Baramaçılıq gəlirli sahədir

 

Baramaçılıq ötən əsrin 70-80-ci illərində Füzuli rayonunda inkişaf etmiş və gəlirli sahələrdən olub. 1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb.

 

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq cəbhə bölgəsində də məqsədyönlü işlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə ənənəvi təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi Füzuli rayonunda diqqət mərkəzində saxlanılır.

 

Rayon ərazisinin xeyli hissəsi işğal altında olmasına, yaşayış məntəqələrinin çoxunun təmas xəttinə yaxın məsafədə yerləşməsinə baxmayaraq, baramaçılığın keçmiş şöhrətinin qaytarılmasını, barama istehsalına görə ölkədə ön sırada olmağı hədəfləyən füzulililər istəklərinə nail olublar.

 

Ötən il rayonda 49,5 ton barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar.

 

Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindəbildiribləki, Qax Damazlıİpəkçilik Stansiyasından 1250 qutu (23 min 750 qram) ipəkqurdu toxumu gətirilərəbaramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Cari mövsümdə 50 tondan çox barama istehsalı nəzərdə tutulub.

 

Qeyd edək ki, cəbhə xəttində yerləşən rayonda 2016-cı ildə 3070 kiloqram, 2017-ci ildə 24 ton 320 kiloqram, 2018-ci ildə 38 ton, 2019-cu ildə isə 49,5 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 200 min ədədə qədər tut tingi əkilib.

 

Salman ALIOĞLU

 

Respublika.- 2020.- 3 may.- S.7.