Ulu öndər xalqın milli nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir

 

Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib. Azərbaycan dövlətinin və xalqının inkişafı uğrunda fədakarlıqla çalışıb, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi xidmətlər göstərib.

 

Məlumdur ki, hər bir dövlət güclü iqtisadiyyatı ilə inkişaf edir və beynəlxalq müstəvidə böyük nüfuza sahib olur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə iqtisadiyyatın inkişafını xüsusilə diqqət mərkəzində saxlayıb.

 

Heydər Əliyev haqqında düşünərkən onun dahi şəxsiyyət adlı portretinin nə qədər zəngin çalarlarla yaradılmış həyat əsəri olduğuna bir daha əmin olursan. Və zaman ötdükcə bu portretin hələ kəşf olunmamış, onu daha da dolğunlaşdıran yeni cizgilərin üzə çıxdığını görürsən. O, unikal, dahi şəxsiyyət olaraq bənzərsiz bir həyat yaşayıb, mənəvi ucalığı fəth edib.

 

Heydər Əliyevin xalqın rifahı və xoşbəxt gələcəyi, layiqli həyat tərzinin bərqərar olması naminə göstərdiyi misilsiz xidmətlər ölçüyəgəlməzdir. Bu dünyaya ülvi bir missiya - öz xalqının xilaskarı kimi gəlmiş ulu öndərin əməlləri və fəaliyyəti zaman və məkan çərçivələrinə sığmır.

 

Heydər Əliyev bir rəhbərin öz xalqı üçün edə biləcəyi mümkünvarsa, ona nail olub. Bütün bunların bir insan ömrünə necə yerləşdiyini düşünəndə təəccüblənməyə bilmirsən. Onun həyat və fəaliyyəti elə bir məktəbdir ki, haqqında nə qədər danışsan da, nə qədər yazsan da, bu ümmandan bir damlaya bənzəyəcək, xalqın öz liderinə bəslədiyi sevgi də elə ümman qədər möhtəşəmdir.

 

Heydər Əliyevi tariximizin ən böyük azərbaycanlısı sayanlar əsla yanılmırlar. Bu gün ulu öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı bir deviz olaraq tolerantlığı ilə seçilən ölkəmizdə yaşayan bütün xalqların vahid ideya, vahid gələcək, vahid dövlət ətrafında birləşməsi üçün bir stimula çevrilib.

 

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.

 

Ulu öndərin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, bütün sahələrdə inkişaf dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları qoyulub, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

 

Tarixi təcrübə təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha çətin prosesdir. Belə bir ziddiyyətli və mürəkkəb mərhələdə dövlətin xilası məhz vətənpərvər liderlərdən asılı olur. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində 1993-cü ilin ortalarına qədər formal xarakter daşımışdır. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqisosial-iqtisadi suverenliyinin təmin olunması prosesi daha da sürətlənmişdir.

 

Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai sabitlik bərqərar edilmişdir.

 

Dövlət çevrilişinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ulu öndər qısa müddətdə özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, liberallığı özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail olmuşdur.

 

Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquq islahatlarının aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz Heydər Əliyev kimi böyük şəxsiyyətin, müdrik siyasətçinin misilsiz xidmətləri sayəsində mümkün olmuşdur.

 

Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi çaxnaşmalardan məharətlə çıxarıb, onun strateji mövqelərini bərpa etdi, ona sabit bir ölkə imici qazandırdı.

 

Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə özünün neft strategiyasını işləyib hazırladı. ümummilli lider böyük uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada ölkəmizin qazanacağı iqtisadisiyasi dividendləri yaxşı duyurdu. Dünyanın söz sahibi olan ölkələrin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. 1994-cü il sentyabrın 2-də “Əsrin müqaviləsi” imzalandı.

 

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neftqaz kəmərlərinin çəkilməsi haqqında müqavilə bağlamaqla Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyası demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir. Bu ali sənədin qəbulu ilə Azərbaycanda siyasi sistemin formalaşmasına başlanmış, hüqusi-siyasi islahatların aparılmasına fundamental baza yaradılmış, hakimiyyət bölgüsü prinsipləri təsbit edilmişdir. Ali Qanunda əksini tapmış müddəaların üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Həmçinin Konstitusiyada təsbit edilmiş bir sıra mühüm maddələr yeni dövrün tələblərinə uyğun islahatların həyata keçirilməsi, ədalət mühakiməsinin keyfiyyətcə yüksəldilməsi prosesinə ciddi təkan vermişdi.

 

Müstəqil dövlətin lideri olaraq Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik postsovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı. Ümummilli lider Heydər Əliyevin gərgin işi, zəhməti nəticəsində Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara üzv oldu. Dünyanın aparıcı dövlətləri, eləcə də qonşu ölkələrlə diplomatik əlaqələri genişləndirdi, onlarla əməkdaşlığa başladı.

 

Ümumilikdə, 1993-2003-cü illərdə dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə birdəfəlik son qoyaraq uğurlu daxilixarici siyasət yürütmüş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Milli maraqlara cavab verən xarici siyasət yenidən müstəqil Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur.

 

Beləliklə, ümummilli lider, tarixi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyimüasir dövrdə Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən siyasi xəttin tam düzgünlüyü dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin iqtisadi tərəqqisi və dünya birliyində öz layiqli yerini tutması ilə real təsdiqini tapmışdır. Cənab İlham Əliyevin təşəbbüskarlığı nəticəsində reallaşan layihələr sayəsində Azərbaycan öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır.

 

Ölkəmizdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi hər kəs üçün nümunədir. Ona görə də Mehriban Əliyevanın gördüyü işlər hər bir vətəndaş tərəfindən dərin razılıqla qarşılanır. Bu fəaliyyət hər addımda ulu öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edir.

 

 

 

Rövşən ƏFƏNDİYEV,

Azərbaycan Respublikası

Hərbi Prokurorluğun hərbi

prokurorluqlarda istintaqa

nəzarət şöbəsinin rəisi,

ədliyyə polkovniki.

 

Respublika.- 2020.- 9 may.- S.4.