HEYDƏR ƏLİYEV - XALQIN SƏSİ, HAQQIN SƏSİ

 

Hər bir müstəqil dövlətin yaranmasına, möhkəmləndirilməsinə və qorunub saxlanılmasına doğru uzanan mürəkkəb ictimai-siyasi proseslərin episentrində məhz lider və şəxsiyyət amili dayanır. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqiiqtisadi təməlini fundamental elmi prinsiplərlə müəyyənləşdirmişdir. Məhz dünyaşöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

 

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.

 

Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

 

Bu siyasi xətt - fəaliyyət prinsipi 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə sovet Azərbaycanının tarixində böyük dönüş yaratmışdır. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmış, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olunmuşdur. Dahi siyasət korifeyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublikada bütün sahələrdə mühüm struktur dəyişiklikləri aparılmış, bütün sahələrdə inkişafa nail olunmuş, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələnmiş, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşmışdır.

 

Ulu öndərin rəhbərliyi ilə neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, qara qızılın Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsinin əsası qoyulmuşdur.

 

Anadan olması böyük təntənə ilə qeyd etdiyimiz ulu öndər Heydər Əliyev dərin zəkası, lider xarizması, milli ideallara, adət-ənənələrə sıx bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə böyük strateq qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, xalqın bəşəri hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur. Bu günün zirvəsindən baxdıqda, sovet rejiminin ideoloji qəliblərinin hökm sürdüyü həmin illərdə ulu öndər Heydər Əliyevin xalqının hüquqlarını qoruyan, haqqı-nahaqqa verməyən, milliləşdirmə siyasəti aparmaqla ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri qabarıq sezilir. Böyük şəxsiyyət bütün maneələri adlayaraq Azərbaycanın milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Bir sıra müttəfiq respublikalardan fərqli olaraq, o illərdə Azərbaycanda nəinki dissident yazarlar olmamış, əksinə, tanınmış ziyalı və şairlər xalqda özünüdərk hissinə ciddi impulslar verən əsərlər yazmış, ulu öndərin milliliyi, xalqına bağlılığı onları həbs olunmaq təhlükəsindən hifz etmişdir.

 

Ulu Öndər Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində qanunla tənzimləndiyi, insani dəyər və azadlıqların maksimum dərəcədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüarda möhkəmlənməsi uğrunda misilsiz xidmətlər göstərmişdir. Bütöv, kamil şəxsiyyət kimi Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də məhz, onun siyasi fəaliyyətinin bütün mərhələlərində sosial ədalət, düzgünlükhumanizm prinsiplərinə tapınması, bu mənəvi-əxlaqi meyarların ictimai şüurda möhkəmlənməsinə çalışması olmuşdur.

 

Ulu öndər Heydər Əliyevin insan hüquqları sahəsindəki fəaliyyəti təkcə ayrı-ayrı fərdlərin, kütlələrin deyil, bütöv bir xalqın hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir. Məhz bu zəngin mənəvi keyfiyyətləri sayəsində ulu öndər həm də ictimai fikirdə xilaskarlıq mücəssəməsinə çevrilmişdir. 1993-cü ilin iyununda canı, qanı bahasına əldə etdiyi müstəqilliyinin itirilməsi, vətəndaş qarşıdurması, xoasanarxiya burulğanına sürüklənən müdrik xalqımız çıxış yolunu məhz, Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıtmasında görmüşdür. Eyni zamanda, Ümummilli Liderimiz, milli dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi və idarəçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Bəli, ulu öndər Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. 1993-cü ilin yayında xalqımız son ümid yeri kimi ona üz tutanda Azərbaycan olum, ya ölüm qarşısında qalmışdı. Heydər Əliyev Azərbaycanı parçalanıb məhv olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu. Ölkəmiz inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevrildi. Ulu öndər Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi üzərinə düşən ən uca missiyanı gerçəkləşdirdi, müasir Azərbaycan dövlətini yaratdı və onun şanlı tarixini öz əlləri ilə yazdı.

 

Ulu Öndərin həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və mübaliğəsiz deyə bilərik ki, bu tarixin ən şanlı səhifələrindəndir. O, Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaq. Bu gün Azərbaycanın hər bir bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var. Ulu öndər həyatı boyu həmişə xalqına arxalanıb və bunu fəxrlə bəyan edib: Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib.

 

Müstəqil Azərbaycan dövlətinin üzləşdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərin gerçəkliyini dəfələrlə təsdiqləyib. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir. Faktiki olaraq yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanda siyasi sistemin formalaşmasına başlanılmış, hüquqi-siyasi islahatların aparılmasına fundamental baza yaradılmış, hakimiyyət bölgüsü prinsipləri təsbit edilmişdir. Əsas Qanunda əksini tapmış müddəaların üçdə birinin sırf insan hüquqlarının etibarlı təminatı ilə bağlı olması da kifayət qədər diqqətçəkici məqamdır.

 

Bütün bunlar bir daha təsdiqləyir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bugünkü, ədliyyə sistemində mütərəqqi islahatların yeni mərhələsi ədalət mühakiməsinin səmərəli təşkilinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına yönəlmişdir. Həyata keçirilən bu islahatlar respublikamızda qanunçuluğunhüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

 

Əminliklə demək olar ki, xalqın böyük dəstəyini qazanmış ölkə Prezidenti cənab İlham Əliyev respublikamızı hərtərəfli inkişaf və tərəqqiyə aparan, eləcə də məhkəmə-hüquq, ədliyyə sistemində müasirləşməyə, ədalət mühakiməsinin keyfiyyətinin davamlı şəkildə yüksəlməsinə xidmət edən islahatları bundan sonra da inamla davam etdirəcək, Azərbaycan qısa zamanda ən inkişaf etmiş dövlətlərdən birinə çevriləcəkdir. Bütün bunlar bir daha təsdiqləyir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları son 17 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirilir, ədliyyənin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələlərinə böyük diqqət və həssaslıqla yanaşılır. Əminliklə demək olar ki, aparılan ardıcıl islahatlar nəticəsində ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyəti qarşıdakı illərdə daha da təkmilləşdiriləcək, habelə insan hüquq və azadlıqlarının təminatında rolu və imkanları daha da genişlənəcəkdir.

 

Bəli, bu gün xalqımız Ümummilli Liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

 

 

Səbinə ƏHMƏDOVA,

Gəncə şəhəri Kəpəz rayon

Qeydiyyat Şöbəsinin müdiri.

 

Respublika.- 2020.- 7 may.- S.5.