Torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması aqrar sahənin inkişafına xidmət edir

 

Respublikamızda aqrar sahənin inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə əhalinin ərzaqla etibarlı təminatına dair hərtərəfli tədbirlər görülür və ərzaq təhlükəsizliyinin birbaşa bağlı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı Dövlət proqramları həyata keçirilir. Dövlət proqramlarının icrasından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün ilk növbədə, respublikanın kənd təsərrüfatına yararlı torpaqların meliorativ vəziyyəti və su təminatının yaxşılaşdırılması tələb olunur. Respublikamızda suvarılan torpaqların ümumi sahəsi hazırda 1milyon 400500 ha təşkil edir və ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95 faizi həmin torpaqların payına düşür.

 

Azərbaycanda kənd təsərrüfatının perespektiv inkişafı üçün mövcud torpaq-iqlim şəraiti suvarılan torpaq sahələrinin 2,5-3 milyon hektara qədər artırılmasına imkan yaradır. Məlumdur ki, hazırda dünyada iqlim dəyişilikləri baş verir. Azərbaycanın da üzv olduğu Ümumdünya Su Şurası və ümumdünya Metrologiya Təşkilatının məlumatlarına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır. Su ehtiyatının çatışmazlığı mövcud su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması istiqamətində əlaqədar təşkilatların və təsərrüfat sahiblərinin qarşısında həlli vacib məsələlər qoyur.

 

Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikada aqrar sektora, xüsusilə meliorasiyasu təsərrüfatı sahələrinə daim diqqət və qayğı göstərir. Ölkə başçısı hər ilin yekunlarına dair keçirilən müşavirələrdə suvarılan torpaqlarda həyata keçirilən meliorativ tədbirləri və əkin sahələrinin suvarma suyu ilə təmin edilməsini yüksək qiymətləndirməklə yanaşı, mütəmadi olaraq bu sahədə özünün müvafiq tövsiyə və tapşırıqlarını verir.

 

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC də öz fəaliyyətini ölkə başçısının tövsiyyə və tapşırıqları əsasında quraraq, suvarılan torpaqların meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması sahəsində görüləcək işlərin istiqamətini müəyyən edərək ardıcıl tdbirlər həyata keçirir.

 

Son illərdə respublikamızın əkinə yararlı suvarılan torpaqlarının hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni kollektor-drenaj şəbəkələrinin, hidroqovşaqların və su anbarlarının yaradılması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, şorlaşmasının və bataqlıqlaşmasının qarşısının alınması məqsədi ilə görülən kompleks meliorativ tədbirlər nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında əhəmiyyətli dərəcədə artım müşahidə edilmişdir. Belə ki, Respublikamızda ötən il strateji məhsul sayılan pambıq bitkisinin məhsuldarlığında rekord göstərici əldə edilmişdir.

 

Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin həyata keçirdiyi genişmiqyaslı işlər və qarşıda duran vəzifələr Cəmiyyətin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsində (HGMXİ) də geniş təhlil olunur, görüləcək işlərin və qarşıda duran vəzifələrin əsas istiqamətləri dəqiqləşdirilir.

 

HGMXİ-nin əsas məqsədi Azərbaycan Respublikasında suvarılan torpaqların hidrogeolojı-meliorativ vəziyyətini və onlarda baş verən dəyişikliyi öyrənmək, torpaqların şorlaşmasının səbəblərini araşdırmaq, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmək və onların yaxşılaşdırılması üzrə müvafiq tövsiyələr hazırlamaq, meliorasiya xidmətlərinin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

 

HGMXİ öz fəaliyyətini ölkə ərazisinin suvarılan torpaqları əhatə olunmaqla respublikamızın əsas kanal və kollektorlarındakı hidrometrik məntəqələrdə və suvarılan torpaqlarda qazılmış rejim-müşahidə quyuları vasitəsi ilə həyata keçirir. Əsas fəaliyyətimiz suvarılan torpaqlarda hidrogeoloji-meliorativ vəziyyəti və kollektor-drenaj şəbəkəsinin işinin effektivliyinin öyrənilməsi, qrunt sularının rejimi və kimyəvi tərkibi üzərində stasionar müşahidələrin aparılması, qrunt suları və torpağın su çəkintisinin kimyəvi analizi, eləcə də rejim-müşahidə və çöl tədqiqat materialları əsasında hidrogeoloji-meliorativ hesabatların, həmçinin suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin elektron xəritələrinin işlənib hazırlanmasından ibarətdir.

 

Cari ildə 1400500 ha suvarılan torpaq sahəsi şorlaşma xəritələri ilə təmin olunmuşdur. Suvarılan torpaq sahələrinin 595 582 hektarı drenləşmişdir ki, onlardan da 358 589 ha açıq-üfiqi, 225 805 ha örtülü-üfüqi, 11188 ha isə şaquli drenlərdir. 2020-ci ilin birinci rübü ərzində idarə tərəfindən aparılmış tədqiqtların nətəcəsinə uyğun suvarılan torpaqların qrunt sularının yatım dərinliklərinə görə sahələrə ayrılması aşağıdakı kimi olmuşdur: 1 metrdən az 19502 ha, 1,0-1,5 m-də 104257 ha, 1,5-2,0 m-də 351994 ha, 2,0-3,0 m-də 426531 ha, 3,0-5,0 m-də 227216 ha, 5,0 m-dən çox 271000 ha.

