Leninqradın müdafiəsində rəşadətli döyüş yolu keçib

 

...Müharibənin odlu-alovlu günləri idi. Azğın faşist cəlladları nəyin bahasına olursa olsun inqilab beşiyi Leninqradı ələ keçirməyə səy göstərir, almanlar çalışırdılar ki, şimali-qərb tərəfdən Moskvaya gedən yolu kəssin, bununla da sovet qoşunlarına arxadan zərbə endirsinlər.

 

Cəbhədə Göyçə qartalı kimi tanınan, Qafqaz cəngavəri kimi məşhurlaşan Sayad Quliyevə və onun döyüşçü yoldaşlarına tapşırıq verilmişdi ki, düşmən kəşfiyyatçıları ələ keçirilsin, onlardan düşmənin hərbi sirləri ilə bağlı müfəssəl məlumat toplasınlar. Qaranlıq gecədə Sayad Quliyev döyüşçü yoldaşları ilə şehli otların üstü ilə dizin-dizin irəliləyir, hər vasitə ilə komandanlığın tapşırığını icra etməyə çalışırdılar. Bizim əsgərlərimizə məlumat verilmişdi ki, 20 nəfər alman kəşfiyyatçısı dil axtarmaq məqsədilə gizlincə sovet qoşunlarının mövqe tutduqları hissənin arxasına keçib. Sayad Quliyevonun döyüşçü yoldaşları çalışırdılar ki, düşmən kəşfiyyatçılarının müqavimətini qırıb onları mühasirəyə alsınlar.

 

Öz şəxsi igidliyi, şücaəti ilə sovet döyüşçülərinin gözündə ucalmış Sayad Quliyev 30-35 nəfər döyüşçü ilə düşmən kəşfiyyatçılarının izinə düşdü və qıjıltı ilə axan bir çayın sahilində almanlarla üz-üzə gəldi. Düşmən əsgərləri müqavimətə rast gəldiklərini görüb geri qaçmaq istədilər. Onların çoxusu avtomatdan atılan atəş nəticəsində yerə sərildi. İş elə gətirdi ki, faşistlərlə əlbəyaxa vuruş başladı. Biz tərəfdən də ölən və yaralananlar oldu. Belə bir çətin məqamda Sayadın şəxsi igidliyi sayəsində 7 nəfər düşmən kəşfiyyatçısı tutuldu. Bu döyüşdə Zəfər adlı bir azərbaycanlı güclü zərbələri ilə düşmənin iki döyüşçüsünü al qana boyadı, daha sonra Vağzalı xalq havasını öz-özünə zümzümə edib rəqs etməyə başladı. Ölmüş hesab edilən bir alman əsgərindən qəfil atəş açıldı. Bu atəş nəticəsində Zəfərin quş kimi açılan qolları yanına düşdü, o həlak oldu. Son nəfəsində dodaqlarından kövrək səs eşidildi:

 

Ay Sayad, ay Göyçəli balası, sağ qalarsansa mənim ürək sözlərimi məktub vasitəsilə gözləri cəbhə yollarına tikilmiş anama çatdırarsınız...

 

Qafqazın şir ürəkli, bir nəfəsi ilə düşməni lərzəyə salan Sayadonun döyüşçü yoldaşlarının şücaəti sayəsində əsir tutulmuş düşmən kəşfiyyatçıları hərbi hissəyə təhvil verildi. Bu igidliyə görə Qərbi Azərbaycanın cəbhədə sayılıb-seçilən oğullarından olan həmyerlimiz Sayad Quliyev komandanlıq tərəfindən mükafatlandırıldı. Onun haqqında cəbhə qəzetlərində Boyevoye masterstvo adlı yazı dərc olundu.

 

Bəli, Sayad Quliyevin adı Böyük Vətən müharibəsinin tarixinə qızıl hərflərlə yazılmışdır. Sayad müharibənin başlanması xəbərini yaylaqda, atlas geyimli Daşlı Güney adlanan dağın çal-çağırlı günlərinin birində aldı. O, qohum-əqrəba, tay-tuşları ilə vidalaşıb Basarkeçərin Nərimanlı kəndinə döndü. Çox keçmədən silaha sarılıb ordu sıralarına yollandı. Qəlbi şərbət bulaqlarda, Kəlbəcərin İstisu sanatoriyasında, Göyçə gölünün nəğməli sahillərində qaldı...

 

Sayad Quliyev Leninqradın müdafiəsində bir çox azərbaycanlılar kimi cəsurluq, qəhrəmanlıq göstərdi, düşmənə ağır zərbələr endirdi, bir göz qırpımında qızılquş tək düşməni susdurmağı bacardı. Günlərin bir günündə o, Leninqradın müdafiəsinə görə medalına layiq görüldü. Bu şad xəbəri dərhal məktub vasitəsilə Göyçəyə, doğmalarına çatdırdı...

 

Haqqında söhbət açdığımız keçmiş döyüşçü S.Quliyev müharibə illərində Pribaltika respublikalarının, Polşanın, Çexoslovakiyanın və digər şəhərlərin alınmasında, Almaniya üzərindəki tarixi qələbədə yaxından iştirak etdi. Böyük Vətən müharibəsindəki rəşadətə görə o, Vətənin ordeninə və bir çox medallarına layiq görüldü.

 

Sinəsini ordenmedallar bəzəyən Sayad müharibədən tərxis olunduqdan sonra əməyin qulpundan yapışdı. Nərimanlı kəndində adı sayılıb seçilən zəhmət adamları sırasına düşdü.

 

Ulu Göyçənin çal-çağırlı günlərindən biri idi. Müharibə veteranları at belində qələbənin ildönümü ilə bağlı keçirilən tədbirə dəvət olunmuşlar. Sinəsində müharibənin orden medalları bərq vuran Sayad da at belində idi. Məktəblilər veteranlarla xatirə şəkilləri çəkdirir, qara zurnanın səsi hamıda xoş ovqat yaradırdı.

 

9 May Qələbə Günü ilə bağlı keçirilən bayram mərasimində insanlar müharibə veteranı Sayad Quliyevi ürəkdən alqışladılar. Bu tədbirdə Sayad rayon partiya komitəsinin birinci katibi Yunis Rzayev tərəfindən medala digər hədiyyələrə layiq görüldü. Çal-çağırlı bir gündə xatirə şəkilləri çəkdirildi.

 

S.Quliyevin ailəsində 6 qız böyümüşdü. O, bütün övladlarını dünyalar qədər istəyirdi. Sevimli oğlu Mübarizin üstündə yarpaq tək əsirdi. Bu, heç səbəbsiz deyildi. Dərs əlaçısı, hamının sevimlisi Mübariz ailənin tək oğlu idi. Mübariz hazırda Bakı şəhərində yaşayır, Göyçənin görkəmli alimlərindən biridir. Atası ilə bağlı söz-söhbət düşəndə özündən asılı olmayaraq Mübariz kövrəlir, göyüm-göyüm göynəyir. Çünki 30 ildən çoxdur ki, Göyçədə dünyasını dəyişmiş məzarını ziyarət edə bilmir. Çünki qədim Oğuz elləri, aşıqlar yurdu olan Ulu Göyçəmiz erməni işğalı altəndadır. Ümidsiz yaşamır Mübariz. Əmindir ki, günlərin bir günündə qəribsəmiş yurd yerlərinə dönəcək, Qəhrəman Leninqradın veteranı olmuş atası Sayadın məzarını ziyarət edəcək, məzarın önündə tər gül-çiçək dəstələri qoyacaqdır...

 

 

Qədir ASLAN

 

Respublika.- 2020.- 9 may.- S.6.