Həyatının məqsədi və mənası Azərbaycan olan dahi lider

 

Bütün şüurlu həyatını Vətəninə, canından artıq sevdiyi millətinə həsr etmiş ulu öndər Heydər Əliyev xalqının bu tükənməz sevgisini özünün cahanşümul əməlləri ilə qazanaraq, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmişdir. Bu nadir düha milli dəyərlər zəminində çağdaş dövlətçilik sistemimizin əsaslarını yaradaraq, müstəqilliyimizi dönməz və əbədi etmişdir. Belə bir fövqəladə missiyanı müvəffəqiyyətlə həyata keçirmiş tarixi şəxsiyyət kimi Heydər Əliyev xalqının siyasi və dövlətçilik şüurunda ümummilli lider zirvəsini fəth etmiş qüdrətli dövlət xadimidir.

 

Zaman keçdikcə Heydər Əliyev dühasının əzəməti, onun böyüklüyü, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün göstərdiyi misilsiz, təkrarolunmaz xidmətləri daha aydın və qabarıq şəkildə nəzərə çarpır. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman-türk dünyasının bu günədək gəlmiş-keçmiş görkəmli öndərlərindən biridir.

 

Heydər Əliyev Vətəni, milləti, dövləti sevməyin, ona təmənnasız xidmət etməyin canlı nümunəsi idi. Elə buna görə də hər bir azərbaycanlının qəlbini, düşüncəsini fəth edə bildi. Onun milli qürur, fəxr-fəxarət ünvanına çevrildi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş İttifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. Ümummilli lider beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.

 

Bu dahi insan tarixi yazanyaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Dahi rəhbərimiz təkcə güclü təşkilatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim, mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır” deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaratmışdır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.

 

Ulu öndər olduqca iti zəkaya, sağlam düşüncə tərzinə malik bir insan idi. Təsadüfi deyil ki, dünyanın bir çox görkəmli dövlət başçıları və ictimai xadimləri, nüfuzlu politoloqları ümummilli liderimiz barədə yüksək fikirlər söyləmişlər. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl ulu öndərimiz Heydər Əliyevi “Azərbaycan xalqının nicatı üçün bir şans, canını vətəni və xalqı yolunda sipərə çevirən qeyrətli oğul” - adlandırıb. Rusiya Xalqları Assambleyasının sədri Ramazan Abdullatipov demişdir: “O, elə nəhəng adamdır, elə çoxşaxəli və intəhasızdır ki, bu dahi insanın Qafqazın tarixindəki rolunu yalnız əlli ildən sonra anlamaq və dərk etmək mümkün olacaq”. İngiltərənin keçmiş baş naziri M.Tetçerin qənaətinə görə, Heydər Əliyev zəmanəmizin ən görkəmli siyasi xadimlərindən idi. Dünyanın ən məşhur dövlət xadimlərinin portretlərinin müəllifi görkəmli rəssam Nikos Safronov ulu öndərin 80 illik yubileyi münasibətilə portretini çəkərkən dahi rəhbərlə ünsiyyətdə olmuşbu qənaətə gəlmişdir ki, Heydər Əlirza oğlu Əliyev Tanrının yaratdığı möcüzədir, belə şəxsiyyətlər min ildə bir dəfə dünyaya gəlir.

 

Dahi lider Heydər Əliyev həm də zəmanəmizin böyük filosofu və mütəfəkkiri kimi tanınıb. Onun formalaşdırdığı və həyata keçirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, dünya azərbaycanlılarının bir ideya ətrafında birləşməsinə, həmrəylik nümayiş etdirməsinə səbəb olmuşdur.

 

Heydər Əliyev sanki dünyaya elə xalqı üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Qısa zaman kəsiyində ulu öndər respublikanı yetərincə tanıdaraq ona iqtisadisiyasi nüfuz qazandırmışdır. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Ulu öndər həyatı boyu həmişə xalqa arxalanmışdır: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”.