 

Nəzarət altında olan suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin əsas göstəricilərindən biri də torpaqların şorlaşma göstəriciləridir. Cari ilin üç ayı ərzində HGMXİ-nin tədqiqatlarına əsasən nəzarətində olan suvarılan torpaqların şorlaşma dərəcəsinə görə bölünməsi: şorlaşmamış 1 145 321 ha, zəif şorlaşmış 160500 ha, orta şorlaşmış 54 144 ha, şiddətli şorlaşmış 27 276, şox şiddətlıi şorlaşmış 13 259 ha olmuşdur.

 

Tədqiqatlarla suvarılan torpaqların meliorativ vəziyyəti qrunt sularının yatım dərinliyinə, minerallaşma dərəcəsi və toropaqların şorlaşma dərəcəsinə görə qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, yaxşı torpaqlar 498216 ha, kafi torpaqlar 737990 ha, kafi ancaq pisləşmə təhlükəsi olan torpaqlar isə 164294 ha, o cümlədən qrunt sularının yolverilməyən dərinliyinə görə 19502 ha, torpaqların şorlaşmasına görə 40 535 ha, qrunt sularının böhran səviyyəsinə görə isə 104257 ha təşkil edir. Müqayisələr göstərir ki, Səhmdar Cəmiyyətin həyata keçirdiyi meliorativ tədbirlər nəticəsində cari ildə suvarılan torpaqların meliorativ vəziyyəti xeyli yaxşılaşmışdır.

 

Torpaqlar kənd təsərrüfatı bitkiləri altında istifadə olunanda münbitliyi ildən-ilə azalır. Belə bir hadisənin baş verməməsi üçün torpağa hər il lazımi miqdarda üzvimineral gübrələr verilməli, mexaniki becərmə işlərinə düzgün əməl edilməli, növbəli əkin sistemi tətbiq olunmalıdır. Təcrübələr göstərir ki, əkin altında istifadə olunan torpaqların hər hektarına 12 ton üzvi gübrə verilərsə münbitliyini saxlaya bilər.

 

Torpaqların münbitliyinin artırılmasında növbəli əkin sisteminin tətbiq olunması çox vacibdir. Düzdür, sahəsi çox kiçik olan xırda təsərrüfatlarda növbəli əkin tətbiq olunması, demək olar ki, mümkün deyil. Ancaq fərdi təsərrüfat sahibləri çalışmalıdırlar ki, öz təsərrüfatlarının ərazisini heç olmasa üç bitki altında istifadə etsinlər. Sonra növbə ilə onların yerini dəyişsinlər. Torpağın münbitliyinin artırılması üçün digər amil əkin sahələrinin lazımi qaydada becərilməsidir. Yeni torpaqlar dərin şumlanmalı, müvafiq kultivasiya aparılmalı, alaq otları və zərərvericilərə qarşı mübarizə tədbirləri görülməli, gübrələr vaxtında və tələb olunan dərinliyə verilməlidir.

 

Məlumdur ki, hazırda kənd təsərrüfatı bitkiləri altında istifadə olunan suvarılan sahələr hər il eyni dərinlikdə (20-25 sm) şum aparılır. Bir müddət keçdikdən sonra şum qatı bərkiyir və kipləşir. Bu, iki səbəbdən baş verir. Suvarma suları torpağın daxilində hərəkət edərək xırda hissəcikləri aşağı apararaq məsamələrdə çökdürərək oranı sıxlaşdırır. Kənd təsərrüfatı maşınları hər il 20-30 gediş edir ki, bu da şum altı qatın kipləşməsinə səbəb olur.

 

Kənd təsərrüfatı bitkiləri kipləşmiş qatı keçə bilməyib üst 20-25 sm-lik qatda yayılaraq lazımi dərəcədə qidalana bilmir. Kipləşmiş torpaqlarda bitkilərin məhsuldarlığı 30-40 faiz aşağı düşür. Ona görə də torpaq altı vaxtaşırı (heç olmazsa 5 ildən bir) 100 sm dərinliyində şumlanmalıdır. Şumladılmış əkin sahələrində yüksək məhsulun alınmasını təmin etmək üçün üzvimineral gübrələr (şumaltı qata ayrı-ayrılıqda) verilməlidir.

 

Kənd təsərrüfatı bitkiləri suvarılan zaman artıq su itkisinə yol verilməməsi üçün sahəyə verilən suvarma suyunun miqdarı bitkilərin tələb etdiyi normadan artıq olmamalı, sahədə sudan istifadə ciddi nəzarət altında saxlanılmalıdır. Bir arx altında eyni növ bitkilər əkilməli və eyni qaydada becərilməlidir. Kənd təsərrüfatı məhsulları prosesi istehsalında tarlalarda müəyyən hündürlük və çökəkliklər yaranır. Bu, hündür hissələrdə buxarlanmanın çoxalmasına, çökəkliklərdə isə su yığılması yeraltı suların səviyyəsinin qalxmasına səbəb olur. Bunun baş verməməsi üçün sahələr hər il hamarlanmalıdır.

