VƏTƏNİN QƏHRƏMAN OĞLU

 

Böyük Vətən müharibəsində faşizm üzərində qələbədən 75 il ötür. Lakin buna baxmayaraq, müharibənin törətdiyi dəhşətləri, bununla mübarizə aparan, qara buludları başımızın üzərindən götürən o böyük insanları unutmaq mümkün deyil. Onların əksəriyyəti dünyasını dəyişsələr də daima qəlblərdə, könüllərdə yaşayırlar...

Deyirlər insanın həyatında ona verilən ad onun həyatında mühüm rol oynayır. Tibb xidməti podpolkovniki Qədəmşah Sadıqovun adı kimi özü də çoxlarından seçilirdi. Şah qədəmli idi obunu qısa lakin mərdlik, xeyirxahlıq və insanpərvərliklə dolu hər anı mənalı və səmərəli keçən həyatında sübuta yetirirdi.

İstirahətini fəaliyyətin bir növündən digərinə keçməklə “mən fəlsəfədən səhiyyəyə keçəndə dincəlirəm”, “mən nəsrdən poeziyaya keçəndə dincəlirəm”, “mən hərbidən sosial problemlərə keçəndə dincəlirəm” kimi tez-tez işlətdiyi ifadələr onun həyat tezisinə çevrilmişdi.

Dəqiq məntiqə, zəngin biliyə, savada, yüksək mədəniyyətə, xeyirxahlığa, insanpərvərliyə, eyni zamanda cəsurluğa, mərdliyə, çevikliyə və onlarla müsbət keyfiyyətlərə malik olmaq sözsüz ki, yuxusuz gecələr, polad iradə və sonsuz həyat eşqinin nəticəsində mümkün ola bilərdi. Qədəmşah Sadıqov hərtərəfli, təkmilləşmiş bir insan kimi bütün bu keyfiyyətləri özündə cəm etmişdi.

İnsanlara şəfa vermək, onları vaxtsız ölümdən xilas etmək Q.Sadıqovun həyatının mənasına çevrilmişdi. İnstitutu müvəffəqiyyətlə bitirib diplom aldıqdan sonra dəhşətli bir xəbər eşidən Qədəmşah bir çox cəsarətli və vətənpərvər insanlar kimi, dərhal hərbi komissarlığa yollanaraq Vətənə öz xidmətini təklif edir. O, 261-ci diviziyanın 974-cü atıcı polkuna təyinat alır. Ukrayna torpaqlarında gedən döyüşlərdən birində həlak olan baş həkimin yerinə Q.Sadıqov təyin edilir. Gənc həkim öz həyatını təhlükə altına qoyaraq, kəskin döyüşlər gedə-gedə yaralıları atəş altında alov içərisindən çıxararaq təcili tibbi yardım göstərir.

Hər qarış torpaq uğrunda ölüm-dirim savaşı gedirdi. 974-cü atıcı polku artıq neçə gün idi ki, düşmən tank və piyadalarının hücumlarını dəf edirdi. Bu zaman batalyonun komandirinə hitlerçiləri geri oturtmaq əmri verilir. Rotalar bir-birinin ardınca düşmənin üzərinə hücuma keçirlər. Qədəmşah da həmin batalyonun tərkibində idi. Bu döyüşdə yeddi tankbir rotanın əsgərləri məhv olur. Ertəsi gün döyüş daha da şiddətlənir. Atıcı batalyon daha çox itkiyə məruz qalır. Qədəmşah tərəddüd etmədən batalyonun komandalığını öz üzərinə götürərək, sağ qalmış əsgər və serjantları toplayıb döyüşə atılır. Piyadalar misli görünməmiş cəsarət göstərərək düşməni 8 kilometr geriyə atırlar. Getdikcə itkilərim sayı artsa da diviziyanın əsas qüvvələri gələnədək mövqeyi əldən vermirlər. Qədəmşah ayağından ağır yaralanır, buna baxmayaraq, onu əvəz edən zabit gələnə kimi o, döyüşü davam edir. Bu şücaətinə görə Q.Sadıqov “Qızıl Bayraqordeni ilə təltif edilir. Belqorod-Kursk ərazilərində gedən qızğın döyüşlərdə 32 nəfər yaralını ölümdən xilas etdiyi üçün isə “Qızıl Ulduzordeni ilə təltif edilir. Daha sonra gənc həkim Xarkov, DonVolqa sahilləri, Smolensk, Belarus, Almaniya, Uzaq Şərq döyüşlərindən keçir. Hər bir şəraitdə o, özünü itirmədən minlərlə yaralını qanlı döyüşlərdən çıxarıb ölümün pəncəsindən alırdı.