 

Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib-tükənməz, Vətənə xalqa olan məhəbbəti hədsiz hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O, dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalışdı. Müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər Müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavanrahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur. Bu gün hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

 

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız demokratiyaazad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda siyasi sistemin modernləşdirilməsinə, vətəndaşların hüquq və vəzifələrinin sərhədlərinin dəqiq şəkildə müəyyənləşdirilməsinə, hakimiyyət bölgüsü prinsipinin tam şəkildə bərqərar olmasına imkan yaratmışdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu ideyasının təməl prinsiplərini özündə ehtiva edən bu Konstitusiya ötən müddətdə ictimai münasibətlərin sivil şəkildə tənzimlənməsinə, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət və vəzifələrin müəyyənləşdirilməsinə mükəmməl mexanizmlər yaratmışdır. Cəmiyyətin hüquq sisteminin fundamental əsasını təşkil edən Konstitusiyanın demokratikliyi, hamılıqla qəbul edilmiş ümumbəşəri norma və prinsiplərə cavab verməsi isə adekvat olaraq ictimai münasibətləri tənzimləyən qanunların liberallığında, insan və vətəndaş hüquq-azadlıqlarına maksimum təminat yaratmasında real təcəssümünü tapmışdır.

 

Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoyubdur ki, bu da ölkəmizdə mövcud olan milli ideologiyanın təsir gücünün möhkəmliyinə dəlalət edən amillərdəndir. Aqillərin dediyi kimi, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli-mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Ümummilli liderin şəxsiyyət kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olması ilə fəxr edib qürur duymasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün zəngin və mənalı ömrü Azərbaycan üçün yaşanıb, bu dahi şəxsiyyət həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf edibdir. Müasir Azərbaycanın qurucusu və yaradıcısı və aparıcı qüvvəsi olan Heydər Əliyev ideyaları ölkəmizin bütün sahələrində, o cümlədən ictimaiiqtisadi-siyasi, milli-ənənəvi və mədəni-kütləvi, elmi-maarifləndirici və sosial-müdafiə sahələrində əsaslı dönüş yaranmasının başlıca istiqamətverici qüvvəsi kimi öz xoşməramlı avanqardlığını hər zaman saxlamaqdadır. XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq, yeni dinamik inkişaf mərhələsinə qədəm qoyması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla ilk təməl daşlarını qoyduğu uzaqgörən siyasətin, dərin islahatlar strategiyasının nəticəsidir.

 

Müstəqil Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi modernləşmə mərhələsinə qədəm qoyması ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi uzaqgörən siyasətin nəticəsidir. Hakimiyyətdə olduğu 34 il müddətində dahi öndər xalqının tarixi mənafeləri uğrunda əzmkar mübarizə aparmış və ictimai-siyasi proseslərdə real güc mərkəzi kimi özünü göstərmişdir.

 

Milli öndərimiz Heydər Əliyevin Azərbaycan üçün, xalqımız üçün gördüyü işləri sadalamaqla bitib-tükənən deyil. Ulu öndərimiz bu gün aramızda olmasa da, onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və gözümüz önündədir. Bir qəzet məqaləsi ilə bu dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə bitkin fikir söyləmək qeyri-mümkündür.

 

Xalqımızın öz ümummilli liderinə olan böyük məhəbbətinin bir əsas səbəbi də odur ki, özündən sonra bu xalq, bu dövlət üçün çox qiymətli bir varis qoyub. Ulu öndər deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 

Böyük məmnunluq və qürur hissi ilə ulu öndərin özündən sonrakı varisə bəslədiyi böyük ümidlərin necə uğurla doğrulduğunun xoşbəxt şahidləriyik. Etibarlı əllərdə olan Azərbaycan dinamik sosial-iqtisadi inkişafı, əmin-amanlıq diyarı, ictimai-siyasi sabitlik adası olmağı, mədəniyyət mərkəzinə çevrilməsi, mötəbər beynəlxalq tədbirlərə evsahibliyi etməsi ilə dünyaya günəş kimi doğur. Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu böyük bacarıqla, müdrik uzaqgörənliklə davam etdirir. Doğma vətənimiz Azərbaycan başdan-başa yenidən qurulur. Paytaxt Bakı ilə bərabər bölgələr də sürətlə abadlaşır, dəyişib gözəlləşir.