 

Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi öz nizamnaməsi əsasında fəaliyyətini günün tələbləri səviyyəsində qurmaqla yanaşı, maddi-texniki bazanın gücləndirilməsi və xidmət sahələrinin təkmilləşdirilməsi sahəsində də davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirir. Beynəlxalq təcrübələrdən və qabaqcıl texnalogiyalardan istifadə etməklə idarənin regional zonalarında aparılmış çöl tədqiqat işlərinin hesabatlarının online qaydasında tərtib edilməsi həyata keçirilr. Hidrogeoloji-Meliorativ Məlumatların Hazırlanması və İnnovasiya şöbəsində yaradılmış internet portalında çöl müşahidə məlumatlarının operativ toplanması təşkil olunmuşdur. Məlumatların online vasitəsilə daxil edilməsi nəticəsində inzibati rayonlar üzrə suvarılan torpaqlarda rejim-müşahidə quyularının koordinantlarının topoqrafik xəritəyə köçürülməsi, yeraltı suların yatım dərinliyi, qrunt sularının kimyəvi tərkib və minerallaşma dərəcəsi, torpaqların şorlaşması və hidrogeoloji-meliorativ vəziyyətin xəritələrinin tərtibat işlərininəhatə dairəsi xeyli genişləndirilmişdir. Hazırda idarədə ayrıca server xidmətinin təşkili işləri aparılır.

 

Respublikamızda məqsədyönlü şəkildə aparılmış aqrar islahatlar torpaqların ayrı-ayrı mülkiyyət formalarında, fərdi və fermer təsərrüfatları arasında bölüşdürülməsi ilə nəticələnmişdir. Ona görədə ayrı-ayrı fermer təsərrüfatları və ya torpaq sahiblərinin sorğularını operativ qaydada qarşılamaq üçün respublika üzrə bələdiyyə sərhədlərinin müəyyənləşdirilməsi və bələdiyyə ərazisində olan suvarılan torpaqlarda hidrogeoloji-meliorativ vəziyyəti və kollektor-drenaj şəbəkəsinin işinin effektivliyinin öyrənilməsi, qrunt sularının rejimi və kimyəvi tərkibi üzərində stasionar müşahidələrin aparılması, qrunt suları və torpağın su təkinin kimyəvi analizi, eləcə də rejim-müşahidə və çöl tədqiqat materialları əsasında suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin elektron xəritələrinin işlənib hazırlanması üzərində son tamamlama işləri aparılır. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir şox hallarda rejim-müşahidə quyularının qazılması, onların istismarı və mühafizəsi fərdi təsərrüfat sahibləri və fermerlər tərəfindən birmənalı qarşılanmır. Bəzi hallarda onların mühafizəsinə əməl olunmur və istismarına lazımi şərait yaradılmır. Təsərrüfat işləri zamanı laqeyidlik nəticəsində quyuların sıradan çıxması həmin quyuların təmirinə və yenidən qazılmasına zərurət yaradır ki, bu da əlavə xərcə səbəb olur. Təsərrüfat sahibləri onu da dərk etməlidirlər ki, rejim-müşahidə quyuları suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin öyrənilməsi üçündür.

 

Odur ki, yerli icra nümayəndələri, bələdiyyələr, fərdi təsərrüfat sahibləri və kənd əhalisi öz fəaliyyətində respublikamızda aqrar sahənin inkişaf etdirilməsinə yönəltmiş HGMXİ ilə sıx əməkdaşlıq etməlidirlər. Yerli icra orqanları və bələdiyyələr suvarılan torpaq sahələrində aparılan hidrogeoloji-meliorativ tədqiqatların mahiyyəti, hidrotexniki qurğuların və rejim-müşahidə quyularının mühafizəsinin ümumxalq işi olması barədə təsərrüfat sahiblərı, həmçinin kənd əhalisi arasında maarifləndirmə işləri aparmalıdırlar.

 

Yer kürəsində yayılan COVİD-19 pandemiyası ilə əlaqədar baş verən qlobal iqtisad böhran şəraitinə baxmayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu çıxışları və tövsiyələri bu çətin günlərdə xalqımızın əhval-ruhiyyəsini yüksəklərə qaldırır və bizim kollektivimiz də, şübhə yoxdur ki, bütün qüvvələrini səfərbər edərək 2020-ci ildə də qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcək, respublikamızda suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsi, eləcə də onun yaxşılaşdırılması üçün tədbirlərin hazırlanması üzrə məqsədyönlü fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

 

Saleh SADIQOV,

Azərbaycan Meliorasiya

Su Təsərrüfatı ASC

Hidrogeoloji-Meliorativ Xidmət

İdarəsinin rəisi.

 

Respublika.- 2020.- 6 may.- S.6.