Kommunist” qəzetinin 1943-cü il 6 noyabr tarixli nömrəsində dərc olunmuşÜç ordenli həkim” adlı məqalədə oxuyuruq: “Vətəni canından əziz tutan oğullarımız ana südünü əsla itirmir, düşmənə qarşı amansızlıqla vuruşub dastan və hekayələrin qəhrəmanlarına çevrilərək, nəsildən-nəsilə keçə biləcək solmaz igidliklər göstərirlər. Qvardiyaçı hərbi həkim Qədəmşah Sadıqov da bu igidlərdəndir”.

Nəhayət, insanların uzun müddət gözlədiyi Qələbə günü gəlib çatır. İyirmi dörd yaşlı tibb xidməti mayoru Q.Sadıqov da Vətən qarşısındakı borcu ləyaqətlə yerinə yetirdikdən sonra doğma Azərbaycana qayıdır. Onun sinəsini, hər biri bir qəhrəmanlığın tarixi olan beş ordenon döyüş medalı bəzəyirdi. O, cəbhədə döyüşdüyü fədakarlıqla elm cəbhəsinə atılır. Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirdikdən sonra həmin universitetdə müəllim, sonralar dosent, eyni zamanda Respublika Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda baş müəllim və tədris hissə müdiri vəzifəsində çalışır.

“Azərbaycan müəllimi” qəzetinin 1985-ci il 1 may tarixli nömrəsində dərc olunmuşÖmrüm boyu bu dünyada” adlı məqalədə Qədəmşah Sadıqovun mövqeyindən, öz idealları uğrunda daima mübarizə apardığından söhbət açılır. Q.Sadıqovun elmi fəaliyyəti çoxşaxəli idi. O, əvvəlcə fəlsəfə, sonradan tibb sahələrində namizədlik dissertasiyalarını müdafiə edərək, fəlsəfə və tibb elmləri namizədi alimlik dərəcələri almışdı. Aliorta ixtisas məktəbləri tələbələri bu günonun yazdığı “Məntiq” və “Etika” dərsliklərindən istifadə edirlər. Fəlsəfə elmləri doktoru alimlik dərəcəsi üçün yazdığı “Azərbaycanda məntiq nəzəriyyəsinin ünsürləri”, tibb elmləri doktoru alimlik dərəcəsi üçün yazdığı “Əbu İbn Sinanın tibb elmlərinə baxışı” əsərlərini hər ikisi hazır olmasına baxmayaraq, amansız ölüm onun bu arzusunu yarımçıq qoydu.

Qədəmşah Sadıqov öz vaxtını, qüvvə və bacarığını əsirgəmədən bütün varlığı ilə Vətənə, sonralar isə elmə sərf edərək qısa, lakin olduqca mənalı ömrünü şam kimi əritmişdir. Yaradıcılığının çiçəkləndiyi bir vaxtda ömrünün 45 yaşında isə dünyasını dəyişmişdir. Q.Sadıqovun 48 elmi əsəri, çoxsaylı kitab, dərslik, müxtəlif fəlsəfə, təbabət və hərbə aid materiallar arasında xüsusi yer tutan hərbin sirləri haqqında 220 və 360 səhifəlik yazıları hərbi arxivlərdə məxfi saxlanılır. “Təşviqatçı” jurnalının 1968-ci ilin 15-ci (avqust) nömrəsində dərc olunmuş “Axtarışlarla keçən ömür” məqaləsində Qədəmşah Sadıqovun yazıb yaratdığı, lakin bəhrəsini görmədiyi “Mirzə Fətəli”, “Aida”, “Birləşmiş yeni kolxoz”, “Dəmirçi Gavə”, “Axtarış və əks-kəşfiyyat” dramları, “Axtaran tapar” komediyası, “Məsləhətovun məsləhətləri” məzhərəsi, “Şahin”, “Anacan, saçın” və “Füzulilirik poemaları, “Rahib və Rəna” romanlarından bəhs edilir.

Bu gün qələbəmizin 75 illiyini qeyd edirik. Qədəmşah Sadıqov və onun kimi yüzlərlə, minlərlə qəhrəman Vətən oğullarının adı hər zaman xalqımızın, millətimizin ürəyində yaşayacaq, onların mərdliyi, rəşadəti, cəsurluğu bizi yenə də daha böyük qələbələrə səsləyəcək.

 

M.VƏLİQIZI

 

Respublika.- 2020.- 9 may.- S.6.