 

Bu gün çox qürur duyuruq ki, ulu öndərin irsini, müqəddəs yolunu davam etdirən, Azərbaycanda hər kəsin inam, etimad ünvanlarından birinə çevrilən məkan - Heydər Əliyev Fondu var. Ulu öndər həyatı boyu mərhəmət, xeyirxahlıq, maarifçilik kimi dəyərlərin ən bariz daşıyıcısı olub və sevinirəm ki, Heydər Əliyev Fondu da bu dəyərləri illərdir ki, layiqincə dünyada təbliğ edir. Fond Heydər Əliyev irsinin yaşadığını, ulu öndərin mənən əbədiliyini nəcib əməllərlə göstərir. Bu fəaliyyət Azərbaycanın Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məhz onun səyləri, Heydər Əliyev şəxsiyyətinə olan böyük sevgisi sayəsində xalqımız Heydər Əliyev Fonduna elə Heydər Əliyevin özü kimi yanaşır. Dar günündə çəkinmədən ora müraciət edir. Bu fonddan yardım istəyir, ordan mədət umur. Dünyanın onlarla ölkəsində Heydər Əliyev Fondu tərəfindən məktəblər tikilir, xəstəxanalar açılır, yardıma ehtiyacı olan insanların problemləri həll olunur, dini ibadətgahlar təmir edilir, onlarla digər sosial layihələr icra olunur. Beləliklə, Heydər Əliyevin bəşəri ideyaları bütün dünyada yayılır.

 

Mehriban xanım Əliyevanın doğma Azərbaycana böyük məhəbbətdən qaynaqlanan fəaliyyəti bəhs olunan konkret sahələrin inkişafında müstəsna rol oynayır ki, bu da son nəticədə ölkənin uğurlarında öz əksini tapır. Ən əsası, onun fəaliyyəti Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi qəbul olunur. Yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə Mehriban Əliyeva ona həvalə edilən bu vəzifəni layiqincə daşıyacaq.

 

Ümumiyyətlə, insan amilinin yüksəlişinə xidmət edən qlobal layihələri Heydər Əliyev ideyalarına sədaqətin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür. Şübhə yoxdur ki, fond bütün sahələrdəki fəaliyyətini uğurla davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına söykənərək milli tərəqqi və intibah prosesinə layiqli töhfələrini verəcəkdir.

 

Bütövlükdə, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının siyasi tarixində ilk dəfə yaradılmış Birinci vitse-prezident postunda uğurla fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın çoxşaxəli və milli maraqlara, ümumbəşəri dəyərlərə əsaslanan fəaliyyəti, onun tərəfindən irəli sürülən təşəbbüslər və reallaşdırılan layihələrin nəticələri həm Azərbaycanda, həm də beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə töhfələrini verəcəyi, xüsusən sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı əvvəldən aydın idi. Və elə ilk günlərdən bu qənaət özünü uğurla doğrultdu. Bu gün Mehriban Əliyeva özünəxas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçlik qabiliyyəti ilə ona həvalə edilən bu vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına layiqli töhfələr verir.

 

Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki, dövlətimizin idarəçilik sükanı başında milli öndər Heydər Əliyevin yetirməsi, onun yaratdığı siyasi məktəbin davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının Prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində sözünün, vədinin sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində mühüm göstəricilər əldə edəcəkdir. İnanırıq ki, dövlətimiz milli öndərimiz Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.

 

Ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi ilə inamla adlayacaq, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

 

Biz ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq, gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər.

 

 

 

Kamran BAYRAMOV,

Milli Məclisin deputatı.

 

Respublika.- 2020.- 9 may.- S.3.