
Qırğızıstan Dağlıq Qarabağ münaqişəsinin
beynəlxalq hüququn prinsipləri və normaları əsasında dinc yolla və diplomatik metodlarla nizamlanmasının
tərəfdarıdır. Qırğızıstan
Dağlıq Qarabağı Azərbaycan Respublikasının
ayrılmaz hissəsi kimi tanıyaraq BMT-nin Təhlükəsizlik
Şurasının 1993-cü ildə qəbul edilmiş 4
qətnaməsini dəstəkləyir.
Qırğızıstan diplomatik münasibətlər yaratdığı hər bir dövlətin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi prinsiplərinə tərəfdardır.
- Koronavirus pandemiyası Azərbaycanla Qırğızıstanın ikitərəfli münasibətlərinin inkişaf tempinə təsir edibmi?
- Dünyanın bütün ölkələrini və regionlarını bürümüş koronavirus pandemiyası şəraitində dünya birliyi pandemiyanın bütün mümkün nəticələrini və ona qarşı mübarizə tədbirlərini müzakirə edir.
Bu fonda koronavirusun nəticələrinin qarşısının alınması üzrə həm Qırğızıstanda, həm də Azərbaycanda görülən tədbirlərlə yanaşı, yuxarıda göstərilən ikitərəfli görüşlər və danışıqlar çərçivəsində əldə edilmiş razılaşmaların reallaşdırılması üzrə fəal iş gedir.
Xüsusi halda, gündəlikdəki aktual məsələlərin müzakirəsi üçün xarici siyasət idarələrinin başçıları müntəzəm olaraq operativ əlaqə saxlayırlar. Aprelin 27-də Qırğız Respublikasının və Azərbaycan Respublikasının xarici siyasət idarələrinin başçıları arasında telefon söhbəti olub, koronavirusa qarşı mübarizə şəraitində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib.
Bu il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Sammitinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Həmin Sammitdə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olundu. Tərəflərin bütün təşəbbüsləri Sammitin yekun sənədinə - Bakı bəyannaməsinə daxil edilib. Bu sənəd mehriban qonşuluq və qarşılıqlı dəstək prinsipləri əsasında formalaşmış razılaşmaların reallaşdırılması üçün siyasi platforma olmalıdır.
AZƏRTAC
Respublika.- 2020.- 3 may.- S.5.